13 Mart 2025

Cümə axşamı, 14:43

ZİRVƏYƏ UZUN YOL

"Qarabağ" 21 ildən sonra ikinci dəfə futbol üzrə Azərbaycan çempionu oldu

Müəllif:

20.05.2014

Braziliyada keçiriləcək futbol üzrə növbəti Dünya Çempionatının startına bir aydan da az vaxt qalıb. Azərbaycan futbolçuları hələ ki bu bayramda yalnız azarkeş kimi iştirak edə bilərlər. Ölkə azarkeşləri üçün isə "TOPAZ Premyer Liqası"nın son mövsümü Ağdamın "Qarabağ" klubunun qızıl medalları, gərgin oyunlar və məşqçi dəyişikliyi ilə yadda qaldı.

İlk olaraq "Qarabağ"ın 1993-cü ildən sonra ikinci çempionluğu qeyd olunmalıdır. Ölkəmizin ən yaxşı məşqçilərindən olan Qurban Qurbanov mövsüm boyu stabil oyun nümayiş etdirən komanda formalaşdırmağı bacardı. Başa çatan çempionatda rəqib tanımayan Ağdam təmsilçisinin çempionluğunda bütün futbolçuların əməyini qeyd etmək lazımdır. Xüsusilə braziliyalı Reynaldonun "Qarabağ" üçün etdiklərini söyləməmək günah olardı. Cari mövsüm 22 qolla bombardir olan Reynaldo bütün rəqiblərə başağrısı oldu. Təsadüfi deyil ki, artıq indidən əksər mütəxəssislər onun Azərbaycan millisində oynamasını istəyir. Reynaldoyla yanaşı, Almeyda, Çumbinyo, Rəşad Sadıxov, Vüqar Nadirov və digərləri 9 ay davam edən çempionatda özünü yaxşı tərəfdən göstərdi. 

Gümüş medalçı "İnter" çempionluğa layiq sıçrayış etdi. Startda 6 oyun məğlub olan və son pillələrdə qərarlaşan bankirləri, sanki, "möcüzə" xilas etdi. Baş məşqçi Kaxaber Tsxadadze komandanı vaxtında toparladı və son oyunları yüksək səviyyədə keçirməyə nail oldu. İlk dövrədən sonra son pillələrdə qərarlaşan "İnter" çempionatı ikinci pillədə başa vurmaqla kolleksiyasına gümüş medalı əlavə etdi.

"Neftçi" cari mövsüm 2 dəfə baş məşqçisini dəyişdi. Uğursuz avrokuboklardan sonra Böyükağa Hacıyev istefa verdi. 3 ay komandaya başçılıq edən köməkçi məşqçi Tərlan Əhmədov payızda postunu təhvil verdi. Ağ-qaraların baş məşqçi postuna dəvət etdiyi veteran futbolçu Nazim Süleymanov da "Neftçi"də cəmi 3 ay işlədi. Qışda Böyükağa Hacıyev yenidən "Neftçi"nin sükanı arxasına keçdi. Qış transfer dönəmində heyətini gücləndirməyən ağ-qaraların çempionluq sevdası boşa çıxdı. Komanda ölkə kubokunun finalına vəsiqə qazanmaqla təsəlli tapdı. 

"Qəbələ" tarixinin ən yaxşı mövsümünü keçirdi. Çempionatda uğurlu çıxış edən Yuri Syominin komandası ölkə kubokunun finalına adladı. Mövsüm boyu liderlərlə bərabər səviyyədə mübarizə aparan Qəbələ təmsilçisi azarkeşlərin ümidini doğrultdu. Məhz, 2013-2014 mövsümündə komanda ilk dəfə Avropa Liqasında iştirak etməyə vəsiqə qazandı. Əgər komanda Azərbaycan Kubokunu qazansa, rəhbərlik Yuri Syominlə müqaviləni daha uzun müddətə artıracaq.

Mövsümün uğursuzlarından biri "Bakı" oldu. Ölkədə ən yaxşı şəraitə malik paytaxt təmsilçisi iddiasını nümayiş etdirmədi. Çempionatda medalsız qalan "Bakı" kubokda da mübarizəni erkən mərhələdə başa vurdu. Üstəlik, "Bakı" futbolçuları 35-ci turda "Qəbələ" ilə səfər matçına çıxmaqdan imtina etdi. Səbəb kimi məvacibin verilməməsi göstərildi. Yekunda komanda avrokuboklardan kənarda qaldı. "Bakı" ilə yanaşı, "Xəzər-Lənkəran" da uğursuzluqdan çıxmadı. Onuncu ilində mükafatsız qalan cənublular mövsüm ərzində 2 dəfə məşqçi dəyişdi. Dekabrda məşhur Con Toşakı yola salan "Xəzər-Lənkəran" türkiyəli mütəxəssis Mustafa Dənizliylə müqavilə imzaladı. Uğursuzluqdan çıxmaq mümkün olmayınca komanda Dənizlini də istefaya göndərdi. Yubiley ilində mükafatsız qalan komanda azarkeşlərinə növbəti zərbəni vurdu.

Zaqatalanı təmsil edən "Simurq" mövsümü 7-ci pillədə başa vurdu. Zəif çıxışın əsas səbəbi heyətdəki problemlər oldu. Büdcəsinin əsas hissəsini infrastruktura xərcləyən komanda normal transfer etmədi. Nəticədə, "Simurq" Premyer Liqada qalmaq uğrunda mübarizə apardı və məqsədinə nail oldu. AzAL zəif heyətlə yaxşı start götürsə də, sonda 8-ci oldu. Rəhbərlik yazda Vaqif Sadıqovu istefaya göndərdi. Komandaya rəhbərlik edən Tərlan Əhmədov isə yeni mövsümün planlarını qurmağa başladı. AzAL ənənəsinə uyğun olaraq 8-ci yerlə kifayətləndi. Autsayderlər "Sumqayıt" və "Rəvan" mövsümə olan ümidləri puç elədi. Məqsədi gənc oyunçuları yetişdirmək olan "Sumqayıt" legionerlərə qucaq açdı. Şahin Diniyevi istefaya göndərən "Rəvan" isə türk Güvənc Kurtarla anlaşsa da, son pillələrdən canını qurtara bilmədi. 

1-ci divizionda Naxçıvan küləyi əsdi. Yeni yaradılan "Araz-Naxçıvan" debüt ilində rəqib tanımadı. Təcrübəli Əsgər Abdullayevin rəhbərlik etdiyi komanda 1-ci divizionun qalibi oldu. Qızıl medallara sahib çıxan "Araz-Naxçıvan" həm də yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparmaq şansı əldə etdi.  

Azərbaycan Premyer Liqasının nəticələrinə əsasən "Qarabağ" Azərbaycanı Çempionlar Liqası, "İnter", "Neftçi" və "Qəbələ" isə Avropa Liqasında təmsil edəcək. 

21 ildən sonra Ağdam təmsilçisiylə çempion olan baş məşqçi Qurban QURBANOV "R+"a müsahibəsində mövsümün yekunları barədə danışıb.

- Azərbaycan çempionu olmağınız münasibətilə sizi təbrik edirik. Nə hiss edir Qurban Qurbanov?

- Çətin sualdır. Sözlə ifadə etmək çətindir. Futbolçu kimi çempion olmaq başqadır, baş məşqçi kimi tam başqa. "Qarabağ" uzun marafonun qalibi oldu. Bu müddətdə güclü rəqiblərlə qarşılaşmadan qalib ayrıldıq. Vacib qələbələr qazanmaqla qızıl medallara layiq olduğumuzu sübut etdik. "Qarabağ"ın çempionluğu layiqlidir.

- Komandanızın uğur qazanmasında əsas rolu nə oynadı?

- Komanda oyunu. Hər bir futbolçumuz çempionluq üçün mübarizə apardı. "Qarabağ"ın gücü onun birliyində və əzmkarlığındadır. Rəhbərlik bizə gözəl şərait yaratdı və biz də əlimizdən gələni etdik. Çempionluq gözəldir. Amma daha vacibi Azərbaycan futbolunun inkişafıdır. Hər bir futbolçumuza təşəkkür edirəm. 

- Qələbəni kimə həsr edirsiniz?

- "Qarabağ"ın uğuru onun azarkeşlərinindir. Komandanın hər bir qələbəsi və məğlubiyyətində yanımızda olublar. Ən çox bu qələbə torpaqlarından didərgin düşən qaçqınlarımızındır. Onların dəstəyi bizə güc verirdi. 

- "Qarabağ"ın baş məşqçisi olmaq çətindir?

- Əlbəttə, bu komanda adi klub deyil. Qarabağ bizim yaralı yerimizdir. Məhz, bu ad altında komandaya başçılıq etmək həm çətindir, həm şərəfli. Futbolçulara hər zaman deyirəm, "Qarabağ" turnir cədvəlində yalnız yüksək yerlərdə olmalıdır. Bizə aşağı yer yaraşmaz.

- Heyətdə ciddi dəyişiklik olacaq, yoxsa yalnız yeni futbolçularla güclənəcəksiniz?

- Komandaya yeni futbolçular cəlb olunacaq. Hazırda bir neçə legionerlə danışıqlar gedir. Gedənlər də olacaq. Futbolda bu təbiidir. Axı, köhnələr yerini yenilərə verir. Çempionlar Liqası ərəfəsində güclənmək lazımdır.

- Ardıcıl bir neçə il "Qarabağ" pley-off mərhələsində dayandı. Cari il hamı komandanın qrup mərhələsinə vəsiqə qazanmasını gözləyir?

- Bu barədə danışmaq tezdir. Komandanın uğurları üçün əlimizdən gələni edəcəyik. Sadəcə, püşk atılmayıb. Hazırda futbolçular istirahətdədir. İyunda toplaşıb hazırlığa başlayacayıq. Sizdən bir xahişim var, futbolçuları çox tərifləməyin. Bu çempionluğu çox şişirtməyin. Axı, biz öz işimizi görmüşük.

- Bəzi futbolçuları çempionluq rəsmiləşəndən sonra vətəninə yola saldınız. Deməli, son 2 oyun o qədər önəmli deyildi...

-  Reynaldo, Çumbinyo, Almeydanın vətəninə getməyi mənim qərarımdır. Göndərməyə də bilərdim. Ancaq Reynaldo "İnter"lə oyunda qabırğasından zədə almışdı. Hətta ikinci hissədə əvəz edilməyini istədi, ancaq təkidlə oynamasını tapşırdım və iki qol vurdu. Səhəri gün ağrıları artdı. Təbii ki, belə vəziyyətdə onun burda qalması doğru olmazdı. Çumbinyo da kifayət qədər əziyyət çəkmişdi. Statistikalara baxsaq, ən çox oyun keçirən futbolçumuzdur. Braziliyaya yol çox uzundur. Hesab eləyirəm doğru addım atmışıq. Yetərincə istirahət etmək haqqı vermişəm onlara, ağır mövsümdən sonra toparlanmaq üçün bu, onlara çox vacib lazımdır.

- "Qarabağ"ın Avropada təmsil olunması sevindiricidir. Bu barədə fikrinizi bilmək istərdik...

- Püşk zamanı "Qarabağ"ın adı çəkiləcək. Təmsil etdiyimiz Ağdam və Azərbaycanın adı səslənəcək. Qürurvericidir. Biz komanda olaraq layiqli çıxış etməyə çalışacağıq. Azarkeşlərimizi yenidən sevindirmək üçün mübarizə aparacağıq.



MƏSLƏHƏT GÖR:

713