14 Mart 2025

Cümə, 21:43

AVROPA STADİONLARINDA AZƏRBAYCAN ODU ALOVLANDI

Avropali futbol ulduzlarinin formalarini “Land of fire Azerbaijan” yazisi bəzədİ

Müəllif:

15.02.2013

Azərbaycanda ən gözəl bazaya malik olan "Bakı" futbol klubu Avropanın ən güclü futbol klublarından sayılan Madrid "Atletiko"su ilə əməkdaşlıq müqaviləsi imzaladı. Tədbirdə giriş sözü ilə çıxış edən "Atletiko" Madrid klubunun prezidenti Enrike Sorezo ümumilikdə Azərbaycanla, o cümlədən, "Bakı" futbol klubu ilə əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirdi. Cavab sözü ilə çıxış edən "Bakı" futbol klubunun icraçı direktoru Yaşar Seyidov dünyanın aparıcı klublarından biri olan "Atletiko" Madridlə əməkdaşlığın istənilən qurum üçün fəxarət mənbəyi olduğunu vurğulayaraq, bu müqavilənin tək idman deyil, mədəniyyət və turizm sahəsində də faydalı olacağını ifadə etdi. 

Təlim, təhsil, təcrübə mübadiləsi və s. sahələrdə geniş əməkdaşlığı nəzərdə tutan müqaviləni İspaniya tərəfdən "Atletiko" Madrid klubunun prezidenti Enrike Sorezo və "Bakı" futbol klubu  tərəfindən iki klub arasında aməkdaşlığın koordinasiya mərkəzinin rəhbəri Sənan Məmmədov imzaladı. Tədbirdə iştirak edən  "Atletiko" Madrid klubunun üzvləri üzərində "Land of fire Azerbaijan" yazılımış futbol geyimlərini imzalayaraq, xatirə fotosu çəkdirdilər.

Daha sonra "Bakı" klubunun prezidenti Hafiz Məmmədovun təşəbbüsüylə "Atletiko"nun ulduz oyunçuları Madriddə keçirilən FİTUR-2013 sərgisində Azərbaycan stendinə gəldilər. Həmin gün 156 ölkənin iştirak etdiyi sərgidə hamı Azərbaycan guşəsindən, "Bakı" futbol klubundan danışırdı. Sərginin bütün qonaqları, eləcə də təşkilat komitəsi Azərbaycan stendinə yaxınlaşaraq, Arda Turan və Falkao kimi oyunçulardan imza almağa çalışdılar. Hətta FİTUR-2013 sərgisində iştirak edən ermənilər belə, Azərbaycanın gördüyü işlərə heyran qaldığını gizlədə bilmirdi. 

İspan klubu ilə razılaşma 2014-cü ilin mayına qədər nəzərdə tutulub. Əgər "Atletiko" yeni mövsüm Çempionlar Liqasına vəsiqə qazansa, onda nüfuzlu yarışda da üzərində "Land of fire Azerbaijan" yazılmış formalarda meydana çıxacaq. Çempionlar Liqası ən güclü klub turniri, bütün dünyanın seyr etdiyi yarış olduğundan, bu anlaşmanın nə qədər vacib olduğunu qeyd etməyə ehtiyac yoxdur. 

Gənclər və idman  naziri Azad Rəhimov Madriddə olduğu zaman anlaşmanın ölkəmiz üçün önəmli olduğu deyib: ""Bakı"nın Avropa futbol reytinqində 7-ci pillə tutan bir klubla əməkdaşlıq etməsi olduqca böyük hadisədir. Bu, bütün ölkə idmanı adına fərəh qazandıran bir addımdır. Bu addımla "Bakı" Avropaya yeni pəncərə açır. Şübhə yoxdur ki, İspaniyanın aparıcı klublarından biri ilə əməkdaşlıq etmək idman nəticələri baxımından inkişafa səbəb olacaq. Ancaq Azərbaycanın qazancı tək bu olmayacaq. İlk növbədə futbolumuzu keyfiyyətli bir səviyyəyə qaldırmaq nəzərdə tutulur. Azərbaycanlı uşaqların burada uzunmüddətli təlim alması onların Avropa səviyyəli futbolçu kimi yetişməsini təmin edəcək".

"Atletiko"nun prezidenti Enrike Serezo isə "R+"a müsahibəsində "Bakı" ilə əməkdaşlığın təfərrüatlarından danışdı. 

- İlk növbədə, "Bakı" klubu ilə əməkdaşlıq barədə fikrinizi bilmək maraqlı olardı...

- Azərbaycan sürətlə inkişaf edən və ispanları maraqlandıran bir ölkədir. "Bakı" ilə anlaşmadan sonra Azərbaycan bizim üçün artıq doğma ölkədir. Biz klublarınız arasında başlanan əməkdaşlıqdan fəxr duyuruq. Əməkdaşlığın davamlı olmasını arzulayırıq. Bilirəm ki, ölkənizdə bütün sahələrlə yanaşı idman da inkişaf edir. Prezident İlham Əliyev idmanı çox sevir və bütün növlərin inkişafı üçün çox çalışır. Ölkənizdə futbolun inkişafına biz də yardımçı olmaq istərdik.

- Əməkdaşlıq müqaviləsinə əsasən hansı işlər görüləcək?

- Azərbaycanlı yeniyetmə futbolçular bizim futbol akademiyamızda həm təlim keçəcək, həm də təhsil alacaq. İstedadlı uşaqları üzə çıxararaq onların güclü futbolçu olması üçün işlər görüləcək. Mövsüm başa çatandan sonra "Atletiko" Bakı şəhərinə səfər edəcək və orada eyni adlı komandayla yoldaşlıq matçı keçirəcək. 

- Gələcəkdə azərbaycanlı futbolçuları "Atletiko"nun heyətində görmək olarmı?

- Niyə də olmasın? Özünü ən yaxşı tərəfdən göstərən bacarıqlı azərbaycanlı futbolçuları komandalarımızın heyətində görmək mümkündür. İnanıram ki, bu, tamamilə real bir hal olar, azərbaycanlı oyunçulara "Atletiko"nun heyətində şans verilə bilər.

- Azərbaycanda Arda Turana xüsusi rəğbət var, yəqin, bundan məlumatlısınız?

- Azərbaycanla Türkiyə yaxın ölkələrdir. Ona görə sizin Ardaya olan isti münasibətinizi başa düşürəm. O, "Atletiko"nun ən yaxşı oyunçularından biridir. Ardayla bağlı ümidlərimiz böyükdür. 

- "Bakı" ilə əməkdaşlığı hansı istiqamətdə inkişaf etdirməyi düşünürsünüz?

- "Bakı" ilə müqavilə bu klubun deyil, bütün Azərbaycanın adına böyük hadisədir. Azərbaycan və İspaniya idmanla yanaşı digər sahələrdə də əməkdaşlıq etməlidir. Səbirsizliklə Bakıya səfəri gözləyirəm. Gözəl şəhərinizin olduğunu eşitmişəm. Əməkdaşlıq müxtəlif istiqamətlərdə inkişaf etdiriləcək. Bu barədə gələcəkdə əlavə məlumatar veriləcək. 

- Şərhə görə çox sağ olun. Bakıda görüşənədək!

Qeyd edək ki, Prezident İlham Əliyevin futbolun inkişafına dair imzaladığı Dövlət Proqramına əsasən uşaq futbolu inkişaf etdirilməli, istedadlı yeniyetmələrə səviyyələrini yüksəltmək üçün şərait yaradılmalıdır. "Bakı" klubu da məhz bu amili əsas tutaraq, "Atletiko" ilə əməkdaşlığa başlayıb. Klubun prezidenti Hafiz Məmmədov ispanlarla danışıqlar zamanı yeniyetmə azərbaycanlıların "Atletiko"nun bazasında təlim keçmələrini vacib şərt kimi irəli sürüb. Martda Bakıda yeniyetmə uşaqlar arasında seçim aparılaraq ən yaxşılar seçiləcək. Yekunda istedadlı yeniyetmələr 3 il ərzində İspaniyada həm təlim, həm də təhsil alacaqlar. Uşaqların bu müddətdə bütün xərclərini “Bakı” klubu ödəyəcək. Hafiz Məmmədovun təşəbbüsüylə seçimlər bütün ölkə ərazisində aparılacaq. Yəni, seçilən yeniyetmə başqa klubun futbolçusu olsa belə o "Atletiko"nun bazasına yollana biləcək. Çünki məqsəd "Bakı" deyil, ölkə futboluna xeyir verməkdir. 

2016-cı ildə yeniyetmə futbolçular arasında qitə birinciliyinin final mərhələsi ölkəmizdə keçiriləcək. Məhz bu məqsədlə reallaşdırılan layihə Avropa çempionatında Azərbaycanın uğurlu iştirakına hesablanıb. "Bakı"nın prezidenti Hafiz Məmmədov fikrini belə izah edir: "2016-cı ildə Azərbaycanın təşkilatçılığı ilə keçiriləcək qitə birinciliyində uğurlu çıxış etmək əsas məqsədimizdir. AFFA-nın köməyi ilə biz martda seçimlər keçirəcəyik. İspaniyaya yola düşəcək yeniyetmələr 13-14 yaşında olacaq. Onlar vətənə qayıdanda yığmanın şərəfini qoruya biləcək. Bütün bu işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana olan qayğısı nəticəsində mümkün olub. Əgər ölkəmiz inkişaf etməsəydi, biz "Atletiko" ilə danışıqlar masasına əyləşə bilməzdik. Madrid klubu hər komandayla əməkdaşlıq etmir. Ölkəmizin son illər əldə etdiyi uğurlar bizə bu layihəni həyata keçirməyə kömək etdi".

"Atletiko" ilə əməkdaşlığın ilk bəhrəsi artıq özünü göstərib. İspaniya, eləcə də Avropanın nüfuzlu mətbu orqanları Azərbaycanın inkişaf sürətindən yazıb. İspan mətbuatı ölkəmizdə idmanın çox sevildiyini, idmançılara xüsusi qayğı ilə yanaşıldığını bildirib. 

İspaniyada olduğum zaman "Atletiko"nun "Sevilya" ilə kubok matçını izlədim. Bir azərbaycanlı olaraq, Visente Kalderon stadionunun hər tərəfində "Odlar Yurdu Azərbaycan" yazısını görmək sevindirici və qürurverici idi.



MƏSLƏHƏT GÖR:

644