Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Azərbaycan yüksək texnologiyalı informasiya iqtisadiyyatının inkişafı ilə postindustrial dövrün astanasındadır. Bu sahənin stimullaşdırılması məqsədi ilə ölkədə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb, gələcək IT-texnoparklarının effektiv fəaliyyəti üçün geniş vergi və gömrük güzəştlərinin təqdim edilməsi üzrə qərar qəbul edilib. Ölkədə rabitə sektorunun uğurları və IT-texnologiyalarn inkişafı üzrə ürəkaçan perspektivləri nəzərə alan Prezident İlham Əliyev 2013-cü ili İnformasiya Texnologiyaları ili elan edib.
Birmənalı lider
"Azərbaycan innovasiyalar və islahatlar yolunda inamla irəliləyir və getdikcə yüksək texnologiyalı çağdaş iqtisadiyyata malik güclü çağdaş dövlətə çevrilir. Bu istiqamətin aparıcı amili artıq çoxdan informasiya-kommunikasiya texnologiyaları seçilib. İKT sahəsinin inkişafında cari uğurları, postindustiral dövlətin formalaşmasında onun rolunu, həmçinin bu sahədə gözlənilən böyük ümidləri nəzərə alaraq 2013-cü ili informasiya-kommunikasiya texnologiyaları ili elan edirəm. Düşünürəm ki, bu il bizim ölkə bu sahədə daha böyük uğurlar qazanacaq", - deyə yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Bununla bağlı dövlət başçısı müvafiq sərəncamlar imzalayıb, Rabitə və İnformasiya Texnologiyaları (RİTN) ilə Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) birlikdə bir aylıq müddətə informasiya-kommunikasiya texnologiyaları sahəsində tədbirlər planı hazırlamağı tapşırıb.
Azərbaycan doğrudan da son səkkiz ildə rabitə və informasiya texnologiyaları sahəsində yaddaqalan uğurlar qazanıb. Belə ki, 2004-2012-ci illərdə milli İKT bazarı hər üç ildə, təxminən, iki dəfə artıb və cari ildə artım tempi 18% təşkil edib. Bu, dünya üzrə sözügedən sahənin orta artım templərindən 2,5 dəfə yüksəkdir!
Hələ 2008-ci ildə Azərbaycan postsovet məkanında ilk dəfə olaraq bütün yaşayış məntəqələrini telefonlaşdırıb, iki-üç il sonra isə ölkənin bütün ATS-lərini tam rəqəmsallaşdırıb və bu göstərici üzrə biz MDB üzrə lider mövqelərdəyik. Bununla yanaşı, ölkənin telefonlaşdırılması əvvəlki templərlə davam etdirilir. Cari il "yeni nəsil" texnologiyaların tətbiq edilməsi ilə şəbəkəyə əlavə olaraq 20 min nömrə də qoşulub, bunun üçün sahəyə $400 mln.-dan çox sərmayə yatırılıb.
Azərbaycan mobil rabitə sahəsində birmənalı şəkildə liderdir: bizim operatorlar hələ 2010-cu ildə MDB məkanında ilk dəfə olaraq ölkə ərazisinin yüzfaizlik əhatəsinə nail olublar. Mobil telefon istifadəçilərinin sayına görə də ilk yerlərdən birini tuturuq - bu gün hər yüz vətəndaşa 110 mobil qurğu düşür. Cari ildə Azərbaycan həm də dördüncü nəsil mobil rabitə texnologiyası 4G-nin tətbiqi üzrə Avropada doqquzuncu yeri tutub.
Son üç ildə bizim ölkə internet bazarının artımı göstəricisinə görə MDB-də lider mövqeyə çıxıb: 2012-ci ildə bu göstərici üzrə yerli bazar 65%-dən 70%-ə qədər artıb, şəbəkə tarifinin yetərincə ucuzlaşması da öz yerindədir. "Belə ki, keçən il trafikin həcmi 2,2 dəfə artıb, qiymətlər isə 35%-yə qədər azalıb. Bu gün Azərbaycanda 1 meqabit/saniyəninin qiyməti istifadəçilər üçün orta maaş göstəricisinin 3%-dən aşağıdır. Müqayisə üçün bildirək ki, inkişaf etməkdə olan ölkələrin çoxunda bu göstərici 20% ətrafında dəyişir", - deyə RİTN başçısı Əli Abbasov bildirir.
Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda liderlik etdiyi bəndlər siyahısı isə daha genişdir. Azərbaycan ilk olaraq televiziyanı rəqəmsal formata keçirib, həmçinin "vahid pəncərə" prinsipi ilə işləyən elektron hökumət portalının formalaşmasında liderdir. Qurumun səyləri ilə bölgədə ilk dəfə olaraq bir il yarım qabaq elektron imza sistemi tətbiq edilib və bu gün bu xidmət artıq altı mindən çox hüquqi və fiziki şəxs üçün əlçatandır.
Beləliklə, yaxın gələcəkdə Azərbaycanın İKT sektorunun uğurlarının ölkəni dünyanın qabaqcıl dövlətləri sırasına çıxaracağı barədə bütün ehtimallar göz qabağındadır. Belə ki, artıq bu ay Azərbaycanın ilk milli rabitə peyki kosmosa çıxarılacaq, sonrakı üç ildə isə orbital qrup daha iki peyk ilə zənginləşəcək. Şaxələnmiş kosmik servis və sənaye sistemi formalaşdırılacaq.
Azərbaycan bir sıra beynəlxalq layihələrdə - prokladke informasiya optik-lif magistralı EPEG, TASIM və rabitə sisteminin gələcək inkişafını nəzərdə tutan TAE layihələrində təşəbbüskar və aparıcı tərəfdaşdır. Bu il istisnasız olaraq ölkənin bütün regionlarında geniş zolaqlı İnternet xidmətlərinin göstərilməsi üçün yüksək sürətli rabitə xətti "fiber to home" layihəsinin gerçəkləşdirilməsinə start veriləcək. Düşünülür ki, bu layihənin gerçəkləşdirilməsi üçün Dövlət Neft Fondunun xətti üzrə 140 mln manat ayrılacaq və artıq üç ildən sonra Azərbaycanda geniş zolaqlı internetin inkişaf səviyyəsi dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çatacaq.
İKT sahəsinin istehsalat və infrastruktur istiqamətləinin inkişafı məqsədi ilə cari ildə dövlət başçısının bir sıra fərman və sərəncamları dərc olunub. Onların sırasında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkının yaradılması üzrə sərəncamlar da yer alır. Kiçik və orta innovasiya biznesinin inkişafı üzrə texnoparkların yaradılması RİTN tərəfindən yaxın onilliklərdə formalaşması prioritet olaraq qəbul edilən regional innovasiya zonalarının (RİZ) əsas tərkib hissələrindən olacaq. RİZ-in başqa komponentləri sırasına isə elektron avadanlıqların və proqram məhsullarının istehsalı və ixracatı üzrə regional baza, DATA mərkəzin yaradılması və ölkənin regional tranzit informasiya qovşağına çevrilməsi, formalaşmaqda olan informasiya cəmiyyəti üçün insan resurslarının hazırlanması və inkişaf etdirilməsi, həmçinin texnoparklarda ixtira edilmiş məhsulların iqtisadiyyatın müxtəlif sahələrində tətbiq edilməsi üzrə işlək mexanizmlərin və strukturların yaradılması daxildir.
IT-texnoparklarına investisiya cəlbi və innovasiya məhsulları ixracı həcmlərinin artırılması məqsədilə sənaye şəhərciklərinin fəaliyyəti üçün geniş vergi və gömrük güzəştləri haqqında qərar qəbul edilib. O cümlədən Vergi Məcəlləsinə bu il qüvvəyə minmiş düzəlişlər IT-texnoparkları idarə edən şirkətləri və operatorları gəlirlərinin sənaye şəhərciklərinin infrastrukturunun saxlanmasına və tikintiyə yönəldilmiş hissəsini mənfəət vergisindən azad edir. Onlar həm də yeddi il müddətinə əlavə dəyər vergisi (ƏDV) ödəməkdən də azad ediləcəklər. Həmçinin sənaye şəhərciklərinin hüquqi şəxslər və rezidentləri qeydiyyata düşdükləri andan yeddi il boyunca mənfəət vergisindən azad olunacaqlar. Fiziki şəxslərə isə gəlir vergisindən, əmlak və torpaq vergilərindən azad olmaq şamil ediləcək. RİTN-in hesablamalarına görə, sadalanan fiskal güzəştlər, həmçinin IT-texnoparkların İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu vasitəsilə güzəştli kreditləşdirilməsi İKT-sektorunun gəlirlərinin artımını 2020-ci ilə kimi $12 mlrd.-a qədər artırmağa imkan verir.
Azərbaycanda İKT sektorunun inkişafında yeni mərhələnin fərqləndirici cəhəti hansılardır? Ötən ildə sərmayə axınının, uyğun olaraq gəlirlərin də böyük bölümü əsasən rabitə (stasionar və mobil rabitə) sektorunun, az bölümü isə teleyayım və internet sahələrinin payına düşüb.
Birbaşa yerli
IT-istehsalı tamamilə dinamik templərlə artsa da, yenə də il ərzində İKT sektoru tərəfindən göstərilmiş xidmətlərin ümumi həcmində elə də önəmli paya malik olmayıb.
İndi isə RİTN-in planlarında aparıcı yeri istehsalat sektorunun inkişafı tutmalıdır ki, yaxın illərdə məhz o, yerli İKT bazarının lokomotivi ola bilsin. Özü də söhbət bir qayda olaraq, kompyuter texnikası və s. istehsalının genişləndirilməsindən getmir, daha çox öz intellektual məhsullarını fəal şəkildə qonşu ölkələrin bazarlarına yerləşdirən milli proqram həlli və şəbəkə infrastrukturu inteqratorları layihəçilərinə dəstək nəzərdə tutulur.
Bir sıra yerli və xarici ekspertlərin qiymətləndirməsinə görə, yaxın perspektivdə bizim ölkə kompyuterlərin və başqa rəqəmsal avadanlıqların yığılmasında, çətin ki, Hind-Çin və Cənub-Şərqi Asiya ölkələri ilə rəqabətə girə bilsin. Əksinə, yerli İKT sektoru üçün daha perspektivli və gəlirli ixrac istiqamətləri kimi proqram həllərinin layihəsi, həmçinin şəbəkə infrastrukturunun inteqrasiyası görünür.
Azərbaycanda e-government sisteminin formalaşdırılması üzrə irimiqyaslı layihələrin gerçəkləşdirilməsinin gedişində yerli kompyuter şirkətləri tərəfindən yığılmış təcrübə tutarlı rəqabət üstünlüyü - çoxsaylı proqram ixtiralarının və inteqrasiya sxemlərinin xaricə implementasiya imkanlarını təqdim edib. Məhz bu amil çox vaxt postsovet məkanı bazarında inamla tenderləri udmağa və subpodratçı mövqeləri tutmağa imkan yaradır.
Proqram təminatı sahəsində bariz nümunə kimi cari ilin əvvəllərinə Qırğızıstan hökuməti yanında Dövlət Qeydiyyat Xidmətinin kadastr və daşınmaz əmlak hüquqlarının qeydiyyatı departamenti üçün sənədlərin elektron arxivinin formalaşdırılmasını başa çatdıran "SINAM" şirkətinin fəaliyyəti göstərilə bilər. Şirkət, həmçinin onlayn-naviqatorun genişləndirilmiş versiyasını işləyib ki, buraya bizim ölkə ilə yanaşı, Gürcüstanın da geniş miqyaslı elektron xəritəsi daxil edilib.
2010-cu ilin sonunda "R.I.S.K." şirkəti Moldovanın "MoldATSA" dövlət müəssisəsi üçün "Randa" və "Omega" aeronaviqasiya sistemlərini işə salıb. Diqqətəlayiqdir ki, Moldova dünya üzrə "R.I.S.K." şirkətinin həlli ilə aeronaviqasiya sistemini işə saldığı doqquzuncu ölkədir. Daha öncə bu işlənmə uğurla Qazaxstan, Belarus, Latviya, Estoniya, Tailand, Braziliya, Dominikan Respublikası və əlbəttə ki, Azərbaycanda uğurla sınaqdan keçirilib.
Başqa bir misal kimi, 2011-ci ilin iyun ayında Azərbaycanın IT şirkəti "Matrix"in "SINAM"la tərəfdaşlıqda Türkmənistanın neft şirkətləri ilə naviqasiya trekinq sistemlərinin təchizatı üzrə saziş bağlamasını göstərmək olar.
Azərbaycan proqram təminatı biznesinin daha bir uğuru isə bizim "SayberNet" şirkətinin Tacikistanın vergi sisteminin avtomatlaşdırılması üzrə keçirilən tenderdə qalib gəlməsi olub.
Sadalanan nümunələr Azərbaycanın ölkə üçün e-government sistemlərinin formalaşdırılması zamanı yığdıqları təcrübəni və yaratdıqları fərdi proqram işləmələrini Azərbaycandan kənarda istifadə etməyə qadir IT şirkətlərinin beynəlxalq səviyyəsini bir daha təsdiq edir. Uyğun olaraq, yerli proqram təminatı şirkətlərinin potensialının formalaşmaqda olan IT-texnoparklarında gerçəkləşdirilməsi ölkəyə inkişaf etmiş dövlətlərlə müşahidə olan "rəqəmsal fərqi" qısa müddətdə aradan qaldırmaqda yardımçı ola bilər.
"Bütünlükdə, "Azərbaycan - 2020: gələcəyə baxış" inkişaf konsepsiyasına görə, İKT sektorunun illik artım templərinin 18-20% səviyyəsində saxlanılması üçün maksimum səy göstəriləcək və bunun hesabına qarşıdan gələn səkkiz il ərzində sektorun gəlirlərini ən azı $8-9 mlrd səviyyəsinə qaldırmaq mümkün olacaq", - deyə RİTN başçısı Əli Abbasov qurumun uzun müddətli öhdəliklərini səciyyələndirib.
Onun sözlərinə görə, bu düşünülənlərin gerçəkləşdirilməsi əsasən rəqabət mühitinin yaxşılaşdırılması, IT sektoru üçün fiskal və monetar güzəştlərin tətbiqi, ixrac potensialının artırılması, regional İKT-infrastrukturunun formalaşdırılması, yüksək texnologiyalı məhsullar istehsalına istiqamətlənmiş innovativ sahibkarlığın inkişafı və əlbəttə, savadlı kadr potensialının formalaşdırılması məqsədi ilə elmin və təhsilin inkişafı hesabına nəzərdə tutulur.
MƏSLƏHƏT GÖR: