Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
SSRİ-ni görməmiş indiki gənclərin İkinci Dünya müharibəsində həlak olmuş şəxsləri anaraq, bir-birini Qələbə günü münasibətilə təbrik etmələrini müşahidə eləmək necə də xoşdur. Demək, vermaxtla, Üçüncü reyxlə və onun ideologiyası olan faşizmlə vuruşmuş əsgərlərin, zabitlərin bu fədakarlığı hər zaman yaddaşlarda yaşayacaq. Bəs onların xatirəsi nədən bu qədər doğmadır? Məsələ heç də onda deyil ki, həmin tarixi xatırlayanlar bunu öz uşaqlarına, nəticədə gələcək nəslə də ötürəcəklər. Bu, təbii, könüllü şəkildə baş verəcək. Məsələ ondadır ki, indiki gənclər faşizm üzərindəki bu qələbəni öz daxillərində yaşamaq üçün SSRİ dövründə mövcud olmuş, 50-ci, 60-cı, 80-ci, qismən də 90-cı illərin uşaqlarının beyinlərinə nəzarət etmiş ideologiya maşınından yararlanmayıblar. Həmin hadisələri ideologiya maşını ilə "yaşayanlar" üçün o qələbə şəksiz və birmənalı idi - onların təsəvvüründə, başqa cür ola da bilməzdi. İndiki nəsil üçün də faşizm bəladır. Hazırkı dövrdə - bütün dünyanın qeyri-sabitliyə qərq olduğu, dövlətlərin geosiyasi oyunların təsiri altında qeyri-adekvat addımlar atdığı, millətlərin öz etnik kimliyini siyasi oyunlar vasitəsilə "müəyyənləşdirdiyi" bir vaxtda bunu anlamaq çox önəmlidir. Cəmiyyət informasiya ilə dolub. İnternetdə ən müxtəlif xarakterli xəbərlərə rast gəlinir: düşük xəbərdən vacibədək, gülməlidən ciddiyədək. Gənc insanlar eyni gündə həm kiminsə yeni doğulmuş körpəsini zibil qutusuna atması haqda xəbər oxuyur, həm də hansısa ağır xəstəyə yardımın lazım olduğuna dair status paylaşır. Gənclər bir tərəfdən Odessadak? qətllərə, bir tərəfin digəri üzərində "qələbə"sinə sevinə, digər tərəfdənsə "almaq yox, vermək vacibdir!" fikri üzərində baş sındıra bilir. Hazırkı gənclər eyni gündə həm YouTube portalında Konçita Vürstün videoçarxına maraq göstərə, həm də qadını kişiyə, kişini qadına çevirən əməllərə dair fikirlər oxuya bilərlər. Burada məsələ heç də homofobiyada deyil. Bu, sağçı və solçu, faşist və antifaşist, demokratk və liberal, federalçı və "bütövlük tərəfdarı" kimi bölgülər həddindən artıq qarışıqlıq yaradır və onların arasından həqiqətən də ən vacibini müəyyənləşdirib seçmək çətindir. Düşünmək olar ki, indi bu gənclər üçün bizimlə - sovet dönəmində oxumuş insanlarla müqayisədə daha çətindir. Onlar üçün insan kimi qalmaq, faşizm üzərində qələbənin məğzini, dərinliyini anlamaq daha çətindir. Bu günün gəncləri üçün çaşmamaq, pisi-yaxşıdan ayırmaq, anmaq və hörmət etmək, özünü bütöv millətin tərkib hissəsi kimi qəbul etmək və vətənpərvər olmaq daha çətindir. Çünki indi "psevdo"lar həddindən artıq çoxdur.
Beləliklə, hazırda gənclərin sosial şəbəkələrdə bu qələbəyə Azərbaycan xalqının hansı töhfələr verdiyinə, Bakı neftinin müharibədə hansı rol oynadığına, xalqımızın Böyük Vətən müharibəsində hansı itkilər verdiyinə dair postlar paylaşdığını görmək ikiqat xoşdur. Gənc insanlar sosial şəbəkələrdəki səhifələrinə qəhrəmanlarımız haqda məlumatlar yerləşdirir, bir-birlərinə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini arzulayırlar. Gəncliyi bir sual da düşündürür: o vaxt Bakı nədən qəhrəman şəhər olmadı? Axı o, buna layiq idi.
Sovet illərində parlaq qələbə rəmzini ləkələmək, həqiqəti danışmaq olmazdı. Bununla da tarixi keçmiş, bəzən də kifayət qədər uzaq keçmişi ictimai rəydə manipulyasiya etmək vasitəsinə, müvafiq olaraq sosial idarəetmə vasitəsinə çevrilir. Amma müharibə müharibədir və bu döyüşdə Sovet İttifaqı da bir çox qərəzsiz rçaqlardan istifadə edib. Bu gün tarixi həqiqətləri tapıb üzə çıxarmaq böyük problem deyil. İndiki gənclər bunu edir. Amma bu mənfi faktları bilsələr belə, onlar faşizm üzərində qələbənin dəyərini anlayır və qəbul edirlər. Bu, onların öz üzərlərində qazandıqları kiçik, lakin mənəvi qələbədir; bu, onların insan tərbiyə etməyi bacarmış valideynlərinin, ailə dəyərlərinin qələbəsidir, faşizm üzərində daxilən yaşanan qələbədir. Bu qələbəyə görə canından keçmiş və bu nöqsanlı dünyada insan olaraq qalan hər kəsə təşəkkürlər.
Qələbə Gününüz Mübarək!
MƏSLƏHƏT GÖR: