26 Dekabr 2024

Cümə axşamı, 17:13

İNCƏSƏNƏT ESTAFETİ

Azərbaycanlı bəstəkar, dirijor və publisist Əfrasiyab Bədəlbəylinin anadan olmasının 107-ci ildönümü tamam olub

Müəllif:

06.05.2014

XIX əsrin sonları, XX əsrin əvvəlləri bizə bir çox şəxsiyyətlər - milli teatr və operanın yaradıcılarını bəxş edib. Şübhəsiz ki, ilk opera müğənnisi Şövkət Ələkbərova, ilk operanın yaradıcısı Üzeyir Hacıbəyov, ilk peşəkar teatrın banisi Həsən bəy Zərdabi və digər mədəniyyət korifeyləri hər kəsə yaxşı tanışdır və onların xidmətləri danılmazdır. Amma estafeti ələ alaraq incəsənəti növbəti nəsillərə daşımış şəxslər də sadalanan insanlardan az diqqətə layiq deyillər.

 

Musiqi xəttilə

Əfrasiyab Bədəlbəylinin ailə və tərbiyə baxımdan bəxti gətirib. Onun atası tanınmış maarifçi Bədəlbəy Bədəlbəyli əslən Qarabağ zadəganlarından olub, bütün həyatını oxumaq imkanı olmayan adi insanlara təhsil almasına  həsr edib. Əfrasiyab uşaq yaşlarından dövrün ən görkəmli şəxslərinin əhatəsində olub. Onlardan biri də Əfrasiyabın yaxın qohumu Üzeyir Hacıbəyov idi. Bu, Bədəlbəylinin gələcək taleyini müəyyənləşdirən, onu musiqi ənənələrinin layiqli davamçısına çevirən amil oldu.

Bədəlbəyli nəhəng yaradıcılıq həyatına 1920-ci ildə "Sevil", "Siyavuş", "Fərhad və Şirin", "Hacı Qara" və digər pyeslərə musiqi müşayiəti yazmaqla başlayıb. Sonralar "Xalq qəzəbi", "Nizami", "Söyüdlər ağlamaz" operaları, "Qız qalası" başda olmaqla, bir neçə simfonik poema və balet meydana çıxdı. Bu, Azərbaycan tarixinin ilk baleti idi.

Ə.Bədəlbəyli yalnız Azərbaycanda deyil, bütünlükdə İttifaqda nəhəng tamaşaçı rəğbəti qazanıb. Baletdə gözəl Gülyanaq rolunu Leyla Vəkilova oynayırdı. Vəkilova onu kifayət qədər geniş repertuarı içərisində ən sevimli rolu adlandırırdı. O, bu rolda inanılmaz dərəcədə dərin dramatizm, dolğun hisslər ifadə edə bilirdi: həm Polşada olan məhəbbətini, həm ayrılığın verdiyi acını. Bu dramatik baletin kulminasiyası, əlbəttə ki, finalda Qız qalasındakı qısa, lakin emosional səhnəcik idi.

 

Bədəlbəyli və Hacıbəyov

Bədəlbəyli özündə sadəcə varisliyi hiss etmirdi, burada söhbət, güman ki, məsuliyyətdən gedirdi. Hacıbəyov hər zaman onun əsas müəllimi olaraq qaldı. O, dahi ustada çox əsər həsr edib. Bədəlbəylinin varis kimi məsuliyyəti onun bir  çox fikirlərində özünü göstərir. Məsələn, Bədəlbəyli 1965-ci ildə yazırdı: "Bir çox həmyaşıdlarım kimi, mən də Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyovun dövründə yaşamış, onunla çox söhbətləşmişəm. Məndə qəribə bir hiss var. Çünki nə vaxt ki "Azərbaycan musiqisinin klassiki" sözünü işlədirsən, adətən, təsəvvürə əynində uzun xalat, başında əmmamə olan mövlanə Səfiəddin Urməvi  və ya Hacı Abdul-Qadir Marağayi gəlir. Onların görkəmləri, məsələn, Nizaminin və ya Füzulinin heykəllərindən bizə tanış olan formada assosiasiya olunur - onlar, sanki, qeyri-adi, əlçatmaz, əzəmətlidirlər...".

Bəstəkar musiqiyə onun tarixi perspektivi nöqteyi-nəzərindən yanaşırdı. Söhbət banilərdən gedirsə, sənin rəssam fantaziyan isə tarixi süjetlərlə zəngindirsə, başqa cür ola da bilməzdi.

Bəstəkarın xatirələrində musiqi-mədəni varislik kontekstində musiqi nəsillərinin bir-birini dəyişməsi mövzusuna tez-tez rast gəlinir. Məsələn, o, avtobioqrafik oçerklərində 1925-ci ilin yayında Üzeyir Hacıbəyovun Gürcüstanın Semi adlanan kurort zonasındakı bağ evində qonaq qalmasından yazır. Bədəlbəylinin yazdığına görə, o zaman səhər yeməyindən sonra oraya toplaşanlar Hacıbəyovun harmoniya üzrə hazırladığı yeni vəzifələrin müzakirəsi üçün masa ətrafına yığışıblar. O, həmin dövrdə Hacıbəyovun harmoniya üzrə dərslik üzərində işlədiyini xatırlayır. Müslüm Maqomayev öz ailəsilə birlikdə Ü.Hacıbəyovun bağ evinin yaxınlığında yaşayırmış: "Qohumlar hər gün Üzeyir bəyin sevimli söyüd ağacının kölgəsinə yığışaraq Azərbaycan musiqisinin inkişaf yollarına, ümumilikdə opera sənətinə dair qızğın müzakirələr aparırdılar. Onlar, o dövrdə musiqi dairələrində, Bakı qəzetlərinin səhifələrində müzakirə olunan problemlərlə bağlı diskussiyanı, bir növ, burada davam etdirirdilər".

 

Musiqi terminlərinin unifikasiyası

Əfrasiyab Bədəlbəyli universitetin Şərq fakültəsini "dilçilik" ixtisası üzrə bitirmişdi; o, yalnız musiqi nəzəriyyəsi və tarixini əla bilmirdi. Bədəlbəyli rus və şərq dillərini də bilir, istər rus, istərsə də Qərb ədəbiyyatından əla baş çıxarırdı. Bədəlbəylinin dilçilik sahəsindəki bilikləri onun 1952-ci ildə Azərbaycan Elmlər Akademiyası yanında İslahat Komitəsi tərəfindən doğma Azərbaycan dilinin orfoqrafiyasının qəbulunda fəal iştirak etmək imkanı vermişdi. Bundan başqa, Ə.Bədəlbəylinin bəstəkar, tərcüməçi, tənqidçi, publisist kimi böyük təcrübəsi terminologiya ilə bağlı araşdırmalarda, bu sahədə uğurlar əldə etməsində onu kömək edib.

Sonralar Bədəlbəyli Azərbaycan operasının akademik təşəkkülünə və inkişafına da böyük töhfələr verib. O, yalnız libretto yazmaqla kifayətlənmirdi, həm də musiqiyə dair bir neçə kitab buraxmışdı. Bədəlbəylinin işləri arasında ən əhəmiyyətlisi "İzahlı monoqrafik musiqi lüğəti"dir (1969). Müəllif orada musiqi terminlərini Azərbaycan dili üçün milli musiqi ənənələrini nəzərə almaqla, vahid şəklə salıb. Bəstəkarın özü bu işinin önəmini belə izah edirdi: "Musiqi mədəniyyətinin tarixi və nəzəriyyəsi haqqında Azərbaycan dilində ədəbiyyatın çatışmaması, musiqi dərsliklərində terminologiyadan istifadədəki qarışıqlıq, dövri mətbuatda və radio verilişlərində eyni musiqi anlayışlarının müxtəlif cür izah olunması, not nəşrlərində rast gəlinən formal tərcümələr musiqi terminlərinin vahid şəklə salınması zərurətini yaradır, bunu musiqi həyatımızın, musiqi təcrübəmizin həlli son dərəcə vacib olan probleminə çevirir".

Bu gün Əfrasiyab Bədəlbəylinin işləri milli musiqi mədəniyyətinin gələcək inkişafı işinin əsaslarından biridir. Onun kitablarından estafeti ələ almaq iqtidarında olan bir neçə musiqiçi, bəstəkar, dirijor nəsli çox şeylər öyrənib.



MƏSLƏHƏT GÖR:

495