Müəllif: Nərminə VƏLİYEVA Bakı
Anatollu Qəniyevin təkrarsız səsini minlərlə səsin arasından tanıyırıq. Onun ifasında dərin səmimilik, incə lirizm və təsirlilik var. Azərbaycan Dövlət Filarmoniyasının solisti, ötən illərin ən sevimli müğənnilərindən olmuş Anatollu Qəniyevin ifasında "Ayqız", "Qonaqgəlbizə" ("Koroğlu" filmindən), "Naz-naz", "Pəncərəmə qondu zizək", "Reyhan", "Teymurunmahnısı" ("Yenilməzbatalyon" filmindən), "Badamlı" və s. mahnılar hələ də xatırlanır və sevilir. Oğlu Heydər Anatollu onun necə ata olduğu, taleyüklü görüşləri və s. haqda "R+" jurnalına danışıb.
- Atanızın Azərbaycan üçün qeyri-adi sayılacaq adı var idi - Anatollu. Bu, nə ilə bağlı idi?
- Babam, atamın atası Mirzə-Heydər vaxtilə Azərbaycana Türkiyənin Anadolu əyalətindən köçmüşdü. Bu, ötən əsrin 20-ci illərinin sonları idi. Onu Neftçalada məktəb direktoru təyin etmişdilər. 1931-ci il fevralın 10-da atam dünyaya gəlir və ona babam Mirzə-Heydər və nənəm Tofanın vətəninin şərəfinə Anatollu adını verirlər. Atam anasını itirəndə heç 1 yaşı olmayıbmış. Böyük Vətən müharibəsinin başlanmasından 8 il əvvəl babam da dünyasını dəyişib. Atamın böyük qardaşı Sabir orduya yollanmazdan əvvəl balaca Anatollunu Bakıdakı qohumlarıgilə gətirib. Yetim uşağa məhz qohumlarımız baxıb. Atam Çəmbərəkəndin ensiz dalanlarında böyüyüb. O, zirək və şuluq uşaq imiş. Həyətdə uşaqlarla futbol oynamağı çox sevərmiş.
- Və musiqi haqqında qətiyyən düşünməzmiş?
- Atam danışırdı ki, uşaqlıqda səhnə haqqında düşünməyib. Sadəcə, oxumağı xoşlayırmış. Qonşular həyətə toplaşdıqda atamdan nəsə oxumasını istəyirlərmiş. 1953-cü ildə atam ordudan qayıtdıqdan sonra, Bakı Musiqi Konservatoriyasının həyətində təsadüfən Musiqili Komediya Teatrının gələcək aktyoru Mobil Əhmədovla rastlaşır. O zaman Mobil artıq konservatoriyanın tələbəsi idi və Bülbülün sinfində oxuyurdu. Atam yeni tanışına oxumaq arzusunda olduğunu bildirir. Mobil Əhmədov böyük ustad olan müəllimi ilə danışır və Anatollunu Bülbülün sinfinə aparır. Maestro atamı diqqətlə dinləyir və deyir: "Sən öz-özünə yetişmiş istedadsan! Allah sənə səs verib. Sən ondan istifadə etməyi öyrənməlisən". Bülbül atamı Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə göndərir. Orada atamın ifasını dinləyir və onu Firudin Mehdiyevin sinfinə qəbul edirlər. Yeri gəlmişkən, Mehdiyev özü Bülbülün tələbəsi idi. Azərbaycanın gələcək xalq artistləri Zeynəb Xanlarova və İslam Rzayev atamla birlikdə oxuyublar. Oqtay Ağayev onun qrup yoldaşı idi. Onlar sonadək dostluq etdilər. Azərbaycanın əməkdar artisti Məhəmməd Səmədov da atamla yaxın dost idi. Onlar ayrılmaz dostlar idilər. Ömrümboyu Məhəmməd Səmədovu özümə əmi hesab etmişəm. Yeri gəlmişkən, indi də onun oğulları ilə dostluq edirəm. Atam Müslüm Məhəmmədoviçlə də dost idi. O, atama dərin hörmət bəsləyirdi. Atam vəfat etdikdən sonra, Maqomayevin Bakıdakı konsertlərinin birində necə oldusa, kulis arxasına gedib çıxdım. Müslüm Maqomayev pərəstişkarları ilə şəkil çəkdirir, avtoqraf paylayırdı. Ona yaxınlaşmağa utanırdım. Ümumi tanışımız məni onun yanına apardı və dedi: "Müslüm, tanış ol, Anatollu Qəniyevin oğludur". Müslüm Maqomayev məni diqqətlə süzdü və dedi: "Atan Anatollu əsl kişi idi...". Maqomayev ən çox hörmət etdiyi insanlar haqqında belə deyirdi...
- Bəs musiqi məktəbində oxuduqdan sonra, Anatollu Qəniyevin həyatı necə oldu?
- Məktəbi bitirdikdən sonra AzSSR-in Teleradio Yayım Komitəsi yanında xorun solisti oldu. 60-cı illərin əvvəllərinədək orada çalışdı. İllər sonra mənim də birgə çalışdığım həmkarları və dostları danışırdılar ki, atamı heç bir sınaq müddəti olmadan solist götürmüşdülər. O zaman xora dahi bəstəkar, dirijor və xormeyster Cahangir Cahangirov rəhbərlik edirdi. Cahangirov bütün gənc musiqiçilərə, ifaçılara ata kimi yanaşırdı. Bir müddət sonra atam Azərbaycan Dövlət Filarmoniyasının solisti oldu. O, eyni zamanda Dövlət Teleradio Yayımının estrada orkestrində də çıxış edirdi. Atam bütün Avropanı və Sovet İttifaqını gəzib, ölkənin bir çox zallarında çıxış edib. O, tamaşaçıların sevimlisi idi. Küçədə insanlar atamı tanıyır, yaxınlaşaraq ondan avtoqraf istəyirdilər.
- Fikrinizcə, Anatollu Qəniyevin məşhurluğunun sirri nədə idi?
- Sirri nədə idi? Düşünürəm ki, məsələ heç də yalnız yaddaqalan səsdə deyildi. Atamın səmimi, ürəkdən gələn ifa tərzi var idi. Hər dəfə onun səsini eşitdikdə insanın ürəyində bir rahatlıq yaranır. Atamın vəfatından, təxminən, 30 il keçir. Amma onun mahnılarını hələ də xatırlayır və sevirlər. Qəribədir ki, Anatollu Qəniyevi, əslində, fərqli musiqi sədaları altında böyümüş gənc nəsil də dinləyir.
- Bəs atanız səhnədən kənarda necə idi?
- Zarafatcıl və yumorist. O, dostları ilə zarafatlaşmağı sevirdi. Amma onun "sancmaları" zərərsiz idi və insanların əhvalını yüksəldirdi. O, əla ata idi! Mən və nənəmin şərəfinə adlandırılmış kiçik bacım Tofanı lap kiçik olarkən atam daim əzizləyirdi: şirniyyat və oyuncaqlar alır, bulvara gəzməyə aparır, anamız şuluqluğumuzdan əsəbiləşdikdə bizi onun qəzəbindən qoruyurdu. Valideynlərimiz bizi heç zaman döyməyib, cəza olaraq küncə qoymayıblar. Biz bir qədər böyüdükdən sonra, atam bizə xeyli ciddi yanaşmağa başladı. Xüsusilə mənə. O əmin idi ki, oğlan uşağına gəncliyindən cəsarət, iradə və müstəqillik öyrədilməlidir. Mənə azadlıq verirdi. Amma həm də hiss etmədiyim şəkildə məni nəzarətdə saxlayırdı. Atamın məndən əsas tələbi həmişə düz olmaq, sözlərinin, əməllərinin məsuliyyətini hiss etmək idi.
- Bildiyimizə görə, atanız dövrünün ən populyar müğənnisi olub və onu məmnuniyyətlə toylara dəvət edirmişər...
- Həqiqətən elədir. Əvvəllər Bakıda və ətrafda toylar, əsasən, evlərdə və ya çadırlarda qurulurdu. Dövr fərqli idi, restoranlar indiki qədər çox deyildi, şadlıq sarayları isə ümumiyyətlə yox idi. Masaları otaqlarda, dəhlizlərdə qurur, qapıları, pəncərələri taybatay açır, gəzir, rəqs edir, şadlanırdılar. Belə toylarda bir məqam var idi: adətə görə, qadınlarla kişilər ayrı-ayrı otaqlarda əyləşirdilər. Toylara tez-tez dəvət alan atam bu ayrı-seçkiliyi bəyənmirdi. Belə mərasimlərin birində o, toy sahibinə qonaqları bir araya gətirməyi, hamının bir yerdə əyləşdirilməsini təklif edib. Toy sahibi atama olan hörmətinə görə onun sözünü yerə salmayıb. Toy yüksək səviyyədə keçdi! Atamın çıxış etdiyi növbəti ailə tədbirində artıq hamı bir yerdə oturmuşdu. Beləliklə, atam Bakıdakı toy ənənəsini dəyişməyə nail olub. O, toylara ən çox dəvət olunan ifaçı idi. Atamın toyda çıxış edə bilməsi üçün bir sıra hallarda, hətta toyun vaxtını dəyişirdilər. Bəzən o məni də özü ilə aparırdı və bir kənarda əyləşərək, atamın ifasına tamaşa edirdim. O, heç zaman xaltura etmirdi. Harada çıxış etməsindən asılı olmayaraq, bacarığını 100% ortaya qoyurdu - istər adi toy olsun, istər dövlət konserti.
- Anatollu Qəniyevin ifasında ən çox bəyəndiyiniz mahnı hansıdır?
- Seçim edib 1-2 mahnını fərqləndirmək çətindir. Onun bütün mahnılarını sevir və onların insanların yanında ifa etmək kimi riskə getmirəm. Doğrudur, dostlarım bu yaxınlarda məni atamın bəzi mahnılarını yazdırmağa məcbur etdilər. Onların xahişini yerinə yetirdim, amma nəticədən razı qalmadım. Mənim atamın ifa səviyyəsinə çatmağıma çox var... Tez-tez onun səs yazılarını dinləyirəm. Arxivimdə Anatollu Qəniyevin mahnılarından ibarət disklər var. Həmin mahnıların orijinalı Azərbaycan Dövlət Teleradio Şirkətinin fondunda saxlanılır. Hər dəfə mahnıların arasında əvvəllər eşitmədiyim ifalar tapıram. Onun repertuarı çox geniş olub. Anatollu Qəniyev 54 yaşında vəfat edib. Qəflətən ürəyi dayandı. O, sağlam, gülərüz insan idi. Nadir hallarda xəstələnərdi. Birdən özünü pis hiss edib və evə qayıdıb. Blokun qarşısındakı skamyada əyləşib və... "Təcili yardım" gələndə artıq gec idi. Pencəyinin cibindən ozamankı Krasnovodska gedən bərəyə bilet tapmışdım. Bir neçə gün sonra orada dostunun toyunda iştirak etməli idi. Qismət olmadı. Həyatın öz qanunları var...
MƏSLƏHƏT GÖR: