12 Mart 2025

Çərşənbə, 18:26

"ŞƏRQ-QƏRB" "ŞİMAL-CƏNUB"a QARŞI

Davİd Darçİaşvİlİ: "Gürcüstan üçün dəmİr yolu xarİcİ sİyasətİn bİr hİssəsİ, geosİyasətİn vacİb elementİdİr"

Müəllif:

15.02.2013

Son zamanlar Gürcüstanda prezident Mixail Saakaşvilinin "Vahid milli hərəkat"ı ilə baş nazir Bedzina İvanişvilinin "Gürcü arzusu" partiyası arasında qarşıdurma kəskinləşib. Gürcüstanın dövlət başçısı baş naziri ölkənin xarici siyasi kursunu dəyişməyə cəhddə günahlandırır, İvanişvilinin isə öz ittihamları var.

"Vahid milli hərəkat"ın liderlərindən biri, Gürcüstan parlamentinin Avrointeqrasiya üzrə komitəsinin üzvü David Darçiaşvili Gürcüstanda və onun ətrafında baş verən son hadisələrlə bağlı fikirlərini "R+" jurnalı ilə bölüşüb.

- Gürcüstan parlamentində "Gürcü arzusu"nun simasındakı çoxluq prezident Mixail Saakaşviliyə dövlət kitabxanasında xalqa müraciət etmək imkanı vermədi. Gürcüstanda real ikihakimiyyətlilik haqda danışmaq olarmı? 

- Düşünürəm ki, hələlik ölkədə bu sözün tam anlamında ikihakimiyyətlilik yoxdur. Yaranmış vəziyyəti ikihakimiyyətlilik kimi qəbul etsək, bu zaman vəziyyətin özünəxas xüsusiyyətləri  ilə qarşılaşacağıq. Həqiqətdə bir tərəfdə prezident Mixail Saakaşvilinin simasında tam konstitusion və siyasi hakimiyyət, digər tərəfdə fevralın 8-də yaşananların göstərdiyi kimi, Konstitusiya dəyişiklikləri, güc yolu ilə təzyiqlər, yerli özünüidarəetmə orqanlarının ləğvi, parlamentin deputatlarının hədələnməsi yolu ilə səlahiyyətlərini genişləndirməyə çalışan baş nazir İvanişvili var. Həbsxanalardan azad edilən şəxslərdən ibarət kiçik dəstələr yaradılır və onlar Gürcüstanın baş nazirinin opponentlərinə təzyiqlər göstərir. Yəni, bir tərəfdə qanun, Konstitusiya, beynəlxalq ictimaiyyətin dəstəyi, digər yanda isə siyasi mübarizədə zorakı metodlar var.

- Bəs məqsəd nədir? Saakaşvilinin istefasına nail olmaq?

- Parlamentdə İvanişvilinin rəhbərliyi ilə hakimiyyətə gəlmiş "Gürcü arzusu" sovet xüsusi xidmət orqanlarının əl atdığı vasitələrdən, kriminal metodlardan istifadə edir. Yəni onlar bir şey deyir, başqa şey edirlər. Baş nazir prezidentə impiçment elan olunmasına qarşı çıxdığını söyləyir, amma eyni zamanda, parlamentdəki müxalifətin ünvanına atmacalar atır, Tiflisdə naməlum insanlar heç bir icazə olmadan Saakaşvilinin istefası tələbi  ilə aksiyalar keçirir, parlamentdəki çoxluğa məxsus deputatlar Gürcüstanda prezidentin "diktator" hakimiyyətinə son qoyulmasına açıq çağırışlar edirlər. Bu işdə onlar səhv, antidemokratik taktikadan yararlanmağa çalışırlar ki, bununla da sözləri ilə əməlləri üst-üstə düşmür. 

- Belə çıxır ki, amnistiya ilə azadlığa buraxılmış insanlar daxili siyasi mübarizəyə cəlb olunurlar? 

- Əlbəttə. Parlamentdəki çoxluq tərəfindən prezidentin iradəsinin əksinə olaraq elan olunmuş amnistiyaya düşənlər arasında qətl törətmiş cinayətkarlar da var. Konkret adamlar  var ki, qadına görə həbsxanaya düşüblər, insan qətlə yetirib və indi də amnistiyaya düşüblər. Yeri gəlmişkən, o, sabiq polis işçisidir və həbsxanadan siyasi məhbus qismində azad edilib. İndi kriminal dünyaya aid bu insanlar Saakaşvili hakimiyyəti  ilə mübarizədə revanş almaq istəyirlər.

- Bəs separatçı, kriminal aləmdə ad çıxarmış Vaqan Çaxalyan necə azadlığa çıxıb? Onun "Vahid Cavakh" təşkilatı öz məqsədini heç zaman gizlətməyib - Gürcüstanın Samtsxe-Cavaxetiya regionunun istənilən yolla Ermənistana birləşdirilməsi. Axı o, silahlı insidentə görə həbs olunmuşdu.

- Çaxalyanın azadlığa çıxması kimi məsələlər də baş nazir və onun yaxın ətrafı səviyyəsində həll olunur. Məsələ ondadır ki, Çaxalyanın, Gürcüstan ərazisində terror aktları və hərbi qiyamların təşkilatçılarının, təxribatçı fəaliyyətlə məşğul olanların, Gürcüstan həbsxanalarında saxlanılan Rusiya casuslarının azad olunması tələbi Moskvadan gəlib. Kremlin tələblərinə əməl olunduğunu nəzərə alsaq, düşünmək olar ki, "Gürcü arzusu" ilə Rusiya arasında razılaşma var. 

- Prezident Saakaşvilinin Gürcüstanın ərazi bütövlüyünə yeni təhlükənin yarandığına dair narahatlığını ifadə etməsi fonunda Cavaxetiyanın azad ticarət zonası elan edilməsinin mümkünlüyünə dair yenrli mətbuatda müzakirələr aparılır. "Cavakx", "Virk" və digər təşkilatlardan olan erməni separatçıların planlarında da senari məhz belədir.

- Bildiyimə görə, hakimiyyət strukturlarında bu, açıq şəkildə müzakirə olunmayıb. Gürcüstan parlamentindəki çoxluğun məsələ ilə bağlı mövqeyi də hələlik bəlli deyil. Bu ssenari geniş şəkildə Çaxalyan və onun tərəfdarları tərəfindən təbliğ olunur. 

- Hər halda, Gürcüstan ərazisində yeni ərazi-iqtisadi subyektlərin yaranması mümkündürmü?

- Gürcüstanın siyasi dairələrindəki çoxsaylı sağlam düşüncəli insanlar bunun ölkənin ərazi bütövlüyü üçün hansı təhlükəni yaratdığını yaxşı anlayırlar. Amma hakim "Gürcü arzusu" partiyasında belə insanların nə qədər olduğunu ehtimal etmək çox çətindir. 

- Bidzina İvanişvili Bakıda Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə mənfi qiymət verməkdə tələsdiyini söyləməsindən sonra o, 20 ildən artıqdır fəaliyyət göstərməyən Abxaziya-Gürcüstan-Ermənistan dəmir yolunun işə düşməsinə kömək etmək niyyətini də dilə gətirib. Maraqlıdır, bu işdə Abxaziya hansı statusla iştirak edəcək?

- İvanişvilinin belə bəyanatları anlaşılmazlıq yox, həyəcan yaradır. Gürcüstan üçün dəmir yolu xarici siyasətin bir hissəsi, geosiyasətin vacib elementidir. Baş nazir isə bu haqda adi iqtisadi layihə kimi danışır və onun mənasını tam başa düşmür. Daha təhlükəli olanı isə onun alternativ kurs kimi Şərq-Qərb istiqamətini göstərməsidir. Diqqət edin, "Gürcü arzusu"nun Konstitusiyaya "Avropa, Avroatlantika məkanına inteqrasiya Gürcüstanın dəyişməz hədəfidir" fikrinin salınmasına razılaşacağı halda parlamentdəki azlıq prezidentin səlahiyyətlərini azaltmağa hazır idi. Amma "Gürcü arzusu" bu təklifdən imtina etdi. Bu, çox ciddi şübhələr yaradır.

- Baş nazir İvanişvili İrəvanda olarkən bildirib ki, Ermənistanın xarici siyasi kursu Gürcüstan üçün nümunədir. Məlum olduğu kimi, Ermənistan Rusiyanın forpostudur. İndi Gürcüstan da bu rola iddia edəcək?

- Bu, Gürcüstan hökumətinin başçısı üçün yolverilməz açıqlamadır. Onun Bakı-Tiflis-Qars layihəsi, Abxaziya dəmir yolunun ilkin şərt olmadan açılması haqda bəyanatları, Ermənistanın xarici siyasətini Gürcüstan üçün nümunə göstərməsi, nəhayət, xarici investorlarla görüşdə ölkənin bütün iqtisadi uğurlarının blef olduğuna dair dedikləri göstərir ki, İvanişvili Gürcüstanın xarici siyasi kursunda dəyişikliyə hazırlaşır.

- Gürcüstanın xarici siyasi kursu Aİ-NATO-dan MDB-KTMT istiqamətinə dəyişərsə, ölkədə hansı proseslər yaşanacaq?

- Gürcüstan MDB-yə qayıdarsa, Avropa İttifaqı ilə strateji tərəfdaşlıqdan imtina edərsə, Qərb investorları ilə əməkdaşlığa son qoyarsa nə olacaq? Biz ("Vahid Milli Hərəkat" partiyası - C.N.) hər şeyi yenidən başlamalı olacağıq. Bu halda Gürcüstanın problemləri xeyli artacaq və bunlar ölkəni zəiflədəcək. Gürcüstan ictimaiyyəti o zaman sözünü çox ciddi haldı deməli olacaq. Amma cəmiyyət təhlükəyə reaksiya verməkdə gecikə də bilər.

- Yaxın zamanlarda prezident Mixail Saakaşvili hansı cavab addımları atacaq?

- O, Gürcüstan ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə ölkədə əslində nələrin baş verdiyini izah etməli olacaq. O, Gürcüstanda hadisələrin inkişafı ilə bağlı baxışlarını regional və qərbli tərəfdaşlara KİV vasitəsilə çatdırmalı olacaq. Bizim başqa heç bir təsir rçaqımız yoxdur. Gürcüstan və dünya ictimaiyyətinin reaksiyası adekvat olarsa, İvanişvili istəsə də, istəməsə də, ölkənin inkişaf istiqamətini kökündən dəyişə bilməyəcək.


MƏSLƏHƏT GÖR:

446