Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin əvvəlindən Azərbaycanda yenidən müsbət investisiya dinamikası qeydə alınıb. Dövlət və özəl maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 7% artıb. Bu artım həm də nisbətən yeni olan bir tendensiya ilə xarakterizə olunur. 2012-ci ildə olduğu kimi, bu il də əsas kapitala qoyulan korporativ sərmayənin ümumi həcmi, az da olsa büdcə yatırımını üstələyib.
Makroiqtisadi göstəricilərin sabitliyi və ölkədə formalaşdırılmış əlverişli biznes mühiti Azərbaycanın daxili və xarici investisiyaların cəlbi sahəsində regionda liderlik mövqeyini qoruyub saxlamasına imkan verir. Yalnız ötən il ölkə iqtisadiyyatına, təxminən, 28 milyard dollar investisiya qoyulub. Onun 17,5 milyardı daxili investisiyalardır. Bu, rekord göstəricidir - əvvəllər heç zaman 1 il ərzində ölkə iqtisadiyyatına bu həcmdə investisiya qoyulmamışdı.
Bu ilin ilk rübündə investisiyalaşdırmanın tempi daha da yüksəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatına 3,126 milyard manat investisiya qoyulub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 7% çoxdur. Xarici investisiyaların payına 32,5% və ya 1,016 milyard manat düşüb. Daxili kapital qoyuluşları isə 2,109 milyard manatdan artıq, yaxud 67,5% təşkil edib.
Daxili investisiyaların kapital qoyuluşunun üçdə ikisini, hətta dörddə üçünü təşkil etdiyi bu proporsiya artıq 4-5 ildir ki, sabit olaraq qalır. "Ölkədə son dərəcə müsbət olan investisiya mühiti Azərbaycanın birbaşa xarici investisiyaların həcminə görə postsovet məkanında liderlik mövqeyini qoruyub saxlamasına imkan verir. Bununla yanaşı, artıq bir neçə ildir ki, daxili investisiyaların həcmi xarici kapital qoyuluşunu üstələyir. Biz əvvəlkitək ölkə iqtisadiyyatına ardıcıl olaraq kapitalın cəlbində maraqlıyıq. Amma bu vəsaitlərin dövlət üçün strateji əhəmiyyət daşıyan sahələrə yönəldilməsi və hökumətin ümumi iqtisadi siyasətinə uyğun gəlməsi də vacibdir", - deyə Prezident İlham Əliyev bildirib. Bu üzdən də, hökumət son illər iqtisadiyyatın qeyri-xammal istiqamətinin inkişafında əsas alətə çevrilmiş daxili kapital qoyuluşlarını mümkün qədər stimullaşdırır. Misal kimi, yalnız son 5 ildə ölkədə 20 mindən artıq müəssisənin işə salındığını, onların əksəriyyətinin enerji sahəsilə bağlı olmamasını göstərmək olar.
Bundan başqa, geridə qalmış bir neçə ildə büdcə hesabına kapital qoyuluşlarının sabit şəkildə korporativ investisiyaları üstələdiyi müşahidə olunur. Bu, büdcə vəsaitlərini infrastruktura, regionların inkişafına yönəltmiş hökumətin ardıcıl siyasətilə, o cümlədən öz vəsaitlərini strateji əhəmiyyət daşıyan sənaye layihələrini reallaşdırılmasına xərcləyən dövlət şirkətlərinin fəallığı ilə izah olunur. Bu siyasət dolayısı ilə iqtisadiyyatın qeyri-neft sektorunda inkişafında yüksək templərin qorunub saxlanmasına (orta hesabla 10%) böyük töhfə olub. İnvestisiya vektoru əvvəlkitək dəqiq şəkildə sənayenin inkişafına yönəldilib. Bu trend hazırkı ilin yanvar-mart ayları ərzində də dayanıqlığını qoruyub saxlayıb. Hesabat dövründə iqtisadiyyatın enerji sektoruna 1,396 milyard manat (43,8%) yönəldilib. Qeyri-neft sektoruna yönəldilmiş investisiyalar isə 1,756 milyard manatdan artıq və ya bütünlükdə investisiya qoyuluşlarının 56,2%-i həcmində olub.
Amma son statistik məlumatlar göstərir ki, dövlət və qeyri-dövlət investisiyalarının həcmindəki nisbətdə müəyyən dəyişiklik baş verib. Məsələn, bu ilin ilk rübündə dövlət müəssisə və şirkətləri 1,547 milyard manatdan artıq investisiya yatırıblar. Bu, ümumilikdə, kapital qoyuluşlarının 49,5%-i deməkdir. Fərdi investorların (həm yerli, həm də xarici) payına 1,579 milyard manat, yaxud bütün kapital qoyuluşlarının yarıdan çoxu düşüb. Cüzi fərqə baxmayaraq, korporativ sektorun investisiya fəallığı dövlətin bu sahədəki fəaliyyətindən üstün olub. Bu, nisbətən yeni tendensiyadır. Çünki postböhran dövründə dövlət strukturları və büdcə fondları iqtisadiyyatın investisiyalaşdırılmasında, ümumilikdə, üstün mövqedə olub.
Şübhəsiz ki, ilin ilk rübünün məlumatlarını qeyd edən zaman artıq çoxdan mövcud olan bir təcrübə nəzərə alınmalıdır: faktiki olaraq, yeni maliyyə ilinin başlanğıcı təqvim ilinin başlanğıcı ilə üst-üstə düşmür. Odur ki, ilin ilk 1,5-2 ayında əksər dövlət qurumları və büdcədən maliyyələşən təşkilatlar ciddi investisiya fəallığı nümayiş etdirmirlər. Bu fakt ümumi statistik göstəricilərə, əlbəttə ki, öz təsirini göstərir.
Dövlət və korporativ kapital qoyuluşları arasında proporsiyanın dəyişməsi böyük ölçüdə hökumətin büdcə və investisiya siyasətinə yeni yanaşma ortaya qoyması ilə də bağlıdır. Söhbət xərclərin optimallaşdırılmasına yönəlmiş yanaşmadan gedir. Məsələn, Dövlət Neft Fondunun büdcəsində dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən, bu il fondun xərcləri 10,59 milyard manatdan bir qədər artıq olacaq. Halbuki əvvəl bu məbləğin, təxminən, 11,35 milyard manat təşkil etməsi nəzərdə tutulmuşdu. Bundan başqa, bu il dövlət büdcəsinə birbaşa daxilolmalar 2013-cü ilin göstəricisinə nisbətən, ilk dəfə 18% və ya 2,13 milyard manat azalaraq, 9,34 milyard manat təşkil edəcək.
Ehtiyat vəsaitlərin xərclənməsinə belə mühafizəkar yanaşma gələcəkdə də qorunub saxlanılacaq və bu, Prezident İlham Əliyevin ifadə etdiyi əsas baza hədəflərindən biridir. Məqsəd artıq yaxın gələcəkdə dövlət büdcəsinin bu xərclərinin, əsasən, qeyri-neft sektorundan vergi daxilolmaları hesabına ödənilməsinə, Dövlət Neft Fondundan transferlərin isə əsasən nəhəng investisiya layihələrinin maliyyələşdirilməsinə istiqamətləndirilməsinə nail olmaqdır.
Dövlət investisiyalarının yeni istiqamətlərinə gəlincə, Asiya İnkişaf Bankının bu yaxınlarda açıqladığı hesabatda - Asian Development Outlook (ADO 2014) bildirilir ki, Azərbaycanda neft gəlirlərinin digər fəaliyyət sahələrinin aktivləşdirilməsinə cəlb oluna biləcək kifayət qədər istiqamət var. Onların arasında Böyük Bakının və regionların inkişafı üzrə dövlət proqramları, aqrar sektora dəstək, məsələn, istifadə olunmamış ərazilərin kənd təsərrüfatı məqsədilə istifadəyə cəlbi və s. var.
MƏSLƏHƏT GÖR: