Müəllif: Sənan ŞƏFİZADƏ Bakı-Şəmkir-Bakı
Azərbaycan dünyaya yeni şahmat mərkəzi təqdim edib - Şəmkir şəhəri. Azərbaycanın bu səfalı guşəsində 10 gün ərzində keçirilən "Shamkir Chess-2014" turniri dünya mediasının diqqətini cəlb edib, ilk növbədə, dünya çempionu, dünya reytinqinin lideri Maqnus Karlsenin iştirak etdiyi üçün. Yarışın mötəbərliyini artıran daha bir məqam turnirinin vaxtsız vəfat edən şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmasıdır.
Hadisələri qabaqlayaraq qeyd edək ki, 10 günlük mübarizənin yekununda gözlənilən baş verdi. Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess-2014" turniri norveçli dünya çempionu Maqnus Karlsenin qələbəsiylə başa çatdı. Azərbaycan şahmatçıları Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov isə mükafatçılar sırasında olmadırlar.
Azərbaycan idman tarixində ən böyük şahmat yarışını qəbul edən Şəmkir nüfuzlu turniri yüksək səviyyədə keçirməklə rəğbət qazandı. Təsadüfi deyil ki, yarışın sonunda iştirakçılar "Shamkir Chess-2014"ü nüfuzlu Veyk-An-Zee və Linares turniriylə müqayisə etdilər. Buna həm yüksək səviyyədə təşkilatçılıq, yuxarıda sadalananlardan başqa Sergey Karyakin, Hikaru Nakamura, Fabiano Karuanu kimi nüfuzlu qrossmeysterlərin iştirakı imkan verir.
Yarışın yüksək səviyyədə keçirildiyini Rusiya Federasiyası Dumasının deputatı, dəfələrlə dünya çempionu olan Anatoli Karpov da göndərdiyi məktubda qeyd edib.
"Shamkir Chess - 2014" turnirində iştirak edənlər mərhum Vüqar Həşimovu şəxsən tanıyan, ona qarşı vaxtilə mübarizə aparan şahmatçılar oldu. Turnirin özəlliyi odur ki, yüksək təşkilatçılıqla yanaşı, böyük rəqabət də izlənildi. Həm "A", həm "B" turnirində ən güclü şahmatçılar mübarizə apardı. "A" turniri 22, "B" yarışı isə 17-ci kateqoriyaya aid oldu.
"A" turnirindəki mübarizəyə gəldikdə, burada, şübhəsiz, favorit Maqnus Karlsen oldu. İlk gündən iddialı açıqlamalarıyla diqqəti cəlb edən şahmatçı ilk dövrənin sonunda ardıcıl 2 görüşdə məğlubiyyətə üzüldü. Şəmkir turniri Maqnus Karlsenin dünya çempionu olandan sonra iştirak etdiyi ilk yüksək kateqoriyalı turnir idi. Şahmat tacının sahibi dünya çempionu olandan sonra ilk dəfə, məhz, Şəmkirdə məğlub oldu. Əvvəlcə Fabiano Karuana, sonra Azərbaycan şahmatçısı Teymur Rəcəbova qarşı partiyalarda norveçli ümidləri doğrultmadı. Həm Karuana, həm Rəcəbov Maqnusu yaxşı təhlil etməklə uğur qazandı. 4-cü turda Karuana debütdən Karlsenə qarşı aqressiv oyunla seçildi. Sona qədər geri çəkilməyən İtaliya şahmatçısı 6 saatlıq mübarizənin sonunda qələbəyə sevindi. Maqnusa ikinci zərbəni Teymur Rəcəbov vurdu. Karlsenlə partiyada qədim hind müdafiəsini seçən Rəcəbov rəqibin bütün gedişlərini düz müəyyənləşdirdi. Məhz, bu səbəbdən, 5-ci tur Karlsenin məğlubiyyəti, Rəcəbovun qələbəsiylə yadda qaldı. Oğlunun məğlubiyyəti ata Karlsenə - Henrikə də təsirsiz ötüşmədi. Mətbuat mərkəzində özünə yer tapa bilməyən Maqnusun atası ardıcıl iki məğlubiyyətin Maqnusa böyük zərbə olduğunu etiraf etdi. Sözsüz ki, çempionun əzmkar xarakterini qeyd etməliyik. İstirahət günündən sonra Maqnus Karlsen yenidən öz oyununu göstərməyə başladı. 10-cu turda bir-birinə qarşı mübarizə aparacaq Maqnus Karlsenlə İtaliya şahmatçısı Fabiano Karuananın xalı son tur ərəfəsində bərabər idi. Əlavə göstəricilərə görə Karlsen, hətta heç-heçə olacağı təqdirdə, Şəmkir turnirini 1-ci yerdə başa vuracaqdı. Amma norveçli, məhz, qələbəyə oynamaqla Şəmkirdə əsas rəqibindən güclü olduğunu sübut etdi. Yekunda 1-ci yerin sahibi Maqnus Karlsen kubokla yanaşı, 30 min avroya da sahib çıxdı.
Digər şahmatçıların çıxışına gəldikdə İtaliya təmsilçisi Fabiano Karuananı qeyd etmək lazımdır. 22 yaşlı gənc dünyanın aparıcı şahmatçılarını üstələməklə yeni çempionluq mövsümünə iddialı olduğunu sübut etdi. Mütəxəssislər indidən Karuananın Karlsenə əsas rəqib olacağını proqnozlaşdırırlar. Mürəkkəb oyun üslubuyla fərqlənən Karuana ağıllı taktika seçimiylə diqqəti cəlb edir.
Azərbaycan şahmatçılarına gəldikdə Teymur Rəcəbovun turnirdə yalnız 1 qələbə qazanması qeyd olunmalıdır. 5-ci turda təmsilçimiz dünya çempionu Maqnus Karlseni məğlub etməklə sensasiyaya səbəb oldu. 6 ay şahmatdan uzaq düşən Rəcəbovun debüt seçimində dəyişiklik hiss olundu. Son aylar ciddi hazırlaşan Teymurun Şəmkir turnirində yaxşı formada olduğu göründü. Şəhriyar Məmmədyarov haqda isə bunu demək olmaz. Onun oyununda müsbət mənada yalnız 5-ci turda Fabiano Karuana üzərində qələbəsini vurğulamaq mümkündür. Şəmkir turnirində 1 görüşdə qələbə qazanan, 4 partiyanı heç-heçə oynayan Məmmədyarov 5 dəfə məğlub oldu. Reytinqi 2700-dən yuxarı olan şahmatçının bir turnirdə 5 görüşdə məğlub olması sadəcə fiaskodur. Uğursuzluğa səbəb kimi daim üzərində çalışan Şəhriyarın ardıcıl 2 böyük turnirdə iştirak etməsidir. İddiaçılar turnirindən sonra Şəmkirdə mübarizəyə qoşulan Məmmədyarov istirahətə ehtiyacı olduğunu özü də etiraf edib.
"B" turnirində də ciddi rəqabət izlənildi. 9 turdan sonra burada ukraynalı Pavel Elyanov 1-ci yerə layiq görüldü. Ona kubokla yanaşı, 8 min avro mükafat verildi. Azərbaycan şahmatçılarından Qədir Hüseynovla Nicat Abasovun çıxışı təqdirəlayiq alındı. Hüseynov stabil oyunla seçildi. Turnirin ən gənc şahmatçısı Nicat Abasov isə güclü rəqiblərə başağrısı olmasıyla alqışa səbəb oldu. Karyerasının ən böyük turnirinə qatılan Nicatın üzərində çalışması daha böyük uğurlara imza atmağa kömək edə bilər. Rauf Məmmədov, Eltac Səfərli və Vasif Durarbəyli inamlı təsir bağışlamadı. Amma unutmaq olmaz ki, "B" turniri 17-ci kateqoriyaya aid idi. Ona görə məğlubiyyətləri uğursuzluq kimi qiymətləndirmək düzgün olmazdı.
Vüqar Həşimovun xatirə turniri Şəmkiri dünya şahmat şəhərləri sırasına daxil etdi. Artıq şahmat xəritəsində, Linares, Veyk-An-Zee ilə yanaşı "Shamkir Chess-2014" turniri də olacaq. Yarışın ənənəvi olub-olmayacağını deyə bilmərəm. Amma bizlərə şahmat bayramını yaşatdıqları üçün təşkilatçılara təşəkkür düşür. Sonda bir məqamı qeyd etmək istərdim: Vüqar Həşimov hər zaman Azərbaycanda belə mötəbər şahmat turnirinin keçirilməsini arzulayırdı. "Shamkir Chess - 2014" həm də Azərbaycanın fəxri olan Vüqarın arzusunu həyata keçirdi. İndi qalır həyata keçirilən arzunu yaşatmaq...
İLKİN MƏNBƏDƏN
"Əgər gələn il yenidən Şəmkir turnirindən dəvət gəlsə, böyük məmnuniyyətlə razılaşaram. Çıxışıma gəldikdə, nəticədən razıyam. İlk dövrənin sonunda bir qədər uğursuzluq oldu. Əsas odur ki, yarışı başladığım kimi başa vurdum. Ən vacibi sonda turniri 1-ci pillədə başa vurmağımdır. Bu günlərdə bizə yüksək qonaqpərvərlik göstərdiklərinə görə hər kəsə minnətdaram".
Maqnus KARLSEN, dünya çempionu, "Shamkir Chess-2014" turnirinin qalibi
"Vüqar Həşimovun xatirə yarışı Azərbaycanda şahmat üzrə keçirilən ilk superturnir oldu. Yüksək təşkilatçılığı qeyd etməyə bilmərəm. Karyeram ərzində gördüyüm ən yaxşı turnirlərdən biri oldu. Ən yaddaqalan məqam Karlsen üzərində qələbəm oldu. Ümid edirəm bu qələbəni çox xatırlamayacam. Çünki qarşıdakı turnirlərdə Karlsen üzərində yeni qələbələr qazanmaq istəyirəm".
Teymur RƏCƏBOV, Azərbaycan şahmatçısı
"Səmimi etiraf edim ki, dostum və komanda yoldaşım Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdə çıxış etmək çox çətin idi. Risk etməyimə səbəb Vüqara həsr olunan turniri qazanmaq istəyim idi. Vüqar bizi tərk etdi. Amma Azərbaycan şahmatçılarına daim arzuladıqları böyük turniri bəxş etdi. "Shamkir Chess-2014" bütün şahmat dünyasına töhfə oldu. Heç bir yarışda şahmatçılara belə yüksək diqqət göstərilməyib. Şahmat turnirlərinə görə biz Veyk-An-Zee və Linares şəhərlərini tanıyırıq. İndi Şəmkiri də bütün şahmat aləmi tanıyır".
Şəhriyar Məmmədyarov, Azərbaycan şahmatçısı
MƏSLƏHƏT GÖR: