14 Mart 2025

Cümə, 20:57

“BUNDAN SONRA BELƏ OLMAYACAQ”

Cəmşİd Xeyrabadİ: “Dünya çempİonati və olİmpİadada yalniz qizil medal uğrunda yarişacağiq”

Müəllif:

01.02.2013

Ötən ay yunan-Roma güləşi üzrə Azərbaycan millisinin yeni baş məşqçisi məlum oldu. Salih Boranın istefasından sonra millinin sükanı iranlı mütəxəssis Cəmşid Xeyrabadiyə tapşırıldı. Ənənəyə uyğun olaraq Azərbaycan Güləş Federasiyası yeni məşqçini idmançılarla yanaşı jurnalistlərə də təqdim etdi. Media üçün kiçik açıqlama verən Xeyrabadi eksklüziv olaraq "R+"un bəzi əlavə başqa suallarını da cavablandırdı. 

Lakin müsahibəyə keçməzdən əvvəl qeyd edək ki, artıq yeni məşqçi yığmanın hazırlığında dəyişiklik edib. Əvvəllər güləşçilərimiz həftədə 3-4 məşq keçdiyi halda, Xeyrabadi günə 2 məşq təyin edib. İranlı mütəxəssis məşqlərin intensivliyi ilə yanaşı, idmançıların fiziki yükünü də artırıb. Güləşçilərin məşqini uzun müddət izlədiyimiz üçün ciddi dəyişikliklərin olduğunu əminliklə söyləmək olar. Bəs Cəmşid Xeyrabadinin özü bu barədə nə düşünür? 

- Deyəsən, məşq prosesində dəyişiklik etmisiniz? 

- Mənim məşqlərim həmişə belə olub. Hər məşqçinin öz proqramı var. Mənə dedilər ki, yunan-Roma güləşçiləri həftədə 3-4 dəfə məşq keçir. Amma bundan sonra belə olmayacaq. Artıq planı federasiyaya təqdim etmişəm, onlar istədiklərimi qəbul edib. Yığma hazırlıq dönəmində gündə 2 dəfə məşq keçəcək. 

- Sizə elə gəlmir ki, belə ağır məşqlərdən sonra idmançılar çox tez yorulacaq və yarışda lazımi gücü göstərə bilməyəcək? 

- Məşqlər ağır deyil. Sadəcə öyrəşmək lazımdır. İlk aylar idmançılar üçün çətin ola bilər. Amma sonradan öyrəşəcəklər. Dünya və Avropa çempionatında qələbə qazanmaq istəyiriksə, çətinliyə dözməliyik. Məşqdə əziyyət çəkən yarışda həyəcanlanmır. Məşqlər hər gün olsa da, proqram ayrıdır. Bir gün güləşən idmançılar səhərisi gün idman alətləriylə işləyəcək. Həftənin günlərindən biri yalnız üzgüçülük olacaq. Yəni məşqlər bir-birindən fərqlənəcək. 

- Əvvəllər həftədə 3-4 məşq olsa belə, yaxşı nəticələrimiz olub. Yəqin, xəbəriniz var?

- Azərbaycanda güləş həmişə güclü olub. Azərbaycan Güləş Federasiyası milli komandalara yüksək səviyyədə şərait yaradıb. Sizin yarışlarda böyük uğurlar qazandığınızı bilirəm. Mənim bu komandaya gəlişim nəticələri daha da yaxşılaşdırmaq istəyi ilə bağlıdır. İşlədiyim komandalarda həmişə yaxşı nəticə göstərməyə çalışmışam. Əlimdən gələni edəcəm ki, Azərbaycan komandası ən güclü olsun. Dünya çempionatları və olimpiadada yalnız qızıl medal uğrunda yarışacağıq. 

- Deyilənə görə, siz Bakıya 8 köməkçiylə gəlmisiniz? 

- Düzdür, amma onlar mənim köməkçim deyil. Sadəcə, biz yığmada məşqçilər korpusu kimi çalışacağıq. Onların arasında həkim də var, fiziki hazırlıq üzrə mütəxəssis də. Əgər böyük uğurlar qazanmaq istəyiriksə, peşəkar səviyyədə çalışmalıyıq.

- Hər halda, yığmada eyni vaxtda heç vaxt 8 məşqçi çalışmayıb...

- Buraya gələn mütəxəssislər Azərbaycan güləşinin inkişafı üçün çalışacaq. Bizə vaxt lazım olacağını indidən deməliyəm. Amma qısa zaman ərzində nəticələri görəcəksiniz. Mütəxəssislərə gəlincə, bütün dünyada belə olduğunu deməliyəm. Avropanın aparıcı komandaları arasında daha çox məşqçiylə işləyən də var. Elə komandalar var ki, 1-2 məşqçi yalnız rəqibləri analiz etməklə məşğuldur. 

- Yığmanın heyətində dəyişiklik gözlənilirmi?

- Qarşıdakı yarışlarda dəyişiklik etmək mümkün deyil. Vaxt azdır. Amma hamını yoxlayacağam ki, kimin nəyə qadir olduğunu öyrənim. Sonra yeni adların axtarışına başlayacağıq. Millidə rəqabəti artırmaq istəyirəm. Dəyişiklik olacaq, amma tez bir zamanda yox.

- Yunan-Roma güləşində həmişə legionerlər az olub. Əcnəbi güləşçi dəvət etməyi planlaşdırırsınızmı?

- Komandada yüngül çəkilərdə problem yoxdur. Amma ağır çəkilərə legionerlərin cəlb olunacağı gözlənilir. Bu barədə federasiyada söhbətimiz olub. Çox güclü idmançının dəvət olunması planlaşdırılır. İstəyirik, bütün çəkilərdə güclü pəhləvanlarımız mübarizə aparsın.

- İran güləşi dünyada ön sıralardadır. İran millisində işlədiyiniz proqramı bizim yığmada tətbiq etmək olarmı?

- İran güləşi dünyada ən güclülərdən biri, bəlkə də birincisidir. Bütün bunlar gərgin əməyin nəticəsidir. Orada lazım olanda idmançı saatlarla məşq edir. İran millisində Məmmədi Pənahın rəhbərliyi altında işləmişəm. İllərlə zəhmətdən sonra İran komandası böyük yarışların favoritinə çevrilib. Qazandığım təcrübə yığmanızda uğur qazanmağa imkan verir. İnşallah, yeni çempionlar yetişdirəndə idmançıları niyə belə yüklədiyimin səbəbini anlayarsınız.

- Siz komandayla tərcüməçiylə gəlmisiniz. Məşqçi yetirməsiylə ünsiyyət yarada bilməyəndə problem yaranır. Qorxmursunuz ki, tərcüməçiylə işiniz uğurlu alınmaz?

- Bütün dünyada məşqçilər bəzən tərcüməçiylə çalışır. Komandayla söhbətdə mənə məşqçi Cəfəri Nizafətdost köməklik edir. O tərcüməçidən əvvəl ilk növbədə məşqçidir. Bu işi dərindən bilir. Ona hər hansı termini izah etmək lazım deyil. Ona görə işin uğurlu olacağına inanıram. Ölkənizə dəvət etdiyim hər bir köməkçim öz sahəsində peşəkardır. Ünsiyyətlə bağlı heç bir problemdən söhbət ola bilməz.

- Azərbaycan komandasında uğur qazanacağınıza inam haradan qaynaqlanır?

- İlk olaraq özümə inanıram. İkincisi, federasiyanın yaratdığı şəraitlə yanaşı güləşçilər də məsuliyyət hiss edir. Biz komanda kimi çalışıb uğur əldə edəcəyik. Harada işləməyimdən asılı olmayaraq, daim qələbə üçün işləmişəm. Millinin gələcəyini yaxşı görürəm. Bizə siz - jurnalistlərin də köməyi lazımdır. Siz özünüz də idmanın bu növünün inkişafında yardımçı ola bilərsiniz. Medianın təsir qüvvəsi böyükdür. 


MƏSLƏHƏT GÖR:

404