14 Mart 2025

Cümə, 22:43

BİRİNCİ OLMAQ HAQQI

Hayle İbrahİmov: "azərbaycan üçün qizil medal qazandiğima görə xoşbəxtəm"

Müəllif:

13.03.2013

2013-cü ildə Azərbaycan idmanının aktivinə ilk böyük uğuru atletlər yazdı. Yığmamızın ən çox ümid bəslənilən təmsilçisi Hayle İbrahimov atletika üzrə Avropa çempionu oldu. Efiopiyalı legioner İsveçin Höteborq şəhərində qapalı salonda keçirilən qitə çempionatında 3000 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazanmaqla təkcə öz karyerası ərzində deyil, həm də müstəqil Azərbaycanın atletika növü tarixində ən böyük uğura imza atıb. Daha öncə heç bir atletimiz nəinki olimpiya və dünya, heç Avropa çempionu olmayıb. İbrahimov həm də böyüklərin yarışında ilk dəfə qızıl medala yiyələnib. O, 2011-ci ildə qitə çempionatını gümüş, 2010-cu ildə isə bürünc medalla başa vurub. İbrahimov 2012-ci il London Yay Olimpiya Oyunlarında 5000 metr məsafəyə qaçışda finaladək yüksəlsə də, 9-cu olub. 

Bakıya qayıdandan sonra Avropa çempionu "R+"a müsahibəsində qitə birinciliyi haqda təəssüratlarını bölüşdü.

- Səni təbrik edirik, Hayle! Qələbəni gözləyirdinmi? Çempionata yollanarkən uğur qazanacağına inanırdınmı?

- Hər bir idmançı uğur qazanacağına inanır. Sadəcə, yarış zamanı hər şeyi unudub yalnız mübarizə haqda düşünməlisən. Hamıya məlumdur ki, atletikada rəqabət böyükdür. Ona görə ciddi hazırlaşmaq lazım idi. Turnirə yaxşı başladım. Finaldan əvvəl qızıl medal qazanacağıma ümidim çox idi. Amma bu barədə heç kimə danışmırdım. Əgər çempion olmaq istəyirsənsə, özünü göstər, qoy hamı görsün.

- Adətən, atletlər xüsusi taktika ilə hazırlaşırlar. Sənin çempionatda əsas üstünlüyün nə oldu?

- Hazırlıq mərhələsində yaxşı forma yığmışdım. Yarışda mübarizə aparacağım rəqiblər barədə məlumatım var idi. Sadəcə, mübarizə aparmaq lazım idi. Finala qədər maksimum gücümdən istifadə etmədim. Hətta yarımfinalda qaçış zolağına 1-ci çatmağa səy göstərmirdim. Mənə finala vəsiqə qazanaraq orada gücümü göstərmək lazım idi. Yəni demək istəyirəm ki, əvvəlki mərhələlərdə gücümə qənaət etdim. Finalda isə bütün gücümü səfərbər edərək rəqibləri qabaqladım.

- Olimpiadadan sonrakı möv-sümdə bəzi güclü idmançılar Avropa çempionatında iştirak etmir. Demək olarmı, favoritlərin olmaması sənə yardımçı oldu?

- Deməzdim belədir. Hər bir ölkə Avropa çempionatına ən yaxşı idmançılarını gətirir. Bu mənada hansısa iddialı idmançı yoxdursa, onu əvəz edən idmançı var. Avropa çempionatında rəqabət güclü idi. Qalib gəlməyimiz zəhmətimizin bəhrəsidir.

- Çempion kimi özünü necə hiss edirsən?

- Qızıl medal, yəni çempionluq tam başqa hisslərdir. Bildiyiniz kimi, əvvəlki qitə birinciliklərində gümüş və bürünc medallar qazanmışam. Qızıl medalın bir addımlığında dayanıb, ikinci olmaq çox vaxt sevinc gətirmir. Amma bu qələbəylə işimi bitmiş hesab etmirəm. Hələ qarşıda çoxlu sayda yarış var. Çox xoşbəxtəm ki, Azərbaycana çempionluqla qayıdıram. Ölkədə yüngül atletikaya yüksək səviyyədə qayğı var. Federasiya idmanın bu növünü inkişaf etdirmək istəyir. Beynəlxalq yarışlarda qazandığımız nəticələr atletikanı gənclərə daha da sevindirəcək.

- Əsas rəqib kimi, hansı idmançının adını çəkə bilərsən?

- Gələn il britaniyalı Muhəmməd Fərəhlə mübarizə aparmaq istərdim. Çox güclü atletdir. Böyük hörmətim var bu insana. Fərəh, demək olar, bütün mümkün titullara sahib çıxıb. Amma təcrübəli olmasına baxmayaraq, qaçış zolağında hər ikimizin qələbə şansları bərabər olur.

- Xəbərin var ki, qazandığın qızıl medal Azərbaycan idmanı tarixində ilkdir?

- Yarışdan sonra dedilər ki, indiyə qədər Azərbaycanda yüngül atletikada Avropa çempionu olmayıb. İlk çempionluq həmişə yaddaqalan olur. Çox sevinirəm ki, adım tarixə düşdü. Ölkədə idmançıların qələbə qazanması üçün hər şərait var. İnanıram ki, qarşıdakı yarışlarda da uğur qazanacam. Dünya çempionatında özümü göstərmək istərdim. Ən böyük  arzularım isə Yay Olimpiya Oyunlarında medal qazanmaqdır.


MƏSLƏHƏT GÖR:

506