14 Mart 2025

Cümə, 23:32

BOK-dan ŞOK QƏRAR

Martİnettİnİn kürəyİ yerə vuruldu, güləşİn İsə olİmpİya proqramindan çixarilmasi tövsİyə edİldİ

Müəllif:

01.03.2013

Güləş aləmini şoka salan qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin fevralda Lozannada keçirilən toplantısında qəbul edildi. Hər şey bütün idman növləri üzrə dinləmələrdən sonra başladı. Ali güləş instansiyasının İcraiyyə Komitəsi güləşin Yay Olimpiya Oyunlarinin proqramından çıxarılmasıyla bağlı tövsiyə xarakterli qərar qəbul etdi. Qərarını güləşin indeksinin aşağı olması ilə əsaslandıran BOK bu qənaətə Olimpiya idman növlərinin 39 göstərici üzrə qiymətləndirilməsindən sonra gəlib.   

BOK rəhbəri Jak Roqqe tövsiyə xarakterli qərara səbəb kimi, ötən il Londonda keçirilən Olimpiadada güləşin televiziya ilə yayımı zamanı aşağı reytinq toplaması, güləş yarışlarına biletlərin satılmamasını göstərib. Habelə, internet və mətbuat vasitəsilə güləş yarışlarının işıqlandırılması aşağı səviyyədə olub. BOK-dan (İOC) həmçinin bildiriblər ki, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) qərarlar qəbul edən mühüm orqanlarında hazırda da idmanla məşğul olanlar, FİLA-nın İcraiyyə Komitəsində isə tibb işçiləri yer almırlar, qadın komissiyası, hakimlər və əməkdaşlar üçün davranış qaydaları yoxdur.

Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası isə sonadək mövqelərini qorumağa aparmağa hazırdır. Lakin  BOK-la elə ilk müzakirələrdən sonra, 10 ilə yaxın FİLA-ya rəhbərlik etmiş Rafael Martinettinin istefa xəbəri yayıldı. Martinettinin nüfuzundan istifadə edərək BOK-a təsir edəcəyi gözlənilsə də, planlar baş tutmadı. Sirr deyil ki, Martinetti BOK rəhbəri Jak Roqqe ilə xüsusi münasibətlərə malik idi. O, əlaqələrindən yararlanaraq güləşin Olimpiadada qalmasına yardımçı ola bilərdi. Lakin Martinetti təzyiqlərə davam gətirə bilmədi və indi İcraiyyə Komitəsi üzvləri birləşərək güləşin Olimpiadaya lazim olduğunu sübut etməli olacaq. 

Aydın məsələdir ki, BOK-un tövsiyəsi xarakterli qərarı əbəs yerə qəbul edilməyib. Son illərdə güləş idman növündə narazılıqların çoxalması vəziyyətin bu həddə çatmasına səbəb olub. Məlum olduğu kimi, qaydalarda bəzi dəyişikliklərin olması heç də hamının ürəyincə deyildi. Roqqenin açıqlamasından da başa düşmək olar ki, BOK-un məqsədi güləşdə hadisələrin axarını dəyişməkdir. Konkret olaraq güləşdə islahatlar aparılmalıdır.

Qeyd edək ki, Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Yaponiya, ABŞ və digər ölkələr BOK-un sözü-gedən tövsiyəsinin əleyhinə çıxdı. Bu ölkələrdə hesab edirlər ki, qərar qəbul edilsə, BOK tarixi səhvə yol verəcək. Güləş hələ antik Olimpiya Oyunlarının simvollarından olub. Yunan-Roma güləşi Qədim Yunanıstanda təşəkkül tapıb və bugünədək bütün olimpiadaların proqramına daxil olub. Elə bu səbəbdən də BOK-un verəcəyi mənfi qərarın hansı rezonans doğuracağını indidən təsəvvür etmək çətin deyil. Bununla da müasir Olimpiya Oyunlarının tarixinə ciddi zərbə dəyə bilər.

Azərbaycanda güləşlə hələ qədim dövrlərdən məşğul olduqları üçün dünyada güləş ölkəsi kimi tanınırıq. Azərbaycanlı idmançıların Olimpiya Oyunlarında qazandıqları ilk medal məhz güləş idman növündə olub. Hələ keçmiş SSRİ dövründə Rəşid İbrahimbəyov "Helsinki-1952" Olimpiadasında gümüş medal qazanıb. Müstəqillik əldə etdikdən sonra, güləş Azərbaycan idmanında əsas yerlərdən birini tutub. Müstəqil Azərbaycanın 6 Olimpiya çempionundan 4-ü qızıl medalı məhz güləşdə qazanıb. Güləşçilərimiz bütün olimpiadalardan medalla dönüblər. Ötən il Londonda keçirilən oyunlarda qazanılan 7 medal buna bariz nümunədir. Belə çıxır ki, güləşin Olimpiya Oyunlarının proqramından çıxarılması Azərbaycan Güləş Federasiyasının ölkəmizdə bu idman növünün inkişaf etdirilməsi, yeni gənc nəslin yetişdirilməsi istiqamətində gördüyü işlərə əngəl ola bilər. 

Artıq federasiyanın baş katibi Əjdər Cəfərov məsələyə münasibət bildirib: "Beynəlxalq Olimpiya Komitəsinin qədim tarixi ənənəyə malik bir idman növü olan güləşin Olimpiya Oyunlarının siyahısından çıxarılması barədə təşəbbüslə çıxış etməsi bütün dünyada, eləcə də Azərbaycanda təəccüb və narazılıqla qarşılanıb. Ancaq bütün güləş ictimaiyyətinə, həmçinin güləş həvəskarlarına bildirmək istəyirəm ki, bu, sadəcə bir təşəbbüsdür. Belə bir təşəbbüs hələ Afina Yay Olimpiya Oyunlarından sonra da gündəmə gəlmişdi. Ancaq sonda verilən qərar güləşin lehinə olmuşdu. İnanır və ümid edirik ki, bu dəfə də belə olacaq və bütün dünyada milyonlarla azarkeşi olan güləş idman növü Olimpiya Oyunlarından kənarda qalmayacaq".

Yunan-Roma güləşi üzrə Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov da eyni fikirdədir: "Güləş həm baxımlıdır, həm də populyar. Bu idman növünü Olimpiadadan çıxarmaq olmaz. Qaydalarda dəyişiklik etməyin tərəfdarıyam. Amma bütövlüklə Olimpiada proqramından çıxarılmasını pisləyirəm. Güləş dünyası bu qərarı sakitliklə qəbul etməyəcək. Hər bir gənc idmançının arzusu Olimpiya çempionu olmaqdır. Əgər Olimpiadada güləş olmasa, bu, idman növünün inkişafına böyük zərbə olacaq".

Sevimli peşəsinin planetin ən böyük yarışından çıxarılması digərləri kimi, Olimpiya çempionumuz Toğrul Əsgərov üçün də gözlənilməz olub. "London 2012"nin qəhrəmanı "R+"a açıqlamasında belə bir qərarın qəbul edilməsinin anlaşılan olmadığını bildirib: "Bu barədə məsələnin qaldırılacağını düşünə belə bilməzdik. Doğrudan da, xəbər hamımız üçün üzücü oldu. Xüsusən də güləşçilər çox heyfsiləndi. İnanmaq istərdik ki, son nəticədə məsələ öz müsbət həllini tapacaq və güləş yenidən Olimpiya Oyunlarına salınacaq. Buna çox ümid edirik".

İstənilən halda, güləş beysbol, karate - ümumilikdə 7 namizəd idman növünün sırasına daxil edildi. Bu isə güləş dünyasının yenidən Olimpiada proqramına daxil edilməsi üçün mübarizə aparmağın vacibliyini göstərir. Əgər sentyabrın 7-də Buenos-Ayresdə keçiriləcək toplantıda qərar təsdiqlənsə, milyonların sevimli idman növü 2020 və 2024-cü ildə Yay Olimpiya Oyunlarında olmayacaq. Ümid edək ki, bu baş verməyəcək. 


MƏSLƏHƏT GÖR:

494