
"NƏ QƏDƏR Kİ QARABAĞ VAR, ERMƏNİSTAN YAXŞI YAŞAYA BİLMƏYƏCƏK"
Ermənİstanda "Qarabağ hərəkati"nin real nətİcələrİndən artiq məyusluq sezİlməkdədİr
Müəllif: NURANİ Bakı
Ermənistanda prezident seçkisi başa çatdı. Gözlənildiyi kimi, artıq ilk turda hazırki dövlət başçısı Serj Sarqsyan 58,4% səslə qalib elan olundu. İkinci yerə isə "İrs" partiyasının lideri, sabiq xarici işlər naziri Raffi Ovannisyan çıxdı (36,7%).
Nəzəri cəhətdən və formal olaraq Sarqsyanın təbrikləri qəbul etməsi üçün bütün əsaslar var. Reallıqda isə əsil rəqabətin yoxluğu və kütləvi saxtakarlıq fonunda 60%-dən az səs mədhiyyə və təntənəyə layiq qələbə deyil. Bütün bunlar isə seçkidə məhz özünün qalib gəldiyini bəyan edən Raffi Ovannisyanın seçkidən sonrakı ilk günlərdəcə İrəvanın Teatr meydanında keçirdiyi mitinqlər fonunda baş verir. Ermənistanda seçkiqabağı kampaniya dövründə olduğu kimi, seçkidən sonra da baş verənlər S. Sarqsyanın ikinci səlahiyyət müddətinin sakit və dinc keçməyəcəyini göstərir.
Elə görünə bilər ki, müşahidəçilərin seçki ilə bağlı o qədər də tənqidi olmayan rəyi, onun nəhayət Avropa İttifaqından çoxdan gözlədiyi maddi yardımı almaq şansının yarandığını deməyə əsas verir. Amma reallıqda birincisi, Brüssel Ermənistandan Gömrük İttifaqına qoşulmaq, yoxsa Aİ-yə, onun "Şərq tərəfdaşlığı" proqramına tərəf istiqamət götürmək niyyətində olduğunu müəyyənləşdirməsini çoxdan tələb edir. İrəvanda akkreditə olunmuş Avropa ölkələrinin səfirləri də bu mövqeyi kifayət qədər açıq şəkildə ortaya qoyublar. Ermənistanın Rusiyanın Gömrük İttifaqına dəvətindən imtina etməsi və oraya qoşulmaq niyyətində olmadığını açıq şəkildə söyləməsini ehtimal kimi də olsa belə qiymətləndirməyə dəyməz. Xatırladaq ki, Rusiya Ermənistanda nəzarəti vacib olan demək olar ki, hər şeyi diqqət altında saxlayır.
Bəzi əlamətlər göstərir ki, Ermənistan iqtisadiyyatının son ümidləri - xaricdən transferlər də tükənməkdədir. Söhbət ermənilərin ölkə xaricindən Ermənistanda qalan qohumlarına göndərdikləri pullardan gedir. Xüsusilə ABŞ-dan Ermənistana pul köçürmələri kəskin şəkildə azalıb. "Amerikalı daydaylar açıq-aydın kasıblayırlar", - İrəvanda nəşr olunan "Novoe vremya" qəzeti məyusluğunu gizlətməyə çalışaraq ironiya ilə belə yazıb. Ekspertlər isə xəbərdarlıq edir: ən cüzi hesablamalara görə, Ermənistanda ailələrin ən azı üçdə biri xaricdən şəxsi pul köçürmələri hesabına yaşayır.
Kreditlər və pul köçürmələri tibdə deyildiyi kimi, "palliativ çarədir". Onlar əlbəttə ki, müvəqqəti yüngüllük gətirə bilər, amma "əsl" iqtisadiyyatı əvəzləyə bilməz. Ermənistanda əsl iqtisadiyyatın reanimasiyası perspektivi isə Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşanadək real görünmür. Bundan başqa, Gürcüstan dəmir yolunun Abxaziya hissəsinin tezliklə açılacağına olan ümidlər də doğrulmayıb və doğrula da bilməzdi.
Artıq Ermənistanda müntəzəm işlədilən "piar" vasitəsi - Qarabağla bağlı sərt ritorikanın da işləmədiyini görməmək mümkün deyil.
Burada seçkiqabağı kampaniyanın zirvə nöqtəsi ilə eyni vaxta düşən "tarixi hadsənin ildönümü" də kifayət qədər düşündürücüdür. Söhbət "Qarabağ hərəkatı"nın başlamasının 25-ci ildönümündən gedir. Güman ki, Serj Sarqsyanın komandası əvvəlcə tarixin verdiyi bu hədiyyədən maksimum bəhrələnməyi düşünürdü. Amma reallıqda onlar təntənəli, dəbdəbəli mərasimdən imtina etməli oldular. Çoxsaylı "yubiley məqalələri"nin həmin miqyaslı siyasi təxribatın iştirakçılarından olan müəllifləri bir həqiqəti etiraf etməyə bilmədilər: Ermənistanın, xüsusən də Qarabağın gənc nəsli artıq Qarabağ təxribatını "qədim iztirablı erməni xalqının böyük nailiyyəti" kimi qəbul etmir. Onlar düşünür ki, guya həmin "hərəkat"ın başlanmasından sonra Ermənistanda baş verənlər və Ermənistanın başına gələnlərə görə məsuliyyəti "hərəkat"ın üzərinə qoymaq olmaz. Digərləri isə bildirir ki, atalar şərəfli keçmiş haqda övladlarına lazımi qədər danışmadıqları üçün mənəvi məsuliyyət daşıyırlar. Başqa sözlə, artıq Ermənistanda "Qarabağ hərəkatı"nın real nəticələrilə bağlı bir məyusluq yaranmağa başlayıb. Həqiqətən də, erməni lobbisinin səylərinə baxmayaraq, Ermənistan Azərbaycana qarşı təcavüzünün nəticələrini leqallaşdırmağa nail olmayıb. Üstəlik, yaxın gələcəkdə ermənilərin buna nail olacaqlarına ümid də yoxdur: bu gün hətta erməni analitiklər də informasiya müharibəsində qüvvələr nisbətinin Ermənistanın xeyrinə dəyişmədiyini etiraf edir. Ermənistanda sosial-iqtisadi vəziyyətin sürətlə pisləşməsi isə ölkə əhalisini bir daha əmin edir ki, Levon Ter-Petrosyan "nə qədər ki, Qarabağ var, Ermənistan yaxşı yaşamayacaq" bəyanatını səsləndirərkən nə qədər haqlı olub.
Ölkədəki sosial-iqtisadi vəziyyəti ötəri şəkildə gözdən keçirdikdə, deyilənlərə heç bir şübhə qalmır. Fransız jurnalist Pyotr Smolyarın Britaniyanın Guardian Weekly nəşrində yer almış məqaləsindəki fikirləri xatırlatmaq yerinə düşərdi: "Yanvarın 21-də start götürmüş rəsmi seçki kampaniyası ümidi kəsilmiş elektorat arasında çətin ki, ajiotaj yaratsın". Serj Sarqsyanın birinci prezidentlik müddətinin nəticələrindən məyusluğun getdikcə artdığını "2011-ci ildə Ermənistanda yaşayış keyfiyyətinin indeksi" sosioloji tədqiqatının nəticələri də göstərir. Hökumətin mətbuat xidməti tərəfindən tədqiqatın açıqlanmış nəticələrinə əsasən, Ermənistan əhalisinin yalnız 10,3%-i obyektiv olaraq yaxşı yaşadığını düşünür və vəziyyətindən razıdır. 3,3% əhali yaxşı yaşadığını düşünsə də, vəziyyətindən razı deyil, 49% pis yaşayır, amma bununla barışıb, 39,4% obyektiv olaraq pis yaşayır və öz vəziyyətindən narazıdır.
Tədqiqat zamanı ortaya çıxmış digər nəticələr belə kütləvi narazılığın səbəblərini müəyyənləşdirməyə imkan verir. Məsələn, araşdırma göstərib ki, Ermənistan məktəblərində oxuyan şagirdlərin təxminən 15%-i evdə qida çatışmazlığı və ya yoxluğu üzündən "bəzən" və ya "tez-tez" aclıq hiss edir.
Bu yerdə WikiLeaks saytının vaxtilə açıqladığı bir məlumatı yada salmamaq olmaz. Saytda dərc olunmuş materiallara görə, amerikalı diplomat, Dövlət Departamentindəki karyerası məhz "erməni məsələsinə" həddindən artıq simpatiya ilə yanaşması üzündən dağılmış Con Evans deyib: "Vanadzordakı xarabalıqlara baş çəkdik. Orada fahişələr çörək və düyüyə işləyir. Ermənistanda dəhşətli həddə olan işsizlik çox sayda qadını fahişəliyə məcbur edir. Artıq 11-12 yaşlı qız uşaqları belə, bu yola düşür. Getdikcə Ermənistanda yetkinlik yaşına çatmamış qızlarını qazanc dalınca Birləşmiş Ərəb Əmirlikləri və ya Türkiyəyə göndərən anaların sayı artır. Hökumət isə insan alveri ilə bağlı problem görmür. Ermənistanın baş prokuroru iddia edir ki, diplomatların söhbət etdikləri fahişələr onları aldadıb. O, fikrini təxminən belə ifadə olunacaq qədim erməni məsəli ilə izah edib: "Allah, bizi fahişələrdən gələn bəladan qoru"", - deyə rəsmi şəxs bildirib: "Ermənistanın böyüklüyünə görə üçüncü şəhəri olan Vanadzor polisi, fahişələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin dediklərinə görə, Ermənistanda insan alverinin əsas səbəbləri yoxsulluq və ümidsizlikdir. İşsizlik qadınları özlərini Ermənistanda və daha çox pul qazanmağın mümkün olduğu, amma həm də tez-tez xidmətlərinə görə pul ala bilmədikləri xaricdə satmağa məcbur edir. Polis zabiti bildirir ki, qızlarını Türkiyəyə göndərən valideynlər övladlarının evə göndərdikləri pulları necə qazandıqlarını yaxşı bilir".
Bu, əslində mənəviyyatın məhvi yox, yoxsulluğun nəticəsidir. Çünki bu gün ailələrin əksəriyyəti mənəviyyat yox, çörək haqda düşünməli olub.
Hər şeyi daha aydın göstərən digər rəqəmlər də var. Ermənistanın Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, 2011-ci ildə ölkəni 44 min insan tərk edib və geri qayıtmayıb. Yəni, Ermənistanı hər 12 dəqiqətə 1 nəfər birbaşa bilet alaraq tərk edir. Qurumdan verilən məlumatda bildirilir ki, 2000-2011-ci illərdə Ermənistanı tərk etmiş insanların sayı təxminən 236 min nəfərdir. Bu, təxminən ölkənin böyüklüyünə görə ikinci şəhəri olan Gümrünün əhalisi qədərdir. Üstəlik, ölkəni daha çox zirək, təhsilli və ixtisaslı şəxslər tərk edir. Artıq miqrasiyanı "çamadan referendumu" adlandırırlar. Bu, plebisitlərdəki səsvermənin rəsmi nəticələrndən daha çox düşündürücüdür.
Ermənistanda sosial gərginliyin getdikcə daha aydın sezilən "Qarabağ məyusluğu"na keçməsi, seçki kampaniyasının ən səs-küylü hadisəsi olan - prezidentliyə namizəd Paruyr Ayrikyana sui-qəsdə başqa prizmadan yanaşmağa məcbur edir. O, hələ 1988-ci ilin fevralında Qarabağda qarşıdurmanın DTK tərəfindən qızışdırıldığını bəyan etdikdən sonra SSRİ-dən qovulmuş və sovet vətəndaşlığından məhrum edilmişdi.
Yanvarın 31-i axşam atəş səsləri eşidiləndən bir qədər sonra o, baş verənlərə görə "üçüncü ölkələrin" xüsusi xidmət orqanlarını günahlandırıb: "Bu, İran-Ermənistan qaz xəttinin mükəmməl olmaması üçün əlindən gələni əsirgəməyən, Sumqayıtda qətliamı təşkil edən, bunadək isə qonşularımızla münasibətlərimiz normal olmasın deyə Qarabağı verən, Atatürklə razılaşmaya gedən qüvvələrdir". Xatırladaq ki, Ayrikyan hələ ötən ilin dekabrında demişdi: "Bizim siyasi meydanımızın fəal oyunçularından birinin digər dövlətin güclü casus sisteminin olduğunu etiraf etməliyik: Ermənistanda DDK-nın agentura sistemi ləğv edilməyib, o, Rusiyaya verilib. Üstəlik, Rusiya qeyri-demokratik dövlətdir və onun Ermənistanda fəaliyyət göstərən casus şəbəkəsi vasitəsilə bizim işlərimizə qarışmasını nəzərə almamaq olmaz".
Bununla belə, prezidentliyə namizədin güllələnməsindən bir həftə sonra hüquq-mühafizə orqanları yerli xırda kriminal arasından 2 şübhəli şəxsin saxlanıldığını açıqladı və buna görə Ermənistan prezidentindən tərif də aldı.
Amma kadr arxasında qalan başqa məqamdır: Ermənistanda "Qarabağ klanı"nın hakimiyyətə gəlişindən sonra dövlətin siyasətində kriminal-terrorçu üsullara çox tez-tez əl atılır. Bu gün Ermənistanda Serj Sarqsyanın ölkəyə kriminal çevriliş etdiyini açıq şəkildə söyləyirlər.
İndi Sarqsyanın ikinci prezidentlik müddətinin də Ermənistanda son onillikdə yaşanan proseslərlə yadda qalacağına şübhə demək olar ki, yoxdur: iqtisadi tənəzzüldən, yoxsullaşmadan, kütləvi miqrasiyadan tutumuş, kriminalın azğınlığına, siyasətdə terrorçu üsullardan istifadəyədək, hər şey.
MƏSLƏHƏT GÖR: