Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Finlandiyanın Vantaa şəhərində keçirilən güləş üzrə Avropa Çempionatında Azərbaycan idmançılarının çıxışı azarkeşlərin ümidini doğrultdu.
Uğurlu çıxışı ilə Azərbaycana 10 medal qazandıran pəhləvanlarımız bütün çəkilərdə parlaq mübarizəylə yadda qaldı. Azərbaycan güləşçiləri, ümumilikdə, 3 qızıl, 5 gümüş və 2 bürünc medal qazandı. Əksər çəkilərdə çempionluğun taleyi Azərbaycan və Rusiya təmsilçisinin mübarizəsində həll olundu.
Qitə birinciliyində qələbə qazanan sərbəst güləşçiləri xüsusilə qeyd etmək lazımdır. Avropa Çempionatına ilk dəfə yeni baş məşqçi Semyon Şterevin rəhbərliyi altında yollanan komandamızda əsas diqqət Olimpiya çempionu Toğrul Əsgərova yönəlmişdi. Təəssüf ki, 19 aylıq fasilədən sonra böyük idmana qayıdan gəncəli pəhləvan ilk görüşdə heç kimin tanımadığı güləşçiyə uduzmaqla turniri tərk etdi. Unutmaq olmaz ki, çəkisini dəyişən Toğrul Finlandiyada 66 kq-da mübarizə apardı. London Yay Olimpiya Oyunlarının qalibi yeni çəkidə özünə bənzəmədi. Uğursuzluğa baxmayaraq məşqçilər və federasiya güləşçinin əvvəlki formaya qayıdacağına ümid bəsləyir. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FILA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev Toğrul Əsgərovun çempionatda uğursuz çıxışına münasibət bildirərkən, bunun obyektiv və subyektiv səbəblərlə bağlı olduğunu deyib: "Təbii ki, Toğrulun özündə də müəyyən qədər səhlənkarlıq oldu. Ancaq obyektiv və subyektiv səbəblər var. Uzun müddət səhhətində yaranmış problemlə əlaqədar Toğrulun ölkə xaricində müalicəsini həyata keçirdik. Subyektiv səbəb isə, Toğrulu böyüdüb boya-başa çatdıran babasının dünyasını dəyişməsi oldu. Toğrul üçün əziz olan bu insanın həyatını itirməsi ona öz təsirini göstərdi. Bakıya qayıtdıqdan sonra Toğrulla bir daha söhbət edəcəyik. İnanıram ki, sentyabrda keçiriləcək Dünya Çempionatında o, yenidən öz sözünü deyəcək. Ona inamımız böyükdür, Dünya Çempionatında ondan növbəti uğurunu gözləyirik".
Sərbəst güləşçilərdən ibarət yığmanın liderlərindən olan Xetaq Qazyumov (97 kq) finala qədər məğlubiyyətsiz irəlilədi. Həlledici görüşdə Rusiya təmsilçisi Abdulsalam Qədisova uduzan idmançımız gümüş medalla kifayətləndi. 3 il əvvəl Avropa Çempionatında qızıl medal qazanan Xetaq Qazyumovun stabil olaraq bütün mötəbər turnirlərdə medal qazanması xüsusilə vurğulanmalıdı. Təcrübəli pəhləvan bir qayda olaraq iştirak etdiyi Olimpiada, dünya və Avropa çempionatlarında mükafatçılar sırasında yer alır.
Xetaq Qazyumovun arzuladığı qızıl medalı millimizə Hacı Əliyevlə (61 kq) Ruslan Dibirhacıyev (70 kq) qazandırdı. Karyerasının ən böyük yarışında iştirak edən Hacı bütün rəqiblərinə qalib gələrək layiqli olaraq Avropa çempionu oldu. Ruslan Dibirhacıyev isə erməni güləşçisi Qriqor Qriqoryana heç bir şans vermədi. Hesab 12-2 güləşçimizin xeyrinə olduğu zaman hakimlər Ruslanın vaxtından əvvəl qələbə qazandığını elan etdi. Maraqlıdır ki, final ərəfəsində Ruslan federasiya rəsmilərinə və məşqçilərə görüşü vaxtından əvvəl başa vuracağına söz vermişdi.
74 kq-da təcrübəli Cəbrayıl Həsənov qızıl medala layiq olsa da, sonda gümüş qazandı. Finala qədər rəqib tanımayan Avropa çempionumuz səhvi ucbatından kolleksiyasına növbəti qitə qızılını daxil edə bilmədi.
Nəticədə Azərbaycanın sərbəst güləşçiləri AÇ-də komanda hesabında, Rusiya millisini irəli buraxaraq, ikinci yeri tutdular.
Qadın güləşində yenidən Mariya Stadnik bizi sevindirdi. Analıq məzuniyyətindən qayıdan titullu pəhləvanımız karyerasında dördüncü dəfə Avropa çempionu oldu. Xanımların yarışında İrina Netreba (58 kq) gümüş qazanmaqla yaxşı mənada məşqçiləri təəccübləndirdi. Medal gözlədiyimiz Yuliya Radkeviç (60 kq) və Patimat Baqomedova (53 kq) çempionatı mükafatsız başa vurdu.
Yunan-Roma güləşində bir qədər bəxtimiz gətirmədi. Dünya və Avropa çempionu Həsən Əliyevin (66 kq) final görüşü türk hakim Ləvənt Şənin səhvi ucbatından rəqibin xeyrinə başa çatdı. Azərbaycan Güləş Federasiyasının etirazından sonra türk ədalət təmsilçisi turnirdən kənarlaşdırılsa da, Həsən Bakıya gümüş medalla qayıtmalı oldu. Çünki adətən, hakim cəzalandırılsa belə medal dəyişdirilmir.
71 kq-da yarışan Rəsul Çunayev bütün görüşlərdə vaxtından əvvəl qələbə qazandı. Bundan sonra arxayınlaşan Çunayev finalda səhvə yol verdi və nəticədə, fəxri kürsünün ikinci pilləsinə yüksəldi. Kamran Məmmədov (59 kq) və Elvin Mürsəliyev (75 kq) bürünc medal qazandı. Dünya Çempionatının gümüş mükafatçısı Saman Təhmasibi (85 kq) isə ilk görüşdə uduzmaqla yarışa hazır olmadığını göstərdi.
Qazanılan medallar yunan-Roma güləşi üzrə milliyə komanda hesanda üçüncü yeri tutmağa imkan verdi. İlk iki yeri isə Rusiya və Turkiyə milliləri qazanıb.
Güləşçilərimizin qazandığı 10 medal Avropa Çempionatını aktivimizə yazmağa imkan verir. Lakin bu uğurlu nəticə istirahət etməyə səbəb deyil. Bir neçə favorit idmançımız daha yaxşı çıxış edə bilərdi.
5 ay sonra komandamız Dünya Çempionatında iştirak etməlidir. Mundial Avropa Çempionatından daha çətin və rəqabətli olacaq. Məhz bu səbəbdən indidən Dünya Çempionatına hazırlaşmaq lazımdır. Dünya Çempionatı həm də Finlandiyada bizi kədərləndirən Olimpiya çempionumuz Toğrul Əsgərov üçün bəraət almağa gözəl imkan olacaq.
SİTAT
"Avropa Çempionatındakı çıxışımızı yaxşı qiymətləndirirəm. Amma daha çox medal qazana bilərdik".
Semyon Şterev, sərbəst güləş yığmasının baş məşqçisi
"Final görüşümdən əvvəl erməni idmançını 1 dəqiqə ərzində məğlub edəcəyimi demişdim. Belə də oldu. O məndən zəif olduğu üçün artıq vaxt itirmək istəmirdim. Avropa çempionluğundan sonra Dünya Çempionatında da qızıl medal qazanmaq istəyirəm".
Ruslan Dibirhacıyev, Avropa çempionu
"Məğlubiyyətdə, ilk növbədə, günahkar özüməm. 19 ay heç bir yarışda iştirak etmədim. Əvvəlcə mədəmi müalicə etdirdim. Sonra ailə problemləri ilə əlaqədar fasilə yarandı. Son məşqlərdə əla formada olduğumu düşünürdüm. Lakin Avropa Çempionatı bunun əksini göstərdi. Özü də rəqibim debütant idi. Fikrimcə, Dünya Çempionatı mənim üçün şans olmalıdır. Orada özümü sübut etməliyəm".
Toğrul Əsgərov, Olimpiya çempionu
MƏSLƏHƏT GÖR: