
"MÜQƏDDƏS YER" BOŞALDI
XVI Benedİktİn fədakarliğinin səbəbİ nə ola bİlər?
Müəllif: Fuad HİLALOV Bakı
Roma Papası XVI Benediktin taxtdan getməsi haqda xəbərlər bütün dünyaya ildırım sürəti ilə yayılaraq bir çoxlarında şok və təəccüb yaratdı. Bu, bütün bəşəriyyət üçün vacib hadisədir. Çünki Roma katolik kilsəsinin simasında müqəddəs taxt-tac XXІ əsrdə də dünyadakı vəziyyətə təsir göstərməkdədir. Onu da qeyd etmək lazımdır ki, son 600 ildə bu kürsüdən könüllü şəkildə əl çəkilməsinə dair bircə fakta belə rast gəlinməmişdi. Son dəfə Roma katolik kilsəsinin başçısı öz postundan sağkən 1415-ci ildə imtina etmişdi. Söhbət XI Qriqoridən gedir.
Papa gedişini yaşının keçməsi, həm cismani, həm də ruhən gücünün tükənməsi ilə əsaslandırıb. Məsələni maraqlı edən daha bir məqam isə hazırda katoliklərdə Pasxa öncəsi oruc vaxtının olmasıdır. Martın 31-də isə katolik dünyası Pasxanı bayram edəcək. Sual yaranır: kardinallar həmin günədək yeni Papanı seçə biləcəklərmi? Axı bu cür məşhur bayramın pontifiksiz qeyd olunmasını təsəvvür etmək çətindir.
Vatikanın mətbuat xidmətinin rəhbəri Federiko Lombardi Papanın postunu tərk etməsinin səbəbləri arasında depressiya və ya ilahiyyat xarakterli şübhələri inkar edib. O, bu qərara hər hansı fiziki və ya psixi xəstəliyin səbəb olması versiyasını da rədd edib. Həqiqətən də Papa heç zaman səhhətindən şikayətlənməyib və sadəcə, katolik kilsəsi qarşısında duran vəzifələrin öhdəsindən gələ bilmədiyini söyləyib.
Bu konteksdə belə vacib və hətta presedentsiz addımın atılmasının səbəblərinin aydınlaşdırılması daha da aktuallıq qazanır.
Vatikanı başqa dövlət strukturlarından fərqləndirən məqam hakimiyyətin birmənalı şəkildə teokratik xarakterli olmasıdır: burada hər şey birbaşa Papanın fiqurundan asılıdır - o, həm Roma yepiskopu, həm dünyəvi monarx, həm də Vatikan dövlətinin atributudur.
Roma Papası Dini İşlər İnstitutuna, yəni Vatikan Bankına da rəhbərlik edir. Qeyd edək ki, bu bankın aktivləri 6 milyard avro olsa da, əslində o, offşor bankdır.
Baş verənlərin səbəblərini anlamaq üçün Roma Papası XVI Benediktin postunu tərk etməsinə təsir göstərmiş dini-siyasi və maddi xarakterli prosesləri təhlil edək.
Dini-siyasi aspekt
Yozef Ratsinger Papa XVI Benedikt olan zaman Vatikanın, xüsusilə də Avropadakı keçmiş nüfuzunu bərpa etməyi düşünürdü. O, hesab edirdi ki, ictimai həyatda inancın rolunu azaltmağa çalışılır. Papa bununla mübarizə aparır, abortlara, homoseksuallığa, feminizmə qarşı çıxırdı. Bir sözlə, Papanın ənənəçiliyi aşkar idi və heç kim bunu gizlətməyə çalışmırdı.
Sərt baxışlara malik olan XVI Benediktin Papa kimi əsas xətti - pis və ya yaxşı da olsa - dünyada baş verən dəyişikliklərə qəti şəkildə müqavimət göstərmək idi. Amma tale onunla amansız zarafat elədi. Dünya KİV-də bir anda kilsə qulluqçularının pedofilliyi ilə bağlı saysız-hesabsız məqalələr yayıldı. Bu məqalələrdə xüsusilə bir məqama diqqət çəkilirdi: Roma Papası kardinal Ratsinger olarkən belə cinayətlərin araşdırılması üzrə komissiyaya rəhbərlik edib. XVI Benedikt özündən əvvəlki Roma Papası, Qərb dünyasının sevimlisi olan və uşaqbazlıqla bağlı faktlar haqda susmağa üstünlük verən II İoann Paveldən fərqli olaraq, belə faktların olduğunu etiraf edib, milyonlarla dollar kompensasiyanın ödənildiyi qurbanlarla görüşüb və həmçinin keşişlərin günahının bağışlanmasını istəyib, günahkarları ədalət mühakiməsinə verəcəyini söyləyib. Amma o, yenə də "tənqidi kifayət qədər sərtləşdirməməkdə" təqsirləndirilirdi. Katolik kilsəsinin imicinin dağılmasında haradasa Avropanın neoliberal dairələri tərəfindən dəstəklənən KİV-in də böyük rolunun olduğunu söyləmək mümkündür.
Məlumdur ki, hələ 2011-ci ildə yüzlərlə kifayət qədər nüfuzlu alman katolik siyasətçisi, ilahiyyatçısı və keşişi Papaya müraciət edərək, onu nikahsızlıq əhd-peymanını ləğv etməyə və ruhani olmayanlara kilsə icmalarına rəhbərləri özlərinin seçmələrinə icazə verməyinə çağırmışdı. Amma pontifik bu təşəbbüsü dəstəkləmədi.
Bu konteksdə Fransa və Böyük Britaniyada həmcins nikahların leqallaqdırılması haqqında qanunların qəbulunu, həmçinin seksual azlıqların eyni cinslə nikahda olarkən övladlığa uşaq götürmələrinə icazə verilməsini yada salmaq lazımdır. Bu qanunlar əhali arasında kütləvi etirazlara rəğmən qəbul edildi. Seksual azlıqların nikahına yaşıl işıq yandırılmasını isə əksər analitiklər dinə hücum kimi baxır, ponifikin postunu tərk etməsinin əsas səbəblərindən biri kimi qiymətləndirirdi. Bununla əlaqədar olaraq Fransa prezidenti Fransua Ollandın Papanın postunu tərk etməsinə sevincdolu münasibəti kifayət qədər maraqlı təsir bağışlayır: "Respublika belə qərar qəbul etmiş Papanı alqışlayır". Xatırladaq ki, dünyada ən çox katolikin yaşadığı ölkələr arasında olan Fransada homoseksuallar arasında nikahın leqallaşdırılması təşəbbüsü məhz Ollanddan gəlmişdi.
Papanın gedişini Qərb KİV-in təsdiqlənməmiş məlumatına görə, liberal milyarder Corc Soros tərəfindən maliyyələşdirilən Femen marginal feminist təşkilatının nümayəndələri də öz təbirlərincə "bayram ediblər". Bu dəfə ingiliscə "Papa artıq yoxdur!" qışqıran, bədənlərinə "Homofobiyaya yox!", "İnanc böhranı" və "Hələlik, Benedikt!" şüarları yazmış qızlar Paris Məryəm Ana Kilsəsinin heç bir təqsiri olmayan zənginə hücum edib və onu əllərindəki dəyənəklərlə xeyli döyəcləyiblər.
XVI Benediktin siyasi fəaliyyətinə gəlincə, bu sahədə də pərtliyə və qalmaqala səbəb olmuş məqamlar var. XVI Benedikt Papa seçildikdən ilyarım sonra, Reqensburqdakı mühazirəsi zamanı müsəlmanları islamı zor gücünə yaymaqda təqsirləndirmiş Bizans imperatoru II Manueldən sitat gətirməyi özünə rəva bilmişdi. Gözlənildiyi kimi, o zaman islam dünyasının Papanın bu çıxışına reaksiyası dərhal və kəskin oldu, ondan üzr istəməsi tələb edildi. Baş verənlərə görə Vatikanın rəsmən üzr istəməsinə baxmayaraq, narazılıq XVI Benediktin Türkiyəyə səfərinədək davam etdi. Orada XVI Benedikt müsəlman imamla məsciddə dua edən ilk Roma Papası kimi tarixə düşdü.
Yozef Ratsinger Holokostla bağlı çıxışında isə bildirmişdi ki, yəhudi xalqına qarşı soyqırımın törədilməsində yalnız almanlar günahkar deyil. Buna reaksiya Reqensburqdakından kəskin olmasa da, ondan zəif də olmamışdı.
Papaya bir vaxtlar onun Gitleryungentdə xidmət etdiyini, 1943-sü ildə italyan yəhudilərinin deportasiyasına imkan vermiş Papa XII Piyanı müqəddəs elan etmək istəyini və yumşaq desək, Vatikanın ikinci dünya müharibəsi zamanı "neytrallıq" adı altında, əslində faşizmə qarşı çıxmadığını da xatırladıblar.
2009-cu ildə isə XVI Benedikt vaxtilə kilsədən qovulmuş 4 yepiskopu geri qaytardı. Onlardan biri Riçard Vilyamson Holokostu inkar edirdi. Bütün bu faktlar Vatikanla dünya yəhudiliyi arasında münasibətlərə təsirsiz ötüşə bilməzdi.
Amma XVI Benedikti antisemitizmdə təqsirləndirmək düz çıxmazdı: buna əmin olmaq üçün onun beynəlxalq əlaqələr üzrə məsləhətçilərinin kimlər olduğuna diqqət yetirmək kifayətdir. Onlar ABŞ-ın eks-prezidenti Corc Buş administrasiyasında çalışmış iki yəhudiəsilli neomühafizəkar Pol Vulfovits və Henri Kissincerdir.
Yeri gəlmişkən, Kissincer Papanın elçisi qismində Rusiya prezidenti Vladimir Putinlə də görüşüb. XVI Benedikt məhz onun köməkliyi ilə Rusiyanın siyasi isteblişmenti ilə əlaqə qurub.
XVI Benedikt Vatikanı müasir qlobal proseslərə qoşmağa çalışırdı. Onun 2010-cu ildə yeni Dünya Bankının yaradılmasının vacibliyi, 2012-ci ilin dekabrında isə yeni dünya hökuməti haqda növbəti bəyanatı bunu təsdiqləyir. Lakin XVI Benedikt yalnız "yeni dünya düzəni"nin təbliğatçısı missiyası ilə kifayətlənmək istəmirdi. Keçmiş pontifik dünyada yaşayan katoliklərin sayını - bu gün onların sayı 1,2 milyarddır - və böyük maliyyə resurslarını nəzərə alaraq "yeni dünya"da Vatikanı xüsusi rolda görürdü. Amma məşhur siyasi qalmaqallardan sonra XVI Benedikt bir də maliyyə problemlərilə qarşı-qarşıya qaldı.
Maddi aspekt
Vatikanın qloballaşma prosesinə "qoşulması" müqəddəs taxt-tacın maliyyə resurslarının transmilli korporasiyaların total nəzarətinə keçməsi kimi də başa düşülə bilər və bu, Vatikan Bankına (rəsmi olaraq Dini İşlər İnstitutu kimi tanınır) zərbə vurmaya bilməz. Bu maliyyə qurumunun yeganə səhmdarı olan Roma Papası 2009-cu ildə D.Nussinin "Vatikan MMC" adlı kitabının nəşrindən sonra görünməmiş təzyiqlə üzləşdi. Kitabda Vatikan Bankı vasitəsilə çirkli pulların yuyulması mexanizmləri haqda yazılıb.
Növbəti addım bankın vəsaitinin bir hissəsinə həbs qoyulması və onun direktoru Tedeskiyə qarşı istintaqın aparılması oldu. "Çirkli pullar"ın yuyulması ilə mübarizə aparmaq üçün qanun qəbul edən Vatikan öz bankını bütün münasibətlərdə maliyyə şəffaflığını təmin etməyə çalışırdı. Amma bu siyasət uğur gətirmədi və Avropa Şurasının müvafiq institutları və ekspertlər qrupları tərəfindən qəbul edilmədi. 2012-ci ilin mayında isə Nussinin "Zati-müqəddəsləri: XVI Benediktin məxfi məktubları" adlı növbəti bir kitabı çap olundu.
Müəllifin Papanın otaq xidmətçisi vasitəsilə ələ keçirdiyi oğurlanmış məxfi sənədlər əsasında yazılmış kitabında Vatikan Bankındakı korrupsiya sxemləri haqda danışılır. Kitabın nəşrindən dərhal sonra bankın Müşahidə Şurası direktor Tadeskini vəzifəsindən kənarlaşdırdı, Avropa Şurasının "çirkli pullar"ın yuyulması ilə mübarizə üsullarının qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (Moneyval) isə bankın fəaliyyətinin beynəlxalq standartlara cavab vermədiyini açıqladı. Dini İşlər İnstitutunun Aİ-nin "çirkli pullar"ın yuyulmasına qarşı normalarını qəbul etməməsi əsas gətirilərək, İtaliya banklarına onunla əməkdaşlıq qadağan olundu.
2012-ci il mayın 30-u iki nəhəng maliyyə qruplarının aktivlərini birləşdirməklə bağlı qarşılıqlı razılaşmasının imzalanması ilə yadda qaldı. Söhbət Rotşildlər sülaləsinə məxsus "Rothshild Investment Trust Capital Partners" (RIT CP) və uzun illərdir Rokfeller və ABŞ-ın digər zəngin nəsilləri tərəfindən idarə olunan "Rockefeller Financial Services" (RFS) qruplarından gedir. Təsadüfdən, ya zərurətdən, Vatikan Bankı ətrafında qalmaqalların apogeyi, onun Avropanın maliyyə strukturları ilə qarşıdurması necəsə məhz bu dövrə təsadüf etdi.
Analitiklərin fikrincə, bu ittifaqın Vatikana qarşı yaradıldığı istisna deyil. Bu üzdən Roma Papasının postunu tərk etməzdən əvvəl verdiyi son qərarın təsadüf olmadığını söyləmək mümkündür. Söhbət XVI Benediktin fevralın 16-da almanəsilli hüquqşünas və maliyyəçi Ernst fon Frayberqi Vatikan Bankına direktor təyin etməsindən gedir. Maraqlıdır ki, o vaxtadək Papa ilə heç bir tanışlığı olmayan yeni direktor maliyyə və başqa strukturların "yeyilməsi" ilə ixtisaslaşıb.
Ernst fon Frayberq Qərb elitası nümayəndələrini özündə birləşdirən, özünü dünya siyasətinə ciddi təsir imkanına malik nəhəng beynəlxalq biznes-klub kimi təsdiqləmiş kifayət qədər məxfi təşkilat - Malta cəngavərlər ordeninin üzvüdür. İtaliya KİV-in məlumatına görə, Papa postunu tərk etməzdən əvvəl məhz yaranmasının 900 illiyini qeyd edən bu təşkilatın üzvləri ilə görüşüb. Sözügedən təyinat müqəddəs taxt-tacın maliyyə sisteminin transmilli maliyyə qruplarının aktivləri ilə birləşdirilməsinə hazırlıq getdiyini göstərir.
İstənilən halda, XVI Benedikt "Allahın yerdəki sərdarı" postundan özündən sonra xeyli sayda sual və intriqa qoyaraq getdi. Bu, məcburən atılmış addım idi, yoxsa mövcud çağırışlarla mübarizə aparmaq məqsədilə öz yerinə daha enerjili, güclü namizədin gətirilməsinə hesablanmış uzaqgörənlik? Bu suala yeni Papa seçiminin nəticəsi cavab verəcək. Kardinallar konklavı mülayim, XVI Benediktlə müqayisədə daha liberal baxışlı Papa seçəcəksə, pontifiktin postunu məcburiyyət qarşısında tərk etdiyinə şübhə qalmayacaq. Yox, əgər konklav güclü ənənəçi-mühafizəkara səs verəcəksə, demək, XVI Benedikt heç də rəqiblərinin xeyrinə olan addım atmayıb.
MƏSLƏHƏT GÖR: