26 Dekabr 2024

Cümə axşamı, 16:41

RƏSSAM BİR QƏDƏR TƏHRİKÇİ OLARSA...

Anatoli Buzayevin sərgisi - zəmanə adamı və bakılı

Müəllif:

13.05.2014

Anatoli Buzayev. Onun rəsm əsərləri - zamanın aynasıdır. Rəssamındır. İnsanındır. Bakılınındır. Mayın ilk həftəsində moskvalı rəssam "Münaqişə//Yenidənqurma" işlərindən ibarət şəxsi sərgisi ilə doğma Bakının qonağı oldu. A. Buzayev Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib, 1991-ci ildən isə Moskvada yaşayır və işləyir. Buna baxmayaraq, əslində o, bakılı olaraq qalır. 

Bakıya gətirilən işlərinin arasında rəssamın uşaqlıq və gənclik məkanlarına ürəkdən bağlılığını əks etdirənlər də var. Onun həmin çağları isə hər şey hər kəs üçün olan dövrə düşmüşdü. Hədəfləri  isə üç muşketyorun "Bir nəfər hamı üçün, hamı bir nəfər üçün!" şüarına uyğunlaşdırılmışdı. 

60-cı illərin romantikası! Onlar rəssamlıq incəsənətinə çox şey gətirdilər. Çox şeyə nail oldular. Bu nəsil onlara məyus olmamağı, yaratmağı, yaşamağı, təəccübləndirməyə imkan verən nikbin sirayətçiliyini bütün ömürboyu qoruyub saxlamağı öyrətdi! 

Rəssamın işlədiyi istiqaməti, jurnalistlər, nədənsə, avanqard impressionizm kimi müəyyənləşdiriblər. Lakin bu sahəyə bələd olan biri üçün bu, daha çox konseptual rəssamlıqdır. Bakıdakı sərgidə nümyiş edilən işlər arasında müəllif adı yox idi. Belə yaxşıdır. Çünki rəssam bizi həmmüəllif edir. Qoy, onun işlərinə baxan hər bir kəsdə, gördüyü əsərlər haqda öz təfsiri və öz adı yaransın.  Ona görə ki, işin adı onun əsas mənasını əks etdirir. 

 

"Ev"

Rəsmdə İçərişəhərin dar küçəsi təsvir edilib. Sanki əlini uzatsan, barmaqların isti, suvaq çəkilmiş divarlara toxunacaq. Sanki rəsm dünənkindən fərqlidir. Bu əsəri qısaca bir sözlə adlandırmaq istəyirsən - "Ev". Həmişə qayıda biləcəyin yer. Nə vaxt və haradan qayıtmasından asılı olmayaraq, səni həmişə gözləyən yer. Özünü həmişə möhkəm və arxayın hiss etdiyin yer. Çünki ev səni həmişə bədbəxtlikdən qoruyacaq və müdafiə edəcək. 

 

"Başlanğıc"

Bu işə uzun müddət baxırsan. Bir qadın və onun Musya adlı gənc nənəsinin hekayəsini xatırlayırsan. O, 1917-ci ildə Bakıya gəlib. Və çox gözəl olub! Gənc "kursistka" (inqilabdan əvvəl Rusiyada ali qız məktəbi tələbəsi belə adlandırılırdı), Smolensk şəhərinin keçmiş sakini fransız dilini mükəmməl bilirdi. Vyana xəmirindən kökələr bişirə və xərçəng boynundan şorba hazırlamağı bacarırdı. Anası onu komissara ərə verir. Beləcə ailə yaranır. Köklərini Bakı torpağına salan və yeni nəslə başlanğıc verən ailə...  Musya və Şah. Bakı küləyində iki zərif kiçik fiqur. Onlar, mənim təxəyyülümdəkilərə elə bənzəyirlər ki! Gənc və bəxtiyar olduqları dövr və hələ hər şeyin qarşıda olması haqqında: Cənubi Azərbaycandakı həyat da, qızlarının dünyaya gəlməsi də, Bağırovun yanında qulluq (o, inqilabdan öncə vərdişinə əsasən işi xidmət adlandırırdı!) və Şahın sürgünü də. Bütün bunlar sonra olacaqdı. İndi isə onlar Bakı küləyində dayanıblar. O, kadetə, Musya isə aşiq olmuş xanıma bənzəyir! Və gələcəkləri haqqında hələlik heç nə bilmirlər. Dizlərində isə iki kədərli mələk var. Onlar gələcəyin bütün sirlərini bilirlər! 

 

"İlham pərisinin öncədən hiss etməsi"

Hansı rəssam ilham pərisinin xəyalını qurmur? Qız - arzudur, qız - xəyaldır. O, harada isə burdadır, lap yaxında. Sanki yaxınlığındakı konsepsiya kimidir, amma həmişə itir! O, hələ ki, görmür onu. Lakin ətrafındakı məkan hiss edir onu!  Onun hələlik ümumi təsvir edilmiş üz cizgiləri yoxdur. Amma ruhu açıq gözlərin çəpliyində artıq sezilirdi. Oradan sakitlik yayılırdı. Və yaradıcılıq sevincinin vədi... 

 

"Dəyişiklilər dövrü"

Sükut və firavanlıq dünyasına dəyişiklilər dövrü qədəm qoyur. Bıçaqla qulaylayırmış kimi: sinirlərə, ürəyə, bədənə, damarlara. Və Viktor Tsoyun mahnısından sətirlər yada düşdü: "Dəyişiklilər! Biz dəyişiklilər tələb edirik!". İndi isə deyəsən, bunu gözləmirdik. Xaos boşluğunda və insan bədəninin təlaşında. Onun nə üzü var, nə də adı. Düşmən aləmlə o, təkbətəkdir. Və ancaq qanlı arteriya şəklində bölücü xüsusiyyət, onu sabit müəyyənliyini itirmiş dünyanın qızğın titrəməsindən qoruyur. Və bu xüsusiyyət əbədi olaraq müəllifin öz həyatını "əvvəl" və "sonra"ya  böləcək. 

Demarkasiya xətti ilə səksəninci illərin yenidənqurması SSRİ adı altında nəhəng bir ölkəni ürəklərdə, həyatlarda və talelərdə qoydu. İctimai yanaşma ilə münaqişə. Öz-özünlə münaqişə. İctimai yenidənqurmanın ağrılı prosesi. Ən əsası isə - özünün. 

 

 "Şüuraltı ilə dialoq" 

İnsan - təbiətin tapmacasıdır. O,  öz vicdanı ilə əylənmək üçün yeni fəndlər icad edərək, sonsuza qədər şüuraltı ilə oynaya bilər. Problem - seçimdədir. Rus nağılında olduğu kimi: sola gedəcəksən, sağa, yoxsa  düz? Dünya informasiya ilə dolub-daşır! İnsan arxayın ola biləcəyini necə seçməlidir: ağlı və ürəyi ilə? İnformasiya müharibələri, bu gün insanın beynini yaxşı düşünülmüş taktikaya mübtəla edərək, insanı "udmaq" qabiliyyətinə malikdirlər! Kiminsə mentalla oyununun qurbanı necə olmayasan və özünü necə qoruyub saxlayasan? Sadəcə, tələsik qərar vermək lazım  deyil!  Sadəcə, beyninizi işarə barmağınızın ucunda saxlayıb, vəziyyətə kənardan baxmaq lazımdır! İnformasiya dünyası istənilən şəxsi uda bilər! O, dirildə və məhv edə bilər. İnsanın şüuraltına nə yerləşdiriləcək: sabah yeri çiçəklənən Bağa çevirəcək və ya onu külə döndərəcək? Və insanı nə idarə edir: şüur, yoxsa şüuraltı? Tərəzidə nə var? Öz-özünlə münaqişə. Seçim. Şüurun yenidən qurulması.

 

 "Kosmos"

Rəsmin ortasında, lap mərkəzdə - insan üzü çəkilib. Kişi üzü. Bu, kosmosdur. O, yuxarıdan Yeri kədərli və ciddi şəkildə seyr edir. Aşağıda isə insanların dünya təlaşı təsvir edilib. Əsrdən-əsrə. Nə dəyişilir? Varlığın rəngbərəng zolaqları, həyat meydanında ləklər kimi düzülüb. Düz enli zolaqlar. Yuxarıdan - çoxüzlü fiqurun  (simvol) üst hissəsi bu meydanda elə durur ki, onun təsiri ilə zolaqlar zərif hissələrə parçalanır. Tellər. Təkrəng digər rənglərin çoxluğuna dağılır. Nədən? Halqa kimi bağlayan simvol, insanın daha yüksək şüur dərəcəsinə keçidinin sübutu kimi? Rəssam bu simvolu bizə bütünlüklə açmaq istəmir, amma mənə elə gəlir ki, bu, səkkizüzlü fiqurun bir hissəsidir. Bu, səkkizüzlüdür. Bu mənanı verən simvolik işarə: işığın dörd tərəfi və dörd aralı istiqamət ən müxtəlif ənənələrdə "səkkiz külək" adını daşıyır və ümumilik rəmzi kimi çıxış edir; bərpaolunma, yenilənmə, dirçəlmə, keçid mənalarını verir. Bu, dərk edilən dünyanın və insanın ilahi yolunda ən yüksək nailiyyətinin, ilahi dünyasının sərhədidir. Bəşəriyyət yeni enerji səviyyəsinə keçid prosesindədir? Və yenə də şüurun yenidənqurulması. Yeni enerji titrəmələrinin törəməsi...

 

 "Biz"

Gələcəyin qəribə dünyası. İnsanın dünyası.  Və insan.  Onun fiziki kamilliyi. Lakin onun ardınca, ikinci, üçüncü planda bizə onun daxili, mənəvi mahiyyəti  verilir. İnsan qırmızıdır. İnsan göydür. Bu, əsas fiziki bədənin xəyali və ya istəsəniz, energetik vücududur. Qırmızı - əzab, yüksəliş və sevgi rəngidir. Göy - ədəbilik, sadəlik, özünü qurban vermə və həlimlik rəngidir. Nəticədə insan həmahəngdir, insan kamildir. İnsan sabahkı günündür. 

Anatoli Buzayevin yaradıcılığı - bu müəllifin öz-özü ilə və əlbəttə ki, tamaşaçısı ilə bölünməz dialoqudur. Bu, insanın dünyadakı yeri haqqında düşünməkdir. Onun varlıq haqqında fəlsəfi məfhum sistemində əhəmiyyəti haqqında. Rəssam müasirlərinə maraqlıdır. Ona tələbat var. Ona görə də rəssamın işləri təkcə Azərbaycan və Rusiya muzeylərinin dövlət ehtiyatlarında, Azərbaycanın Rəssamlıq Fondunda,  "28-dəki Malaya Qruzinskaya" (indiki Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqı və Beynəlxalq Rəssamlıq Fondu) qalereyasının kolleksiyasında, habelə Kolumbiya, İngiltərə, Hollandiya, Türkiyə, İspaniya, Slovakiya, Almaniyada şəxsi kolleksiyalarda yer alıb. İnsanlara bütün dövrlərdə fikirləri oyadan və ürəkləri coşduran biri həmişə lazım olub. Axı əsl rəssam hər zaman bir qədər təhrikçi  olur... 



MƏSLƏHƏT GÖR:

791