BİRLƏŞDİRƏN BƏND
Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası 15 illik fəaliyyətinə yekun vurur
Müəllif: Nurlanə QULİEVA Bakı
Biznes-forumlar, "dəyirmi masa"lar, investisiya konfransları, işgüzar görüşlər... Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) aktivində yüzlərlə bu cür tədbir, qanun layihələri, müqavilələr və bir çox digər işlər var. Görülən hər bir iş isə konkret nəticələrlə seçilir. Konfederasiyadan bildirirlər ki, bu strukturun 15 illik inkişaf yolu ölkə iqtisadiyyatının, xüsusilə özəl sektorun inkişafı ilə düz mütənasibdir.
"Müstəqil Azərbaycanın iqtisadi siyasəti ilk dövrlərdən özəl sektorun inkişafı və möhkəmlənməsinə, bütün sektorlarda geniş sahibkarlar təbəqəsinin və biznes cəmiyyətinin yaradılmasına əsaslanıb. Sahibkarlığın inkişafı ilə əlaqədar ilk dövlət proqramlarının hələ ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-1995 və 1997-2000-ci illərdə reallaşdırılması heç də təsadüf deyildi. O, dəfələrlə yerli və xarici biznesmenlərlə görüşmüş, onların problemləri ilə maraqlanmış, həmin problemlərin həlli üçün tədbirlər görmüşdü. Bu cür görüşlərin nəticəsi olaraq, 2002-ci ildə bir sıra vacib fərman və sərəncamlar imzalandı, bununla da ölkədə sahibkarlığın inkişafı sahəsində yeni mərhələnin əsası qoyuldu", - deyə konfederasiyanın prezidenti Məmməd Musayev bildirir.
Onun sözlərinə görə, prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkədə biznesin inkişafı üçün şərtlər daha da liberallaşdırılıb. 2003-cü ildə biznesə dövlət maliyyə yardımı mexanizmi işə salınıb. M.Musayev regionların inkişafına dair dövlət proqramlarını ölkə iqtisadiyyatının inkişafı və möhkəmlənməsinə ciddi təkan hesab edir. Xatırladaq ki, həmin proqramların icrası nəticəsində ümumilikdə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 2013-cü ilin nəticələrinə görə 28 milyard dollara çatıb və bunun 17,5 milyardı daxili, 10,5 milyardı isə xarici investisiyalardır. "Beləliklə, seçilmiş iqtisadi strategiya nəinki Azərbaycan iqtisadiyyatının inkişafında müstəsna rol oynayıb, həm də keçid iqtisadiyyatı dövrünü yaşayan ölkələr üçün xüsusi modelə çevrilib", - deyə M.Musayev qeyd edib.
Bu nailiyyətlərdə ASK-nin roluna gəlincə, geridə qalan 15 il onun vacib islahatların həyata keçirilməsində hökumətə ciddi dəstək olduğunu göstərib.
1999-cu ildə fəaliyyətə assosiasiya kimi başlayan və konfederasiya statusunadək inkişaf edən bu qurum ötən illərdə sahibkarlığa dəstək və yardım sahəsində çoxsaylı tədbirlər həyata keçirib. O, fəaliyyəti dövründə respublika miqyasında iş adamlarının maraqlarını ifadə edən ictimai birliyə çevrilib. Bu gün ASK-nin tərkibində minlərlə sahibkarlıq subyekti cəmləşib. Onların arasında 70-dək assosiasiya və birlik var.
2001-ci ildən konfederasiya sosial tərəfdaşlığın subyekti kimi ölkənin Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə müəyyən dövrlər üçün Baş Kollektiv Saziş bağlayır. Bu Saziş sosial-iqtisadi siyasət və sosial-əmək münasibətləri üzrə razılaşdırılmış mövqeləri və birgə fəaliyyətləri müəyyən edir. Məmməd Musayevin sözlərinə görə, konfederasiya sazişdə tərəf olaraq, sosial dialoq məsələlərinə xüsusi diqqət ayırır:
- Biz sahibkarları dəstəkləməklə kifayətlənmir, müvafiq dövlət strukturları və həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlıq çərçivəsində əmək məsələlərinin tənzimlənməsində fəal iştirak etməyə çalışırıq. Hazırda Beynəlxalq Əmək Təşkilatının proqramı çərçivəsində işlər davam edir.
Səmərəli idarəolunmanı təşkil etmək məqsədilə konfederasiyanın yanında daimi komissiyalar sahələr üzrə, respublikanın bütün bölgələrini əhatə edən regional nümayəndəliklər isə regional idarəetməni təmin edir. Bu, regionlarda sahibkarlığın inkişafına dəstək verilməsi işini xeyli asanlaşdırmış, nümayəndəliklər vasitəsilə sahibkarlara göstərilən xidmətlərin və informasiya təminatının yaxşılaşdırılması və təkmilləşdirilməsinə, sahibkarlığın inkişafı istiqamətində proqramların tərtib edilməsinə və həyata keçirilməsinə şərait yaratmışdır.
- Bütün ölkə miqyasında sahibkarların fəaliyyətini nə dərəcədə əhatə etmək olur?
- Konfederasiyanın daimi komissiyaları var. Onlar iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə işləyirlər. Bütün bölgələrimizi əhatə edən nümayəndəliklərimiz isə regional idarəetməni təmin edir. Bu, bölgələrdə özəl sektorun dəstəklənməsi işimizi xeyli yüngülləşdirir, daha ciddi diqqət və dəstək tələb edən sahələri dəqiq müəyyənləşdirməyimizə kömək edir.
Konfederasiya sahibkarlarla hər il vergi qanunvericiliyinə dair müzakirələr aparır, onların bu sahə ilə bağlı irad və təkliflərini toplayaraq, Vergilər Nazirliyinə təqdim edir. Bundan başqa, bu qurumla bağlanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq vergi ödəyicilərinə xidmət mərkəzlərində sahibkarlara xidmət işi yaxşılaşdırılıb. Hazırda fəaliyyət göstərən 40-a yaxın xidmət mərkəzində Konfederasiyanın əməkdaşları çalışır.
- ASK beynəlxalq əməkdaşlığı necə qurub?
- Bu gün konfederasiyamız bir sıra beynəlxalq tərəfdaşlıq təşkilatının üzvüdür. Biz müxtəlif ölkələrdən olan tərəfdaşlarımızla birgə layihələrdə, biznes-forumlarda, konfranslarda və digər tədbirlərdə uğurla iştirak edirik. Bu yaxınlarda 3 illik "Sosial dialoq sahəsində əməkdaşlıq" layihəsini başa vurmuşuq. Onu alman tərəfdaşlarla birgə həyata keçirirdik. Layihənin müddətinin daha 3 il müddətinə uzadılmasına nail olmuşuq.
Bundan başqa, ASK-nin təşkilatçılığı və fəal iştirakı ilə hökumətlə biznes dairələri arasında münasibətlər, sığorta qanunvericiliyinin qəbulu ilə bağlı beynəlxalq forumlar, menecmentin idarə olunması üzrə treninqlər keçirilib, Özbəkistanda Azərbaycanın ilk milli sərgisi təşkil olunub. Konfederasiya Türkdilli Ölkələrin Əməkdaşlıq Təşkilatının Biznes Şurasında ölkəmizin özəl sektorunu təmsil edir.
Konfederasiya BMT-nin Bakı ofisi ilə korporativ məsuliyyət sahəsində əməkdaşlıq üzrə müqavilə imzalayıb, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə qadın sahibkarlığına dair beynəlxalq konfrans keçirib və s.
Ümumilikdə, 2013-cü ildə İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və konfederasiyanın xətti ilə 70-dən artıq biznes-forum, "dəyirmi masa", sərgi və ikitərəfli görüşlər təşkil edilib. İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə isə respublikanın regionlarında 100 mindən artıq sahibkarın inkişaf etdiyi 1200-dək müxtəlif tədbir keçirilib.
Prezident İlham Əliyevin sərəncamı ilə ASK prezidenti Məmməd Musayev "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf konsepsiyasının Milli Fəaliyyət qrupuna daxil edilib.
Məlum olduğu kimi, bu sənəddə ölkədə biznes mühitinin yaxşılaşdırılması, iqtisadiyyatda rəqabət qabiliyyətinin gücləndirilməsi, investorların maraqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair planlar yer alır. Konfederasiya bu konsepsipya çərçivəsində "İşəgötürənlər birlikləri haqqında" qanunun qəbulu, vergi sisteminin təkmilləşdirilməsi, vergi dərəcələrinin aşağı salınması, kiçik və orta sahibkarlıq sahələrində biznes mühitinin yaxşılaşdırılması, yerli istehsalçıların məhsullarının rəqabət qabiliyyətinin artırılması və s. istiqamətdə fəaliyyətini davam etdirmək niyyətindədir. Əlbəttə ki, ASK əvvəlkitək Azərbaycan sahibkarlarının xarici bazarlara çıxışı və işgüzar əlaqələrinin qurulmasına yardım göstərilməsi ilə bağlı fəaliyyətini də davam etdirəcək.
MƏSLƏHƏT GÖR:



605

