Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Yeni il şənlikləri, iş və məktəb tətilləri arxada qaldı. Paradoksal olsa da, yəqin ki, hamı razılaşar, Yeni il şənlikləri valideynlərin əksəriyyəti üçün əsl dözüm sınağıdır. Başqa sözlə, yeddi uzun gün evdə oturmaq istəməyən uşaqlar üçün Yeni il əyləncəsi, proqram düşünmək əsl sınağa çevrilir. Şəksiz, bu proqramda uşaqlar üçün nəzərdə tutulmuş səhər yolka şənlikləri də var və onlara bileti əvvəlcədən almaq lazım gəlirdi. Amma əgər xoşbəxt valideyn öz körpəsi üçün əyləncə proqramı düşünübsə, bu, hələ o demək deyil ki, uşaq ona təklif edilən tamaşalardan ləzzət alacaq. Həm də bu və ya başqa yeni il proqramına biletin qiymətinin tamaşaya müvafiq olacağı da fakt deyil.
Əyləncəni, necə deyərlər, ağılla seçmək lazımdır. Amma insan saydığını saysın, bu və ya başqa bayramların təşkilatçılarının isə öz saydıqları var. Bəs sovet vaxtında necə idi? Bizim valideynlər bizi müxtəlif mədəniyyət evlərində keçirilən yolka şənliklərinə aparırdılar. Bu şənliklərə biletlər ya iş yerindəki həmkarlar təşkilatları tərəfindən verilirdi, ya da hansısa elə rəmzi qiymətə satılırdı ki, hətta tamaşa şənlik barədə o vaxtkı təmkinli təsəvvürlərə cavab vermirdisə belə, insanlara o qədər də təsir etmirdi. Yadımızdadır, bütün yolkalardakı Şaxta baba hədiyyələri eyni cür idi.
Heç bir valideynin ağlına belə gəlməzdi ki, şirniyyatın yararlılıq müddətini yoxlasın - dəqiq əmin idilər ki, uşaqlara vaxtı keçmiş konfetlər verməyəcəklər. O vaxtkı zövqlərin sadələiyi də yadda qalır. Sovet uşaqlarını şənləndirmək çətin deyildi. Amma heç kimin ağlına gəlməzdi ki, Şaxta babaya krossovka, Qar qıza isə gəlinlik geyindirsin, zalda isə təbii yox, süni yolka bəzədilsin, həmçinin Yeni ildə başa qoyulan tacın yerinə aşağı keyfiyyətli bər-bəzək vurulsun.
Zəmanə dəyişib. Hazırda Yeni il bayramları müxtəlif əyləncə obyektlərində - teatrlarda, uşaq əyləncə mərkəzlərində, saraylarda, klublarda və uşaq ictimai-mədəniyyət idarələrində keçirilir. Ola bilər ki, aparatlar və dekorasiyalar çoxalıb, amma bu, tamaşaları yaxşılaşdırıbmı? Yeni il şənliklərinə biletlərin qiymətləri 6 manatdan 70 manata qədər dəyişir. Aydındır ki, biletin qiymətini şənliyin keçirildiyi yer müəyyən edir. Əgər bilet həddindən bahadırsa, deməli şənlik yetərincə nüfuzlu əyləncə mərkəzində keçirilir. Özü də bu halda valideynin hansı yeri tutması - oturaq və ya ayaqüstə dayanması, uşağı izləmək üçün monitora yaxınlığı da nəzərə alınır.
Eyni zamanda bir fakt da unudulmamalıdır ki, bu əlyəncə mərkəzlərinə giriş həm uşaqlar, həm də böyüklər üçün pulludur. Əgər bir bilet 50 manatdırsa, deməli iki nəfər üçün uyğun olaraq 100 manatdır. Hər valideyn uşağını mərkəzdə əylənmək üçün tək buraxmaz. O, başqa otaqda oturacaq və tamaşanın sonunu gözləyəcək. Amma şənliyin keçirildiyi yerin nüfuzlu olması, heç də onun keyfiyyətinə - quruluşuna, məzmununa, orijinallığına zəmanət vermir. Heç kim uşağın bu tamaşadan gerçəkdən ləzzət alacağına, hədiyyələrin vaxtı keçməmiş şirniyyatlardan və zəhərli oyuncaqlardan ibarət olmayacağına söz verə bilməz. Bu gün tamaşaların süjetləri çoxçeşidliliyi ilə fərqlənmir, çoxları hətta onun təsvirinə belə vaxt ayırmaq istəmir. Köhnə nağılları yenidən işləyirlər, quruluş xəttində isə tam fiasko olur.
Yetərincə populyar olan internet forumlarının birində valideynlər Yeni il şənlikləri barədə bir sıra rəylər yerləşdiriblər. Yeni il şənliklərinin keçirildiyi yerlərin adını biz bilərəkdən yazmırıq, çünki bu, məsələnin mahiyyətini dəyişmir. Bütün teatrlarda, mərkəzlərdə və sair ictimai-mədəniyyət binalarında biletin qiymətindn asılı olmayaraq süjet kasadlığı, normall quruluşlu rejissuranın olmaması, uyğun olaraq bayram təşkiltçılarının uşaqları mümkün olan qədər əyləndirmək, Yeni il əhvalı yaratmaq istəyinin yoxluğu da müşahidə edilir.
"Bu gün yolkada olmuşuq. Nə demək olar. Beşillik şkala üzrə ona "- 3" vermək olar. Uşaqlar tamaşa edirdilər, amma gözlənilən qədər heyranlıq müşahidə olunmurdu. Nəsə, miskin bir zal idi, heç bir dekorasiya-filan gözə dəymirdi. Yolka çoxdan bəzədilmişdi, heç bir süjet yox idi. Uşaqları maraqlandıran tək məsələ gözbağlayıcı idi, çünki heyvanlarla nömrə göstərirdi. Artıq neçənci dəfədir, özümə söz verirəm ki, bir də bizim yolka şənliklərin bilet almayacam. Nahaq yerə ona 25 manat pul verdim. Yaxşı olardı ki, uşaqlara danışan qələm alaydım".
"Məktəbə hazırlıqda uşaqlara yolka bileti vermişdilər. Abdulla Şaiqin pyesini "Gangnam style" altında ifa elədilər, sonra Tıq-Tıq xanım Siçan bəylə tvist oynadı, əlbəttə, əsəri məhv eləmişdilər. Uşaqlar, düzdür, bu zövqsüzlüyü başa düşmürdülər. Onlar əylənirdilər. Ən pisi onlara axmaq zövq sırımalarıdır. Amma "Gangnam style" kimi zövqsüzlük də hər yeri basıb. Hədiyyə isə İran və Türkiyə istehsalı olan şirniyyatlar idi. Yaxşı ki, vaxtları keçməmişdi".
""Yerinə yetirilməz missiya" adlı yolka şənliyində idik. Yolka da, hədiyyələr də dəhşətli idi".
"Dünən yolka şənliyinə getmişdik. Dəhşətli sakitlik idi. Şaxta baba 17 yaşlı gənc oğlan idi. Zala girəndə adama elə gəlirdi ki, o nəsə itirib. Yəni həmin pula bir dənə baba tapmaq çətin olardı? Özfəaliyyət idi. Bir saat çəkən tamaşaboyu artistlər öz aralarında nəsə danışırdılar. Amma necə reklam olunmuşdu. Fikirləri sadəcə pul qopartmaq imiş. Düzdür, hədiyyələri pis deyildi. Orta səviyyəli yumşaq oyuncaq idi. Qızlara Mikki Maus, oğlanlara Smurfik, həmçinin ayılar və şirniyyat hədiyyə etmişdilər".
"Dünən sirkdə idik. Necə soyuq idi! Uşaqlar əlcəklə və kapüşonla oturmuşdalar. Kim gedəcəksə, isti geyinsin. Amma tamaşa özü pis deyildi".
Demək olmaz ki, müsbət rəylər ümumiyyətlə yox idi, amma mənfi rəylər daha çox idi. Bəzi valideynlər uşaq teatr tamaşalarını xoşlamışdılar, amma, məsələn, bir ana yazmışdı ki, həmin tamaşalardan birinin süjeti "ümumiyyətlə, heç nəyə yaramazdı". Həm də o başa düşmürdü ki, niyə müsbət qəhrəman sonda mənfi qəhrəmanı öldürür. Onun fikrincə, əgər söhbət Xeyirin Şər üzərində qələbəsindən gedirsə belə, qəddarlığın bu cür təbliği bağışlanmızdır, uşaqlar bunu fərqli cür başa düşərlər.
Yeni il şənliklərində yaranmış durumla bağlı söhbət edən teatr işçilərindən biri "R+"la söhbətində bildirib ki, bu və ya başqa uşaq tamaşasının qoyulması tamamilə teatrın kollektivinin və onun bədii rəhbərinin müstəqil işidir. Ssenarilərin ideoloji baxımdan uyğun qurumlarla razılaşdırılıdığı vaxtlar çoxdan keçib. Tamaşalar teatrın aktyor şurasının təmsilçilərinin iştirakı ilə keçir, başqa yerlərdə isə aktyorları kənardan dəvət edirlər. Buna görə də bu və ya başqa əyləncə mərkəzində uşaqların qarşısında gerçəkdən peşəkar artistlərin çıxış edəcəyinə heç bir zəmanət yoxdur.
Belə görünür ki, Şaxta baba və Qar qızların lisenziyalaşdırmasından və onlardan vergi tutulmasından başqa, həm də Yeni il şənlikləri üzərində dövlət nəzarəti olmalıdır. Ən yaxşısı dövlət səviyyəsində işlənmiş müəyyən standartların tətbiqi olardı. Bununla yanaşı, hədiyyələrə də hər bir paketə qoyulmuş keyfiyyat sertifikatları əlavə edilməlidir. Hədiyyələrdəki şirniyyatların yararlılıq müdəti bitməməli, oyuncaqlar toksiki olmamalıdır. Bununla yanaşı, valideynlər uşaqlarını aparmağa hazırlaşdıqları Yeni il şənliyi barədə tam məlumata malik olmalıdırlar. Həmçinin, hər bir şənliyin öz yaş kateqoriyası olmalıdır.
Bir tamaşa 3 və 10 yaşlı uşaqlar üçün eyni səviyyədə maraqlı ola bilməz. Bundan başqa, hər bir tamaşa üçün mütləq afişa vurulmalıdır və proqramın müddəti göstərilməlidir. Körpə uşaq üçün 2,5 saat Yeni il şənliyində qalmaq asan deyil. Hər bir tamaşanın öz adı olmalıdır və o, ildən-ilə təkrarlanmamalıdır. Həm də Şaxta baba və Qar qız gözəl olmaladırlar. Onların üzləri və oyunları yadda qalan olmalıdır. Tamaşanın təşkilatçıları anlamalıdarlar ki, öz tamaşaları ilə onlar uşaqlara yaxşı zövq, gözəllik hissi aşılamalıdırlar. Yeni il şənlikləri sovet keçmişinin irsi olsa da, bu, bizim gerçəkliyimizdir və uşaqlarda yalnız müsbət emossiyalar yaratmalıdır. Mənəvi baxımdan isə böyüməkdə olan nəsildə ən yaxşı keyfiyyətlər - xeyrixahlıq, cəsarətli və alicənab olmaq, Vətəni sevmək kimi hisslər aşılamalıdır.
MƏSLƏHƏT GÖR: