
BAKI KEYKONU FƏTH ETDİ
Tanınmış caz ifaçısı Azərbaycanda bir sıra layihələr reallaşdırmaq niyyətindədir
Müəllif: Gülarə MƏMMƏDOVA Bakı
Çağdaş caz musiqisinin ulduz ifaçısı, cazı bütün dünyada məşhurlaşdıran tanınmış yapon pianoçusu Keyko Matsuini təqdim etməyə sözsüz ki, ehtiyac yoxdur : Bakıya artıq üçüncü dəfədir gəlir, amma melomanların ona olan marağı hələ də azalmır. Ümumiyyətlə, cənub şəhərinə, onun sakinlərinin temperamentinə və istiliyinə bu sevgi qarşılıqlıdır. Jurnalistlərlə görüşündə Keyko heyranlıqla Bakı, onun memarlığı, mənzərələri və insanları barədə danışır...
"Bakı, dünyada çox sevdiyim şəhərlərdən biridir, məsələn sizin "Flame Tower" kompleksi çox xoşuma gəlir, o, şəhəri bəzəyir! Keçən dəfəki səfərimdə o, yalnız tikinti mərhələsində idi",- deyə məşhur musiqiçi vurğulayır. Gecələr işıqlandırılan küçələr və bu zaman İçərişəhərin binaları, işıq və kölgələrin yaratdığı sehrli dünya - tanınmış ifaçı bütün bunlara laqeyd qala bilmir.
Keyko bakılıların onu sevdiyini çoxdan bilir: "Mən "Facebook" sosial şəbəkəsindəki səhifəm vasitəsi ilə çoxlu məktublar alıram və "Bizə nə vaxt gəlirsiniz?" deyə soruşurlar". Halbuki, xanım Matsuinin Azərbaycanla tanışlığı çox spesifik olub: əvvəlcə o, Xəzər dənizinin mövcudluğundan xəbər tutub - Yaponiyada "Caspian" ("Xəzər") adlı yoqurt buraxırlar. "Sonra mən Yaponiyada Azərbaycan səfiri ilə rastlaşdım, o mənə sizin ölkə, onun zəngin mədəniyyəti, ənənələri, tarixi barədə danışdı və mən çox maraqla buraya gəlmək barədə dəvəti qəbul etdim. Mən düşünürəm ki, musiqi bütün planet üzrə insanları bir-birinə bağlayır. Mən bizim ölkələr arasında körpü qurmaqda xoşbəxtəm",- deyə Keyko bildirir.
Matsuinin Bakıya bu səfəri onun beş ölkəyə turnesi çərçivəsində gerçəkləşdirilir ki, bu ölkələr sırasında Yaponiya, Rusiya və Azərbaycan da var. Turne onun yaradıcılığının 25 illiyinə həsr edilib. "Adətən, mən öz konsertlərimi hansısa hadisəyə həsr edirəm: məsələn, o, xeyriyyə məqsədi ilə, xərçəngə qarşı, Afrika ölkələrindəki aclığa qarşı mübarizə məqsədi ilə, hansısa proqram çərçivəsində keçirilir", - deyə pianoçu xanım vurğulayır.
Tanınmış pianoçunun Bakıya indiki ikigünlük səfərinin proqramı da çox sıxdır: Keyko özü ilə qrupunu da gətirib və Bakı tamaşaçılarına əsl performans göstərməyi planlaşdırır. O, öz köhnə albomlarına daxil olmuş kompozisiyaları da ifa etmək niyyətindədir. Onların sırasında 2011-ci ildə çıxmış son albomu "Road" ("Yol") da var.
Daha böyük bir sürpriz isə tanınmış Azərbaycan caz ifaçısı İsfar Sarabski ilə birlikdə olan ifadır. Düzdür, xanım Matsui etiraf edib ki, indiyə kimi heç zaman onun musiqisini eşitməyib və onunla yalnız dünən tanış olub. "Mən onun çıxışlarının yazılarına mobil telefonda qulaq asmışam, o, məni heyran qoydu, istənilən halda, unikal musiqidir",- deyə o fikirlərini bölüşüb. Ümumiyyətlə, Keyko Azərbaycan musiqisi ilə qiyabi tanış deyil, böyük Vaqif Mustafazadə onun diqqətindən kənarda qalmayıb: "O, dahi musiqiçidir!" - deyə xanım musiqiçi etiraf edir.
İsfar Sarabski ilə yanaşı, Keyko Azərbaycan Kamera Orkestri ilə də çıxış etmək niyyətində olub, amma bu "duet" təəssüf ki, baş tutmayıb, çünki xanım Matsuinin səfəri Beynəlxalq Muğam Festivalının keçirilməsi ilə üst-üstə düşüb. Amma ifaçı ümidini itirmir ki, gələcəkdə, xüsusilə də, onun özünün qeyd etdiyi kimi, dəfələrlə baş verəcək səfərlərindən birində bu birgə ifa baş tutacaq.
Keyko Matsuinin Azərbaycanla bağlı planları çoxdur. Məsələn, məşhur Azərbaycan əsərlərini ifa etmək fikrini yada salır. Bir çox məşhur musiqiçilər kimi onda da master-klaslar keçirmək ideyası yaranıb.
Onun Bakıya indiki səfərinin təşkilatçısı "Buta" incəsənət mərkəzidir. Mərkəzin direktoru Fuad Hətəmov bildirib ki, klubun əsas məqsədi dünyanın bütün ölkələrində Azərbaycan mədəniyyətinin tanıdılmasıdır. "Gələcəkdə biz Azərbaycana bir çox başqa tanınmış ulduzları da dəvət etmək istəyirik", - deyə o vurğulayır.
"R+" ilə söhbətində Matsui bildirib ki, cazın çağdaş dünyada yeri ikilidir: "İndi hamı musiqini əsasən azad çıxışın olduğu internetdən yükləyir. Bunun da ifaçıların gəlirlərinə təsiri olmaya bilməz, çünki disk satışından gəlirlər yetərincə aşağı düşür". Amma eyni zamanda pianoçu qadın qeyd edir ki, gənclər arasında çağdaş caza maraq artır. Keyko çağdaş dünyanın tanınmış caz ustaları arasında John Beasley, George Duke, Robert Glasper, Herbie Hancock, Abdullah İbrahim və Eddie Palmierinin adlarını çəkib. "Mən tezliklə onların hamısı ilə göruşəcəm, biz birlikdə İstanbulda Beynəlxalq Caz günündə (International Jazz Day) çıxış edəcəyik",- deyə ifaçı bildirib.
Öz musiqisi ilə bağlı Keyko qeyd edib ki, yaradıcılığında klassik və çağdaş caz, həmçinin rok musiqi olmaqla müxtəlif istiqamətlərdən istifadə edir: "Mən nəsə özümə məxsus bir şey, mən Keykonun musiqisini yaradıram", - deyə pianoçu qadın bildirib. Keyko sevimli musiqiçiləri sırasında Stinq və Raxmaninovun adını da çəkib.
Keyko və onun musiqisi haqqında
Keyko ilk diskini 1987-ci ildə buraxıb. Musiqi olimpinə daha sonrakı yüksəlişi nəticəsində o, 1999-cu və 2000-ci illərdə "ən yaxşı caz ifaçısı" kimi prestijli "Oasis" mükafatını alıb.
2001-ci ildə onun yeni "DeepBlue" diski "TopBillboard" reytinqinə başçılıq edib. Keyko Matsuinin musiqisi caz kimi tanınsa da, əslində o, daha çox Şərq və Qərb musiqisinin bir çox istiqamətlərinin sintezidir. "Qərb" musiqisi dedikdə - ilk növbədə, Avropa musiqisidir. Bu baxımdan Raxmaninovun və Stinqin musiqisinə sevgisi onun yaradıcılığını dolğunluğu ilə səciyyələndirir. Ümumiyyətlə, Keykonun musiqisini çətin, dinləyici üçün gərgin adlandırmaq olmaz. Onun populyarlığının sirri də elə bundadır, məhz bu səbəbdən onun musiqisi konalara rahat "oturur".
Məlumatla həddindən artıq dolmuş, qloballaşmış və internetlə bağlanmış çağdaş dünya musiqidə üslubları və istiqamətləri qarışdırmış görünməmiş sayda ifaçılar yetişdirib. Yarım tonlar nəzərə alınmazsa, notların sayı cəmi yeddidir və onların kombinasiyaları çoxdan tükənib, amma musiqi üslublarının kombinasiyaları isə demək olar ki, tükənməzdir. Bədbəxtçilik ondadır ki, ifaçıların çoxu müxtəlif musiqi istiqamətlərini düzgün, keyfiyyətli, uğurlu və təbii şəkildə birləşdirə bilmirlər. Keyko isə bunu bacarıb.
MƏSLƏHƏT GÖR: