
"BAKI, MƏN SƏNİ SEVİRƏM!"
Nadİr Maçanov: "Çox ümİd edİrİk kİ, İzləyİcİlər bİzİm İşə layİqİncə qİymət verəcəklər"
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Çəkilişləri bu yay paytaxtımızda keçirilmiş "Bakı, mən səni sevirəm!" kinolayihəsi üzərində işlər başa çatmaq üzrədir. İzləyicilər yeni filmə artıq bu ilin fevralında baxa biləcəklər. Hazırda kinolentin səsləndirilməsi üzərində iş gedir. Qeyd edək ki, bu, dünyanın bir çox ölkələrindən aktyor və rejissorların iştirak etdiyi ilk irimiyqaslı beynəlxalq layihədir. "R+" jurnalının müxbiri kinolayihənin həm prodüseri Nadir Maçanovla filmin ideyasının necə yaranması, çəkiliş prosesi və başqa təfərrüatlar barədə söhbət edib.
- "Bakı, mən səni sevirəm!" kino layihəsininin prodüserlərindən biri də Yeqor Konçalovskidir. Danışın görək, sizin əməkdaşlığınız necə başladı?
- Bir neçə il qabaq Yeqor "Astana mənim ürəyimdir" kinolayihəsi üzərində işləyirdi, məni də layihəyə cəlb etmişdi. O, mənim ssenarimi oxudu və "Beka" novellam üzrə film çəkməyə qərar verdi. Biz beləcə bir yerdə işləyib dostluq etməyə başladıq. Onda düşündüm ki, niyə Bakı haqqında belə bir film çəkməyək? Bura məni həmişə cəlb edir. Harada olsam da, mən öz vətənimə görünməz tellərlə bağlıyam. Bir neçə il sonra artıq rejissor olanda repressiya olunmuş azərbaycanlılara həsr edilmiş "Sürgün" sənədli filmini çəkdim. Bundan sonra Daşkənd televiziyasında Azərbaycan dilində həftəlik "Azərbaycan töhfələri" layihəsini işə saldım. Mən Yeqora Bakı haqqında bədii film çəkməyi təklif edəndə, onu inandırdım ki, layihə koloritli və yaddaqalan olacaq. Mən Yeqora Bakı və bakılılar haqqında, ölkənin tarixi və paytaxtın gözəlliyi barədə danışmağa başladım. Konçalovski mənim ideyam ilə maraqlandı və biz dəstək üçün Heydər Əliyev Fonduna müraciət etdik. Yeqorla mən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşdük. Yadımdadır, Yeqor narahat idi ki, bizi anlayıb, ideyamızı qəbul edəcəklərmi? Bizi dinləyən Leyla xanım qeyd etdi ki, bu, gözəl ideyadır və istədi ki, "onun sevimli Bakısını bütün gözəlliyi ilə" təsvir edək".
Nəticədə Leyla Əliyeva "Bakı, mən səni sevirəm!" layihəsinin rəhbəri oldu. Sonra Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva ilə görüşdük, o da bizim ideyanı dəstəklədi və işə hazırlaşmağa başladıq. Dünyanın bir neçə ölkəsindən olan rejissor və aktyorların iştirak edə biləcəyi 10 qısametrajlı film ssenarisi toplamaq lazım idi. Bu layihə Bakı və bakılılar haqqında ayrı-ayrı hekayələri vahid konsepsiyada birləşdirməli idi.
Və biz bunu etməyi bacardıq! Axı biz qısametrajlı film sahəsində əsl peşəkarları seçdik. Onlardan biri - ingilis Aleksandr Fodor "BBC" telekanalı ilə əməkdaşlıq edir, italyan-portuqal rejissor Andre Badalo isə hazırda "Warner Brothers"in sifarişi ilə film üzərində işləyir.
- "Bakı, mən səni sevirəm!" layihəsinin çəkiliş qrupu son bir neçə il üzrə ən beynəlmiləl heyətdir. Bir az ondan danışın...
- Ciddi seçim nəticəsində rejissor heyəti formalaşdı - Yeqor Konçalovski (Rusiya), Aleksey Qolubev (Rusiya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev, Andrey Razenkov (Rusiya), Aleksandr Fodor (İngiltərə), Andre Badalo (İtaliya) və mən. Çəkiliş qrupunun bəzi üzvləri ilk dəfə idi ki, burda idilər. Onlar bizim şəhərə heyran qalmışdılar! Azərbaycanlıların mehribanlığından, Şərq qonaqpərvərliyindən danışırdılar. Bizim aktyorların peşəkarlığına heyran olmuşdular. Çəkilişlərə yerli aktyorlar da qatılmışdı: Laləzər Mustafayeva, Sənubər İsgəndərova, Mabud Məhərrəmov, Rasim Balayev, Fərhad İsrafilov, Şamil Suleymanov, Elşən Cəbrayılov, Ayşad Məmmədov, Qurban İsmayılov, Rasim Cəfər, Fuad Osmanov, Bəhram Bağırzadə. Xarici ulduzlar da var idi: Aziya Arcenti (ABŞ), Alessandro Bertoluççi (İtaliya), Eyşan Özhim (Türkiyə). Rusiya, Belarus, Litva, Böyük Britaniya və Özbəkistandan da aktyor və aktrisalar da qatılmışdı. Filmin musiqi prodüseri məşhur rusiyalı bəstəkar Viktor Soloqubdur. Filmlərdə həmçinin azərbaycanlı bəstəkarlar Siyavuş Kərimi və Vüqar Camalzadənin musiqisi də səslənir.
- Sizin layihəyə Hollivud kino ulduzu Aziya Arcento da qatılıb. Öz filminizə belə irimiqyaslı ulduzu cəlb etməyi necə bacardınız?
- Biz, necə deyərlər, agentlər vasitəsilə işlədik. Ssenari ilə tanış olan aktyorlar layihəyə qatılmağa razılıq verdilər. Düşünürəm ki, onlar buna heç peşman olmadılar. Aziya Arcento çəkiliş prosesinə heyran idi. Onun iştirakı ilə səhnədə biz Lənkəran nənələrini çəkirdik ki, izləyicilərə qədim toy adətlərini göstərə bilsinlər. Arcento üçün bizim filmə çəkilmək əsl ekzotika və macəra idi. Çəkilişdən sonra o dedi ki, bizim ölkə və insanlarla tanış olmasına çox şaddır. İtaliyalı Alessandro Bertoluççi sahil xidmətinin sərhədçisi rolunda, türkiyəli ulduz Eyşan Özhim isə çox koloritli bakılı yəhudi qadın rolunda çıxış edir. Eyşen inanılmaz aktrisadır! Bir çox Hollivud ulduzları onun peşəkarlığına və aktyor məharətinə həsəd apara bilərlər. O, filmi Azərbaycan dilində özü səsləndirməyə qərar verdi.
Bakıda çəkiliş prosesi xüsusi problem olmadan, rahat və ardıcıl keçirilidi. Fürsətdən istifadə edərək "Bakı, mən səni sevirəm!" kino layihəsinin çəkiliş qrupu adından Heydər Əliyev Fondunun rəhbərliyinə bizə göstərilən yardıma və dəstəyə görə təşəkkür etmək istəyirəm. Ümumiyyətlə, biz paytaxtın sadə sakinlərindən də böyük dəstək hiss elədik. Bizim filmin çəkilişlərinə necəsə əlaqəsi olan hər bir kəs çalışırdı ki, bizim Bakı dünyada ən yaxşı şəkildə tanınsın. "Bakı, mən səni sevirəm!" filmi 2013-cü ilin fevral ayında hazır olacaq. Çox ümid edirik ki, izləyicilər bizim işə layiqincə qiymət versinlər. Şəxsən məndən ötrü əsas tənqidçi baxışlı izləyicilərdir. Düşünürəm ki, bizim film xalqın xoşuna gələcək.
- Nadir, necə oldu ki, siz kinorejissor oldunuz? Yəqin, bunu uşaqlıqdan arzulamısınız?
- Mən Balakən rayonunun Qabaxçöl kəndində doğulmuşam. Əlaçı olmuşam. İki dəfə fizika üzrə respublika olimpiadasında birinci yer və bir dəfə ümumittifaq olimpiadasında dördüncü yeri tutmuşam. Atam partiya işçisi, anam isə həkim işləyib. Onlar istəyirdilər ki, öz həyatımı ciddi və vacib peşəyə həsr edim. Altıncı sinifdə birdən səhnə ilə maraqlanmağa başladım. Qarmon çaldım, müxtəlif tamaşalar qoydum və hətta özüm oynamağa başladım. Teatr prosesinə rəhbərlik etmək mənim xoşum a gəlirdi. Xatırlayıram, mənim məktəb səhnəsində qoyduğum ilk əsər Cəfər Cabbarlının "1905-ci ildə" tamaşası idi. Məktəb anşlaqlarından sonra mən rejissorluq peşəsi barədə ciddi düşünməyə başladım. Fizika olimpiadasının qalibi kimi mənə İttifaqın istənilən ali məktəbinə imtahansız daxil olmaq barədə dəvətnamə gəlmişdi.
Öz seçimimi Moskva Fizika-Texnika İnstitutuna yönəltdim, amma rejissor olmaq istəyim barədə anama da ürəyimi açmışdım. Atam bundan xəbər tutan kimi qərarımın əleyhinə getdi. O, səhnə ilə bağlı hər şeyi qeyri-ciddi sayırdı. Özü də o, artıq həyatımı əvvəlcədən planlaşdırmışdı. 24 yaşımda namizədlik dissertasiyasi müdafiə etməli, 30 yaşımda isə fizika-riyaziyyat elmləri doktoru olmalıydım. Və bu, tamamilə real idi. Atamla mübahisə eləmək mənasız idi. Mən Moskva Fizika-Texnika İnstitutunda oxumaq üçün yola düşməyə hazırlaşırdım ki, burada da atam işə qarışdı. O, hesab etdi ki, uşaqlar öz valideynlərinin nəzarəti altında olmalıdırlar və təkid etdi ki, Bakıda qalım, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin tələbəsi olum. Moskvaya aspiranturaya daxil olmaq üçün gedəndə qərara aldım ki, VQİK-in rejissorluq fakültəsinə baş çəkim. Sadəcə özümü sınamaq istəyirdim. Amma bəxtim gətirmədi. Qəbul imtahanından kəsildim. Orada mənə məsləhət gördülər ki, Daşkənd Teatr İnstitutuna daxil olum, ora da yaxşı sayılırdı. Bir ildən sonra isə Moskvaya dəyişdirmək olardı. Təbii ki, aspiranturaya daxil olmadım və valideynlərim iki il məni danışdırmadılar. Sonra isə münasibətlər düzəldi. Anam və atam seçimim ilə barışdılar. Zaman keçdikcə mənimlə fəxr etməyə başladılar. Mən isə həmişə onlarla fəxr etmişəm.
MƏSLƏHƏT GÖR: