25 Noyabr 2024

Bazar ertəsi, 12:36

DAVOS BAKIYA GƏLİR

Azərbaycan dünyanin ən nüfuzlu İqtİsadİ forumuna ev sahİblİyİ edəcək

Müəllif:

01.02.2013

"Məmnunluq", "islahatlar", "ehtiyatlı optimizm". Britaniyanın "Guardian" qəzetinin yazdığına görə, bu üç söz yaxın günlərdə Davosda keçirilmiş Dünya İqtisadi Forumunda ən çox işlənən sözlər sırasında olub. Britaniya qəzetinin jurnalistləri diqqəti ona yönəldiblər ki, forum iştirakçılarının böyük əksəriyyəti  dünyadakı iqtisadi durumun sabitləşməsindən məmnunluq bildirib, amma bununla yanaşı, əldə edilənlərlə kifayətlənməməyə və islahatları davam etdirməyə çağırıblar. Bir sözlə, hər bir kəs qlobal iqtisadayyatın böhrandan çıxması ilə bağlı ehtiyatlı optimizm nümayiş etdiriblər. 

Oxşar mövqeləri Azərbaycan Prezidenti İlham Əliyevin Davos görüşlərində də müşahidə etmək olar. Amma bir fərqlə. Azərbaycanın özü ilə əməkdaşlıq barədə söhbət düşəndə ehtiyatlı optimizm, inamlı optimizm ilə əvəz olunurdu. 

 

Əlverişli meydança 

Bəlkə də elə bununla bağlıdır ki, bu ilin aprel ayında Dünya İqtisadi Forumunu Bakıda keçirmək qərara alınıb.  Bu barədə razılaşma Azərbaycan Prezidenti ilə Davos Forumunun banisi və icraçı direktoru Klaus Şvabın görüşü zamanı əldə edilib. Şvab ümid etdiyini bildirib ki, Bakıda keçiriləcək Dünya İqtisadi Forumu Cənubi Qafqaz və Orta Asiya regionlarında əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfə verəcək. 

Görüşdə qeyd edilib ki, son illərdə Azərbaycanla Davos Dünya İqtisadi Forumu arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Həmçinin forumun Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığa göstərdiyi müsbət təsiri də qeyd olunub. 

Bütünlükdə, İsveçrənin Davos şəhərində baş tutmuş sayca 43-cü Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyev  ölkənin yaxın illərdəki prioritetlərini əks etdirən  bir sıra görüşlər keçirib. 

Qeyd edək ki, bu il dünyanın ən nüfuzlu iqtisadi meydançasına 100-dən çox ölkədən üç mindən artıq nümayəndə gəlmişdi ki, onların sırasında da 50-yə yaxın ölkənin prezidentləri və hökumət başçıları yer alırıdı. İndiki forum "Çevik dinamizm" devizi altında keçirilib ki, bu da sammitin leytmotivi ilə bağlıdır: avrozonanın xilas edilməsi və dünyada  iqtisadi  böhranın qarşısının alınması. Eyni zamanda, forumda "ərəb baharı"nın nəticələrinə aid məsələlər, dünyanın müxtəlif bölgələrinin inkişaf perspektivləri, enerji təhlükəsizliyinin təmin edilməsi və s. də müzakirə ediləcək. 

Azərbaycan Davos Forumunda inkişaf etməkdə olan iqtisadiyyata və sosial infrastruktura malik, geniş sərmayə imkanları olan, borc yükünün girdabına girməyən, enerji resurslarının ixracatçısı olan bir ölkə kimi iştirak edir. Bakı forumda sabit və perspektivli mövqeyi olan azsaylı iştirakçılardan biridir. Bu il Prezident İlham Əliyev Azərbaycanın müxtəlif iqtisadiyyat sahələrinin sərmayə imkanları və əməkdaşlıq perspektiləri ilə dünyanın siyasi və iqtisadi  elitasını tanış etmək üçün  bu meydançadan maksimum yararlanıb. 

 

Prioritetlər 

CNN telekanalına müsahibəsində Azərbaycan Prezidenti bildirib ki, Dünya İqtisadi Forumu ölkənin lazımınca təqdim edilməsi, sərmayələrin cəlbi, yeni iqtisadi tərədaşlar ilə əməkdaşlıq qurmaq baxımından ən əlverişli məkandır. 

Dövlət başçısı, həmçinin dünyanın "bp" kimi nüfuzlu enerji oyunçusu ilə münasibətlərə də aydınlıq gətirib. İ.Əliyev bildirib ki, Azərbaycanla "bp" arasındakı dostluq, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri, demək olar ki, 20 illik tarixə malikdir və "bizim münasibətlər ən azı daha 20 il də davam edəcək". O vurğulayıb ki, bu Britaniya neft nəhəngi tərəfindən gerçəkləşdirilən layihələr gələcəyə ünvanlanıb və Britaniya şirkətinin başqa tərəfdaşları ilə, o cümlədən "Rosneft"lə münasibətləri Bakıda narahatlıq doğurmur. 

Yeri gəlmişkən, "bp" ilə münasibətlər Azərbaycan Prezidentinin birbaşa bu şirkətin sədri Karl-Henrik Svanberq ilə də görüşündə müzakirə edilib. Tərəflər "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" və Transanadolu qaz kəməri (TANAP)  layihələri çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi ediblər və İlham Əliyev ümid etdiyini bildirib ki, bu əlaqələr gələcəkdə də genişlənəcək. 

"Total"ın rəhbəri Kristof de Marjeri ilə görüşdə dövlət başçısı, həmçinin bu şirkətlə də Azərbaycanın çoxillik əməkdaşlığı barədə məmnunluq ifadə edib. "Total"la ikitərəfli əməkdaşlıq Azərbaycan-Fransa iqtisadi münasibətlərinin inkişafına öz töhfəsini verir.

Bununla yanaşı, həm ayrı-ayrı danışıqlarda, həm də CNN-ə müsahibəsində İlham Əliyev Azərbaycan iqtisadiyyatının daha da şaxələndirilməsində, ölkənin neftdənkənar bölməsinə, xüsusilə də yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları və xidmət sahələrinə sərmayə cəlbində maraqlı olduğunu vurğulayıb.  

Nəzərdə tutulan bu məqsədlərə uyğun olaraq, dövlət başçısı Davosda "Microsoft International" şirkətinin  prezidenti Jan-Filipp Kurtua ilə də görüşüb. İnformasiya agentliklərinin məlumatına görə, görüşdə Azərbaycanda "Elektron hökumət" layihəsinin gerçəkləşdirilməsi istiqamətində bu şirkət tərəfindən təklif edilən xidmətlərin önəmi vurğulanıb. Həmçinin "Microsoft International" ilə Azərbaycan arasında gələcəkdə Bakıda şirkətin informasiya mərkəzinin yaradılması üzrə strateji əməkdaşlıq haqqında saziş bağlanmasının perspektivləri də müzakirə edilib. 

"Thales Alenia Space" şirkətinin prezidenti Jan-Lyo Qalleye ilə görüşdə isə dövlət başçısı Azərbaycanın ikinci telekommunikasiya peykinin orbitə buraxılmasına aid məsələləri müzakirə edib. 

"Booz&SO" şirkətinin baş icraçı direktoru Çezare Maynardi ilə danışıqların mövzusu Azərbaycanda informasaya-kommunikasiya texnologiyalarının inkişafı məsələləri olub. 

Dünyanın iri telekommunikasiya şirkətlərinin rəhbərləri ilə mütəmadi fikir mübadiləsi bu sahənin Azərbaycan üçün prioritet olmasının göstəricisidir. Prezident İ.Əliyevin Davosdakı görüşləri isə onun elan etdiyi İnformasiya-Kommunkasiya Texnologiyaları ili baxımından xüsusilə aktualdır. 

Davosda Azərbaycan Prezidentinin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rəhbəri Suma Çakrabarti ilə görüşü isə investisiyalar cəlbi baxımından xüsusilə önəmlidir. 

AYİB Azərbaycanı ən etibarlı və perspektivli tərəfdaşlardan sayır. Azərbaycanla AYİB arasındakı çoxillik məhsuldar əməkdaşlıq qeyd edilib, informasaya-kommunikasiya texnologiyaları, sənaye, kənd təsərrüfatı, turizm, energetika və iqtisadiyyatın başqa sahələrində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.  Yeri gəlmişkən, AYİB prezidenti bildirib ki, Azərbaycana səfər etmək niyyətindədir. 

Qeyd edək ki, hələ 2009-cu ildə qlobal maliyyə böhranının ilk vaxtlarında Kiyevdə keçirilən forumda AYİB-in ekspertləri bildirmişdilər ki, Azərbaycan böhranı maksimum az itkilərlə yola verəcək bir neçə ölkədən biridir. AYİB-in tədqiqatlarında Azərbaycan iqtisadi perspektivlər baxımından, bir qayda olaraq, həmişə yüksək qiymət alır. 

Davosda Azərbaycan Prezidenti ilə Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktoru Cin-En Kay,  "Holcim Group" şirkətinin rəhbəri Bernar Fontan, həmçinin tanınmış konsaltinq şirkəti "McKinsey&Sompany"nin prezidenti Dominik Barton  arasında keçirilmiş görüşlər də bundan sonrakı investisiya cəlbi və Azərbaycanda gerçəkləşdirilən layihələrdə iştirak məsələlərinə həsr edilmişdi.    

Davos sammiti çərçivəsində İlham Əliyev İsveçrə Konfederasiyasının rəhbəri  Uli Maurer ilə də görüşüb, İsrail prezidenti Şimon Pereslə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, həmçinin Türkiyə xarici işlər naziri Əhməd Davudlğlu ilə TANAP layihəsinin gerçəkləşdirilməsindən danışıb. Prezident, həmçinin müxtəlif sessiyalarda çıxış edib, sammitdə iştirakından Azərbaycanın uğurlarının nümayiş etdirilməsi, iqtisadi potensialının, sərmayə  imkanlarının təqdim edilməsi üçün məhsuldar istifadə olunub. 

Prezident İlham Əliyevin Davos Forumu çərçivəsində görüşlərinin ənənəvi dolğun qrafiki öz-özlüyündə aparıcı dünya şirkətlərinin, iri ölkələrin və beynəlxalq təşkilatların Azərbaycana və onun iqtisadiyyatına böyük marağından xəbər verir. Forumun 43-cü sessiyası da istisna olmayıb. Bundan başqa, həm də Azərbaycan dünya iqtisadiyyatının problemlərinin müzakirə meydançası kimi seçilib. 



MƏSLƏHƏT GÖR:

384