25 Noyabr 2024

Bazar ertəsi, 12:28

ÖZÜNÜ ƏRZAQLA

İRİ FERMER TƏSƏRRÜFATLARI AZƏRBAYCANIN AQRAR MƏHSULLA TƏMİNATI PROBLEMİNİ HƏLL EDƏCƏKLƏR

Müəllif:

13.03.2013

Yaxın illərdə Azərbaycan özünü ərzaqla təmin etmək məsələsinə tam yaxınlaşa bilər. Prezident  İlham Əliyevin tapşırığı ilə ölkənin bir sıra rayonlarında iri fermer təsərrüfatlarının yaradılması üzrə kompleks tədbirlər məhz bu məqsədlə gerçəkləşdirilir. Artıq 5 min hektar torpaq sahəsi ayrılıb, Ağcabədi və Beyləqan rayonlarında iri taxılçılıq fermer təsərrüfatlarının yaradılması təmin edilib. Bütünlükdə, ölkənin özünü taxılla tam təmin etməsi üçün, ən azı, 50 iri fermer təsərrüfatı yaradılmalıdır. 

 

Pilot layihəsi 

İqtisadi İnkişaf Nazirliyi (İİN) sahəsi 4800 hektara yaxın olan ilk iri pilot taxılçılıq təsərrüfatını keçən il Ağcabədi və Beyləqan rayonlarının  ərazisində yaradıb. Bunun üçün torpaqların təyinatı  dəyişdirilib, dövlət sərmayələri hesabına enerji təchizatı təmin edilib və Yuxarı Mil kanalı 10,7 kilometr uzadılaraq kompleks meliorativ tədbirlər gerçəkləşdirilib. 

Ağcabədi Rayon İcra Hakimiyyətinin aqrar məsələlər üzrə müavini Leyla Əsgərovanın sözlərinə görə, artıq bu il yeni qurumun taxılçıları 9 min tona yaxın yüksək keyfiyyətli taxıl becərib tədarük etməyi qarşılarına məqsəd qoyublar.  Təsərrüfatın ərazisində inzibati bina, taxıl anbarı, həmçinin bütün növ lazımi texnikanın saxlanması və təmiri üzrə aqroservis təsərrüfatı  üçün tikili də inşa edilir. Layihənin gerçəkləşdirilməsi ilə «Qarabağ Taxıl» şirkəti məşğul olur. Onun başçısı Rəcəb Orucovun sözlərinə görə, investisiya layihəsinə uyğun olaraq artıq taxıl anbarının, min baş iribuynuzlu mal-qaranın saxlanması üçün heyvandarlıq kompleksinin, bitki yağlarının istehsal üzrə zavodun, həmçinin inzibati binanın, emalatxanaların və kənd təsərrüfatı texnikasının saxlanması üçün çardaqların tikintisinə başlanılıb. «Bütünlükdə təsərrüfatda 350-400 məcburi köçkün və yerli sakin işlə təmin ediləcək. Məhsuldarlığı respublika üzrə orta göstəricidən iki dəfə artırmaq və hektardan 50 sentner səviyyəsinə qaldırmaq nəzərdə tutulur», - deyə R.Orucov bildirib. 

Onun sözlərinə görə, çağdaş texnologiyaların tətbiq edilməsi hesabına  rəhbərlik etdiyi təsərrüfat ildə 25 min ton buğda əldə etməyi planlaşdırır. Bütün əkinçilik sistemi, əsasən, Avropa və Amerika texnologiyasına əsaslanır. Suvarma-damcı sistemi tətbiq ediləcək. Özəl aqroservis kimi fəaliyyət göstərəcək və dünya standartlarına uyğun texnikadan təşkil edilən texnopark yaradılır ki, bunun üçün 4 mln manat ayrılıb. 

Əsas məsələ, 2013-cü ildə bütün torpaq sahələrini kənd təsərrüfatı dövriyyəsinə daxil etmək, onların məhsuldarlığını artırmaqdır. Bu ilin yazında pilot təsərrüfatın bütün torpaqlarında kənd təsərrüfatları bitkiləri əkiləcək. Bunlar əsasən qarğıdalı, günəbaxan, həmçinin digər yazlıq bitkilər olacaq. 

Bildirmək gərəkdir ki, hazırda pilot təsərrüfat yerləşən ərazi daha öncə kənd camaatının ev heyvanlarını otardığı örüş yerləri idi.  Amma Ağcabədi və Beyləqanda yeni həyat onların taleyini kəskin dəyişib. Hər bir kənd adamı indi müvafiq iş və sabit gəlirlə təmin edilib, buna görə də orada çox  tez  əmin oldular ki, yeni fermer təsərrüfatlarının yaradılması əlverişqli və perspektivli işdir. 

Bu il Cəlilabad və Hacıqabul rayonlarında da oxşar təsərrüfatların yaradılmasına başlayıblar. Ümumilikdə ilkin mərhələdə dövlət torpaq fondundan 200 mindən artıq torpaq sahəsi ayrılıb və orada meliorasiya işlərinin aparılması, həmin torpaq sahələrinin taxıl əkinləri üçün yararlı hala salınması nəzərdə tutulur. 

 

Növbəti  mərhələ 

Ancaq taxılçılıq - iri təsərrüfatların yaradılması zamanı diqqət yetiriləcək yeganə sahə olmayacaq. Belə ki, Prezident İlham Əliyevin fikrincə, rayonlar arasında ixtisaslaşma aparılmalıdır. «Hesab edirəm ki, yaxın zamanlarda hər bir rayon üzrə konkret təkliflər təqdim edilməlidir. Hər bir rayonda hansı kənd təsərrüfatı bitkisini əkməli və hansı əlavə tədbirlər görməli olduğumuzu müəyyən etməliyik», - deyə dövlət başçısı regionların “2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ijrasının dördünjü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edərkən bildirib. 

Aqrar bölmənin tarixən əhali arasında ən populyar fəaliyyət sahəsi olduğu Azərbaycanda heyvandarlğın, südçülyün, bağçılığın, üzümçülüyün  və s.-in inkişafı üçün böyük imkanlar var. Və yeni təsərrüfatlar arzuolunan nəticələr əldə etməyə, həmçinin, məhsuldarlığın artmasına şərait yaradır. Məsələn, yeni fermer təsərrüfatlarında taxılın məhsuldarlığı hektardan 40-50 sentnerə çatmalıdır, hazırda isə orta hesabla hər hektardan 27 sentner məhsul götürülür. 

Bu zaman yeni təsərrüfatlar, həmçinin dövlətin yardımına da ümid bağlaya bilərlər - Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə kreditləşdirmədə prioritet məhz kənd təsərrüfatıdır - keçən il verilmiş 1,2 mlrd manatlıq güzəştli kreditlərin, təxminən, 83%-i regionların aqrar sahəsinə yönəldilib. Bundan başqa, «Aqrolizinq» vasitəsilə texnika alınmasına dəstək göstərilir, fermerlər vergi və başqa güzəştlərə də sahibdirlər. 

Hər halda, bütün bunların fonunda bu sahədə nəzərəçarpacaq  irəliləmə baş verməli idi. Amma bununla belə, problemlər hələ də qalmaqdadır. Amma göründüyü kimi, əsas  problem  bu sahədə hələ də lazımi səviyyədə şəffaflığın olmaması ilə bağlıdır. «Bəzən fermerlər üçün nəzərdə tutulmuş subsidiyaların bir hissəsi dövlət məmurlarının cibinə gedir. Bəzən daha çox subsidiya almaq üçün əkilən torpaq sahələrinin, istehsal edilən məhsulun həcmi şişirdilir. Bəzi hallarda isə lazımi avadanlıq və başqa vəsaitlər xaricdən yüksək qiymətlərlə gətirilir. Yəni bu sahədə biz tam şəffaflığa nail olmalıyıq», - deyə Prezident İlham Əliyev bununla bağlı bildirib.

Eləcə də, aqrar bölmənin inkişafı üçün ixrac imkanlarını artırmaq, yeni kənd təsərrüfatı məhsulları bazarına çıxmaq, istehsal edilən məhsulların yeni tədarük sistemini təşkil etmək lazımdır.  Bu məsələdə dövlət yalnız dəstək verməli, istiqamət göstərməlidir, layihələrin birbaşa gerçəkləşdirilməsini isə özəl şirkətlərə həvalə etmək lazımdır. Buna görə də aqrar islahatların növbəti mərhələsində həm Azərbaycanda, həm də məhsulların ixrac ediləcəyi ölkələrdə logistika və tədarük mərkəzlərinin yaradılması prioritet kimi qəbul edilməlidir. Dövlət başçısının fikrincə, «Bu işi təşkil etmək üçün bu il müvafiq ölkələrlə  və onların dövlət qurumları ilə məsələ barədə ciddi danışıqlar aparılmalıdır. Çünki məhsulun satışı ilə bağlı problemlər var və bu problemlər həll edilməlidir». 

Həmçinin dövlət dəstəyi kimi bu il aqrar sahdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məsələsinin həllinə də başlamaq  planlaşdırılır. Layihə çərçivəsində fermerlərin elektron qeydiyyatı da nəzərdə tutulur ki, bu da  subsidiyaların səmərəliliyini və torpaq  paylarının  sərhədlərinin dəqiqləşdirilməsini  və s. nəzərdə tutur. Artıq sözgedən sahədə dəyəri bir neçə milyon manata çatan böyük layihənin gerçəkləşdirilməsinə başlanılıb ki, bu, ölkənin bütün şəhərlərinin genişzolaqlı İnternet xəttinə qouşlmasını nəzərdə tutur. Layihənin önəmi nəzərə alınaraq o, Dövlət Neft Fondunun (ARDNF) xətti ilə maliyyələşdirilir, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nəzarəti altında gerçəkləşdirilir. 

Beləliklə, cari ildə və qarşıdan gələn bir neçə il ərzində qarşıya qoylan vəzifələrin həlli ilə aqrar islahatların inkişafı daha da dərinləşəcək. Taxılçılıqda  əsas  istiqamətlər müəyyən ediləcək, başlıca diqqət isə əsas ərzaq  məsələsinə - əhalinin tam həcmdə çörəklə və  başqa ərzaq məhsulları ilə təminatında olan problemi həll etməyə qadir iri aqrar müəssisələrə yönəldiləcək. 



MƏSLƏHƏT GÖR:

486