15 Mart 2025

Şənbə, 00:36

BÖYÜK İNSAN

Dahİ bəstəkar Tofİq Qulİyevİn mahnilari hər zaman qəlblərdə yaşayir

Müəllif:

01.03.2013

Onun mahnıları üçün keçilməyəcək sərhəd, aşılmağayacaq sədd yoxdur. Hər qəlbə yol tapmağı, duyğuları dilləndirməyi bacarır bəstəkar Tofiq Quliyevin əsərləri. Elə bir məc­lis yoxdur ki, orda onun mahnıları səslənməsin. Elə bir müğənni yoxdur ki, repertuarında Tofiq Quliyevin mahnısı olmasın. Hələ sağlığında ölməzlik qazanan əsərlərində davam edir bəstəkarın ömrü. Bu əsərlər onu əbədiyyətə aparır/.  

 

Üç doğum günü

1917-ci ilin noyabrında Bakıda dünyaya göz açmışdı. Qızı Lalə Quliyeva deyir ki, hər il Tofiq Quliyevin ad gününü üç gün qeyd edərmişlər: "Pasportla atamın ad günü noyabrın 7-də idi. Nənəm isə deyirdi ki, bu, mənim övladımdır, mən onu noyabrın 5-də dünyaya gətirmişəm. Pasportla bilənlər təbrikə noyabrın 7-də gəlirdilər. Qohumlarımız isə noyabrın 5-də bizə yığışırdılar. Kim noyabrın 7-də gələ bilmirdi, onlar da 6-da gəlirdilər. Anam zarafatla deyirdi ki, adamın ad günü bir gün olar. Evimizdə iki telefon var idi. Həmin günlərdə telefonlar susmurdu. Masanın yarısı böyda, böyük vazamız var idi. Yaponiyadan gətirmişdilər. Atamın ad gününə gələn məktublar, təbrik teleqramları vazada qalaqlanırdı".

Ata-anasının ilki idi. O, dünyaya gələndə valideynləri özləri üçün çox çətin bir qərar verməli oldular. Uşağın böyük əmisi illər idi ki, övlad həsrəti çəkirdi. Ona görə də Ələkbərlə Yaxşı xanım hələlik yeganə övladlarını ona verdilər. Beləcə, gələcəyin bəstəkarının ilk uşaqlıq illəri əmisinin evində keçdi.

 

Alın yazısı - musiqi 

İllər keçdi. Tofiq Quliyev 13-14 yaşına çatdı. Artıq üç qardaşı, iki bacısı var idi. Onlar böyük ailədə tərbiyə alırdılar. Tofiq Quliyev isə övlad həsrətlisi bir ailədə tək övlad kimi böyüyürdü. Əmisi və əmisinin həyat yoldaşı onun bir sözünü iki eləmirdilər. Bir gün atası bildi ki, naznemət içərisində yaşayan böyük oğlu məktəbə, dərs oxumağa həvəs göstərmir. Onu evinə aparmaq məcburiyyətində qaldı. 

Atası da, anası da musiqiçi olmasalar da, bu sənətin vurğunu idilər. Evlərində həmişə skripka, fortepiano çalınır, vallar oxunurdu. Ailədə ədəbiyyata, teatra böyük maraq göstərirdilər. Valideynləri uşaqlarının musiqi sahəsində təhsil almalarına diqqət göstərirdilər. Tofiq Quliyevi hələ 12 yaşından Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki məktəbdə oxuyurdu. Elə parlaq istedadı da orda bəlli olmuşdu. Siniflərində oxuyan bütün uşaqlardan fitri istedadı ilə fərqlənirdi. Royalda gözəl ifası, improvizələri, musiqi bəstələmələri hamını heyran qoyurdu. Təhsilinin ilk illərində məşhur bəstəkar Asəf Zeynallı ona böyük təsir göstərdi. İlk mahnısını da onun təsiri ilə 12 yaşında yazdı. Şair Mirzə Ələkbər Sabirin sözlərinə yazdığı bu mahnı "Məktəbli" adlanırdı. 

1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil oldu. Konservatoriyada həm Aysberqin fortepiano, həm də Ştrasserin dirijorluq siniflərində oxudu. Dahi bəstəkar Üzeyir Hacıbəylinin sinfində məşqlərə başladı, ondan xalq musiqisinin, muğamatın sirlərini öyrəndi. 1936-cı ildə konservatoriyanı bitirdi. 

Onun həyatında böyük rol oynayan insanlardan biri də Üzeyir Hacıbəyli oldu. Dünya klassikasının və musiqi təhsilinin sirlərini öyrənmək üçün dahi bəstəkar Çaykovski adına Moskva Dövlət Konservatoriyasına göndərdiyi Qara Qarayev, Cövdət Hacıyev kimi tələbələr sırasına Tofiq Quliyevi də daxil etdi. Moskva mühiti maddi qazanc xatirinə Moskvanın gur konsert və teatr həyatına qarışması, caz konsertləri ifa etməsi, məşhur pianoçu, Ümumittifaq caz orkestrinin rəhbəri A.Tfasmanın orkestrində pianoçu kimi çalışması gənc musiqiçinin musiqi savadını daha da püxtələşdirdi. Tfasmanın yeni yaratdığı çaz orkestrində iştirak etməsi onda caz orkestri yaratmaq arzusu oyatdı. 1939-cu il­də Moskvadan Bakıya döndü. Niyazi ilə birlikdə işə başladı. Yazıçı-dramaturq Mirzə İbrahimovun köməyi ilə orkestri yarada bildi. O, musiqiçiləri yığır, instrumentləri Leninqrada (indiki Sankt-Peterburq şəhəri - Z.F.) sifariş verir, repertuarla ciddi məşğul olurdu. 

İlk növbədə ansambla gözəl səsi, istedadı olan solist tapmaq lazım idi. Tofiq Quliyevlə Niyazi qərara gəldilər ki, yaxşı solisti yalnız konservatoriyada görkəmli müğənni Bülbülün sinfindən tapa bilərlər. Ancaq böyük bir problem var idi. Bülbül klassik müğənni idi. Heç zaman tələbəsinin caz ansamblına getməsinə icazə verməzdi. Tofiq Quliyevlə Niyazi belə qərara gəldilər ki, dinləyici kimi Bülbülün dərslərində iştirak etsinlər, həm də müşahidə aparsınlar.Dilarə Bağırbəyova ilə də o vaxt tanış oldu. O, Bülbülün ən yaxşı tələbəsi idi. Dilarə xanım Tofiq Quliyevin yaratdığı caz ansamblının birinci solisti oldu. Bunu xeyli müddət Bülbüldən gizlətdilər. O, xəbər tutanda çox hirsləndi. 

Sənət yolunda başlanan tanışlıq sevgiyə çevrildi. Dilarə xanımın atası sovet rejiminin qurbanı olmuşdu. Çətin illər idi. Çoxları “xalq düşməni”nin ailəsindən uzaq qaçırdılar. Ancaq Tofiq Quliyev "xalq düşməni"nin qızı ilə evləndi. Onun ailəsinə kömək, arxa oldu. 

Müharibə illərində Tofiq Quliyevin rəhbərlik etdiyi Qızıl Or­du ansamb­lı 402-ci diviziyanın tərkibində cəbhə həyatına başladı. Həyat yoldaşı Dilarə xanım da onunla birlikdə döyüş yerlərini dolaşdı. Qafqazın müdafiəsi zamanı müharibədə fəaliyyətinə görə Tofiq Quliyev bir neçə medalla təltif olundu. 

Sonrakı illərdə bəstəkarın yaradıcılığının daha zəngin dövrləri başladı. O, böyük istəklə, həvəslə çalışır, Azərbaycan musiqisinə gözəl mahnılar, təkrarsız musiqilər bəxş edirdi. Yaradıcılıq yoluna 1930-cu illərdə, Qara Qarayev, Səid Rüstəmov, Niyazi, Zakir Bağırov, Cövdət Hacıyev kimi istedadlı bəstəkarlarla eyni vaxtda başlamışdı. Tofiq Quliyevin dostları çox idi. Bəstəkarlar Qara Qarayev, Cövdət Hacıyev və rejissor Həsən Seyidbəyli ilə ürək sirdaş idilər. Onları "ayrılmaz dostlar" adlandırırdılar. 

 

Pis insan olmur

Lalə Quliyeva atasının ünsiyyətcil olduğunu söyləyir: "O, hər kəslə - uşaqla da, böyüklə də dil tapmağı yaxşı bacarırdı. Ümumiyyətlə, atamın nəzərində pis adam yox idi. Birinin yaxşı iş görmədiyini biləndə deyirdi ki, həyat belədir, əslində, o, başa düşür əməli düzgün deyil, istəmədən bunu eləyir. İndi də heyrətlə düşünürəm: atam bunu necə bacarırdı? Doğru deyirlər ki, böyük adamın böyük ürəyi olur. Heç zaman kimsəni günahlandırmaz, qınamazdı. Hər kəsə inamla yanaşırdı. Bəzən təkzibedilməz faktlar qarşısında qalırdı. O zaman da əllərini yana açır, çiyinlərini çəkirdi: "Sonucda o, bir insandır, yanlışı ola bilər. Bir də artıq o, bilir ki, olmaz, bir də belə eləməyəcək". 

Bəstəkar, pianoçu, dirijor, böyük musiqi xadimi, bunların hamısından öncə Əsl İnsan Tofiq Quliyev barəsində qızı Lalə Quliyeva danışdıqca xatirələr sıralanır: "Atam on il Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsində çalışdı. O, evə döndükdən sonra da iş saatı bitmirdi. Mən həmişə deyirdim ki, Bəstəkarlar İttifaqının birinci binası bizim evdir. Kimin nə sözü, nə dərdi, problemi var, bura gəlirdi. Atam hər kəsi səbrlə dinləyər, bacardığı köməyi göstərərdi. Hətta onun səlahiyyətində olmayan məsələlərdə belə: "Bu, mənim işim deyil", deyib kənara çəkilməzdi. Belə anlarda da həmin adamlara elə məsləhət verər, yol göstərərdi ki, onlar özləri təəccüblə-nərdilər: "Doğrudan da, çıxış yolu budur, belə eləmək lazımdır", - deyərdilər: "Necə olub ki, bu bizim ağlımıza gəlməyib?".  

Yaxın dostu Qara Qarayev də Tofiq Quliyevin xeyirxahlığı haqqında yazırdı: "Heç vaxt indiki qədər mə­nə aydın olmamışdı ki, sən adamlara nə qədər xeyirxahlıq etmisən. Onlara sənin musiqin nə qədər lazımdır! Bir daha aydın oldu ki, daim və gündəlik əməyinlə sən bütün həyatını musiqiyə həsr etmisən. Mən sənə qiymətə gəlməyən, Azərbaycan xalqının mənəvi sərvətinə gətirdiyin xəzinəyə görə təşəkkür edirəm!". 

Lalə Quliyeva danışır: "Mübaliğəsiz deyə bilərəm: yaratdığı əsərlər Tofiq Quliyev istedadının 3-də 1-ini əks etdirmir. Onun yaradıcılıqla məşğul olmağa, sadəcə, vaxtı qalmırdı. İclaslar, toplantılar. Hər zaman ona müraciətlər edirdilər, o da insanlara kömək əlini uzatmaqdan xüsusi zövq alırdı. Tez-tez televiziyaya, verilişlərə dəvət olunurdu. Heç zaman işlərinin çox olmasından gileylənmirdi. O, belə fəal həyat keçirməyi sevirdi. Səhərlər yerindən qalxar, idman edər, sonra mütləq qəzetləri oxuyardı. Ümumiyyətlə, o, mütaliə etməyi çox sevirdi". Tofiq Quliyev yalnız musiqi sənətini deyil, dünya tarixi və mədəniyyəti, siyasət, incəsənətin bütün sahələri barədə məlumatlı idi. Zəngin kitabxanası vardı. 

 

Ata zarafatları

Söhbətimiz boyunca Lalə Quliyevanın üzündə tez-tez təbəssüm görünür. Yada Tofiq Quliyevin zarafatları düşür. Amma çoxlarının ağlına belə gəlmirdi ki, bu şöhrətli, xeyirxah, üzügülər, nurlu simalı insanın qəlbində necə böyük dərdləri var. Lalə Quliyeva deyir: "Atamın böyük qardaşı Adil Böyük Vətən müharibəsində itkin düşüb. Çox gənc yaşında itirdiyi nakam qardaşının dərdini o, ömrüboyu çəkdi. Əmilərimdən birinin oğluna Adil, böyük bacıma isə Adilə adını verdi. Sonralar da o, həyatın çox ağrıları ilə qarşılaşdı". 

 Tofiq Quliyevin birinci evlilikdən bir oğlu var. Eldar Quliyev Azərbaycan kino sənətində öz dəsti-xətti olan kinorejissordur. Tofiq Quliyevin ikinci evlilikdən dünyaya gələn qızlarından böyüyü Adilə jurnalistika, Lalə isə musiqi sahəsində təsil alıb. Adilə gənc yaşında vəfat edib: "Bacımla aramızda 18 yaş fərq var", - Lalə xanım danışır: "Adilə 36 yaşında dünyadan köçdü. Yeganə qızı Cəmilə 8 yaşında anasız qaldı. O, bizim evdə böyüdü. Atamı, məni və Cəmiləni çox zaman bir yerdə görərdilər. Ona görə də bizə "Böyük Üçlük" deyirdilər. Cəmilə atamın musqisini yazdığı iki filmdə çəkildi. Atam ona fortepiano üçün “Cəmilənin albomu" musiqi məcmuəsini həsr etdi." 

İllər sonra Tofiq Quliyev taleyin daha bir itkis ilə üzləşdi. Həyat yoldaşı Dilarə xanım vəfat etdi. Ondan sonra on ildən çox yaşadı. Artıq yaxın sənət dostları da həyatdan köçüb getmişdilər. Tofiq Quliyev darıxırdı. Bəstəkar yalnız qalmışdı. Amma yenə kimsə dilindən şikayət eşitmədi. Lalə xanım atasının son illərini belə xatırlayır: "O, 83 yaşına çatmışdı. Səhhətində problemlər var idi. Amma mənə elə gəlirdi ki, hələ neçə illər yaşayacaq. Xəstəlikdən, qocalıqdan giley etməzdi. Bir də onun əmiləri, babası uzunömürlü olmuşdular. Əmilərindən biri 99, digəri isə 101 yaşında vəfat etmişdi. Mənə elə gəlirdi ki, atam da onlara bənzəyəcək. Ona görə onun ölümü mənim üçün gözlənilməz oldu"... 

2000-ci ilin 4 oktyabrında Tofiq Quliyev vəfat etdi. Özündən sonra insanlara sevgi, təbəssüm bəxş edən əsərləri qaldı. Yarım əsrdən çoxdur ki, onun mahnıları  konsert salonlarında, radio və televiziya verilişlərində, böyük məclislərdə səslənir. İllər keçir, yeni bəstəkarların mahnıları yaranır. Ancaq onların arasında Tofiq Quliyevin mahnıları qəlbəyaxınlığı, gözəlliyi, uzunömürlü olmaları ilə fərqlənir.



MƏSLƏHƏT GÖR:

672