Müəllif: Nadir XOSROVOĞLU Bakı
Azərbaycanda, təkcə, idman və idmançılar deyil, həm də yarışları işıqlandıran idman mediası diqqətdə saxlanılır. Buna görə də, mütəmadi olaraq mötəbər yarışlara ev sahibliyi edən ölkəmiz həm də əcnəbi jurnalistlərin toplaşdığı məkana çevrilir. Media ilə əlaqədar bir sıra konqres və ya konfrans təşkil edən Azərbaycan bu günlərdə Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının - AIPS-in 77-ci konqresinə ev sahibliyi etdi. Mötəbər mərasim 1924-cü ildən fəaliyyət göstərən qurumun 90 illik yubileyinə təsadüf edib. Paytaxtımızda təşkil olunan tədbirdə 180 ölkənin media nümayəndəsi təmsil olunub.
Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının - AIPS-in 77-ci konqresinin iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Dövlət başçısı Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının üzvlərini bu təşkilatın 90 illiyi münasibətilə təbrik edib. Qurumun 77-ci konqresinin Azərbaycanda keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu deyən Prezident İlham Əliyev bunun ölkəmizi təqdim etmək imkanını artırdığını diqqətə çatdırıb.
22 illik müstəqillik dövründə Azərbaycanın böyük uğurlara imza atdığını deyən Prezident İlham Əliyev bu dövrdə ölkəmizdə idman və Olimpiya hərəkatı sahəsində də mühüm nailiyyətlərin qazanıldığını bildirib.
"Biz Azərbaycanda çoxsaylı beynəlxalq yarışları, o cümlədən dünya və Avropa çempionatlarını təşkil etmişik. Bizim idmançılarımız beynəlxalq arenada yaxşı nəticələr əldə etmişlər. Yay Olimpiya Oyunlarında ilk dəfə 1996-cı ildə iştirak etmişik. O zaman yalnız 1 medal qazanmışdıq. Sonuncu dəfə Londonda keçirilən Olimpiya Oyunlarında isə 10 medal qazanmışıq, bunların da ikisi qızıl olmuşdur. 200-dən çox ölkə arasında 30-cu yeri tutmuşuq. Bu da idmanın inkişafının, dövlət və ictimai təşkilatların idmanın inkişafına göstərdiyi münasibətin təzahürüdür", - deyərək İ.Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, müstəqilliyin ilk illərində tamamilə məhv edilmiş idman infrastrukturunun inkişafına sərmayə yatırılır, 40-dan çox Olimpiya mərkəzi tikilmişdir və bu proses hələ də davam edir.
"Bildiyiniz kimi, gələn il biz ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyik. Bu, böyük məsuliyyət və vəzifədir. Eyni zamanda bu, həm ölkəmizi təqdim etmək, həm də müvafiq siyasət, öhdəlik, güclü siyasi iradə ilə siyasi xəritədə nisbətən yeni yaranmış ölkədə ilk Avropa Oyunlarının keçirilməsinin mümkün olduğunu nümayiş etdirmək üçün fürsətdir. Biz bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi planlaşdırırıq", - deyə İlham Əliyev bildirib.
Yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edən AIPS-in prezidenti Canni Merlo çıxışında qurumun 90-cı ildönümünün və 77-ci konqresinin Bakıda keçirilməsini böyük uğur adlandırdı. Dörd il əvvəl Bakıda olduğunu, burada gedən inkişafdan məmnun qaldığını deyən Canni Merlo rəhbərlik etdiyi təşkilatın idmanın inkişafı istiqamətində bir çox işlər gördüyünü, vacib sosial layihələr həyata keçirdiyini diqqətə çatdırdı. O, gələn il Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etdi.
"3,5 il öncə konqresin keçirilmə hüququ Azərbaycana verildikdə bilirdim ki, hər şey çox yaxşı təşkil ediləcək. Bu gün, həqiqətən, bunun şahidi olduq. Hamımız ölkənizin qonaqpərvərliyini bir daha gördük. Bu, gənc jurnalistlərin yetişməsi üçün də yaxşı olacaq", - C. Merlo qeyd edib.
O, Prezident İlham Əliyevə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının xüsusi xatirə hədiyyəsini təqdim etdi.
Gənclər və idman naziri Azad Rəhimov təşkilatın 90 illik yubileyinə təsadüf edən tədbirin iştirakçılarına ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsindən, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa, həmçinin digər yarışlarda qazandığı uğurlar barədə məlumat verib. O, bildirib ki, Azərbaycan gələn il tarixdə ilk dəfə baş tutacaq Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcək.
Tədbir zamanı “Bakı-2015”in də təqdimat mərasimi olub. Burada iştirakçılara yarışa hazırlıq barədə ətraflı məlumat verilib. 180 ölkənin media nümayəndəsi çalışdıqları TV, qəzet və saytda Avropa Oyunlarıyla bağlı məqalə dərc edib.
Konfrans zamanı Azərbaycanda təşkil olunacaq birinci Avropa Oyunlarının təqdimatı keçirildi və dünyada idman mediasının vəziyyəti ilə əlaqədar müzakirələr aparıldı. Maliyyə və digər komissiyaların hesabatları dinlənildikdən sonra İcraiyyə Komitəsinin tərkibi yenidən seçilib. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılov İcraiyyə Komitəsinə üzv seçilmişdir.
Bir sıra mühüm qərarlarla yadda qalan AIPS-in 77-ci konqresinin iştirakçıları Avropa Oyunlarında istifadə olunacaq idman qurğuları, olimpiya şəhərciyi ilə tanış olub. Qonaqlar, eyni zamanda inşası davam etdirilən Olimpiya stadionunun tikintisiylə də maraqlanıb. Mötəbər konqresdə təmsil olunan 180 ölkənin idman jurnalisti gələn il keçiriləcək Avropa Oyunlarında iştirak etməyə dəvət olunub.
MƏSLƏHƏT GÖR: