
SU ÜZƏRİNDƏ ŞAHMAT QALASI
Baki daha bİr möhtəşəm qurğunun tİkİntİsİnə start verİr
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Şahmat sarayı, Aka-demiya... Azərbaycanın dənizdə ucaltmaq istədiyi bu möhtəşəm memarlıq qurğusunu hələlik müxtəlif cür adlandırırlar. Lakin necə adlanmasından asılı olmayaraq, qeyri-adi görünüşü sayəsində binanı dünyanın memarlıq inciləri ilə bir sıraya qoymaq mümkün olacaq. Prezident İlham Əliyevin imzaladığı "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişafı üzrə Dövlət Proqramı"na əsasən tikiləcək bu saray Dənizkənarı Milli Parkın yaxınlığında dənizin içinə doğru atılmış körpülər üzərində tikiləcək. Avstriyalı memarın hazırladığı layihənin bu il start götürəcəyi gözlənilir. Kompleksin 2015-ci ilə qədər inşa olunacağı planlaşdırılır.
Əgər tikinti işləri vaxtında başa çatsa, Şahmat Akademiyası 2015-ci ildə Dünya Kubokunun keçiriləcəyi məkan olacaq. FİDE-nin ən böyük yarışlarından sayılan Dünya Kubokunda 128 qrossmeyster iştirak edəcək. Adıçəkilən turnirə maraq həmişə böyük olub. Çünki mükafatçılar sırasına düşəcək şahmatçılar dünya çempionluğuna iddiaçıların mübarizəsinə vəsiqə qazanacaq.
Əslində, kompleksin şahmat akademiyası adlandırılması daha düzgündür. Çünki yeni arenada turnirlər və məşqlər üçün zallar, üzgüçülük hovuzu, kort, yeməkxana və s üçün hər cür şərait olacaq. Akademiyada şahmat dərsləri, seminarlar və çempionatların təşkil olunacağı artıq dəqiqləşib. Əsas məqsəd akademiyanın bu idman növünün Azərbaycanda inkişafına təkan olmasıdı. Azərbaycan Şahmat Federasiyasının da burada yerləşəcəyi gözlənilir.
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İllümjinov Bakıya son səfəri zamanı verdiyi müsahibədə ölkəmizdə idmanın bu növünün inkişaf etdiyini və inşa ediləcək akademiyanın yeni nəsil şahmatçıları üzə çıxaracağını qeyd edib.
FİDE rəhbərinin sözlərinə görə, Şahmat Akademiyası hazır olandan sonra, orada beynəlxalq turnirlər, konfranslar, eləcə də seminarlar təşkil etmək mümkün olacaq. İlyümjinov şahmat hakimləri üçün FİDE-nin beynəlxalq seminarlarının da məhz bu arenada keçiriləcəyini bildirib. Ədalət təmsilçiləri böyük yarışlarda təmsil olunmaq üçün imtahan verməli olacaq və həmin seçim mərhələləri Şahmat Akademiyasında baş tutacaq.
Şahmat Akademiyasının layihəsi ilə tanış olan FİDE rəhbəri Kirsan İlyümjinov binanın dünyanın gözəl tikililəri sırasında olacağını deyib. "Azərbaycanda şahmata olan diqqət həmişə məni çox sevindirib. Burada idmanın, xüsusilə də şahmatın inkişafı dövlət başçısı İlham Əliyevin nəzarətindədir. Cənab prezidentin Şahmat Akademiyasının dəniz kənarında tikilməsinə razılıq verməsi çox xoş məqamdır. Şahmat Akademiyasının inşası ölkədə böyük hadisə olacaq. FİDE həmin akademiyada hakimlər üçün beynəlxalq seminarlar təşkil etməyi planlaşdırır. Yeniyetmə şahmatçılar orada hazırlaşmaqla daha yüksək səviyyəyə çata biləcək"- İlümjinov deyib.
Federasiyanın vitse-prezidenti Mahir Məmmədov Şahmat Akademiyasının layihəsi barədə danışarkən kompleksin dünya standartlarına cavab verdiyini bildirib: "Artıq Şahmat Akademiyasının layihəsi təsdiqlənib. Bir müddət layihə ilə bağlı Gənclər və İdman Nazirliyi, Şahmat Federasiyası arasında müzakirələr aparıldı. Fikrimcə, Bakıdakı akademiya dünyanın ən gözəl binalarından biri olacaq. Mənzərəli məkanda tikiləcək binada ilk olaraq Dünya Kuboku uğrunda yarış keçirilməlidir. Əminəm ki, Şahmat Akademiyasının ölkəmizdə idman infrastrukturuna aid ən gözəl obyektlərdən olacağı dəqiqdir".
Qeyd edək ki, hazırda ölkəmizdə 70 şahmat məktəbi fəaliyyət göstərir. Orada 1802 müəllim 35 minə yaxın uşağa dərs keçir. 2012-ci ildən başlayaraq Təhsil Nazirliyi bir neçə məktəbdə pilot layihəsi kimi şahmat dərslərinin keçirilməsinə başlayıb.
MƏSLƏHƏT GÖR: