13 Mart 2025

Cümə axşamı, 20:04

"SİZƏ BİR SİRR AÇIM"

2012-ci İLİN ƏN YAXŞI İDMANÇISI TOĞRUL ƏSGƏROV SİRLƏRİNİ “R+”la BÖLÜŞDÜ

Müəllif:

15.01.2013

Toğrul Əsgərovla Yeni İl tətili zamanı görüşdük. Olimpiya çempionu, üstəlik, 2012-ci ilin yekunlarına görə Azərbaycanda ilin ən yaxşı idmançısı seçilmişdi. Sevincini bizimlə bölüşən Toğrul həm də bəzi suallarımızı da cavablandırdı. 

- Olimpiya çempionu Toğul Əsgərov - belə təqdimatı tez-tez eşidirsən?

- (Gülür) İştirak etdiyim tədbirlərdə daha çox məni belə təqdim edirlər. Olimpiya çempionu olmaq hər bir idmançıya nəsib olmur. Yəqin, ona görə həmişə yalnız Olimpiya çempionu deməklə kifayətlənirlər.  

- Bəs sən özünü necə təqdim edərdin?

- Bu barədə düşünməmişəm. Yəqin, mən də Olimpiya çempionu deməklə kifayətlənərdim. Çünki Olimpiya çempionluğundan böyük idmanda titul yoxdur. Əslində isə təqdimat o qədər də önəmli deyil.

- London Olimpiadası həyatında nəyi dəyişdi?

- Böyük Britaniya paytaxtına sadə güləşçi kimi yollanmışdım. Oradan Olimpiya çempionu kimi qayıtdım. Olimpiada ən rəqabətli və çətin turnirdir. Əksər idmançılar bu yarışda iştirakla kifayətlənir. Mən isə çempion oldum. Həmişə qeyd edirəm, qələbə qazanmağımda məşqçilərin, mənə dəstək olan insanların böyük əməyi oldu. 

- İndi sən həm də məşhur oldun...

- Əlbəttə, sizinlə razıyam. Olimpiadanı bütün televiziya kanalları göstərirdi. Oradakı qələbədən sonra məni tanıyanların sayı çox oldu. Çoxlu sayda tədbirlərə dəvət aldım. Küçədə insanlar məni tanımağa başladı. Bunu normal qəbul edirəm. Sadəcə gərək unutmayım ki, insanlar həmişə məndən qələbə gözləyəcək. 

- Çempiona diqqətin artması təbiidir...

- Əyləncədən uzağam. Elə səpkili verilişlərə də getmirəm. Mən idmançıyam, ona görə günümün çoxunu məşqdə keçirməliyəm. Olimpiadadan sonra bir neçə ay dincəldim. Yorğunluq çox idi. Artıq məşqlərə başlamışam. Istəyirəm yeni qələbələrə doğru addımlayım. 

- 2012-ci il sənin üçün nə ilə yadda qaldı?

- Mənim üçün qələbə ili oldu. Avropa çempionu oldum. Ardınca Londonda qızıl medal qazandım. Amma hədəflərim bununla bitmir. Yeni ildə yeni qələbələr qazanmaq istəyirəm.

- 2013-cü ildə ən böyük arzun hansıdır?

- 2013-cü ildə Avropa çempionatı keçiriləcək. Ardınca Dünya çempionatı olacaq. İstərdim hər iki yarışda qələbə qazanım. Karyeramda dünya çempionatının qızıl medalı yoxdur. İstərdim, böyüklər arasında dünya çempionu olum. 2013-cü ildə əsas hədəflərimdən biri budur. 

- Boş vaxtlarında necə istirahət edirsən?

- Sizə sirr açmaq istərdim. Tez-tez basketbol və futbol oynayıram. Daha çox futboldan həzz alıram. Futbol oynamaqdan çox xoşum gəlir. Hətta yorğun olsam belə, futbol oynamağı çox sevirəm. Gəncədə olarkən tez-tez futbol oynayıram.

- Yaxşı oynayırsan?

- Futbola marağım çoxdur. Uşaqlar deyir ki, gərək futbolçu olardın. Məncə, pis oynamıram. Əlbəttə, peşəkarlarla müqayisə olunmaq düzgün olmazdı. Amma özümə görə yaxşı oynayıram. 

- Səncə, futbolçu olsaydın, güləşdəki kimi uğurlar qazanardın?

- Bu, çətin sualdır. Güləş ölkədə daha çox inkişaf edib. Amma hər şey ola bilər. Futbolçu olsaydım, legioner həyatı yaşamaq istərdim. Xarici çempionatda çıxış etməklə böyük uğur qazanmaq olar. Yəqin, belə qismət idi. Mənə elə gəlir, güləşçi olmasaydım, futbolçu olacaqdım.

- Bizim futbolda vəziyyət o qədər yaxşı deyil. Yəqin bilirsən...

- Futbolumuzu Olimpiya idman növləriylə müqayisə etmək olmaz. Milli çempionatda doğma "Kəpəz"ə azarkeşlik edirəm. Avrokuboklarda bütün klublarımızın oyununa baxmağa çalışıram. 

- Adətən, olimpiya çempionları uğurlu çıxışlarını davam etdirə bilmir. Sanki onlara "göz dəyir"...

- Bilirəm nəyi nəzərdə tutursunuz. Mən daim üzərimdə çalışmaq istəyirəm. Axı rəqiblər də güclənir. Əgər Londonda mənə qarşı Avropa çempionu kimi hazırlaşırdılarsa, bundan sonra olimpiya çempionu kimi məni məğlub etməyə çalışacaqlar. Bütün bunlar barədə düşünürəm. Olimpiya çempionu olmaq həm də məsuliyyətdir. Titulumu uzun müddət qorumaq istərdim.

- Anan Londondakı qələbədən sonra sənin babana qızıl medal söz verdiyini demişdi. Olimpiadaya getməzdən əvvəl özünə çox inanırdın deyəsən?

- Düzdür, mən uşaqlıqda babamın yanında çox olurdum. Babam və nənəmin uğurlarımda rolu böyükdür. Dünya çempionatında gümüş medal qazananda babam dedi ki, inşallah, olimpiadaya lisenziya qazan və orada qalib gələrsən. Babama demişdim ki, ən güclü rəqibim Besik Kuduxovdur. O da cavabında həvəsləndirmək üçün dedi ki, mən ondan güclüyəm. Londona gedəndə babamdan hədiyyə kimi nə istədiyini soruşdum. O isə onun üçün qızıl medal gətirməsimi istədi. Hər şey yaxşıdır ki, arzusunu reallaşdırdım. 

- Maraqlıdır ki, elə finalda məhz Besik Kuduxovla görüşdün...

- Finala çıxanda yadıma düşdü ki, babam demişdi axı, mən güclüyəm. Digər tərəfdən ölkəmizin hesabında qızıl medal yox idi. Çox istəyirdim qızıl qazanım. Axırıncı günlər idi, məsuliyyət çox böyük idi. Bu zaman istər-istəməz psixoloji gərginlik yaranırdı və yalnız qızıl medal qazanmaq lazım idi. Bildiyiniz kimi, rəqibim də çox güclü idi, 4 dəfə dünya çempionu olub. Allahın köməyi ilə öz istəyimə çatdım. Öz gücümə inanırdım və finala yalnız qələbə üçün çıxmışdım. Bu da sonda uğurla nəticələndi.

- Olimpiadadan sonra arxayınlıq yarana bilər? 

- Yox, əksinə, bundan da daha yaxşı hazırlaşıb, uğurla çıxış edəcəyəm. Bundan da yaxşı nailiyyətlər əldə edib, ikiqat Olimpiya çempionu olacağam. Bu titul mənə stimul verir.

- 2013-cü il İlan ilidir. Sənin arzularını bilmək maraqlı olardı...

- Əjdaha ili idmanımız, eləcə də ölkəmiz üçün uğurlu oldu. Arzu edirəm, yeni il də uğurlu olsun və qələbələrimizin sayı çox olsun.


MƏSLƏHƏT GÖR:

459