İKİTƏKƏRLİ ATIN CƏNGAVƏRLƏRİ
Azərbaycanda "Tour d'Azerbaidjan-2014" veloyürüşü keçirilib
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunan beynəlxalq "Tour d'Azerbaidjan-2014" veloyürüşü uğurla başa çatdı.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı və 5 mərhələdən ibarət olan velosiped yürüşündə 22 ölkədən 25 komandanın tərkibində ümumilikdə 150 velosipedçi 5 gün ərzində 838 km məsafəni qət edib.
Dövlət Bayrağı Meydanından start götürən Sumqayıtda başa çatan ilk yürüşün qalibi İtaliyanın "Androni Giocattoli" klubunun üzvü, hollandiyalı Kenni van Hummel olub. O, növbəti mərhələdə liderin daşıdığı göy köynəklə çıxış etmək imkanı qazandı. Ən yaxşı sprinterə verilən yaşıl köynək də ona qismət oldu.
Ukraynanın "Kolss Cyclind Team" komandasının velosipedçisi Vitali Buts 2-ci yerə layiq görüldü. Bu idmançı ən yaxşı dağ velosipedçisi kimi qırmızı köynəyə də sahib çıxıb. İspaniyanın "Caja Rural Seguros" komandasında çıxış edən italiyalı David Viqano 3-cü olub. "Synergy Baku" komandasında ən yaxşı göstəriciyə Maksim Averin imza atıb - o, finiş xəttini liderlə eyni vaxtda keçsə də, 4-cü olub.
Ən yaxşı gənc velosipedçi isə Aleks Frey olub. İsveçin "Development Team Giant-Shimano" komandasının üzvü ağ-bənövşəyi köynəyə sahib çıxıb.
25 komandanın iştirakı ilə təşkil olunan yürüşün ikinci mərhələsində idmançılar Velosiped Parkından start götürməklə Böyük Qafqaz sıra dağları istiqamətinə yola düşüb və İsmayıllı rayonunadək 187 km məsafə qət ediblər.
Mərhələnin qalibi İsmayıllıdakı Heydər Əliyev Mərkəzinin qarşısında müəyyənləşib. Finiş xəttini birinci Sloveniyanın "Adria Mobil" komandasının üzvü Primoz Roqliç keçib - 4 saat, 55 dəqiqə, 2 saniyə. Ondan 1 saniyə geri qalan avstraliyalı Uilyam Klark ("Drapak Professional Cycling") 2-ci, finişi liderdən 9 saniyə gec keçən italiyalı Rafael Andriato ("Neri Sottoli") 3-cü olub.
"Synergy Baku" komandasının üzvlərindən ən yaxşı nəticəyə Aleksandr Surutkoviç imza atıb - o, 28-ci olub. Klark ümumi hesabda liderliyi ələ alıb və göy köynəyə sahib çıxıb. Roqliç ən yaxşı dağ yürüşçüsü kimi qırmızı, sloveniyalı Matey Muqerli isə ("Adria Mobil") ən yaxşı sprinter kimi yaşıl köynəyə yiyələnib. Ən yaxşı gənc velosipedçi üçün nəzərdə tutulan ağ-bənövşəyi köynək isə isveçli Fredrik Ludviqssona ("Development Team Giant-Şimano") verilib.
Qəbələdə start götürən 3-cü mərhələdə velosipedçilər Oğuzdan keçməklə Şəkiyə, oradan da başlanğıc nöqtəyə qayıdıblar. Velosipedçilər bu dəfə 180 km məsafə qət ediblər.
Finiş xəttinə CAR-ın "MTN Qhubeka" komandasının əlcəzairli velosipedçisi Yusif Reqiqi hamıdan tez çatıb. Sloveniyalı Matey Mureli ("Adria Mobil") 2-ci olub. İlk "üçlük"ü isə isveçli Kristian Yensen ("Development Team Guant-Şhimano") tutub. "Synergy Baku" komandasının üzvlərindən ən yaxşı nəticə Markus Eybegerə məxsusdur - o, 15-ci olub.
"Tour d'Azerbaidjan-2014" velosiped turunun 4-cü mərhələsi Qəbələdən start götürüb və velosipedçilər İsmayıllını keçməklə Şamaxıya yürüş ediblər. Onlar 115 km məsafə qət edib, dəniz səviyyəsindən, təxminən, 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçiblər.
Bu dəfə də qalib CAR-ın "MTN Qhubeka" komandasının velosipedçisi olub, almaniyalı Linus Gerdemann finişə hamıdan tez çatıb. O həm də mərhələnin ən yaxşı dağ velosipedçisi kimi qırmızı maykaya layiq görülüb.
Rusiyanın "RusVelo" komandasının üzvü İlnur Zakarin finişi liderin arxasınca keçib və 2-ci olub. Bu, Zakarinə həm də ümumi təsnifatda liderliyə yüksəlməyə kömək edib və bununla da velosipedçi göy "SYNERGY GROUP" maykasını ələ keçirib. İlk üçlüyü Ukraynanın "Kolss" komandasının velosipedçisi Vitali Buts tamamlayıb.
Yeri gəlmişkən, ukraynalı velosipedçi 4-cü mərhələnin ən yaxşı sprinteri kimi yaşıl köynəyə layiq görülüb. Ən yaxşı gəncə verilən ağ-bənövşəyi köynəyinin də sahibi dəyişməz qalıb. Burada liderlik isveçli Fredrik Ludviqssona ("Development Team Giant-Şimano") məxsusdur.
"Synergy Baku" komandasının üzvlərindən ən yaxşı göstəriciyə Markus Eybeger imza atıb - o, 28-ci olub.
Velosiped yürüşünün sonuncu, 5-ci mərhələsi Bakıda keçirilib.
Velosipedçilər 202 km uzunluğu olan mərhələyə Azadlıq meydanından start veriblər. Onlar Bakının mərkəzi küçələri və prospektlərindən keçərək Abşerona, oradan Nardarana yürüş ediblər. Ardınca yenidən başlanğıc nöqtəyə - Hökumət evi qarşısına qayıdan idmançılar burada finiş xəttini keçiblər.
Mərhələnin qalibi adına Fransanın "Team La Pomme Marseille 13" komandasının üzvü Jüstin Jül layiq görülüb. Finiş xəttini onun ardınca veloyürüşün 3-cü mərhələsınin qalibi Yusif Reqiqi ("MTN-Qhubeka", CAR) keçib. İlk "üçlüyü" isə Adrian Honkiş ("CCC Polsat Polkowice", Polşa) tamamlayıb.
Yarışın yekun sıralanmasına əsasən, Rusiyanın "RusVelo" komandasının üzvü İlnur Zakarin 5 günün yekununa əsasən qalibə verilən göy köynəyə sahib çıxıb.
Ən yaxşı dağ yürüşçüsü adını Linus Gerdemann ("MTN Qhubeka", CAR), ən yaxşı sprinter - Vitali Buts ("Kolss", Ukrayna), ən yaxşı gənc velosipedçi - Pobert Pauer (Avstraliya milli komandası) olub.
"Synergy Baku" komandasının velosipedçisi, Azərbaycanın U-23 milli komandasının üzvü Samir Cəbrayılov isə ən yaxşı azərbaycanlı velosipedçi kimi təltif edilib.
Komanda hesabında birinci yeri Ukraynanın "Kolss"u tutub. Azərbaycan təmsilçisi "Synergy Baku" isə 25 komanda arasında 10-cu olub.
MƏSLƏHƏT GÖR:



605

