
57 BƏND
“Onlar müasİr dövrdə qarşilaşdiğimiz məsələlər ətrafinda bİrləşə bİlsələr, qlobal sİyasİ mənzərə fərqlİ olardi”
Müəllif: Almaz MAHMUD Bakı
Pakistan BMT-nin yeganə üzvüdür ki, Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar Ermənistanın müstəqilliyini tanımayıb. Bəs bu xüsusi dəstək nə ilə bağlıdır? “Hər iki ölkə ortaq tarixi, mədəni və sosial dəyərləri bölüşür. Bizim yaşadığımız problemlər də bənzərdir: Kəşmir Hindistanın işğalı altındadır, Dağlıq Qarabağ isə Ermənistanın”, - deyə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İnayat Ullah Kakar bildirir. Onun fikrincə, bu amillər iki ölkənin bir-biri ilə daha da yaxınlaşmasında əhəmiyyətli vasitə olub. Jurnalımıza müsahibəsində diplomat, həmçinin Azərbaycanla Pakistan arasında münasibətlərə, Pakistanda və bütövlükdə müsəlman aləmindəki problemlərə də toxunub.
- Pakistanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək göz qabağındadır. Bəs ölkəmizlə müt-təfiq olan digər müsəlman ölkələri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində nə cür töhfə verə bilərlər?
- Bildiyiniz kimi, müsəlman ümmətinə 57 ölkə daxildir. Onlar müasir dövrdə qarşılaşdığımız məsələlər ətrafında birləşə bilsələr, qlobal siyasi mənzərə fərqli olardı. Lakin daxili çəkişmələr onlara qlobal səhnədə özlərinə müvafiq yer tutmaqda mane olur. Bununla belə, Dağlıq Qarabağla bağlı Azərbaycana diplomatik dəstək çox vacibdir. Pakistan daha uzağa gedərək Ermənistanı tanımadı. Əlbəttə ki, bu addım Azərbaycanın mövqeyini gücləndirir və Dağlıq Qarabağla bağlı Ermənistanın yürütdüyü siyasətdə narahatlıq mənbəyinə çevrilir.
- Bəzi mənbələrə görə, Pakistanda 72 dildə danışan etnik qruplar yaşayır. Belə çoxlu sayda etnik qrupların mövcudluğu Pakistanın dövlətçiliyinə mənfi və ya müsbət mənada hansı təsiri göstərir?
- Pakistan 180 milyon insanın yaşadığı bir ölkədir. Müxtəlif etnik qrupların və mədəniyyətlərin vəhdəti turistlərin cəlb olunmasına və iqtisadiyyatın inkişafına təkan verən imkanlar yarada bilər. Bu da öz növbəsində, ölkənin iqtisadi və mədəni inkişafına kömək edə bilər. Bununla yanaşı, dövlətdə çoxmillətli hüquqi subyektlərin olması marginallaşmış icmaların yaranmasına gətirib çıxarma riski var ki, bu da dövlətçiliyə mənfi təsir göstərə bilər.
- Pakistan nüvə silahına malik yeganə müsəlman ölkəsi və hərbi imkanlarına görə ən güclüsü hesab olunur. Pakistan üçün nüvə silahına malik olmaq nə deməkdir?
- Pakistanın qonşu Hindistanla narahatlıq doğuran əlaqələrinin tarixi var. Biz 1948, 1965 və 1971-ci illərdə müharibələr yaşamışıq. Ənənəvi mənada əhalinin sayına və iqtisadi resurslarının həcminə görə, biz Hindistanla müqayisə oluna bilmərik. Odur ki, biz başqa alternativlərə əl atmalı olmuşuq. Bu baxımdan, nüvə silahı bizim üçün başlıca məsələ idi. Qeyd olunmalıdır ki, Hindistan Cənubi Asiyada nüvə yarışına start verən ilk ölkədir. Bu ölkə ilk dəfə 1974-cü ildə nüvə sınaqlarına başlayıb. Bizimki isə müdafiə xarakterli nüvə proqramıdır və müdafiə doktrinasının əsas hissəsidir.
- Niyə bu gün müsəlman ölkələri dünyada qabaqcıl güclərə çevrilə bilmirlər?
- Müsəlman dünyasının təəssüf doğuran reallığı ondan ibarətdir ki, kağız üzərində gözəl təbii sərvətlərə malik güclü ölkələrik. Lakin həqiqətdə geosiyasətdəki mövqelərimiz çox zəifdir. Hesab edirəm ki, bunun ən böyük səbəbi müsəlman dünyasında müasir təhsilin olmamasıdır. Ümumiyyətlə, kiçik istisnalar olmaqla, müsəlman ölkələrində savadlılıq həddi şox aşağıdır, çünki onlar müasir elmi və texnoloji təhsili prioritet hesab etmirlər.
- Hazırda Pakistanın yaxın qonşularla münasibəti necədir? Hindistan və Əfqanıstanı nəzərdə tuturam.
- Pakistan hər zaman qonşuları ilə sülh şəraitində yaşama prinsiplərinə əməl edib. Bizim Hindistan və Əfqanıstanla münasibətlərdə yüksəliş və eniş dövrləri olub. 2011-ci ilin əvvəlindən Pakistan və Hindistan 2008-ci ildə Mumbaydakı hücumdan sonra dayanan sülh prosesinə başlayıblar. İki ölkə arasında liberal visa rejimi işə düşüb və uzun illərdən sonra Pakistanın kriket komandası Hindistanda oyun keçirib. İdman, incəsənət və əyləncədə qarşılıqlı əlaqələr yenidən bərpa olunub. Bütün bu ümidverici inkişaf yenidən Hindistanın Pakistana qarşı aqressiv münasibəti nəticəsində təhlükə altındadır. Bu yaxınlarda Pakistan - Hindistan təmas xəttində atışma və itkilər nəticəsində gərginlik yenidən artıb. Bu hadisə ilə bağlı Pakistan BMT-dən müstəqil araşdırma keçirməyi təklif etsə də, Hindistan təklifi qəbul etməyib. Biz inanırıq ki, Kəşmir məsələsinin həlli Cənubi Asiyada uzunmüddətli sülh və sabitliyə yol açacaq.
- Böyük Britaniyanın keçmiş koloniyası kimi, Pakistanın bu ölkə ilə hazırkı münasibətləri necədir?
- Pakistanın Böyük Britaniya ilə çox yaxşı əlaqələri var. Bu iki ölkə arasında çoxlu sayda institusional və əməkdaşlıq mexanizmləri mövcuddur. İqtisadi baxımdan Böyük Britaniya Pakistanda ikinci ən böyük xarici sərmayəçı və ən böyük ticarət partnyorlarındanm biridir. İl ərzində, təxminən, 1.2 milyard funt-sterlinq ticarət dövriyyəsi var və 2015-ci ildə institusional mexanizmlərin genişlənməsi nəticəsində bu rəqəm iki dəfə arta bilər. Britaniyanın Pakistandakı xarici missiyası bu ölkənin dünyada ikinci ən böyük heyətidir. Britaniyada yaşayan xarici icmalar arasında milyona yaxın Pakistan mənşəli Britaniya vətəndaşı var və onları vətənləri ilə güclü ailə və milli bağlar birləşdirir. Britaniyalı pakistanlılar da vacib məntəqələrdə yaşamaqla və ya Nümayəndələr Palatası ilə Lordlar Palatasına üzv olmaqla Britaniya siyasətində əhəmiyyətli rol oynayırlar.
- Pakistan tarixində ilk qadın rəhbər olan Bənazir Bhutto qətlə yetirilməsəydi və siyasi fəaliyyətini davam etdirsəydi, Pakistanın siyasi səhnəsində hansı dəyişikliklər olardı?
- Bənazir Bhutto anadangəlmə lider və gələcəyi görən idi. Onun gedişi ilə Pakistan böyük itkilər verməli idi. Lakin həyat yoldaşı, prezident Asif Əli Zərdari də onun demokratik və çiçəklənən Pakistan kimi baxışlarını davam etdirir. Onun liderliyi ilə 5 illik müddətdən sonra demokratiya güclənir. Bu il ölkədə parlament seçkiləri nəzərdə tutulub. Bizim elektron və çap mətbuatı dünyada ən azad mətbuatdır. Məhkəmə kimi digər institutlar da müstəqil fəaliyyət göstərir. Beləliklə, Pakistanın inkişafı üçün bütün bu məsələlər ümidverici görünür.
- Sizcə, Pakistan nə zaman tamamilə sabit bir ölkə kimi təqdim olunacaq?
- Təəssüf ki, terror qarşı müharibə Pakistanın iqtisadiyyatına, qanunlarına, hüquq sisteminə ciddi zərbələr vurub. Terror hücumlarının 35 min qurbanı ilə yanaşı, biz 70 milyard dollara yaxın maliyyə itkisi ilə üzləşmişik. Ümid edirik, Əfqanıstanda vəziyyət müsbət məcrada inkişaf etdiyi üçün Pakistanda da müsbət mənada radikal dəyişikliklər olacaq.
MƏSLƏHƏT GÖR: