14 Mart 2025

Cümə, 20:57

NƏDİR ARADIĞI UZAQ DİYARDA?

Bakiya xüsusİ elçİsİnİ göndərən uruqvay sİyasİ anlaşilmazliği aradan qaldirmağa çalişir

Müəllif:

01.02.2013

Uruqvay prezidentinin xüsusi elçisi, rəsmi desək, Uruqvay Şərq Respublikası Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepanın Bakıya səfərində əsas məqsəd Azərbaycanla hərtərəfli əməkdaşlığın canlandırılması idi. Kanepa yanvarın 19-da Azərbaycan prezidenti ilə keçirdiyi görüşdə açıq şəkildə bildirib ki, Uruqvayın dövlət başçısı və hökuməti ona Azərbaycanla ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsinin aparılmasına dair birbaşa tapşırıqlar verib.

Bundan başqa, görüşdə uruqvaylı elçi Uruqvay prezidenti Xose Muxicanın şəxsi məktubunu Azərbaycanın dövlət başçısına təqdim edib. Məktubun məzmunu rəsmən açıqlanmasa da, orada nədən bəhs edildiyini təxmin etmək çətin deyil. İki ölkə arasında son dövrlərdəki münasibətin təhlili belə düşünməyə əsas verir ki, bu Cənubi Amerika ölkəsi Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasında israrlıdır və bunun üçün ikitərəfli münasibətlərdəki bəzi siyasi xarakterli problemləri aradan qaldırmağa hazırdır.

"Ümid edirəm ki, münasibətlərimiz bundan sonra da dərinləşəcək. Fikrimcə, bunun üçün bütün lazımi şərait var. Ümid edirəm ki, ölkələrimiz yaxın keçmişdə yaşanmış anlaşılmazlıqları tez bir zamanda geridə qoya biləcək", - deyə Uruqvay parlamentinin deputatı Daniel Martines bizə açıqlamasında bildirib. Qeyd edək ki, uruqvaylı parlamentarinin nəzərdə tutduğu "anlaşılmazlıq" iki ölkə arasında inkişaf mərhələsinə yenicə qədəm qoymuş ikitərəfli münasibətləri həqiqətən də pozub. Söhbət Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Orrikonun rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağa gözlənilməz səfərindən gedir. Orriko, hətta separatçı rejimin təmsilçilərinə beynəlxalq aləmin Azərbaycanın ayrılmaz hissəsi saydığı bu regionun müstəqilliyinin rəsmi Montevideo tərəfindən tanınması istiqamətində çalışacağını da vəd edib. Uruqvayın dünyada "erməni soyqırımı"nı  tanımış ilk ölkə olduğunu (1965-ci ildə) nəzərə alsaq, onlardan  nə desən gözləmək olar? Azərbaycan ekspertlərinə  uruqvaylı deputatların sözügedən səfərinin motivləri tam aydın olsa da (ənənəvi olaraq Latın Amerikasında güclü olan erməni diasporu separatçı rejimi legitimləşdirmək üçün işğal etdiyi ərazilərə bu cür səfərləri təşkil etməyə aludədirlər), rəsmi Bakı Uruqvay tərəfinin bu düşünülməmiş addımına son dərəcə ciddi yanaşaraq, okeanın o tayına etiraz notası göndərib. Nəticədə Uruqvay hökuməti notaya bir müddət sonra verdiyi cavabda insidenti "yumşaltmağa" çalışıb. Uruqvay prezidentinin xüsusi elçisinin Bakıya səfərinə də məhz bu konteksdə yanaşılmalıdır. Göründüyü kimi, Uruqvay hökuməti öz regionunun lokomotivi olan iqtisadi cəhətdən güclü Azərbaycanla əməkdaşlığın erməni diasporu və ayrı-ayrı parlamentarilərin tamahkar maraqlarından daha vacib olduğunu anlayıb. Güman ki, Diyeqo Kanepa da Bakıya səfəri zamanı Azərbaycan rəhbərliyini onun ölkəsi üçün dövlət maraqlarının hər şeydən yüksəkdə dayandığına inandırmağa çalışıb.

Bakıda keçirdiyi görüşlərdə Kanepa Azərbaycan rəhbərliyini buna inandırmaq, ikitərəfli əməkdaşlığı siyasi müstəvidən iqtisadi müstəviyə keçirmək üçün əlindən gələni edib. Cənubi Qafqaz və Mərkəzi Asiyada reallaşdırılan nəhəng layihələrdən xəbərdar olduğunu deyən qonaq ölkəsinin yaxşı perspektivlərə malik ən müxtəlif sahələrdə Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu söyləyib.

Xarici İşlər Nazirliyində uruqvaylı qonağın nəzərinə çatdırılıb ki, investisiya yatırılması üçün daha məqsədəuyğun sahələrin öyrənilməsi vacibdir. Uruqvay tərəfini maraqlandıran əsas məqam məhz Azərbaycan investisiyasıdır. Görünür, iqtisadi baxımdan çətin dövrlərini yaşayan Uruqvayda uzaq olsa da, iqtisadi baxımdan çox perspektivli olan Cənubi Qafqaz respublikasının investisiya potensialı çox xoş təsir bağışlayıb. Üstəlik, Azərbaycanın aralarındakı məsafədən asılı olmayaraq maraqlı ölkəyə hansı həcmdə investisiya yatırmaq iqtidarında olduğunu görmək üçün çox uzağa getməyə ehtiyac yoxdur. Buna ən yaxşı nümunə elə həmin Latın Amerikası qitəsində yerləşən Meksikadır. Bəzi məlumatlara görə, bu ölkədəki Azərbaycan layihələrinin dəyəri təxminən 4 milyard dollardır. Bu nümunə Uruqvayı ruhlandırıb və indi Montevideo ölkə iqtisadiyyatına azərbaycanlı investorların iri həcmdə investisiya yatırmasına ümid edir. Bu ümidlər nədən doğrulmasın? Axı Meksikada olduğu kimi, Uruqvay iqtisadiyyatında da investisiyalara ciddi ehtiyacı olan kənd təsərrüfatı əhəmiyyətli yer turtur.

Bəs Azərbaycanın Uruqvayda investisiya layihələrindən başqa hansı maraqları var? Uruqvay iqtisadiyyatında əsas yerləri kənd təsərrüfatı məhsullarının ixracı (ölkə ərazisinin təxminən, 9/10 hissəsi kənd təsərrüfatı torpaqlarıdır) və balıqçılıq tutur. Ölkənin əsas idxal etdiyi məhsulları isə xam neft və neft məhsulları, sənaye avadanlıqları, kimyavi məhsullardır. Odur ki, geniş neft və neft-kimya sənayesinə malik Azərbaycanla bu sahədə də əməkdaşlıq üçün böyük perspektivlər açılır.

Ötən il tərəflər artıq iqtisadiyyat, energetika, kənd təsərrüfatı, əczaçılıq, informasiya texnologiyaları sahələrində qarşılıqlı sərfəli ticarət və investisiya şərtlərilə əməkdaşlığa dair müzakirələrə başlayıb.

Potensial əməkdaşlığın müxtəlif profili istiqamətlərini də perspektivli saymaq mümkündür. Məsələn, Uruqvay tərəfini Azərbaycanın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması sahəsindəki təcrübəsi cəlb edir. Uruqvay prezidentinin xüsusi elçisi D.Kanepa Bakıya səfəri zamanı xüsusi olaraq Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla da görüşüb və iki ölkənin müvafiq strukturları arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu söyləyib.

Bütün bunlarla yanaşı, siyasəti də yaddan çıxarmaq olmaz. Son illərdə Latın Amerikası istiqamətində Azərbaycan diplomatiyasının fəallaşdığını görməmək mümkün deyil.

Azərbaycan prezidentinin ölkə diplomatiyasının daha da canlandırılması və onun fəaliyyət sahəsinin genişləndirilməsini qarşıya vəzifə kimi qoyduğunu nəzərə alsaq, Latın Amerikası ölkələrilə qarşılıqlı əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Üstəlik söhbət həm də böyük, güclü erməni diasporu və lobbisinin olduğu bir regiondan gedir. Qarşıya qoyulmuş bu vəzifə nəticəsində 2012-ci ildə Azərbaycanın xarici siyasət idarəsi əvvəllər əlaqələrin, münasibətlərin o qədər də geniş olmadığı region - Latın Amerikası ilə əmkdaşlığın gücləndirilməsinə başlayıb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Kolumbiya, Argentina, Uruqvay və Peruya 2012-ci ilin yayında etdiyi səfərlər son dərəcə məhsuldar keçib.  Azərbaycanın bu regionla münasibətləri gücləndirməkdə qərarlı olduğunu XİN başçısının rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibi də göstərirdi. E.Məmmədyarovla birlikdə Latın Amerikasına İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo), nümayəndələri, həmçinin respublikanın işgüzar dairələrinin nümayəndələri də yollanmışdılar. Səfər zamanı Azərbaycanın nümayəndə heyəti Uruqvay da daxil olmaqla, Latın Amerikası ölkələrində bir sıra ikitərəfli biznes-forumlarda iştirak edib. Bunu tərəflərin münasibətlərin dərinləşdirilməsi və genişləndirilməsinə olan qarşılıqlı marağının təsdiqi də saymaq olar. Bundan başqa, tərəflər perspektivdə ikitərəfli əməkdaşlığın canlandırılması istiqamətlərini müəyyənləşdirən vacib ikitərəfli razılaşmalar əldə ediblər. Belə sənədlər arasında Azərbaycan-Uruqvay parlamentlərarası dostluq qruppunun yaradılmasına dair razılaşma da var. Yeri gəlmişkən, bu razılaşmanı elə həmin Xorxe Orriko imzalayıb.

Montevideoya səfər zamanı Azərbaycanın XİN başçısının Uruqvay prezidenti Xose Muxica tərəfindən qəbul edilməsi də təsadüf deyil. Görüşdə prezident iki ölkə arasında əməkdaşlığın intensivləşdiriləcəyinə ümidini dilə gətirib. Yeri gəlmişkən, həmin görüşdə Xose Muxicaya azərbaycanlı həmkarının məktubu da təqdim edilib. Məktubda o, Azərbaycana rəsmi səfərə dəvət olunub.

"Düşünürəm ki, Uruqvay Azərbaycanla yaxşı və möhkəm münasibətlər qura bilər", - deyə Uruqvayın Nümayəndələr Palatasının beynəlxalq münasibətlər daimi komissiyasının sədri Mario Xayme Trobo bildirib: "Ölkələrimiz 1992-ci ildən diplomatik münasibətlərə malikdir. Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Uruqvaya səfər edib və artıq dövlət başçıları və parlamentlər səviyyəsində görüşlərin təşkilinin vaxtıdır. Ölkələrimiz coğrafi baxımdan bir-birindən uzaqda yerləşsə də, qloballaşma dövründə biz yaxınlaşırıq. Bütünlükdə Qafqazda olduğu kimi, Azərbaycanın da inkişaf potensialı Latın Amerikasına, xüsusilə Uruqvaya yaxşı perspektivlər vəd edir".

Ötən il hökumət nümayəndə heyətinin Uruqvaya səfərini təşkil edən Azərbaycan bu ölkəyə və qismən bu materikə olan marağını açıq şəkildə ortaya qoyub. İndi son söz artıq Uruqvayındır: bu ölkə öz siyasətində ayrı-ayrı siyasi qrupların marağını deyil, özünün dövlətçilik və iqtisadi maraqlarını əsas götürdüyünü sübut etməlidir. Üstəlik, uruqvaylı diplomatların adından yayılan bəyanatların hər zaman həqiqət olduğunu söyləmək də mümkün deyil (Ermənistan KİV-in yazdığına görə, guya Uruqvayın XİN başçısı Luisu Almaqronun Dağlıq Qarabağın müstəqil olmasının vacibliyi bildirib. Lakin sonradan bu, Uruqvay tərəfindən təkzib edilib). Bu üzdən Uruqvay Prezident Administrasiyası rəsmisinin bu yaxınlarda Bakıya etdiyi səfərin iki ölkə arasında münasibətlərin canlanmasında ilk qaranquş olduğunu düşünmək mümkündür.



MƏSLƏHƏT GÖR:

480