26 Dekabr 2024

Cümə axşamı, 18:15

DƏYİŞMƏZ ÇEMPİON

Qadınlardan ibarət "Rabitə" voleybol komandası ardıcıl olaraq 6-cı dəfə Azərbaycan birinciliyinin qalibi olub

Müəllif:

29.04.2014

Azərbaycanda voleybol mövsümü rəsmən başa çatdı. Gözlənildiyi kimi, cari mövsüm yeni reqlamentdə keçirilən Azərbaycan Superliqasında qızıl medalar ardıcıl 6-cı dəfə yenə "Rabitə" voleybolçularına qismət oldu. Rabitəçilərin hegemonluğunu güclü heyət, sabit oyunla əsaslandırmaq olar.

 Eldar Yusubovun yetirmələri əzəli rəqibi "Azəryol"la həlledici mərhələdə keçirdiyi hər 3 oyunu qalib kimi başa vurdu. "Azəryol" isə ikisi ardıcıl olmaqla, 4-cü gümüşünü qazanıb. Hesabında bürünc medalı da olmayan bakılılar bununla ümumi mükafat sayında "İqtisadçı"ya şərik çıxıb. Çünki cəmi 1 gümüşü olan "tələbələr" hamıdan çox - 3 bürünc qazanmaqla, medallarının sayını 4-ə çatdırıb.

 Maraqlıdır ki, Azərbaycan çempionatı tarixində medalları ümumilikdə 5 komanda qazanıb. Cari mövsümün 3 mükafatçısından başqa, daha 2 klub fəxri kürsüyə qalxa bilib. Tarixinin ən uğursuz mövsümünü keçirən "Lokomotiv" 2 gümüş və 1 bürünc, artıq fəaliyyəti dayandırılan "Bakı" isə 1 üçüncülük əldə edib.

Ənənəyə uyğun olaraq federasiya qadın voleybolçular arasında Azərbaycan Superliqasında 2013/2014 mövsümünün simvolik yığmasının heyətini açıqlayıb. "Rabitə"nin növbəti çempionluğunu qazandığı yarışın ən dəyərli voleybolçusu (MVP) Aurea Kruz seçilib. Puerto-rikolu legioner Azərbaycanda ikinci ilində də "Rabitə"nin qızıl medal qazanmasında böyük rol oynayıb. O, həmçinin ən yaxşı topqəbuledici və müdafiəçi mövqeyində çempionatımızın ən güclüsü olub. Ümumilikdə, 9 nominasiyadan 6-da qalib olmaq Eldar Yusubovun yetirmələrinin payına düşüb. Simvolik yığmada gümüş medalçı "Azəryol" 1, 3-cü yeri tutan "İqtisadçı" 2 voleybolçu ilə təmsil olunub.

 Çempionluqdan dərhal sonra "Rabitə" rəhbərliyi komandaya lazım voleybolçularla müqavilələri yeniləməyə başladı. Çempionlar Liqasının gümüş medalını qazanan paytaxt təmsilçisi Aurea Kruzla müqavilənin müddətini artırdı. 2012/2013 mövsümündən "Rabitə"nin şərəfini qoruyan puerto-rikalı ulduz oyunçu yeni ildə də bu komandanın uğurları üçün çalışacaq. Bununla da komandadakı oyunçuların sayı 17-yə çatıb. Son illərin dəyişməz Azərbaycan çempionu Kruza qədər Katarjina Skovronska (1 il), Katarjina Skorupa və Nutsara Tomkomla (2 il) da anlaşmanın müddətini artırıb. Həmçinin, müqaviləyə əsasən Brenda Kastillo, Foluke Akenradevo (daha 1 il), Rozanna Giel Ramos, Yoana Palasio Mendoza, Salas Vilma Rosell, Xiselye da Silva Franko (hamısı 5 il), Tori Dikson, Gina Mankuso, Kristi Cekson, Kayla Banvart, Britni Kuper, Reyçel Rurk və Dora Horvat (hamısı daha 2 il) da "Rabitə"nin uğurları üçün çalışmaqda davam edəcəklər. Göründüyü kimi, Azərbaycan çempionunun heyətində azərbaycanlı voleybolçu yoxdur. Çempionatın keçirilməsində əsas məqsəd həm də yığmaya layiq voleybolçuları hazırlamaqdır. Bu işdə isə "Rabitə" və digər klublar Azərbaycan Voleybol Federasiyasına kömək etmək istəmir.

Məhz bu amili nəzərə alan Azərbaycan Voleybol Federasiyası yeni mövsümdən superliqada legionerlərə limit tətbiq etməyi qərara alıb. Reqlamentdəki dəyişikliyə əsasən, hər bir komanda sifariş ərizəsində 3 azərbaycanlı voleybolçunun adını qeyd etməlidir. Həmin yerli voleybolçulardan ikisi daim meydanda olmalıdır. Federasiyanın vitse-prezidenti Faiq Qarayevin sözlərinə görə, əslində, limit 2013-2014 mövsümündən tətbiq edilməliydi. Sadəcə, bəzi klubların yeni qaydalara hazır olmaması qərarın ertələnməsinə səbəb oldu. Təcrübəli məşqçinin bu qərarı dəstəkləməsi başa düşüləndir. Azərbaycan yığmasının baş məşqçisi kimi Faiq Qarayev "Rabitə"nin bahalı və tanınmış legionerlərindən istifadə edə bilmir. Milli voleybolçularımız isə praktikasız olmaqla heç bir komandaya lazım olmur. Limit tətbiq olunandan sonra, gənclərə təcrübə qazanmağa imkan veriləcək. Sözsüz ki, gənclərin bütün komandalarda meydana çıxması Azərbaycan yığmasının güclənməsinə xidmət edəcək.

Superliqadakı yenilik yalnız klub haqqında düşünən əcnəbi məşqçiləri sevindirə bilməz. Onların qarşısına qoyulan məqsəd milli çempionatda mükafatçılar sırasına düşməkdir. Azərbaycan yığmasını düşünmək federasiyasının işidir. Buna görə də limitin tətbiqi mütəxəssislər tərəfindən müsbət qarşılanıb. Təcrübəli Faiq Qarayev limitin tətbiq olunmasını "R+" üçün şərh edib: "Azərbaycanda voleybol inkişaf edir. Biz hər zaman avrokuboklarda iştirak edən təmsilçilərimizə dəstək oluruq. Limitin tətbiq olunması Azərbaycan voleybolunun gələcəyi naminədir. Aydın məsələdir ki, klublar Çempionlar Liqası və digər mötəbər yarışlarda uğur qazanmaq istəyir. Amma biz dünya və Avropa çempionatlarında çıxış edən Azərbaycan millisini unutmamalıyıq. Yerli oyunçuların təcrübə qazanması gələcəkdə yığmada yeni adların olmasına kömək edəcək. Bəlkə də ilk turlar çətin olacaq. Hər halda, gənc azərbaycanlı voleybolçular arasında təcrübəlilər azdır. Amma zamanla hər şey öz yerini tapacaq. Güclü əcnəbi voleybolçularla bir meydanda olacaq xanımlarımız daha yaxşı oynamağa başlayacaq". 

10 il əvvəl Azərbaycan futbolunda legionerlərə limit tətbiq olunanda klublar kütləvi olaraq əcnəbi futbolçuları milliləşdirməyə başladı. Məhz bu halda onlar Azərbaycan pasportu alan legioneri yerli oyunçu kimi istifadə edə bildi. Ümid edək ki, Azərbaycan Voleybol Federasiyası klubların legionerləri milliləşdirməsinə şərait yaratmayaq.

Yeri gəlmişkən, Avrokuboklarda Azərbaycanı təmsil edəcək qadın voleybol komandalarının tam siyahısı dəqiqləşib. Belə ki, finala yüksəlməklə Çempionlar Liqasında oynamaq hüququ qazanan "Rabitə" və "Azəryol"a "İqtisadçı" da qoşulmaq şansı əldə edib. Əslində, ölkəmiz Avropa Voleybol Konfederasiyasındakı (CEV) reytinqinə görə qitənin ən nüfuzlu klub turnirində 2 klubla təmsil olunmalıdır. Lakin son illərdə olduğu kimi, CEV-in ölkəmizə "wild card" verəcəyi gözlənilir. Bu güzəştli kart məhz bürünc mükafatçıya verilməlidir. Belə olacağı halda, Azərbaycan Çempionlar Liqasında 3 klubla iştirak edəcək. Bu isə o deməkdir ki, analoji yarışda ötən mövsüm debüt edən "İqtisadçı" ardıcıl ikinci dəfə həmin turnirdə oynayacaq. Bürünc medallar uğrunda "İqtisadçı"ya uduzan "Azərreyl" isə növbəti dəfə CEV kubokunda çıxış edəcək. Onlara çempionatı 5-ci yerdə başa vuran "Lokomotiv" də qoşulacaq.



MƏSLƏHƏT GÖR:

833