14 Mart 2025

Cümə, 22:46

HABEMUS PAPAM! (BİZİM PAPAMIZ VAR!)

Vladimir Fekete: «Yeni Roma Papası Azərbaycanda olmayıb»

Müəllif:

19.03.2013

Yeni Roma Papası Bue-nos-Ayresdən olan 76 yaşlı baş keşiş Xorxe Mario Berqolo seçildi. O, özünə Fransisk adını götürdü. Papa Fransisk Latın Amerikasını təmsil edən ilk Papadır. Bundan başqa, onun iezuit olması və jurnalistlərlə görüşmək niyyətini ifadə etməsi də papalar arasında bir yenilikdir. Ciddilik, mühafizəkarlıq və xalqa yaxınlıq yeni papanı fərqləndirən cəhətlərdəndir. Dəbdəbəli mənzildə yox, adi evdə yaşayan pontifik özü mağazaya gedir, özü yemək bişirir.

Yeni Roma Papasının seçilməsindən dünya nə gözləməlidir? Bu suala Azərbaycandakı Roma Katolik kilsəsinin rəhbəri, ordinari Vladimir Feketedən cavab almağa çalışmışıq. 

- Azərbaycan mətbuatında və sosial şəbəkələrdə bu yaxınlarda Roma Katolik kilsəsinə başçı seçilmiş Xorxe Mario Berqolonun 2007-ci ildə Vatikanın nümayəndə heyətinin tərkibində Azərbaycanda olduğuna dair xəbərlər yayılıb...

- Əlbəttə, hazırkı Roma Papası Azərbaycanda olsaydı, bu mənimçün çox xoş olardı. Amma məndə olan məlumata görə, Latın Amerikası kilsəsinin başçısı, Buenos-Ayres pastoru kimi heç zaman Azərbaycanda olmayıb. Görünür, Azərbaycan mətbuatı onu başqası ilə - kardinal Bertone ilə səhv salıb. O, 2007-ci ildə Bakıya səfər edib. Kardinal Bertone Vatikanda digər ölkələrlə münasibətlərə məsul olan quruma rəhbərlik edir və Roma Papasından sonra ikinci şəxs sayılır. O, Bakıda katolik kilsəsinin açılışında iştirak etmək üçün Azərbaycana gəlmişdi. Hazırkı Roma Papası Fransisk isə heç vaxt Azərbaycanda olmayıb.

- Dünya katoliklərinin yeni liderini qısaca necə xarakterizə edərdiniz?

- Aldığım məlumata görə, Roma Papası Fransisk yalnız ilahiyyatçı yox, həm də keşişdir. O, iezuit olaraq möhtəşəm təhsil alıb. Buenos-Ayresin yepiskopu və kardinalı kimi isə hər zaman adi insanlara yaxın olmağa çalışıb. Vəzifə onu adi insanlardan uzaqlaşdırmayıb. O, adi insanların kilsənin dəstəyini hiss etmələrini istəyib. Düşünürəm ki, Roma Papası üçün bu keyfiyyət çox xeyirli ola bilər.

- Necə düşünürsünüz, yeni Papanın dövründə dinlərarası dialoq davam etdiriləcəkmi?

- Əminliklə demək olar ki, yeni Papa dinlərarası dialoq yolunu davam etdirəcək. Roma Papaları II İohann Pavel və XVI Benediktin dövründə dinlərarası dialoqa xüsusi diqqət göstərilib. Bu yol dünyada millətlərarası, dinlərarası ziddiyyətlərin dərin olduğu hazırkı şəraitdə xüsusilə vacibdir. Əgər din, həqiqətən də, Allahdan gəlirsə, o, insanların birləşməsinə, münasibətlərin möhkəmlənməsinə kömək etməlidir. O, uydurmadırsa və ya düz dərk edilməyibsə, insanları bir-birindən ayıracaq.

 - Roma Papası XVI Benediktin dövründə katolik kilsəsi dəfələrlə xoş olmayan insidentlərin mərkəzinə çevrilib. İnsidentlərin qalmaqallı təfərrüatları isə KİV səhifələrinə çıxıb. Yeni Roma Papasının katolik kilsəsində islahatlara başlaması mümkündürmü?

 - Roma Papası vəziyyəti təhlil etmək və lazımi islahatlar aparmaq səlahiyyətindədir. Hələlik onun islahatlar aparacağını, yoxsa başqa prioritetlərə üstünlük verəcəyini söyləmək çətindir.

- XVI Benediktin bəzi açıqlamalarına əsasən demək olar ki, o, Avropanı xristian dövlətlərin birliyi kimi görmək istəyirdi. Xüsusilə o, Türkiyənin Avropa İttifaqına qəbulunun əleyhinə idi. Vatikanın başına qeyri-avropalının keçməsi Müqəddəs taxt-tacın xarici siyasətində dəyişikliyin olacağını düşünməyə əsas verirmi?

- Konklavda deyilirdi ki, artıq uzun müddətdir Roma Papası yalnız avropalı və ya Vatikan məmurlarından biri seçilir. Halbuki katoliklərin əksəriyyəti Avropadan kənarda - Latın Amerikası və Afrikada da yaşayır. İndi Cənubi Amerikadan olan şəxsin Roma Papası seçilməsi dünyanın digər regionlarından olan katoliklərə hörmət və mükafat jestidir. Digər tərəfdən Avropa müəyyən mənada köhnə qitəyə çevrilib. Dünyanın digər guşəsindən olan şəxsin seçilməsi köhnə qitənin inkişafına da yeni, sağlam ruh gətirə bilər.

 - Vatikanla Azərbaycan arasında münasibətlər kifayət qədər müsbət istiqamətdə inkişaf edir. Xüsusilə Heydər Əliyev Fondu Vatikanda manuskriptlərin və apostol kitabxanasının bərpası ilə bağlı layihə həyata keçirir. Yeni Roma Papasının dövründə bu münasibətləri necə görürsünüz?

- Hər hansı dövlət Vatikanla müsbət münasibətlərdə olmaq istəyirsə, bu münasibətlər elə müsbət istiqamətdə də inkişaf edəcək. Azərbaycan bu siyasəti inkişaf etdirmək istəyirsə, Papa Fransisk prosesi məmnuniyyətlə davam etdirəcək və yaxşı olan münasibətlər daha da möhkəmlənəcək.

- Katoliklərin Bakı icmasının işləri necədir və icma yeni Papanın seçimindən nə gözləyir?

- Azərbaycandakı katolik icmasının gündəlik həyatına yeni Papanın seçilməsinin birbaşa, hər hansı ciddi əhəmiyyəti yoxdur. Biz Allahın bizə lider bəxş etməsi üçün dualar edirdik. İstəyirdik ki, kilsəmizə mənəvi nüfuzu böyük olan Allah adamı bəxş olunsun. O, insanın düzgün, hörmətlə yaşamasının yollarını göstərsin, insan həyatı ilə bağlı suallara düzgün cavab tapılmasına kömək etsin. Düşünürəm ki, o, bunu bizim icmamızın və bütünlükdə bəşəriyyətin xeyrinə edə biləcək.

Bakının katolik icması ləng də olsa, inkişaf edir. İndi bizə daha çox əcnəbilər üz tutur.



MƏSLƏHƏT GÖR:

424