Müəllif: Nadir XOSROVOĞLU Bakı
Azərbaycan paytaxtı Bakı cüdo üzrə "Böyük Dəbilqə" yarışına ev sahibliyi etdi. Ardıcıl ikinci il keçirilən turnirdə 39 idmançı ilə təmsil olunan Azərbaycan millisinin qazancı 6 medal oldu. Hacıağa Hacıəhmədovun yetirmələrindən Orxan Səfərov (60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Vüqar Şirinli (60 kq) və Elxan Məmmədov (100 kq) finalda uduzduqları halda, Kifayət Qasımova (57 kq), Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (81 kq) bürünc medalla kifayətləndilər. "Böyük Dəbilqə"ni 1 qızıl, 2 gümüş və 3 bürünc mükafatla başa vuran millimiz komanda hesabında 41 ölkə arasında 4-cü yeri tutdu. İlk 3 pillədə isə müvafiq olaraq, Fransa (3-2-2), Hollandiya (2-1-2) və Rusiya (1-2-5) yığmaları qərarlaşdı.
Mötəbər yarışda 6 medal qazanan cüdoçularımız minimum məqsədə nail oldu. Nəticə baxımından komandanın çıxışını uğurlu saymaq olar. Amma keyfiyyətcə idmançılarımız əzmkar mübarizə sərgiləmədi. Böyük ümid bəslənilən dünya çempionu Elxan Məmmədov ötənilki nəticəni təkrarlaya bilmədi. 2013-cü ildə "Böyük Dəbilqə" turnirində qızıl medal qazanan Məmmədov cari il gümüşlə kifayətləndi. Özü də idmançımız aşkar mübarizədə deyil, cərimə xalına görə uduzdu. Görüş boyu finalın iştirakçıları hərəyə 3 xəbərdarlıq aldı. Əlavə vaxtda isə Məmmədov hakim tərəfindən 4-cü dəfə xəbərdarlıq almaqla məğlubiyyətlə razılaşdı. Dünya çempionunun mübarizədə deyil, cərimə xalına görə uduzması məşqçilər tərəfindən ciddi şəkildə müzakirə olunmalıdır. 2013-cü ildə analoji turnirdə bürünc medal qazanan Avropa Çempionatının finalçısı Elmar Qasımov bu dəfə ümidləri doğrultmadı. İlk görüşdə uduzan titullu idmançımız mübarizəni mükafatsız başa vurdu. 90 kq-da problemlərin olması növbəti dəfə özünü göstərdi. Millidə bu çəkidə güclü idmançımızın olmaması yenidən təsdiqləndi. Ötənilki turnirdə inamlı təsir bağışlayan Şahin Qəhrəmanov ikinci görüşdə uduzmaqla optimal formadan uzaq olduğunu nümayiş etdirdi. 81 kq-da əsas ümidimiz Məmmədəli Mehdiyevin adını çəkmək vacibdir. Bürünc medal qazanan idmançımız yığmada çıxış etməyə layiq olduğunu sübut etdi. 73 kq-da Rüstəm Orucov qazandığı bürünclə stabil çıxış etdiyini nümayiş etdirdi. 60 kq-da isə məşqçilərin arzuladığı rəqabət yaranıb. Bir çəkidə Orxan Səfərov, Vüqar Şirinli və İlqar Müşkiyev kimi idmançıların olması həm cüdoçulara, həm də komandamıza xeyirlidir. Qadınların yarışında nəticə baxımından yalnız təcrübəli Kifayət Qasımovaya güvənmək mümkündür. Finalda uduzan cüdoçu kifayət qədər yaxşı təsir bağışladı.
"Böyük Dəbilqə" turnirini izləmək üçün Bakıya gələn Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer "R+"a müsahibəsində mötəbər yarışın nəticələrindən, Heydər Əliyev Fondunun yubileyində iştirakından və Azərbaycanla əməkdaşlıq planlarından danışıb:
- Səfərinizin məqsədi, yəqin ki, Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etmək olub...
- Bakıya gəlməkdə məqsəd, "Böyük Dəbilqə" turnirində və Heydər Əliyev Fondunun 10 illik yubileyində iştirak etməkdir. Heydər Əliyev Fondu Azərbaycanda və dünyada təhsil, idman və digər sahələrin inkişafına böyük dəstək olur. Bu mənada əlamətdar tədbirdə iştirak etməyi özümə borc bildim. Eyni zamanda "Böyük Dəbilqə" turnirində final görüşlərinə baxdım. İkinci dəfə keçirilən turnirin təşkilatçılığını izləmək maraqlı idi.
- Yekun nəticələr barədə nə söyləmək olar?
- Cüdo bütün ölkələrdə sürətlə inkişaf edir. Bakıda keçirilən yarışda hər komanda ən güclü idmançısını sınadı. Nəticələri məşqçilər təhlil etsə daha yaxşı olar. Mənim üçün vacib yarışın yüksək təşkilatçılığı və idmançıların göstərdiyi ustalığı görmək idi.
-"Böyük Dəbilqə"nin təşkilatçılığından razı qaldınız. Demək olar ki, bu yarış gələn il də olacaq?
- Razılaşmaya əsasən, turnir 2015-ci ildə də keçiriləcək. Bundan sonra müqavilə başa çatır. Gələcək əməkdaşlıq haqda indidən nə isə söyləmək çətindir. Ona görə yalnız 2015-ci ildə keçiriləcəyini deyə bilərəm. Turnirin gedişindən razıyam. Azərbaycan idmançılarının da medal qazandığına sevinirəm. 2015-ci ildə ölkənizi Avropa Oyunları kimi mötəbər yarış gözləyir. İnanıram ki, ölkəniz turniri yüksək səviyyədə keçirəcək.
- Azərbaycanla gələcək əməkdaşlıq barədə müzakirələr hansı səviyyədədir?
- Ölkənizdə cüdoya göstərilən diqqət məni razı salır. Bununla belə, yeniyetmə cüdoçularla işi gücləndirmək istərdim. Ona görə federasiya ilə müzakirələrimiz olacaq. Məktəblərdə idman dərslərində cüdoya xüsusi yanaşmanı vacib sayıram. İstərdim ki, uşaqlar mümkün qədər erkən yaşlarında cüdo haqda məlumat əldə edərdi.
- Heydər Əliyev Fondu ilə hansı sahədə əməkdaşlıq edəcəksiniz?
- Gələn ay iki layihə ilə Heydər Əliyev Fonduna müraciət edəcəyik. Əgər bu layihə onları maraqlandırsa, birgə işləməyimiz mümkündür. Birinci layihə rəhbərlik etdiyim qurum tərəfindən hazırlanıb. İkinci isə "Sportaccord"a aiddir.
- Cüdo üzrə Avropa Oyunlarına lisenziya yarışları hansı qaydada olacaq?
- Artıq bu barədə qərar qəbul edilib. Hər ölkə reytinqə düşən idmançılarına əsasən lisenziya qazanacaq. Yəni beynəlxalq federasiyanın reytinqi əsas götürüləcək. Vaxt az qaldığı üçün əlavə turnirlər keçirmək lazım deyil.
- Növbəti illərdə Azərbaycan cüdo üzrə hansı mötəbər yarışa ev sahibliyi edə bilər?
- Hazırda müzakirələr davam edir. Azərbaycan 2017-ci ildə cüdo üzrə böyüklər arasında Dünya Çempionatını keçirmək istəyir. Biz bu istəyə müsbət yanaşırıq. Ona görə müəyyən məsələlər həll olunmalıdır. Əgər rəsmi qaydada müraciət olunsa, mötəbər yarışı Bakıya etibar etməyimiz mümkündür. Ümid edirəm ki, Dünya Çempionatı Azərbaycanda keçiriləcək.
- Beynəlxalq Cüdo Federasiyası tez-tez qaydalarda dəyişiklik etdiyinə görə tənqid olunur. Bu həm məşqçilərə, həm də idmançılara problem yaradır..
- Qaydalarda dəyişiklik qurumda fəaliyyət göstərən xüsusi qrup tərəfindən aparılır. Bu zaman hər bir ölkənin məşqçisinin fikri öyrənilir. İstəyimiz cüdonun marağını artırmaq, onu daha baxımlı etməkdir. Cüdoda mübarizənin sona qədər davam etməsi vacibdir. Son saniyələrdə belə nəticə rəqibin xeyrinə başa çata bilər.
MƏSLƏHƏT GÖR: