Müəllif: Nərminə VƏLİYEVA Bakı
Rüstəm Cəbrayılov "Best Model of The World" tituluna sahib yeganə azərbaycanlıdır. Dörd il əvvəl o, Nyu-Yorka köçüb, ailə qurub və Amerikanın model biznesini öyrənməyə başlayıb. Nyu-York Dəb Həftəsində, tanınmış dizaynerlərin nümayişlərində iştirak edib, populyar nəşrlər üçün şəkillər çəkdirib. Onun fotoları "Viral Fashion Magazine", "Time Out Magazine", "New York Magazine, Psychology Today", "Wedding Magazine" və s. kimi məşhur jurnalların üz qabığını bəzəyib. Bu yaxınlarda isə Rüstəm dünyaca məşhur amerikalı fotoqraf, məşhurların portretlərini yaratmaq üzrə ixtisaslaşmış Enni Leybovisin layihəsində çəkilib. Bu gün Rüstəm Cəbrayılov Nyu-Yorkun tanınmış model agentliyi olan "Red Model Management"də çalışır. O, "Kingsborough College"i bitirib və dünya podiumlarının fəthini davam etdirir.
- Rüstəm, Azərbaycanda kişilərin model biznesi inkişaf etməmiş bir sahədir. Necə oldu ki, bu sənətə gəldiniz?
- Mən ixtisasca coğrafiya müəllimiyəm. BDU-nu bitirmişəm. Düşünürəm ki, model olmasaydım, Bakının orta məktəblərinin birində coğrafiya dərsi deyərdim... Model biznesinə isə demək olar ki, təsadüfən gəlib çıxmışam. Bir dəfə universitetə gedərkən tanımadığım 2 nəfər mənə yaxınlaşdı. Onlar Azərbaycanın model agentliklərindən birinin skautları (yeni əməkdaşların axtarışı ilə məşğul olan şəxslər - red.) imişlər. Mənə özümü model biznesində sınamağı təklif etdilər. Gələcəklə bağlı planlarımın fərqli olduğunu desəm də, agentlər bir qədər düşünməyimi təklif etdilər və hər ehtimala qarşı, telefon nömrəmi götürdülər. Bir necə gün sonra mənə zəng gəldi: böyük mobil şirkətlərdən birinin reklamında çəkilməyim təklif olunurdu. Bununla da "The Best Model of Azerbaijan" müsabiqəsinin milli seçim turunda iştirak etmək qərarına gəldim və qalib oldum. Ölkəmizi İstanbulda keçiriləcək "The Best Model of The World-2007" beynəlxalq müsabiqəsində təmsil etmək hüququ qazandım. Müsabiqədə dünyanın 90 ölkəsindən perspektivli modellər iştirak edirdilər. Amma onların hamısını geridə qoyaraq birinciliyə yiyələnə bildim. Qələbədən sonra Türkiyənin bir neçə model agentliyi və prodüser mərkəzlərində iş təklifi alsam da, onlardan bir şey çıxmadı. Həmin il Türkiyə iqtisadi böhran yaşayırdı və layihələrin əksəriyyəti elə kağız üzərində qaldı.
- Bəs necə oldu ki, Nyu-Yorka gedib çıxdınız? Amerika həyatına uyğunlaşmaq çətin olmadı ki?
- ABŞ-a gələcək həyat yoldaşımla köçmüşdüm. Yad ölkəyə uyğunlaşmaq çətin, amma həm də inanılmaz dərəcədə maraqlı idi. Amerikada bir çox şey mənimçün yenilik idi. Bu, öz qaydaları, düzənləri olan tamamilə fərqli dünyadır və sən onun şərtlərinə vərdiş etməlisən. Həyata yenidən başlamalı idim. Əlbəttə ki, ilk dövrlərdə ailəm, dostlarım, doğma şəhərim üçün çox darıxırdım. Amma zaman keçdikcə, öyrəşdim. Yeni tanışlar tapdım, yeni maraqlar, Red Model Management agentliyində sabit iş yarandı və s...
- Bu yaxınlarda Bakıya gəlmişdiniz. Burada olmadığınız dövrdə paytaxtda nə dəyişib? Sizi sözün yaxşı mənasında nə təəccübləndirdi, nə əksinə, məyus etdi?
- Bakıda keçirdiyim 2 ay təəssüf ki, bir göz qırpımında keçib getdi. Yaxşı dincəldim. Yaxınlarımla, dostlarımla, tanışlarımla görüşdüm. Pərəstişkarlarımz üçün avtoqraf-sessiyada iştirak etdim. Bakını doyunca gəzdim. Tənha şəkildə evdə keçirdiyim bir gün belə, olmadı. Paytaxtımızdakı dəyişikliklərə gəlincə, Bakının simasındakı dəyişikliklər məni yaxşı mənada təəccübləndirdi. Şəhər daha təmiz, gözəl və maraqlı olub. Bakıda olduğum dövrdə elə eyforiya içərisində idim ki, gözümə heç bir mənfilik görünmədi.
- Gözəl kişi olmaq necə hissdir? Xanımların daimi diqqəti sizi yormur ki?
- Mən özümü heç də gözəl saymıram. Simpatik, cazibədaram, amma gözəl yox. Qadınların diqqətinə gəlincə... Ailəli olduqda qadınlar tərəffindən hədindən artıq böyük diqqət bəzən müəyyən problemlər yaradır. Mən işlə ailə arasında dəqiq sərhəd qoymuşam. Pərəstişkarlarım anlamalıdırlar ki, şəxsi həyatım var və mən onu yad gözlərdən qorumağa çalışıram. Mən belə insanam...
- Hansı məşhur brendlərdən əməkdaşlıq təklifi almısınız? Kimlərlə işləmisiniz və ya işləyirsiniz?
- Amerikaya köçdüyüm ilk ildə "Mercedez Benz Fashion" dəb həftəsində iştiraka dəvət olundum. Bu şou zamanı məni məşhur amerikalı modelyer Maykl Bastian qəbul etdi və özünün pret-a-porter kolleksiyasının nümayişində iştirak etməyimi istədi. Sonralar Adriana Alisiya, Patrisiya Fild, Kelvin Klyaynın, Brioni, Gucci, Yves Saint Laurent, D&G, Marc Ecko kimi məşhur brendlərin dəb nümayişləri olub.
- Model ömrünün o qədər də uzun olmadığı məlumdur. Bu sahədən uzaqlaşdıqdan sonra nə ilə məşğul olacaqsınız?
- İcazə verin, hamının qəbul etdiyi bu fikirlə razılaşmayım. Nyu-Yorkda model kimi çalışırsansa, bu sahədə müəyyən təcrübəyə, uğurlara maliksənsə, 35 yaşdan sonra pensiyaya çıxmaq mütləq deyil. Müasir dəb sənayesi yaşdan qorxmur. Axı dəbin yaşı olmur. Elə modellər var ki, yaşları 50-yə çatsa da, karyeraları davam edir. Sadəcə əvvəllər, məsələn, gənclər üçün cinsləri, alt paltarlarını reklam edirdilərsə, indi bahalı saatların, avtomobillərin, təraş kremlərinin və ya parfümeriyanın reklamında çəkilirlər. Odur ki, bu sahədə mənim üçün iş hər zaman tapılacaq. Amma birdən model biznesini tərk etməli olsam, aktyorluğa başlayacağam. Bu işlə ciddi şəkildə məşğul olmaq, Nyu-Yorkda aktyor sənəti məktəbinə qəbul olmaq fikrindəyəm. Xaraktercə çox inadkar insanam və həmişə məqsədimə nail oluram. Odur ki, bəlkə də 10 il sonra məni böyük ekranlarda görəcəksiniz.
- Kişi modelləri hansı parametrlərinə əsasən seçirlər? Fikrinizcə, bu gün modelin xarici görünüşündə nə qiymətləndirilir?
- Model agentliklərinin kastinq zamanı əsaslandıqları cəmi 3 başlıca meyar var. Birincisi, sima. Model üçün klassik variant dolu dodaqlar, böyük almacıq sümüyü, böyük gözlər, düz burun. Yeri gəlmişkən, son zamanlar "qeyri-standart" simalardan daha çox istifadə olunmaqdadır. Amma onların qeyri-standartlığı cazibədar olmalıdır.
İkinci göstərici boydur. Modelin boyu 180 santimetrdən kiçik olmamalıdır. Onun idmançı quruluşlu bədənə malik olması tələb edilir. Amma gərək əzələlər çox böyük olmasın. Çünki bu halda klassik geyimlərin nümayişi xeyli çətinləşir. Geyim kolleksiyaları universal olur və onların hamısı modellərdən istəniləninin bədəninə yaxşı oturmalıdır.
Nəhayət, üçüncü meyar yaşdır. Model karyerasına gənc yaşlardan başlamaq lazımdır. Bu sahədə müəyyən uğur qazana bilirsənsə, 35 yaşdan sonra da sifarişçilərin olacaq.
- Fikrinizcə, Azərbaycanda model biznesinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün nə etmək lazımdır?
- Əvvəlcə yerli yüngül sənaye inkişaf etdirilməli, toxuculuq-trikotaj fabrikləri, kombinatları açılmalı, mütəxəssislər yetişdirilməlidir. Azərbaycan öz bazarını yerli istehsal olan mallarla təmin etməyə çalışmalıdır. Bu gün azseriyalı istehsalla məşğul olan - az partiyalarla tikən yerli dizaynerlər öz brendlərinin istehsalına başlayacaqlar. Yerli məhsulların reklamları çəkiləcək, yeni model agentlikləri açılacaq və onlar öz aralarında rəqabət aparmalı olacaqlar. Sağlam rəqabət isə ölkədə model biznesinin səviyyəsini yüksəldəcək.
- Boş vaxtlarınızda nə ilə məşğul olur, necə dincəlirsiniz?
- Ardıcıl bir neçə boş gün yarandıqda dostlarımla şəhərdən kənara, təbiətin qoynuna yollanıram. Səyahət etməyi sevirəm. Qonşu ştatları gəzməyə, Meksika və Kanadada dincəlməyə macal tapmışam. Boş vaxt qısadırsa, Nyu-Yorkdakı Azərbaycan restoranına gedir, yaxud evdə "Playstation" oynayıram.
- Rüstəm Cəbrayılovun başqalarından daha yaxşı bacardığı nələr var? Oxucularımız haqqınızda nələri bilmirlər?
- Dadlı xörək bişirirəm. Bunu hamıdan yaxşı etdiyimi söyləyə bilmərəm. Amma yeməklərimin dadına baxanlar razı qalıblar. Yeri gəlmişkən, özüm də dadlı yeməyi xoşlayıram. Yeni, qeyri-adi xörəkləri dedequstasiya etməyi sevirəm. Doğrudur, belə məclislərdən sonra idman zalında yaxşıca tərləmək lazım gəlir, amma mənim üçün bu, çətin deyil. Mən ən ağır işdən də həzz almağı öyrənmişəm.
- Siz pərəstişkarlarınızla könüllü, məmnuniyyətlə ünsiyyətdə olan nadir azərbaycanlı məşhurlardansınız. Onlarla birlikdə saatlarla şəkil çəkdirə, avtoqraflar paylaya, Facebook sosial şəbəkəsində sizə yazan hər kəsə cavab yaza bilərsiniz. Ulduz xəstəliyinə tutulma təhlükəsi yoxdur ki?
- İnsanlarla ünsiyyəti sevirəm. Uzun-uzadı kastinqlər, çəkilişlər, işlə əlaqədar uçuşlar İnternetdə çox vaxt keçirməyimə imkan vermir. Boş vaxtım yarandıqda Facebook sosial şəbəkəsindəki səhifəmə baxır, tanıdığım və tanımadığım insanların yazdıqlarını oxuyur, onların hər birinə məmnuniyyətlə cavab verirəm. Bakıya son səfərim zamanı pərəstişkarlarımla avtoqraf-sessiyam oldu. Mənimlə görüşə bu qədər çox sayda insanın gələcəyini gözləmirdim. Qızlarla çoxlu şəkillər çəkdirdik, avtoqraf payladım, söhbətləşdik. Son dərəcə xoş idi! Vətənimdə sevildiyim, dəstəkləndiyim üçün çox məmnunam. Bu sevgi mənə böyük enerji, müsbət emosiya verir, öz yolumla irəliləməyimə kömək edir. Ulduz xəstəliyindən qətiyyən əziyyət çəkmirəm və özümü ulduz saymıram. Bir ingilis məsəlində deyildiyi kimi, kral tacı başağrısını müalicə etmir, amma bu ağrıya səbəb ola bilər...
MƏSLƏHƏT GÖR: