16 Mart 2025

Bazar, 00:11

MUĞAM ULDUZLAR PARLADIR

Bakıda möhtəşəm musiqi festivalı başa çatdı

Müəllif:

19.03.2013

Novruz bayramı ərəfəsində Bakıda «Muğam aləmi» III Beynəlxalq muğam festivalı keçirildi. Bir həftə ərzində şəhərimiz gözəl və qədim musiqi dünyasının paytaxtına çevrildi.

Muğam Azərbaycanın özünəməxsus vizit kartı, xalqın milli sərvətidir. Bu ölməz musiqiyə bütün dünya layiqli dəyər, qiymət verir. Azərbaycan muğamının UNESSO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi açıq şəkildə göstərir ki, muğam yalnız Azərbaycan xalqının yox, bütün bəşəriyyətin mədəni sərvətidir.

Builki festivalın yeniliklərindən biri tədbirin açılış mərasiminin keçirildiyi məkan olub. «Muğam aləmi» III Beynəlxalq muğam festivalı martın 9-da Heydər Əliyev Mərkəzində start götürüb. Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Beynəlxalq Muğam Festivalının prezidenti Mehriban Əliyeva mərasimin təşkil olunduğu mərkəzin özünün «sanki musiqiyə bənzəyərək insanların daxilində müxtəlif hisslər, obrazlar oyatdığını» söyləyib. Ölkəmizin birinci xanımı dünyada muğama marağın artdığını vurğulayıb və bunun təsdiqi kimi festivalda iştirak edən ölkələrin sayının çoxaldığını göstərib. «Artıq üçüncü dəfədir ki, qədim muğam sənəti dünyanın müxtəlif ölkələrindən gələn ifaçıları, sənətkarları, incəsənət xadimlərini, alimləri, musiqisevərləri bir araya toplayır və heç bir sərhədlərə sığışmayan gözəl musiqi bizi on gün ərzində birləşdirəcək, bizə xoş anlar bəxş edəcəkdir», -deyə M. Əliyeva bildirib. 

Birinci xanım qeyd edib ki, bu ilki festival bir sıra yeniliklərlə fərqlənir: «Birinci yenilik ondan ibarətdir ki, muğam müsabiqəsi təkcə xanəndələr arasında keçirilmir, həmçinin instrumental muğam sənətini də əhatə edəcəkdir. Digər yenilik ondan ibarətdir ki, demək olar, ölkəmizin bütün regionlarında fəaliyyət göstərən musiqi məktəblərinin şagirdləri bu festivalda iştirak edəcəklər. Onlar məşhur xanəndələrlə, ölkəmizə gələn qonaqlarla birgə çıxış edəcəklər və əlbəttə, bu da gənc istedadlar üçün əvəzolunmaz bir təcrübədir. Əvvəlki illərdən fərqli olaraq bu il festival təkcə Bakı şəhərində deyil, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qəbələdə, Şamaxıda, Şirvanda və ölkəmizin digər şəhər və rayonlarında keçiriləcəkdir. Hər bir xalqın, hər bir millətin ən böyük sərvəti onun mədəni irsidir. Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə malik olan bir ölkədir. Əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan mədəni irsimiz, dilimiz, ədəbiyyatımız, poeziyamız, musiqimiz olub. Muğam isə əsl sənət incisidir. Təsadüfi deyil ki, Azərbaycan muğamı UNESCO-nun bəşəriyyətin mədəni irsinin şah əsərləri siyahısına salınıb və çox sevindirici haldır ki, artıq bu siyahıda Azərbaycan tarı və tar ifaçılığı da vardır. Bu, bizim mədəni irsimizə, mədəni irsimizin qorunmasına dünya miqyasında göstərilən diqqətin və qayğının göstəricisidir».

Məlumdur ki, muğamın tam ifası (dəsgah) yüksək peşəkarlıq tələb edir. Festivalda muğamların tam versiyasını Zabit Nəbizadə və Mirələm Mirələmov («Rast»), Mənsum İbrahimov və Təyyar Bayramov («Şur»), Arif Babayev və Babək Niftəliyev («Zabul-segah»), Firuz Səxavət və Arzu Əliyeva («Çahargah»), Alim Qasımov və Fərqanə Qasımova («Bayatı-şiraz») və digər ustadlar ifa ediblər.

Azərbaycan ifaçılarının çıxışları ilə yanaşı, dinləyicilərə əcnəbi ifaçılarla da tanışlıq üçün əla imkan yaradılıb. Onlar da öz növbələrində Şərqin muğama qohum olan ənənəvi janrlarını nümayiş etdirdilər. Bunlar uyğur muğamı (Çin), özbək şaşmakı, hind raqusu və s.-dir. 

Muğam festivalı çərçivəsində Çindən Mərakeşədək müxtəlif xalqların musiqiləri səsləndirilib.

Festivala bir sıra ölkələrdən dünyaca məşhur kollektivlər dəvət olunmuşdu - Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, Qazaxıstan, ABŞ, Fransa, Kanada, Böyük Britaniya, Liviya, Braziliya, İspaniya, İtaliya və s. Onların arasında «Gözəl qızlar» qrupu (Çin), Hüseyn Əl-Ədhəmi (İraq), Lofti Buşnka (Tunis), Munojat Yolçiyeva (Özbəkistan), Abdessalam Bajedub və Chabab Al Andalouss qrupu (Mərakeş) və digər ifaçılar var idi.

Əcnəbi musiqiçilərin konsertilə yanaşı, Azərbaycanın tanınmış muğam ustalarının, həmçinin gənc və istedadlı ifaçıların çıxışları da dinlənilib. Onların arasında Arzu Əliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, Rəvanə Ərəbova, Səbinə Ərəbli və digərlərinin adlarını çəkmək olar. Açılış mərasimində möhtəşəm konsert proqramı təqdim olundu. Konsertdə Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Rəqs Ansamblı və Qədim Musiqi Alətləri Ansamblı çıxış etdi.

Bu il festival konsertləri yalnız paytaxtda yox, Naçxıvanda, Gəncədə, Lənkəranda, Qəbələdə, Şamaxıda, Şirvanda və ölkənin digər şəhər və rayonlarında da keçirilib. Şamaxıda təşkil olunmuş musiqi kollektivlərinin konsertinə 300-dən artıq tamaşaçı toplaşmışdı. Orada yerli xanəndələrin ifasında «Bayatı-şiraz» və «Zabul-seygah» muğamları ifa olunub. Dirijor Teymur Göyçayevin rəhbərliyilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Azərbaycan Xor Kapellasının, solistlər - xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramovanın, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Bakıda isə festival çərçivəsində təşkil edilmiş ilk konsertlərdən biri Fikrət Əmirovun «Min bir gecə» baletinin nümayişi olub. O, Opera və Balet Teatrında səhnələşdirilib. Martın 11-də Beynəlxalq Muğam Mərkəzində muğam axşamı təşkil olunub. Çinin Sincan-Uyğur Muxtar Rayonunun “Özhalmukamı” milli orkestrinin “Gözəl qızlar” və İraqın “İraqi maqam” musiqi kollektivlərinin ifasında milli musiqilər səsləndirilib. Azərbaycan xanəndələri isə dinləyicilərə “Ustaddan şagirdə” muğam məclisi təqdim ediblər.

İraqın “İraqi maqam” musiqi kollektivinin rəhbəri Hüseyn Əl-Ədhəmi bildirib ki, «belə festivalın təşkili muğamla məşğul olan, onu tədqiq və ifa edənlərin görüşməsinə böyük imkanlar yaradır».

Dünyaca məşhur misirli ifaçı Ayşə Reduan səsi və ifa tərzi ilə nəinki konsertə toplaşan tamaşaçıları, hətta festivalın iştirakçısı və qonağı olan çoxsaylı peşəkarları da valeh edib. Müğənni fəaliyyətlərini muğam kimi unikal fenomenə həsr etmiş ustaları Azərbaycana toplamış bu cür yüksək peşəkarlıqlı və nüfuzlu festivala dəvət aldığı üçün təşkilatçılara səmimi minnətdarlığını bildirib.  «Mən sizin aranızda olduğum üçün özümü hədsiz dərəcədə xoşbəxt sayıram», - deyə Ayşə Reduan "R+" jurnalına açıqlamasında bildirib: «Hesab edirəm ki, məhz musiqi xalqları və ölkələri yaxınlaşdırmağa qadirdir».

Bakıda keçirilən muğam festivalında ərəb musiqi dünyasının tanınmış siması, qədim ərəb dialektində klassik strof ifaçısı, bəstəkar və musiqiçi Lotfi Buşnak da iştirak edirdi. O, uzun illər BMT-nin xoşməramlı səfiri olub. 

Lotvi Buşnak «muğamın xalqları birləşdirmək iqtidarında olduğunu» düşünür. «Bu, ürəkdən gələn, özündə sevgi və dinclik daşıyan səmimi musiqidir», - deyə məşhur qonaq bizimlə söhbətində bildirib.

Festival çərçivəsində simpozium da keçirilib. Onun əsas mövzusu «Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu» olub. Elmi çıxışların istiqaməti milli alətlərin problemlərinə əsasən müəyyənləşdirilib. Simpoziumda Kanada, Tunis, Rusiya, Çin, İran, Yaponiya kimi ölkələrdən olan mütəxəssislər çıxış edib.

Festivalda məşhur rəqqas Xoakin Kortes və onun Dizen De Mi ansamblının çıxışı da böyük marağa səbəb olub. Onun yaradıcılığı özündə hələ ərəblərin hökmranlığı dövründə yaranmış qədim incəsənətin - flamenkonun zəngin dünyasını əks etdirir. İfaçıların valehedici ustalığı, gözəl kostyumlar, özündə qaraçı və ispan rəqslərinin ritmlərini birləşdirən musiqi - bütün bunlar festivalın layiqli kulminasiyası olub.

Möhtəşəm musiqi aksiyasının son akkordu Milli Dənizkənarı Parkda düzənlənən bayram tədbiri və Azərbaycan Dövlət Filarmoniyasında muğam ifaçılarının III Beynəlxalq müsabiqəsinin qaliblərinə mükafatların təqdim olunduğu Qala konsert olub.

«Muğam aləmi» III Beynəlxalq muğam festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən təşkil olunub.



MƏSLƏHƏT GÖR:

597