16 Mart 2025

Bazar, 00:11

BƏS HAKİMLƏR KİMDİR?

Vasitəçilərin təcavüzkara tərəf əyilməsi Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin həllində yalnız öz gücünə arxalanmağa vadar edir

Müəllif:

19.03.2013

Ötən həftə ABŞ-ın Cənubi Qafqaz və xüsusilə Dağlıq Qarabağ münaqişəsilə bağlı siyasətilə əlaqəli hadisələrlə yadda qaldı. Baş verənlər Azərbaycan-Amerika münasibətlərini pozmasa da, ən azı ona fayda da gətirmədi, üstəlik Vaşinqtonun münaqişənin həllində bitərəf vasitəçi kimi tanınmasına xidmət etmədi.

Martın 13-də ABŞ Konqresinin Ermənistana dəstək qrupunun təşəbbüsü ilə Ermənistanın bu ölkədəki səfirliyi, heç kəs tərəfindən tanınmamış "DQR"in nümayəndəliyi və Konqresdəki erməni-amerikan təşkilatları  ilə birgə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına dəstək məqsədilə separatçı hərəkatın başlanılmasının 25 illik yubileyi münasibətilə tədbir keçirilib. Ermənistan mətbuatının məlumatına görə, tədbirdə onlarla konqresmen, diplomat, erməni-amerikan təşkilatının liderləri, kilsə yeparxiyasının rəhbərləri, həmçinin erməni diasporunun çoxsaylı üzvləri və jurnalistlər iştirak ediblər.

Tədbirdə separatçı rejimin "mədəniyyət və gənclər naziri" Narine Aqabalyan, Ermənistanın ABŞ-dakı səfiri Tatul Markaryan çıxışlarında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini Qarabağ ermənilərinin öz haqları uğrunda mübarizəsi kimi təqdim ediblər. Onlar adətlərinə sadiq qalaraq, bütün məsuliyyəti qarşı tərəfin üzərinə atmağa çalışıblar. Onların fikrincə, Azərbaycan "sadəcə yeni müharibəyə hazırlaşmaq üçün vaxt udmağa çalışır və bu, "DQR"in beynəlxalq ictimaiyyət tərəfindən tanınması məsələsinin aktuallığını daha da artırır".

Bu bəyanatlar Bakı üçün yeni deyil. Amma onların ABŞ-ın qanunverici orqanının yüksək rütbəli nümayəndələri tərəfindən dəstəklənməsi...

ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Ed Roys çıxışında "Dağlıq Qarabağ xalqının öz müstəqilliyi uğrunda mübarizəyə başlamasının 25 illiyini yüksək qiymətləndirib".

Konqresmenlər Roys, Adam Şiff, Maykl Qrimm, Ceki Spir, Anna Eşyu, Deyvid Sisilin və digərləri Dağlıq Qarabağ xalqını azadlıq hərəkatının 25 illiyi münasibətilə təbrik edib, "Qarabağ rəhbərliyi və xalqının" "müstəqil, demokratik dövlətin" yaradılması istiqamətindəki səylərinə yardımı davam etdirməyə hazır olduqlarını bildiriblər. ABŞ-ın qanunverici hakimiyyətinin nümayəndələri öz çıxışlarında Azərbaycanın regionda gərginlik yaratmağa istiqamətlənmiş fəaliyyətindən narahatlıqlarını ifadə ediblər. Konqresmenlər Cudi Çu, Deyvid Nunes, Maykl Qrimm, Deyvid Valadao, Cim Kosta və digərləri də təbrik və arzularını dilə gətiriblər. Tədbirdə ermənilərin köhnə və sadiq dostu, konqresmen Frenk Pallone də iştirak edib. O, bildirib ki, "qarşı tərəf (Azərbaycan - F.H.) hələ də  müqəddəratı təyinetmə prinsipinin üstünlük təşkil edə bilməyəcəyini söyləyir. Halbuki Qarabağ artıq çoxdan müstəqil dövlətdir və qalır sadəcə onu tanımaq".

Təbii ki, separatçıların və onların köməkçilərinin yığıncağı Azərbaycan tərəfinin hiddətinə səbəb olub. Hələ tədbirdən əvvəl Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Konqres üzvlərini foruma qatılmamağa çağırmışdı. Elə həmin gün Vaşinqtonda yaşayan azərbaycanlılar tədbirin baş tutacağı Konqresin binası önündə etiraz aksiyası keçirmişdilər. Əllərində Azərbaycan, Türkiyə və ABŞ bayraqları tutmuş etirazçılar "Ermənistan Xocalı soyqırımına görə məsuliyyət daşıyır", "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir", "Ermənistan, Azərbaycana qarşı ərazi iddialarına son qoy!" və sair kimi şüarlar səsləndirirdilər. Konqresin binası qarşısında keçirilmiş bu aksiyada Türkiyə və Özbəkistan diasporunun üzvləri də fəal iştirak etmişdi.

Vaşinqtonun Azərbaycan tərəfinin etirazına göstərəcəyi reaksiyanın nədən ibarət olacağını isə əvvəlcədən təsəvvür etmək mümkün idi. "Kapitolidə keçirilən tədbirlərdə müxtəlif qrupların təmsilçiləri iştirak edir, lakin bu, onların əməllərinin ABŞ hökuməti tərəfindən rəsmən dəstəklənməsi anlamına gəlmir. ABŞ dünyanın digər dövlətləri kimi, separatçı "DQR"i tanımır. Bu məsələdə ABŞ-ın mövqeyində dəyişiklik yoxdur. Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri kimi, münaqişə tərəfləri ilə dinc yolla möhkəm sülhə nail olunması istiqamətində işləmək qərarına sadiqdir. Bu proses Helsinki prinsipləri əsasında aparılmalıdır: güc tətbiq edilməməsi və güc tətbiqilə hədələməmə, dövlətlərin ərazi bütövlüyü, həmçinin xalqların öz müqəddəratını təyinetmə prinsipi", - deyə ABŞ-ın Bakıdakı səfirliyinin açıqlamasında bildirilir.

ABŞ dövlət katibinin köməkçisi Erik Rubin isə ölkəsinin Azərbaycanın müstəqilliyini, təhlükəsizliyini və suverenliyini qəti şəkildə dəstəklədiyini bildirib. Vaşinqtonda Amerikanın türk xalqlarının konfransında iştirak edən Rubin bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsindəki status-kvonun saxlanmasının yolverilməz olduğunu deyib, ABŞ-ın problemin sülh yolu ilə həllinə yardım etmək niyyətilə tezliklə ATƏT-in Minsk qrupuna həmsədr təyin etmək fikrində olduğunu söyləyib.

Amma Vaşinqtonun bu reaksiyası Azərbaycanı qane edə bilməz. "Konqres üzvlərinin heç biri məsələnin məğzini, faktları bilmir. Lakin onlar ermənilərdən dollarlar qoparmaq üçün hətta Amerikanın, Amerika hökumətinin zərərinə belə, addımlar atmağa, cəfəngiyat danışmağa hazırdırlar", - deyə ABŞ-ın Azərbaycan diasporunun fəallarından biri, Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi Adil Bağırov bildirib.

Əlbəttə, baş verənlərə görə günahı Azərbaycan diasporunun üzərinə qoymaq da olmaz. Son zamanlar məhz diasporun fəallığı nəticəsində Xocalı soyqırımı ABŞ-ın 7 ştatının qanunverici orqanı tərəfindən tanınıb. Üstəlik digər ştatların da eyni qərarı qəbul etməsi istiqamətində işlər davam etdirilir.

Bu məsələdə söhbətin Amerika rəhbərliyinin mövqeyindən getdiyini düşünmək olar. Məsələn, Xocalı soyqırımının tanınmasına dəstək olaraq Obama administrasiyasının saytında yerləşdirilmiş müraciətə lazım olan 100 min imzadan daha çox imzanın toplandığı halda məsələyə hətta ABŞ federal hökumətinin yüksək rütbəli nümayəndəsinin də deyil, Ağ Evin mətbuat xidmətinin adı bilinməyən nümayəndəsinin reaksiya verməsini necə izah etmək olar? Bəs Birləşmiş Ştatların Dağlıq Qarabağ separatçılarına daim maddi yardım göstərməsinə səbəb nədir? ABŞ administrasiyası Amerika hökumətinin Azərbaycana yardımını qadağan edən 907-ci düzəlişi nədən yanız ildən-ilə dondurur, amma ləğv etmir?

Qarabağdakı separatçı rejimə dəstək tədbirinin Azərbaycan parlamentinin nümayəndə heyətinin ABŞ-a uğurlu səfərilə eyni ərəfədə keçirilməsi acınacaqlıdır. Üstəlik bu səfər Amerikanın başqa bölgəsinə yox, düz erməni diasporunun yuvası olan Kaliforniyaya edilmişdi. Yeri gəlmişkən, həmin səfər zamanı Kaliforniya ştatının Senatında və digər rəsmi strukturlarında keçirilən görüşlərdə iqtisadi-ticari, investisiya və qanunvericilik sahələrində əməkdaşlığın fəallaşdırılması ilə bağlı çox ciddi razılaşmalar əldə olunub. Hətta erməni diasporunun etiraz aksiyaları və digər demarşları belə, bu səfərin uğurlu keçməsinə mane olmayıb. Qeyd edək ki, Kaliforniya ştatının senatoru Liland Yi azərbaycanlı parlamentarilərin şərəfinə mərasimin keçirildiyi zaman hətta Senatı tərk edib. 

Dağlıq Qarabağ münaqişəsinin həllilə birbaşa məşğul olan dövlətin əməllərini təhlil etdikdə çox mənfi nəticələrə gəlmək mümkündür. Ümumiyyətlə, son zamanlar xoş olmayan qanunauyğunluq yaranıb: erməni separatizminin xarici dövlətlər tərəfindən həvəsləndirilməsi mövzusunda diskussiyaların aparılması üçün adi meydanlar yox, qanunverici orqana məxsus bina ayrılır (üstəlik bu, özünü qanuniliyə örnək sayan ölkələrdə baş verir).

Bu yerdə bir müddət əvvəl Fransada baş vermiş insidenti də yada salmaq olar. Söhbət Fransa Milli Assambleyasının binasında (yerli parlamentin aşağı palatası) erməni diasporunun fransalı parlamentarilərin də iştirakı ilə məlum Sumqayıt hadisələrinin 25 illiyini qeyd etməsindən gedir. Tədbirin gedişində məsələlərin birtərəfli təqdimatını önləməyə çalışan Azərbaycan diasporunun iki fəalı möhkəmcə döyülmüşdülər. Bəzi məlumatlara görə, azərbaycanlıların döyülməsində Milli Assambleyanın deputatı da yaxından iştirak edib. Fransa tərəfi isə məsələ ilə bağlı aparılan araşdırmanın hələ də konkret nəticə vermədiyini bildirir.

Bu hadisələrin Dağlıq Qarabağ münaqişəsində qərəzsiz vasitəçilik etmək missiyasını üzərinə götürmüş üç ölkədən ikisində baş verməsindən heyrətə gəlməmək müm-künsüzdür. ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin özlərini belə aparmaları qəribə deyilmi? Yəqin ki, baş verənlərdən sonra ermənilik analoji tədbiri Dövlət Dumasının binasında da keçirməlidir ki, Bakı vasitəçilərin obyektivliyinə inamını tam itirsin.

Bütün bunlara rəğmən, Azərbaycan hələ də vasitəçilərin heyətinə dəyişiklik edilməsi məsələsini rəsmi şəkildə qaldırmır. Hər halda, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 15-də keçirdiyi brifinqdə ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan ibarət həmsədrlərinin heyətinə yenidən baxılmasının vacibliyinə dair fikirlərlə razı olmadığını söyləyib. "Hər şeydən öncə mən həmsədr ölkələri ermənipərəst adlandırmazdım. Çünki bu dövlətlərin hər biri öz maraqlarına uyğun siyasət aparır. Bundan başqa, hər üç dövlət BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və dünya arenasında vacib rol oynayır. Onlar Qarabağ münaqişəsinin həllinə töhfə verə bilərlər", - deyə E.Məmmədyarov qeyd edib.

Amma necə deyərlər, çayda boğulanlar, ilk növbədə, özünə güvənməlidir. Bu hadisələr son zamanlar Azərbaycan rəhbərliyinin tez-tez vurğuladıqları bir məqamı bir daha sübut edir: problemin hansı yolla həll olunacağından asılı olmayaraq, respublika ərazi bütöv-lüyünün bərpası ilə bağlı problemin həllində yalnız öz gücünə arxalanmalıdır.



MƏSLƏHƏT GÖR:

445