24 Noyabr 2024

Bazar, 08:12

YENƏ DÜNYANIN SONU

Bəşəriyyət növbəti Apokalipsisə yaxınlaşır?

Müəllif:

29.04.2014

İnsanlar dünyanın sonunun və Qiyamət gününün yaxınlaşmasına dair son ehtimalların əsassızlığına əmin olsalar da (2012-ci il dekabrın 21-i versiyasından sonra), Apokalipsis haqqında fikirlər yenidən Yer sakinlərinin beynində dolaşmağa başlayıb. Bu dəfə əsas kimi, bəzi dini öncəgörmələr götürülür. Həmin öncəgörmələrdə dünyanın sonunun o qədər də uzaqda olmadığı bildirilir. İnsanların aprelin 15-nə keçən gecə müşahidə etdikləri Ay tutulması sanki həmin proqnozların təsdiqi olub.

 

«Sıx təmas»

Qeyd etmək lazımdır ki, bu, nadir kosmik hadisə idi. Həmin gecə Marsla Yer bir-birinə maksimum həddə yaxınlaşmışdı. Astronomların hesablamalarına görə, o anda bir-birinə ən yaxın bu 2 planet arasında məsafə 92 milyon kilometr imiş. Nəticədə, aprelin 15-nə keçən gecə insanlar tam Ay tutulmasını müşahidə etdilər. O anda Ay Marsın qırmızı rənginə boyanmışdı. Xristianlar Ayın məhz bu cür al-qırpmızı rəngə boyanaraq tutulmasını Apokalipsisin yaxınlaşmasını göstərən məqam sayırlar. Ekspertlərin sözlərinə görə, nə vaxt ki səmada ardarda 4 qan-qırmızı rəngli Ay peyda olur, demək, əhəmiyyətli hadisələr yaşanacaq. NASA-nın məlumatında belə halın son 500 ildə cəmi 3 dəfə baş verdiyi bildirilir.

NASA nümayəndəsinin sözlərinə görə, «Bu, 2014-cü ilin ilk Ay tutulmasıdır və onu Qərb yarımkürəsinin sakinləri müşahidə edə biliblər». O, 2014-2015-ci illərdə ardıcıl şəkildə baş verəcək 4 Ay tutulmasından birincisidir.

Bibliyada deyilir ki, belə hallar İsa Peyğəmbərin ikinci müjdəçisi ola bilər. “Peyğəmbər İoilin kitabı”nda (2:31) deyilir: «Qorxunc gündən əvvəl Günəş zülmətə, Ay isə qana dönəcək». Elmi nöqteyi-nəzərindən isə bu, Marsla Yerin bir-birinə maksimum yaxınlaşması ilə izah olunur. Kosmos tədqiqatçıları bu hadisəni «Marsın müxalifliyi» adlandırırlar. Çünki Yerlə yaxınlaşma zamanı Qırmızı planet və Günəş səmanın tam əks tərəflərində yerləşirlər - Mars şərqdə, Günəş isə qərbdə. Alimlər bu vəziyyətin ildə 2 dəfə baş verdiyini bildirirlər: Yerin 1 təqvim ili 365 gün, Marsınkı isə 687 gündür. Qırmızı planet Günəş ətrafında bir tam dövrəni başa vurduqda onun vəziyyəti Yerin durumu ilə üst-üstə düşür. Nəticədə, bu 3 göy cismi 1 xətt üzrə düzülür. Buna görə də gecəyarı Mars peyda olanda, onun işartısı ulduzların, o cümlədən Günəşin işartısından on dəfə parlaq olur.

 

Bu, dünyanın sonudurmu?

Amma insanların artıq neçənci dəfədir özlərinə ünvanladıqları sual bu kosmik hadisələrin dünyanın sonunun yaxınlaşmasından xəbər verib-verməməsidir. Cavab isə o qədər də dərində deyil. Məsələn, NASA nümayəndələri belə halın «son 500 ildə cəmi 3 dəfə baş verdiyini» söyləməyi unutmayıblar. Beləliklə, ortaya sual çıxır: 500 il əvvəl, eramızın 1514-cü ilində nə baş vermişdi? Çox şey baş verməsə də, hər halda, bəzi olaylar yaşanmışdı. Məsələn, 1514-cü ildə Fransanın konnetablı Şarl de Burbon olub, Vyurtemberqdə (Cənub-Qərbi Almaniya) «Yazıq Konrad» adlanan məxfi ittifaqın rəhbərliyi ilə kəndlilərin və şəhərlilərin qiyamı baş verib, rus qoşunları Smolenskə hücum edərək, 3 aylıq mühasirədən sonra şəhəri ələ keçiriblər, Çıldıran döyüşü olub, türklər Kürdüstanı və Şimali Mesopotomiyanı fəth ediblər, Sıçuanda qiyam yatırılıb. Necə deyərlər, insanlar öz həyatlarını yaşamaqda davam ediblər.

Bir az da geri getmək, daha 500 il əvvələ - 1014-cü ilə qayıtmaq olar. NASA əməkdaşları açıqlamalarında həmin dövr haqda heç nə demirlər. Amma fakt faktlığında qalır. Əgər bəşəriyyət indiyədək bu cür Ay tutulmalarını dəfələrlə və sağ-salamat keçibsə, bu gün səs-küy qaldırmağa, stəkanda fırtına yaratmağa ehtiyac varmı?

«Dünyanın sonu» haqqında nəzəriyyənin Yeri gözləyən qlobal hadisələr arasında ən geniş müzakirə olunan, liderliyini qoruyan məsələ olduğu məlumdur. Buna daim qızışan kütləvi isteriya da öz təsirini göstərir.

 

 İslama görə

Xristianlar artıq şam almağa, Apokalipsisə hazırlaşmağa başlayırlarsa, İslam dininin daşıyıcıları Qiyamət gününün nə zaman gələcəyini Allahdan başqa heç kəsin bilmədiyini deyirlər. Quranda dünyanın sonu haqda fikirlər var. Lakin onların «Günəşin zülmətə, Ayın qana çevriləcəyi»lə heç bir əlaqəsi yoxdur.

İlahiyyatçı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ilahiyyatçısı Anar Əlizadə «R+»a açıqlamasında deyib ki, müsəlmanların müqəddəs kitabında dünyanın sonu haqqında bu fikirlər yer alır: «Günəş saralacağı zaman, ulduzlar soluxub sönəcəyi zaman, dağlar hərəkətə gətiriləcəyi zaman, boğaz dəvələr başlı-başına qalacaqları zaman, vəhşi heyvanlar bir yerə toplanılacağı zaman, dənizlər alovlanacağı zaman, hər kəs (öz tayına) qovuşdurulacağı zaman, diri-diri (torpağa) basdırılmış qız (uşağı) hansı günaha görə öldürüldüyünü soruşacağı zaman, səhifələr açılacağı zaman, göy qopardılacağı zaman, cəhənnəm alovlandırılacağı zaman, Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman, hər kəs (bu gün üçün özünə) nə tədarük etdiyini biləcək» (Quran, 81:1-14). Quranın digər dini kitablarla müqayisəsi zamanı oxşarlıqların az olduğu üzə çıxır. Doğrudur, bütün dinlərə görə, dünyanın sonunun nə vaxt gələcəyini Allahdan başqa kimsə bilmir. «Qiyamət günündən əvvəl Antixrist (Dəccal) gələcək, amma Messiya ona qalib gələcək, İsa Peyğəmbərin ikinci gəlişi baş verəcək, qoq və maqoq tayfaları digər xalqlarla döyüşəcəklər, təbii kataklizmlər başlayacaq, Günəş qərbdən çıxacaq», - deyə A. Əlizadə bildirir. Dünyanın sonu haqqında bir çox dinlərdə yazılıb. Ona Kabalada da rast gəlinir. Maraqlıdır ki, dünyanın sonu və insanlığın fiziki məhvinin əlamətlərini hər kəs öz zəmanəsinə aid edə bilər. Sanki biz bizim zəmanənin ən son olduğunu dəqiq bilirik.


MƏSLƏHƏT GÖR:

807