
AVROPANIN ÖNÜNDƏ
Avropa Şurası Nazirlər Komitəsinin sədri postunda Azərbaycanın prioritetləri hansıdır?
Müəllif: Fuad HÜSEYNZADƏ Bakı
Azərbaycan daha bir nüfuzlu beynəlxalq təşkilata rəhbərliyə başlayıb - bu ilin mayından o, Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlayacaq.
Ötən həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin yeni rəhbəri Draqan Filippoviçi qəbul edib. Görüşdə ölkənin AŞ Nazirlər Komitəsinə sədrliyi əsas müzakirə mövzusu olub. Tərəflər həmin dövrdə həyata keçirilməsi planlaşdırılan tədbirlər haqda fikir mübadiləsi aparıblar.
Nazirlər Komitəsi Avropa Şurasına üzv ölkələrin xarici işlər nazirlərini və ya onların Strasburqdakı daimi nümayəndələrini özündə birləşdirən direktiv orqandır. Avropa Şurasının siyasətinin istiqamətlərini, büdcəsini və fəaliyyət proqramını məhz o müəyyənləşdirir.
Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının ilk günündə keçirilən mətbuat konfransında qurumun sədri Ann Brasser bu sədrliyin istər Azərbaycan, istərsə də AŞ üçün əhəmiyyətini qeyd edib: "Eyni zamanda bu sədrlik Azərbaycan və bizim təşkilatımız üçün asan olmayacaq: aydınlıq gətirməli olduğumuz çox məsələlər var".
Brasser bildirib ki, o, assambleyada mövcud olan ənənəyə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevi ölkənin Nazirlər Komitəsinə sədrlik edəcəyi ilk iclasa dəvət edib. Komitənin yaxın yarım il üçün əsas fəaliyyət istiqamətlərinin AŞPA-nın iyunda keçiriləcək yay sessiyasında Azərbaycan prezidentinin dilindən açıqlanacağı gözlənilir.
Təbii ki, bu postda Azərbaycan üçün prioritet Avropa məkanındakı münaqişələrin həllinə yardım göstərilməsi olacaq. Çünki Azərbaycanın əsas problemi ölkənin beşdəbir hissəsinin hələ də işğal altında olmasıdır. Bakı Avropa Şurasını 13 il əvvəl üzv olarkən üzərinə götürdüyü əsas öhdəliklərdən birinə sadiqdir və bu problemin Ermənistanla danışıqlar yolu ilə həllinə çalışır. Bunun üçün ən effektiv vasitələrdən biri AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyətidir. Xatırladaq ki, bu komitə Azərbaycan tərəfinin israrı ilə yaradılıb. Amma Ermənistanın onun iclaslarında iştirak etmək istəməməsi komitənin fəaliyyətini dayandırıb. Yeri gəlmişkən, AŞPA-nın yeni sədri bu Alt Komitənin fəaliyyətini bərpa etmək niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu, Azərbaycan və Ermənistan nümayəndə heyətləri başçılarının görüşlərini davam etdirmək üçün vacibdir. Amma bu istəyin baş tutacağını əminliklə söyləmək olmaz. İrəvanın bu məsələ ilə bağlı mövqeyində, çətin ki, hər hansı dəyişiklik olsun.
Azərbaycan isə yeni imkanlardan Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olmaq üçün istifadə edə bilər. Ermənistanın öz istəyi olmasa, onu Alt Komitənin işinə qaytarmaq çətin olacaq (təəssüf ki, AŞ-də onu bu işə məcbur etmək mexanizmi yoxdur). Amma Nazirlər Komitəsinin sədri statusundan üzv dövlətlərin Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələri haqq?nda məlumatlandırılması işində istifadə etmək imkanları kifayət qədər realdır. Üstəlik, Azərbaycan Avropa Şurasında və onun assambleyasında bu istiqamətdə müəyyən sənədlər bazasının yaradılmasına nail olub. AŞPA dünyada nəinki Azərbaycan torpaqlarının işğalını pisləyən, həm də Ermənistanı açıq şəkildə işğalçı adlandıran ilk beynəlxalq qurumdur və bu, 2005-ci il yanvarın 25-də baş verib. Söhbət beynəlxalq səviyyədə qəbul edilmiş və Ermənistanın təcavüzünü özündə əks etdirən ilk sənəddən gedir. Orada Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, Dağlıq Qarabağda separatçı rejimin mövcudluğu əks olunur.
"Düşünürəm ki, Azərbaycanla Avropa Şurası arasında Brasserin rəhbərliyi dövründə əməkdaşlıq çox məhsuldar olacaq. Biz Ermənistanın Azərbaycana qarşı təcavüzü də daxil olmaqla, bir sıra məsələlərin müzakirəsində onun dəstəyinə arxalana bilərik", - deyə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov "R+" jurnalına açıqlamasında bildirib.
Azərbaycan üçün Nazirlər Komitəsinin sədri postunda digər prioritet fəaliyyət sahələləri dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi, dayanıqlı inkişafa və rifaha nail olunması, Avropa üçün aktual olan enerji təhlükəsizliyi problemidir.
Bununla yanaşı, Azərbaycan quruma sədrliyi dövründə fəaliyyətini Avropa çərçivəsi ilə məhdudlaşdırmaq niyyətində deyil. Ötən ilin sonunda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyada keçirilən Demokratik Forumda bildirib ki, Bakı Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcəyi dövrdə digər qitələri təmsil edən regional təşkilatlarla əməkdaşlığı da təşviq edəcək.
Əminliklə iddia etmək olar ki, artıq daha nüfuzlu beynəlxalq quruma - BMT Təhlükəsizlik Şurasına sədrlik etməklə bu sahədə təcrübə qazanmış Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinin rəhbəri postunda da özünü layiqincə göstərə biləcək.
Bununla yanaşı, Strasburqda hələ də Azərbaycanla bağlı yalan stereotiplər var. Onlar AŞPA-da yüksək fəallıq göstərən erməni lobbiçiləri tərəfindən formalaşdırılıb. Bununla əlaqədar olaraq, Bakının Nazirlər Komitəsinə sədrliyi dövründə müxtəlif miflərin, dezinformasiyaların ifşa olunması üçün səylər göstərəcəyi tamamilə gözləniləndir.
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyündən sonra Avropa Şurası Nazirlr Komitəsinə sədrlik Azərbaycan üçün beynəlxalq siyasətin vacib istiqamətlərində diplomatik fəallıq göstərməsi baxımından yaxşı imkan olacaq. Bu yarım ildə Azərbaycanın əldə etdiyi imkandan maksimum yararlanaraq xarici siyasi prioritetlərin reallaşdırılmasına, beynəlxalq arenada ölkənin mövqeyinin təsdiqinə çalışacağına şübhə yoxdur.
MƏSLƏHƏT GÖR: