
ZAMAN VƏ MƏKAN TANIMAYAN...
Rusiyalı tələbələr Bakıda "Arşın mal alan" operettasını oynayıblar
Müəllif: Valentina REZNİKOVA Bakı
Novosibirsk Teatr İnstitutunun "Dram teatrı və kino aktyoru" fakültəsinin tələbələri Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasını oynayıblar. Tamaşa bu ölməz əsərin YUNESKO tərəfindən elan edilmiş 100-cü ildönümünə həsr edilib.
İnanılmaz niyyət
Niyə "Arşın mal alan"? Çünki indiyədək dəfələrlə olduğu kimi, bu dəfə də gənc aktyorlar şərq musiqisinin, rəqslərinin, qəhrəmanların saf xarakterlərinin, sevgililərin təbii, sadəlövh sevgisinin qarşısında tab gətirə bilməyiblər! Yeri gəlmişkən, fikir verin, Üzeyir bəy hələ onda - 1913-cü ildə müasir Hollivud prodüserlərindən daha ağıllı imiş! O, kifayət qədəq əfsanəvi, bugünkü dillə desək, Hollivud finalı təqdim edib. Özünüz qiymət verin: Əsgər bəy özünü "arşınmalçı" kimi qələmə verir və kasıblamış zadəgan Sultan bəyin evində ürəyinə yatan qız tapır. Əsgərin dostu Süleyman Gülçöhrəni (Sultan bəyin qızı) dostuna istəmək üçün həmin evə gəlir və orada Asyanı görür və qıza vurulur! Amma Süleyman elə bilir ki, dostu Əsgərin sevdiyi qız Asyadır və dostunun xoşbəxtliyinə mane olmamaq üçün susur, iztirab çəkməyə razı olur. Əsgərin xalası Cahan da həmin evdə olur, ev sahibi Sultan bəylə rastlaşır. Sultan bəy dərhal bu dul qadına vurulur və onunla evlənmək qərarına gəlir: "3 manat, bir kəllə qənd vəssalam, şüttəmam!". Amma sən saydığını say; sən demə, bu sırtıq, bəyin qızı Gülçöhrə ilə ailə qurmağa çalışan "arşınmalçı" qadının qohumudur! Bu biri tərəfdən də, öz ağalarından o qədər də fərqlənməyən bir cüt qulluqçu - Telli ilə Vəli!
Süjet o qədər qarışıqdır ki, sanki ondan heç kəs heç zaman baş açmayacaq. Amma müəllif Üzeyir bəy aydınlaşdırır, bütün anlaşılmazlıqları aradan qaldırır və hamını bir-birinə qovuşdurur! Əsl həppi-end! Amerikalılar onu bizim Hacıbəyovdan xeyli sonralar düşünüblər! O vaxtdan operetta hər kəsi - istər peşəkarları, istər həvəskarları valeh edir, xoşbəxt sonluqlu bu əsərdən həzz aldırırdı! İnternet "Arşın mal alan"ın MDB ölkələrinin teatrlarının səhnəsindən indi, XXI əsrdə də düşmədiyinə dair xəbərlərlə doludur. "Arşın mal alan"ın cazibəsi qarşısında duruş gətirə bilməyənlərin sırasına novosibirskli tələbələr, onların aktyorluq peşəsi, səhnə nitqi, rəqsi üzrə müəllimləri də qoşulublar. Sonradan əsərin özü onların yaradıcılıqdakı talelərini idarə etməyə başlayıb. Bakıya 32-ci dəfə təşrif buyurmuş tələbə aktyorlar Bakı Slavyan Universitetinin səhnəsinə çıxaraq, Azərbaycan klassikası haqqında anlayışlarını nümayiş etdiriblər. Onlar Bakıya "Rusiya-Azərbaycan" Dostluq Evi proqramı çərçivəsində gəliblər.
Səhnəyə operettanın asanlıqla tanınan qəhrəmanları çıxıb! Operettada bas, tenor, soprano üçün yazılmış bütün partiyaları dram teatrının gələcək aktyorları ifa edib! Onlar üçün vokal əsas fənn deyil. O da aktyor texnikasının digər fənləri kimi keçilir: nitq, rəqs, hərəkət! Onlar rollarını Novosibirsk Konservatoriyasının tələbə və aspirantlarından ibarət orkestrin canlı ifasının müşayiətilə ifa ediblər. Orkestrin üzvləri də balaban, nağara, skripka, fortepiano, fleyta kimi alətlərdə əsl ustalıq nümayiş etdiriblər. Və Slavyan Universitetinin zalında heç kəs dekorasiyaların nisbiliyindən, hər tərəfin yalnız milli xalçalarla bəzədilməsindən sıxılmırdı. Bu cür kasad səhnə aktyorların ifalarına da təsir etmirdi, müəllifə görə həqiqətən də Şuşada baş verən hadisələr doğurdan da göz qabağında idi.
Başladınsa, davam et
Karyeralarına yeni başlayan aktyorlar səhnədə o qədər təbii, bir-birinə bağlı, inamlı oynayır, yalnız ariyaları deyil, nitqləri də o qədər peşəkarcasına səsləndirirdilər ki, rəqsləri o dərəcədə alovlu oynayırdılar ki, adamın səhnədə azərbaycanlı deyil, rus aktyorların olduğuna inanmağı gəlmirdi! Tamaşanın quruluşçusu, öz sənətinin ustasıdır. O, Şuşa sakinlərinə xas həyat atmosferini qəhrəmanların kütləvi səhnələri ilə canlandırırdı. Bu gah kişi rəqsləri olurdu, gah gündəlik məişət məsələlərinin çözüldüyü kişi söhbətləri. Səhnə nitqi mükəmməl idi! Tamaşa başlayanda səhnədə rus dilində əla, lakin müəyyən aksentlə danışan azərbaycanlıları gördük. Azərbaycan dilinin rus transkripsiyasında orfoepiyası (tələffüz norması) mükəmməl şəkildə imitasiya olunmuşdu! MDB məkanındakı çoxsaylı peşəkar teatrların aktyorlarının bu istiqamətdə necə işlədikləri məlum deyil, amma məzunların belə ifası əla qiymətə layiqdir! Cahan xala o qədər koloritli, xidməiçilər Telli və Vəli möhtəşəm, deyingən Sultan bəy də sözün əsil mənasında təkrarolunmaz idilər, lirik və məhrəm hisslərini gizlədə bilməyən Gülçöhrə isə ayrıca gözə dəyirdi. Teatrın daha iki gənc məzunu isə elə indidən əsas qəhrəman obrazalara - Əsgərlə Süleymana tam iddialı təsiri bağışlayırdı. Yalnız Asiyada həddindən artıq ciddilik hiss olunurdu. Amma bu, tamaşanın ümumi mənzərəsinə xələl gətirmədi. Səhnəyə yeni atılmış aktyorlar tamaşaçıları yalnız peşəkarlıqları ilə deyil, işə yanaşmaları ilə də valeh etdi: onların əsərin mahiyyətinə vardıqlarına heç kəsdə şübhə yeri qalmadı. Onlar Rusiyadan buraya Azərbaycanın mədəni irsinə sevgi ilə, onun tarixi keçmişinə və hazırkı dövrünə maraqla gəlmişdilər.
TARİXƏ EKSKURSİYA
"Mən burada (Sankt-Peterburqda - müəllif) həm təhsil alır, həm də "Arşın mal alan"ı yazıram. Əla operetta alınır. Əsərlərimdə məqsəd gələcəkdə teatr işini elə səviyyəyə gətirməkdir ki, yalnız Bakıda və Qafqazda deyil, istənilən digər yerdə, hər bir şəhərdə tamaşa göstərə bilək… Bakıda olarkən əsərimi düzgün qiymətləndirməmişdim. Burada isə anladım ki, bu işim gələcəkdə çox böyük işlər görəcək" (Üzeyir Hacıbəyovun dostu, aktyor Hüseynqulu Sarabskiyə məktubundan, 30 iyul 1913-cü il).
Üzeyir bəy bu məktubu 2013-cü il iyulun 30-da yazarkən, düz 1 il sonra Birinci Dünya müharibəsinin başlanacağını, 2014-cü ilin iyulunda xanımı Məleykə ilə Bakıya qayıtmalı olacağını bilmirdi. Amma bəstəkarın əsərinin gələcəkdə çox işlər görəcəyinə olan inamı doğruldu. Operetta qısa dövrdə bütün dünyada sevilməyə başlandı. Bakıda o, ilk dəfə 1918-ci ildə Zeynalabdin Tağıyevin Teatrında nümayiş olunub. "Səhnyə çıxan" operetta bir anda tamaşaçıların qəlbini fəth edib. Rusiyada, Gürcüstanda, Türkiyədə, Polşada, Amerikada.
"Nyu-York qəzetlərindən biri yazır ki, Amerikada "Arşın mal alan" operettası səhnələşdirilib. Həmvətənimiz Üzeyir Hacıbəyovun bu möhtəşəm operettası Amerika tamaşaçılarının qəlbini də fəth etdi…". ("Molla Nəsrəddin" jurnalı, 16 fevral 1917-ci il). …"Arşın mal alan", hətta Amerika səhnələrində böyük uğur qazanıb. Fəxrlə deyə bilərik ki, biz bütün islam dünyasında ilk opera və operettanın müəllifiyik…". (Yusif bəy Vəzirova, 15 sentyabr 1918-ci il, "Millət" qəzeti).
Bu, maraqlıdır
2004-cü ildə "Arşın mal alan"ın yeni versiyası Y.Vaxtanqov adına Dövlət Teatrı yanında Şukin adına Ali Teatr Məktəbinin səhnəsində təqdim olunub. 2007-ci ildə operetta Vyanada səhnələşdirilib. 2013-cü ildə onun yaradılmasının 100 illiyi münasibətilə Rusiyanın bir çox peşəkar kollektivləri və tədris ocaqları Üzeyir bəyin yaradıcılığına müraciət edib və bununla da əsərin ölməzliyini bir daha təsdiqləyiblər.
Bəstəkarın yaradıcılığında Qərb və Şərq musiqi üslubları bir araya gətirilib; Azərbaycan xalq mahnısının motivləri bəstəkar tərəfindən Avropa klassikasının ənənələrinə uyğunlaşdırılıb. Beləliklə, musiqişünasların da dedikləri kimi, Üzeyir Hacıbəyov vokal musiqisinin yeni janrının əsasını qoyub.
MƏSLƏHƏT GÖR: