SƏBƏB NƏTİCƏDƏN İRƏLİDİR
"Əsas problem Türkiyə ilə Ermənistan arasında yaxınlaşma yox, Dağlıq Qarabağdır"
Müəllif: Çingiz MƏMMƏDOV Bakı
Dünya erməniliyi ənənəvi olaraq bu il də nəfəsini dərərək, ABŞ prezidentinin 1915-ci ildə Osmanlı İmperiyasında yaşanmış olaylarla bağlı erməni icmasına müraciətində qiymətli "soyqırımı" sözünü işlədib-işlətməyəcəyini gözlədi. Üstəlik, Amerikanın Ermənistandakı səfiri budəfəki müraciətin mətninin "ayrı olacağı" vədini vermişdi. Amma ermənilər arzuladıqları sözü bu dəfə də eşidə bilmədilər. Bunun əvəzində Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının Praqada keçirilən sammitində Ermənistanın dövlət başçısı Azərbaycan Prezidentindən o qədər də xoşuna gəlməyəcək fikirlər eşitdi. İlham Əliyev Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasına hansı halda ümid edə biləcəyilə bağlı Ankara və Bakının mövqeyini Serj Sarqsyanın nəzərinə çatdırdı.
Amerikanın Cons Hopkins Universitetinin eksperti Qaret Cenkins "R+"a müsahibəsində Ermənistanın şərq və qərb qonşuları ilə münasibətlərinə dair yaşanan son hadisələrə münasibətini bildirib.
- Siz Qərbdə Türkiyə üzrə tanınmış mütəxəssissiniz. ABŞ prezidenti ermənilərə bu il aprelin 24-də ünvanladığı müraciətində də "soyqırımı" sözünü işlətmədi. Bir il sonra erməniliyin "soyqırımı"n 100-cü ildönümünü qeyd edəcəyi zaman bu məsələdə dəyişiklik ola bilərmi?
- Əlbəttə ki, Obamaya "soyqırımı" sözünü işlətməsi üçün ciddi təzyiqlər olacaq. Amma onun bu ifadəni dilə gətirəcəyinə əmin deyiləm. Obama 2008-ci ildəki seçki kampaniyası zamanı 1915-16-cı illərdə baş vermiş hadisələrin soyqırımı olduğuna şübhə etmədiyini söyləmiş, prezident seçiləcəyi təqdirdə, həmin hadisələri soyqırımı kimi tanıyacağı vədini vermişdi. O, prezident seçilsə də, ötən 6 ildə vədini yerinə yetirməyib. Obamanın bu məsələyə dair fikrini dəyişəcəyinə şübhə edirəm. Məsələ ondadır ki, Obama Türkiyəni məyus etmək istəmir.
Türkiyə üçün pis xəbər hadisələrin 100 illiyilə əlaqədar təzyiqlərin ciddi şəkildə artacağı ilə bağlıdır. Yaxşı xəbər isə Obamanın üçüncü müddətə prezidentlik uğrunda yarışmaq hüququnun olmamasıdır. Beləliklə, o, ardıcıl olaraq 7-ci il də vədinə əməl etməyəcəyi təqdirdə, erməni əsilli seçicilərin səsini itirəcəyindən narahat olmayacaq.
- ABŞ və Avropa İttifaqının rəhbərliyi Türkiyə baş nazirinin dilindən 1915-ci ildə baş vermiş hadisələrə görə ilk dəfə səslənən başsağlığını alqışla qarşıladılar. Amma bu, erməniləri qane etmədi...
- Ərdoğanın bəyanatı Türkiyə baş nazirlərinin nə vaxtsa atdığı addımlar içərisində ən barışdırıcı addım idi. Amma o, baş verənləri soyqırımı kimi qiymətləndirmir və bu, ermənilərin hiddətinə səbəb olur. Ərdoğanın bəyanatına səbəb olan əsas məqamlardan biri onun ideoloji cəhətdən 1915-ci ildə hakimiyyətdə olmuş gənctürklər rejiminə, həmin rejimin lideri Mustafa Kamal Atatürkə qarşı çıxmasıdır. Beləliklə, Ərdoğan üçün həmin rejimin dövründə baş vermiş hadisələrə görə başsağlığı bəyanatı vermək asandır.
Düşünürəm ki, bir çox ermənilər Ərdoğanın İkinci dünya müharibəsi zamanı müsəlmanların başına gətirilmiş müsibətlərə istinad etməsindən də narazıdır. Ermənilərin fikrincə, baş nazir bununla 2 məsələni bərabər tutmağa çalışır.
Bir tərəfdən Anadolu müsəlmanlarının Birinci dünya müharibəsi dövründə çəkdikləri iztirabların səbəblərilə ermənilərin başına gələnlərin səbəbləri fərqli idi. Amma bununla yanaşı, Osmanlı İmperiyasının süqutu zamanı müsəlmanların başına gətirilənlərə kifayət qədər diqqət ayrılmır. XIX -XX əsrlərin kəsişməsində Balkanlarda və Qafqazda müsəlmanlara qarşı kütləvi etnik təmizləmə aparılıb, müsəlmanların böyük bir hissəsi kütləvi şəkildə məhv edilib və yaşadıqları ərazilərdən qovulub. Mən düşünmürəm ki, bütün bu cinayətlərə bəraət qazandırmaq mümkündür. Mənəviyyat - hesabla ölçülmür. Ölmüş adamları yüz minlərlə deyil, milyonlarla hesablamaqla həmin günahsız insanlar yenidən ölmür.
Mənə elə gəlir ki, Ərdoğanın ermənilərin başına gələnlərə Birinci Dünya müharibəsi zamanı milyonlarla müsəlmanın da həlak olması ilə haqq qazandırmağa çalışmaması, başsağlığını hər hansı qeyd-şərtsiz səsləndirməsi ona daha böyük tarixi və mənəvi əsaslar verərdi. O, Osmanlı İmperiyasından müstəqillik qazanılması prosesi zamanı baş verənlərin etirafı üçün Balkanların və Qafqazın qeyri-müsəlman ölkələrinə ayrıca müraciət edə bilərdi.
- Praqada keçirilən "Şərq tərəfdaşlığı" sammitində Azərbaycan Prezidentinin Türkiyəyə söz hücumuna keçmiş Ermənistanın dövlət başçısına cavab verməsini necə xarakterizə edərdiniz?
- Bu, hazırkı Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmliyini göstərən daha bir məqamdır. Son bir neçə ildə Türkiyənin xarici siyasətində irəliləyişin qeydə alındığı sahələr çox deyil. Bu, həmin azsaylı sahələrdən biridir.
- Türkiyə-Ermənistan münasibətlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqələndirilməsi haqda nə düşünürsünüz?
- Türkiyənin Ermənistana sanksiyalar tətbiq etməsinin, o cümlədən sərhədləri bağlamasının səbəbi Dağlıq Qarabağ münaqişəsidir və Ankara bu addımı Azərbaycanla həmrəylik nümayiş etdirmək üçün atıb. Belə olan təqdirdə, Ermənistanla yaxınlaşma istiqamətində atılacaq istənilən addım - istər sərhədlərin açılması olsun, istərsə də İrəvanla tam diplomatik əlaqələrin qurulması - Azərbaycana zərbə olardı. Ankara bu addımı atsaydı, çox təəccüblənərdim. Bu, Türkiyəyə olan inamı qırar.
Əsas problem Türkiyə ilə Ermənistan arasında yaxınlaşma yox, Dağlıq Qarabağdır. Münaqişə həllini taparsa, Türkiyə ilə Ermənistan arasında yaxınlaşma da olacaq.
- Azərbaycanla Türkiyə, məhz, bu iki məsələdə sıx əməkdaşlıq edirlər...
- Tərəflər arasındakı mədəni əlaqələri, siyasi, iqtisadi münasibətləri nəzərə alsaq, bu əməkdaşlıq sürpriz deyil. Amma 1915-1916-cı illərdə baş verən hadisələrin əhəmiyyətini azaltmadan, düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli daha aktualdır. Kobud desək, 100 il əvvəl ölmüş insanları geri qaytarmaq mümkün deyil. Amma Dağlıq Qarabağ probleminin çözülməmiş qalması yeni qurbanların olması riskini qüvvədə saxlayır. Fikrimcə, Dağlıq Qarabağ münaqişəsinin həllində əməkdaşlıq daha vacibdir.
MƏSLƏHƏT GÖR:

783

