
DOQQUZ ÖLKƏDƏ GƏZİNTİ
ABŞ dövlət katİbİ Con Kerrİ İlk xarİcİ turnesİnİ gerçəkləşdİrdİ
Müəllif: Natiq NAZİMOĞLU Bakı
ABŞ-ın yeni dövlət katibi Con Kerri okeanın digər tərəfinə olan ilk səfərinə 9 ölkəni daxil etdi. Onun Amerikanın müttəfiqi olan Avropa fövqəldövlətləri - Böyük Britaniya, Almaniya, Fransa və İtaliyaya səfərlərində Avroatlantik məkan çərçivəsində dost münasibətlərinin mövcudluğu təsdiqləndisə, Türkiyə, Misir və digər ərəb ölkələrinə səfərlər ABŞ-ın dünyanın ən problemli regionlarından biri - Yaxın Şərqlə bağlı siyasətinin yenilənməsinin ifadəsi ilə yadda qaldı.
"Qızıl orta"nın carçısı
Con Kerrinin Türkiyəyə səfəri sanki kifayət qədər uğurlu fonda baş verib: bu yaxınlarda Türkiyə ərazisində Şimali Atlantika Alyansının Raketdən Müdafiə Sisteminin (RMS) qurulması Ankaranın strategiyasının əvvəlkitək ABŞ və NATO-nun nüfuz dairəsində inkişaf etdiyini göstərib. Lakin Türkiyə rəhbərliyi hər şeyin o qədər də sadə olmadığını, Ankara və Vaşinqtonun münasibətlərinin problemsiz və idilliyalı adlandırılmasına imkan verməyən, ən azı, bir məqamın olduğunu göstərib.
Kerrinin Türkiyəyə səfəri ərəfəsində güman edilirdi ki, dövlət katibinin Ankarada aparacağı danışıqlarda Suriya problemi əsas mövzu olacaq. Bu, tamamilə əsaslı idi: bir tərəfdən, ABŞ Suriya müxalifətinə humanitar və maddi yardım göstərildiyini rəsmən açıqlamış, digər yandan Türkiyə Qərbin fövqəldöəltləri və ABŞ-ın bu istiqamətdəki fəaliyyətindən narazılığını getdikcə daha açıq ifadə edirdi. Ankarada hesab edirlər ki, Qərb ölkələri və ABŞ Suriya gəmisini getdikcə daha güclü çalxalamaqla yanaşı, bunun nəticələrinin aradan qaldırılmasını məhz Türkiyənin üzərinə qoyurlar.
Amma gözlənilmədən ortaya ABŞ və bütünlükdə Qərbin diqqətini özünə cəlb edən problem çıxdı. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BMT-nin himayəsi ilə Vyanada keçirilən "Sivilizasiyalar alyansı" forumunda islamofobiyanı faşizm, antisemitizm və sionizm kimi bəşəriyyət əleyhinə olan cinayətlərlə bir sıraya qoydu. Son terminin dilə gətirilməsi Qərbdə, bütün dünyadakı yəhudi diasporunda və əlbəttə ki, İsraildə ciddi rezonans yaratdı.
Ankaranın bu mövqeyi ABŞ-ın da narazılığına səbəb oldu. Birləşmiş Ştatların yeni dövlət katibi Con Kerri Vaşinqtonun Türkiyə-İsrail münasibətlərində böhranın daha da dərinləşə biləcəyindən narahatlığını Türkiyə rəhbərliyinin nəzərinə çatdırdı. O, ölkəsinin Ərdoğanın son bəyanatından sonra Yaxın Şərqdə sülhə nail olunması istiqamətində səylərin çətinləşəcəyindən də rahatsızlığını dilə gətirdi. Kerri Ankaranı İsraillə münasibətlərdə "qızıl orta" tapmağa çağırdı və hər iki ölkənin "ABŞ-ın həyati əhəmiyyətli müttəfiqi olduğunu" xatırlatdı.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə öz növbəsində İsraili Türkiyəyə düşmən mövqeyi nümayiş etdirməkdə təqsirləndirib. O, İsrail xüsusi təyinatlılarının 2010-cu ildə "Mavi Mərmərə" bərəsini ələ keçirməsi nəticəsində 10 türkün ölməsini bunun nəticəsi adlandırıb. Davudoğlu İsraili "bizə, region əhalisinə və münasibətinə, xüsusilə İordan çayının qərb sahilinə köçürmələrlə bağlı mövqeyinə yenidən baxmağa" çağırıb.
Beləliklə, Türkiyə XİN başçısı bir daha Ankara ilə Təl-Əviv arasında dialoqun normallaşması perspektivi üçün İsrailin Yaxın Şərqdəki siyasətinin köklü şəkildə dəyişməsini vacib sayıb. Görünən odur ki, Ankaranın bu məsələdə mövqeyini yumşaltması gözlənilmir. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının hökuməti Fələstinin maraqlarının qorunmasında o qədər uzağa gedib ki, indi geri addım atmaq imkanı yoxdur. Üstəlik, bitmək bilməyən Yaxın Şərq münaqişəsində özünü zərərçəkən tərəf olan Fələstinin müdafiəçisi kimi göstərən Türkiyə regionda və bütünlükdə islam dünyasında liderlik rolunu bərpa etməyə çalışır.
Bununla yanaşı, Türkiyə ilə İsrail arasında ABŞ-ın da ümid etdiyi "tarixi əməkdaşlıq"ın bərpası imkanları hələ də qalır. Bu, xeyli dərəcədə Fələstin-İsrail münaqişəsinin həlli prosesində ciddi irəliləyişdən asılıdır. Çünki Ankara ilə Təl-Əviv arasında qarşıdurmanı qızışdıran əsas səbəb məhz bu münaqişədir.
Bununla yanaşı, Con Kerri faktiki olaraq bildirib ki, Barak Obama administrasiyası Fələstin-İsrail qarşıdurmasının hazırkı həddinə görə əsas məsuliyyəti məhz İsrailin daşıdığını anlayır. Məhz bu üzdən o, turnesi çərçivəsində Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasla Səudiyyə Ərəbistanında keçirdiyi görüşdə muxtariyyat liderinin işğal olunmuş Fələstin torpaqlarında yəhudi yaşayış məntəqələrinin inşasına son qoyulması haqda tələbinə etiraz etməyib. Amma aydındır ki, sadəcə, Kerrinin susması çoxsaylı islam ölkələrinin Vaşinqtonun siyasətinə olan inamsızlığını aradan qaldırmaq üçün kifayət deyil. Con Kerrinin Misirə səfəri bunu bir daha təsdiqlədi.
Qahirə "küçə"sində
Misirlilər ABŞ dövlət katibini Port-Səid, Əl-Mənsur və digər şəhərlərdə hökumət əleyhinə keçirdikləri nümayişlərlə qarşıladılar. Aksiya iştirakçıları amerikalı qonağın şəkillərini yandıraraq, Vaşinqtonun Misir prezidenti Məhəmməd Musriyə verdiyi dəstəyə etirazlarını bildirirdilər. Qeyd edək ki, Musri ölkə müxalifəti tərəfindən "azadlığı boğmaqda, hakimiyyəti qəsb etməkdə və ölkəni islamlaşdırmaqda" günahlandırılır. Liberal müxalifət tərəfdarları Misirdə "Müsəlman qardaşlar"ın hakimiyyətə gəlməsində məhz ABŞ-ı günahlandırır, buna məhz Vaşinqtonun imkan verdiyini bildirir. Vaşinqtonun ölkənin əsas müxalifət partiyası olan Milli Xilas Cəbhəsinin aprelə təyin olunmuş parlament seçkisini boykot etməməyə çağırması da müxalifətçilər tərəfindən etirazla qarşılanıb.
Ağ Evin Misirdə kəskin siyasi və iqtisadi böhranın inkişaf etməkdə olduğunu, onun vətəndaş qarşıdurmasına, zorakılığın artmasına aparıb çıxara biləcəyini anladığı aydındır. Bu üzdən də Amerika administrasiyası "ərəb baharı"nın qalib gəldiyi ölkələr sırasında ən nəhəngi olan Misirdə xaosa imkan verməməyə çalışır. Con Kerrinin misirlilərə BVF tərəfindən 4,8 milyardlıq kreditin ayrılacağına dair vədini Qahirənin Vaşinqtonun siyasi nüfuz dairəsində saxlanılması üçün ciddi vasitələrdən biri kimi qiymətləndirmək mümkündür.
Kerrinin fikrincə, "Misir xalqının enerjisi küçələrdən sahibkarlığa, güclü vətəndaş cəmiyyətinin qurulmasına yönəldilməlidir". Bu çağırış ABŞ-ın Misirdə cərəyan edən siyasi proseslər üzərində nəzarəti gücləndirməyə hazır olduğunu göstərib. Demək, Amerika bununla "küçə"nin "Piramidalar ölkəsi"nin inkişafını "ərəb baharı" zamanı nəzərdə tutulmayan istiqamətə yönəltməsini əngəlləməyə çalışır. Daim real "stavkalar" etməyə öyrəşmiş amerikalılar anlayır ki, mötədil "müsəlman qardaş" Məhəmməd Musrinin hakimiyyətinə alternativ heç də özünü qərbpərəst liberallar yox, ciddi daxili sosial bazaya malik radikal islamçılardır. Bu səbəbdən də Vaşinqton qərbpərəst demokratların ürəyincə olmasa da belə, Misir prezidentinə lazımi dəstəyi verməyi daha üstün tutur. Bunun sonda özünü doğruldub-doğrultmayacağı məlum deyil. Yəqin ki, bunu Amerikanın Yaxın Şərq siyasətini yenidən qurmaq, ona daha yumşaq çalar vermək niyyətlərini gizlətməyən Con Kerri və bütünlükdə Barak Obama komandası da dəqiq bilmir. Yeri gəlmişkən, Obama administrasiyası ümumiyyətlə Amerikanın bu regiondakı strategiyasının əsl məqsədlərini çılpaqlığı ilə ortaya qoymur.
Bunu ABŞ-ın İranla bağlı nümayiş etdirdiyi mövqe də təsdiqləyir. Bu məsələ Kerrinin Səudiyyə Ərəbistanına səfəri zamanı ətraflı müzakirə olunub. Amerikanın dövlət katibi bildirib ki, İranın təhlükəsiz nüvə potensialına malik olmaq hüququ var. Amma bununla yanaşı, o deyib: "Biz İranın nüvə silahı əldə etməsinə imkan verməməkdə qərarlıyıq".
Beləliklə, ABŞ-ın xarici siyasət idarəsinin yeni rəhbəri əsasən tanışlıq xarakteri daşıyan ilk xarici turnesi zamanı bütün maraqlı tərəflərə göstərdi ki, Ağ Evin hücum diplomatiyasını davam etdirmək fikrindədir. Lakin təbii ki, Barak Obamaya xas olan təmkin və çevikliklə.
MƏSLƏHƏT GÖR: