15 Mart 2025

Şənbə, 23:52

KANALES: “AZƏRBAYCANA GƏLDİYİM ÜÇÜN XOŞBƏXTƏM”

“Neftçİ”nin bombardİrİ “R+”a müsahİbəsİndə Bakidaki həyatindan, çİlİ yiğmasinda oynamaq arzusundan və çempİonluqdan danişdi

Müəllif:

01.03.2013

"Neftçi"nin yayda transfer etdiyi Nikolas Kanales milli çempionatda 20 qol vurmaqla rəqiblərin “qorxulu yuxu”suna çevrilib. Avrokuboklarda da 3 qol vuran çilili legioner parlaq oyun nümayiş etdirməkdə davam edir. "İnter"lə prinsipial görüşdən qələbəylə ayrılan "Neftçi"nin futbolçusuyla söhbətləşmək qərarına gəldik. "R+"a müsahibəsində Kanales maraqlı açıqlamalarla yadda qaldı.

- Azərbaycan Premyer Liqasının ən məhsuldar hücumçususunuz. Azərbaycanda işlərinizin belə yaxşı gedəcəyini gözləyirdiniz? 

- Əslində, "Neftçi"də hər şey uğursuz başladı. Debüt matçımda qol vursam da, sonra 8 oyunda rəqib qapılarına yol tapmayınca tənqidlərə məruz qaldım. Ötən mövsümün bombardiri komanda yoldaşımdır. O, zədəli olduğundan, məndən eyni məhsuldarlığı gözləyirdilər. Hamı qol tələb edirdi. 2 ay ərzində çox çətin oldu. Xoşbəxtlikdən məşqçi də mənə sonadək inandı. Mən də daha inamlı çıxış edib, öz oyunumu tapdım və qolları sıralamağa başladım.

- Burada məşqçinin inamı xüsusi rol oynadı, deməli?

- Böyükağa Hacıyev "Neftçi"nin uğurlarında böyük pay sahibidir. Mənə inanması daha yaxşı oynamağa kömək etdi. Məşqçi məhz çətin anlarda yetirməsinə inanmalıdır. Dəfələrlə deyirdi ki, mənə güvənir. İndi etimadını doğrultduğum üçün xoşbəxtəm. Amma hələ işimi bitmiş hesab etmək olmaz. Komandamın çempion olmasını arzulayıram. Yalnız bundan sonra rahat nəfəs almaq olar.

- Avroliqada qrup mərhələsini adlamasanız da, İtaliya "İnter"inə 2 qol vura bildiniz... 

- Çox yaxşı oyunlar idi. Çempionlar Liqası və Avroliqada 12 oyun keçirmişəm. Mənə elə gəlir ki, mərhələ adlamağa təcrübəmiz çatmadı. "Neftçi" Avropa Liqasına adlamaqla tarix yazdı. Çoxları bizə inanmasa da, komandamız gözəl oyunuyla azarkeşlərin ürəyinə yol tapdı. "İnter"lə səfər oyunumuzu indiyə qədər xatırlayıram. Neradzura çox güclü heyətə malikdi. Amma "Neftçi" layiqli mübarizə apararaq heç-heçəyə nail oldu. "İnter" kimi komandaya qol vurduğuma görə xoşbəxtəm. Amma mənim üçün daha vacib komandamın uğurudur.  

- Vurduğunuz qollar milli komandanın məşqçilərinin diqqətini cəlb edə bilər? 

- Xəyallarla yaşamıram. Çili yığmasına çağırsalar, özümü xoşbəxt sayaram. Amma yəqin ki, məndən daha yaxşı futbolçuları var. Orada İspaniya, İtaliyada oynayan futbolçular çıxış edir. Ona görə məşqçinin qərarını başa düşmək olar.

- Deməli, bu qolları Avropanın top-liqalarında vurmadığınız üçün sizə nəzər yetirən də olmayacaq? 

- Düzdür, Azərbaycan çempionatı nə İspaniya, nə də İtaliyadakı kimidir. Amma burada da güclü oyunçular var. Braziliyadan, Rusiya, Ukrayna, Rumıniyadan yaxşı legionerlər çıxış edir. Hər il çempionat daha da güclənir.

- Hazırda 20 qolla bombardirlər siyahısında lidersiniz. Çilidə oynadığın zaman bu qədər qol vurmuşdunuz?

- Çilidə bu qədər fərqlənməmişəm. Hücumçunun işi qol vurmaqdır, ona görə çalışıram, çox qol vurum. Çilidə oynayan zaman mövsümə 14-15 qol vururdum. Qarşıda bizi çempionatın final mərhələsinin oyunları gözləyir. Çalışacağam, qollarımın sayını artırım. Əsas hədəfim qolların "Neftçi"yə qələbə gətirməsidir. Əks halda, həmin qollar mənə sevinc bəxş etməz. 

- Siz gələnə qədər "Neftçi"də özbək futbolçu Bahodir Nəsimov bombardir sayılırdı. Zədədən sonra Nəsimov əvvəlki formasını yığa bilmir...

- İkimiz də hücumçuyuq. Əgər mən oynayırımsa, deməli, o, ehtiyatda qalacaq. Və ya əksinə. İkimiz də eyni mövqe uğrunda mübarizə aparırıq. Nəsimov yaxşı futbolçudur. Sadəcə zədədən sonra əvvəlki formasını bərpa etməyib. Bunu normal qarşılamaq lazımdır. İstənilən futbolçuya formasını bərpa etmək üçün vaxt lazım olur. 

- "Neftçi"nin ardıcıl 3-cü dəfə çempion olacağına inanırsınız?

- Əlbəttə inanıram. Onsuz qələbə qazanmaq çətin olar. İnam qələbənin yarısıdır. Biz hamımız əsas hədəfə çatmağı qarşımıza məqsəd qoymuşuq. "Neftçi"nin bir parçası kimi mən də qələbə üçün əlimdən gələni etməliyəm. 

- "Neftçi" yenidən Avropa Liqasının qrup mərhələsində oynaya biləcək?

- Çempion Avropa Liqasında deyil, Çempionlar Liqasında mübarizəyə başlayır. Çempion olacağımız halda, Avropanın ən nüfuzlu klub turnirində oynamaq imkanı qazanırıq. Həmin şansdan maksimim istifadə etmək lazımdır. 

- Çilidən gələn futbolçu üçün Azərbaycanda yaşamaq çətin deyil?

- Azərbaycana tez bir zamanda öyrəşdim. Bura gəldiyim üçün xoşbəxtəm. Komandamızda Cənubi Amerikadan bir neçə futbolçu var. "Benfika"da oynadığım vaxtlarda portuqal dilini öyrənmişəm. Ona görə onlarla sərbəst danışa bilirəm. Bəzən görüşüb birlikdə şəhərə gəzməyə gedirik. Bakı müasir və gözəl şəhərdir. Burada yaşamaq maraqlıdır. 

- Azərbaycanlılar haqda nə deyə bilərsiniz?

- Klubdakı azərbaycanlılarla dostlaşmışam. İnsanlarınız çox mehribandır. Hiss olunur, qonaq getməyi xoşlayırsınız. Xalqınız qonaqpərvərdir. Ən yaxşı xüsusiyyət elə budur. 

- Ölkəmizdə tək yaşayırsınız. Niyə yaxınlarınızı Bakıya gətirmirsiniz?

- Bura futbol oynamağa gəlmişəm. Ona görə Çilidə qalsalar daha yaxşıdır. Belədə bütün fikrimi futbola həsr edirəm. Hazırda çempionatda vacib oyunlar başlayır. Bütün fikrimi ora yönəltmişəm. Çempion olarıq, sonra Çiliyə istirahət etməyə gedərəm.

- Azərbaycanda sizi heyrətləndirən nə oldu?

- Camaatın idmanı, xüsusilə futbolu sevməsi məni yaxşı mənada təəccübləndirdi. "Neftçi"nin çoxlu sayda azarkeşləri var. Ümumiyyətlə, Azərbaycanda idmanı çox sevirlər. Futbolun inkişafı üçün böyük işlər görülür. Yeni stadionlar istifadəyə verilir. Hər bir komandanın aşağı yaş qruplar üzrə komandaları fəaliyyət göstərir. Gələcəkdə çox güclü futbolçularınız olacaq. Hazırda da yığmada oynayan yaxşı yerli futbolçularınız var. İnkişaf üçün bir qədər vaxt və səbir lazımdır.  


MƏSLƏHƏT GÖR:

526