13 Mart 2025

Cümə axşamı, 14:22

NİGERİYA DRAMI

"Boko haram"ın ekstremist fəaliyyətinin arxasında hansı siyasi-iqtisadi məqsədlər dayanır?

Müəllif:

20.05.2014

Nigeriyada əsl insan dramı yaşanır. Dramın süjeti terrorçular tərəfindən oğurlanan yüzlərlə qızdan bəhs edir. Amma bütün bunların əsasında ölkədə siyasi və iqtisadi vəziyyətin ağırlaşması dayanır. Özü də bu problemlərin bir qismi açıq-aşkar xaricdən gəlir.

Hələ  aprelin ortalarında "Boko haram" ekstremist təşkilatı 250-dən artıq məktəbli qızı oğurlamışdı. Qruplaşma oğurlanmış qızları bazarda "gəlin" kimi satacağını bildirirdi.

"Boko haram" artıq 12 ildir nigeriyalılara dəhşət yaşadır. Sekta rəsmən "Peyğəmbər və cihad təlimlərinin yayılması tərəfdarlarının cəmiyyəti" adlanır. Amma onun konkret fəaliyyətində islamla, Məhəmməd Peyğəmbərin nəsihətlərilə heç bir bağlılıq yoxdur. Nigeriyada və ondan kənarda təşkilat "Boko haram" adlandırılır və bu, yerli dialekt olan hausdan tərcümədə "Qərb təhsili qadağandır" deməkdir. Qruplaşma istənilən maarifçiliyə qarşı çıxır, əsas hədəfi kimi Nigeriyada şəriət qanunlarının qüvvəyə minməsini göstərir (təbii ki, "Boko haram"ın lazım bildiyi şəkildə).

Şübhəsiz ki, bu ekstremist təşkilatının əməllərinə ölkədəki siyasi, iqtisadi və dini şərait təsir göstərir. Sosial ədalətsizliyin, total korrupsiyanın hökm sürdüyü 100 milyonluq Nigeriya faktiki olaraq, dini prinsip əsasında bölünmüş haldadır: ölkənin şimalında əsasən müsəlmanlar yaşayır, şəriət qanunları işləyir, cənubunda isə əhalinin əksəriyyəti xristianlardır. "Boko haram" bütünlükdə ölkənin şəriət qanunları ilə idarə olunmasını tələb edir, bununla yanaşı, insan həyatına heç bir önəm vermir. Halbuki islama görə bu, ən böyük günahlardan sayılır.

Nigeriyanın ən nüfuzlu din xadimlərindən biri, Kvar əyalətinin şəriət məhkəməsinin sabiq ali qazisi Abdul Kadir Orire deyir: "Məgər, "Quran"da yazılıb ki, məqsədə nail olmaq üçün insanları öldürmək lazımdır? "Boko haram" qruplaşmasının islamla eyniləşdirilməsi nəinki ədalətsizlikdir, bu, həm də insanları çaşdırmaqdır".

Həqiqətən də, məqsədlərinə nail olmaq üçün terrorçuluqdan istifadə edən, müsəlman dininin şüarları arxasında gizlənən təşkilatların hər birinə islam dəyərləri yaddır. "Boko haram"ın Nigeriyanın şimalındakı iqtisadi qruplarla cənubun biznes elitası arasındakı qarşıdurmanın elementlərindən biri olduğu aydındır. Müsəlman icmaları ölkəyə neft satışından gələn gəlirlərin böyük hissəsinin cənublulara çatmasından narazıdırlar. "Boko haram"ı maliyyələşdirən qüvvələrin neft gəlirlərinin yenidən bölüşdürülməsinə, onun əsas hissəsinin şimala yönəldilməsinə çalışması da bununla bağlıdır.

Amma Nigeriya islamçıları həm də insan oğurluğu, narkotik alveri, yerli əhaliyə ağır verginin tətbiqilə də "qazanırlar". Bununla yanaşı, onların əsas işi terrorçuluq, iğtişaşların yaradılması, yaşayış məntəqələrinə, kilsələrə, polis məntəqələrinə hücumlardır. Ali təhsil ocaqlarına hücumları ayrıca qeyd etmək lazımdır. "Boko haram" tərəfindən təhsil ocaqlarına hücumlar daha miqyaslı, daha qanlı xarakter alır.

Məsələn, 2013-cü ilin sentyabrında "Boko haram" yaraqlıları kənd təsərrüfatı kollecinə hücum edərək 40 tələbəni qətlə yetirmişdilər. Bu ilin fevralında onlarla məktəbli Yobe ştatında islamçıların qurbanına çevrildi. Üstəlik, onlar Buni Yadi kollecində təhsil alan tələbələrin bir hissəsini diri-diri yandırdılar, qalanlarını isə güllələdilər.

Bundan sonra yeni aksiyaya start verildi: hədəfdə məktəblərdə təhsil alan qızlar idi. Qruplaşma üzvləri hesab edir ki, islam qadınların təhsil almasını qadağan edir. Məktəbli qızların oğurlanmasından, təxminən, 1 ay sonra "Boko haram" hakimiyyətə sövdələşmə təklif etdi: qızlar azad oluna bilər, amma bunun üçün qruplaşmanın Nigeriya həbsxanalarında saxlanılan tərəfdarları sərbəst buraxılmalıdırlar. Hökumət təklifi rədd etdi.  Ümumiyyətlə, hökumət əməlli başlı çaş-baş qalıb. O, nə yerli ekstremistlərə etibar edir, nə də qızların azad olunmasında vasitəçilik təklif edən xaricilərə.

Nigeriya-Amerika münasibətlərində bunu aydın şəkildə görmək mümkündür. Vaşinqton Nigeriyaya məktəbli qızların azad olunması işində ciddi yardım göstərməyə hazırdır. Birləşmiş Ştatların birinci xanımı Mişel Obamanın prezidentin xalqa ənənəvi həftəlik müraciəti əvəzinə etdiyi çıxış və çıxışa bu sözlərlə başlaması çox şeydən xəbər verir: "İstərdim biləsiniz ki, Barak hökumətə qızların tapılaraq evlərinə qaytarılması işində Nigeriyaya bütün yardımların göstərilməsini tapşırıb".

Həqiqətən də, bir müddət əvvəl ABŞ prezidenti Barak Obama Nigeriyaya hərbi kəşfiyyatın mütəxəssislərindən ibarət qrupun göndərilməsilə bağlı göstəriş verib. "Boko haram" tərəfindən oğurlanmış qızların axtarışına Amerika kəşfiyyatına məxsus təyyarələr də cəlb olunub. ABŞ Nigeriyaya peyk vasitəsilə çəkilmiş fotoları da vermək niyyətindədir.

Birləşmiş Ştatlarla yanaşı, Böyük Britaniya və Fransa da Nigeriyaya müdafiə sahəsində mütəxəssislərin, kəşfiyyat təyyarələrinin göndəriləcəyinə dair vəd veriblər. Qərb ölkələri bildirirlər ki, burada söhbət Afrika ölkəsində hərbi əməliyyatların aparılmasından getmir. Bu, ilk növbədə, Nigeriya hökumətinin mövqeyilə izah olunur. Əhalisinə və ÜDM-in həcminə görə Afrikanın ən nəhəng dövləti olan Nigeriyanın hökuməti qızların azad olunması işində miqyaslı xarici dəstəkdən yararlanmağa tələsmir. Abuja bunun Qərbə ölkənin daxili işlərinə qarışmaq imkanı yaradacağından ehtiyatlanır. Abujanı narahat edən əsas məqam Nigeriya ərazisində Amerika hərbi bazasının yaradılması perspektivilə bağlıdır.

Nigeriya Afrikanın ən böyük neft hasilatçısı olduğundan, ABŞ ona Qara qitədə "təhlükəsizliyin təmini mərkəzi" kimi baxır. Vaşinqton kəşfiyyat işlərində daha sıx əməkdaşlığa nail olmaq üçün Abujaya çoxdan ciddi təzyiqlər göstərir. Amma ən əsası, Amerika Nigeriya ərazisində hərbi baza yerləşdirmək niyyətini gizlətmir. Məqsəd, əlbəttə ki, Amerikanın Afrikaya təsir imkanlarını artırmaqdır. Amma Abuja Vaşinqtonun hərbi baza ilə bağlı təklifini qətiyyən qəbul etmir. Nigeriya hökumətini narahat edən problemlər arasında "Boko haram" heç də sonuncu yeri tutmur. Ən azı ona görə ki, "Əl-Qaidə" beynəlxalq terror təşkilatının analoqu olan "Boko haram"ın əvvəldən MKİ-nin layihəsi olduğuna dair fikirlər var.

Bu gün Birləşmiş Ştatlar "Boko haram"ı rəsmən terror təşkilatı kimi tanıyır. 2011-ci ilin avqustunda ABŞ Silahlı Qüvvələrinin Afrika komandanlığının rəhbəri Karter Hem "Boko haram"ın "Əl-Qaidə"nin Afrika qanadı ilə sıx əlaqədə olduğunu bəyan edib. Amma guya islam dininin təntənəsi məqsədilə fəaliyyət göstərən "Boko haram" kimi təşkilatların mövcudluğu dünyanın müxtəlif yerlərində qlobal planların həyata keçirilməsi üçün yaxşı bəhanədir. Nigeriyada bu planlar ölkənin müstəqilliyinin itirilməsi, hətta onun parçalanması ilə nəticələnə bilər.

Bu arada Amerikanın Nigeriyaya, o cümlədən bütünlükdə Afrikaya nəzarəti ələ keçirmək planlarının qarşısında Çinin mövcudluğu getdikcə artır. Afrikalılar da Çinin ekspansiyasına daha isti yanaşırlar. Səbəb Qərbdən fərqli olaraq, onun Qara qitə ilə iqtisadi əməkdaşlığın inkişafına çalışmasıdır (ən azı hələlik, bu, belədir).

Zambiyadan olan məşhur iqtisadçı Dambisa Moyo Amerikanın "The Huffington Post" nəşrindəki məqaləsində yazır ki, Çin investisiyaları nəinki qlobal iqtisadi inkişafa və yoxsulluğun azalmasına kömək edir, həm də "regionda yeni iş yerlərinin açılması ilə iğtişaşların baş verməsinin, qeyri-sabitliyin qarşısını alır".

Çinin Afrikada fəallığın son illər son dərəcə artıb. 2009-cu ildə Pekin Afrikanın əsas ticarət tərəfdaşı statusunu ABŞ-ın əlindən alıb. Ötən il Çinlə Afrika ölkələri arasında ticarət dövriyyəsinin həcmi 210 milyard dollara çatıb, birbaşa investisiyalar 25 milyard dollar təşkil edib. Amma Pekin bu rəqəmlərlə kifayətlənmək niyyətində deyil. Onun strateqləri Afrika iqtisadiyyatına daha çox Çin investisiyasının yatırılması imkanlarının olduğuna əmindirlər. Maraqlıdır ki, Nigeriyada məktəbli qızların oğurlanması ilə bağlı yaşananlar fonunda Çin hökumətinin başçısı Li Kesyan Afrika turnesinə çıxıb, turne çərçivəsində Nigeriyada, Efiopiyada, Anqola və Keniyada olub. Səfərlər zamanı hökumət başçısı Afrika ölkələrinə daha böyük həcmdə Çin investisiyasının yatırılmasına dair razılaşmalar əldə edib. Afrika Çinə əsas neft və mis ixracatçısıdır. Li Kesyan isə afrikalı biznesmenləri Pekinin yalnız enerji sahəsindəki sövdələşmələrdə maraqlı olmadığına inandırıb. Çinin bütün Afrikanı əhatə edəcək yüksək sürətli dəmir yolu şəbəkəsinin inşası kimi qlobal layihəyə maraq göstərməsi bunun sübutudur. Qeyd edək ki, həmin layihənin dəyəri 12 milyard dollardır.

Çinin planlarında Nigeriya xüsusi yer tutur. Li Kesyan bu ölkəyə səfəri zamanı 2020-ci ilədək ölkələr arasındakı ticarət dövriyyəsinin 400 milyard dollaradək artırılması təklifilə çıxış edib. Bir neçə gün sonra o, Pekində Nigeriya Senatının sədri Devid Markı qəbul edib. Mark ölkəsinin Çin müəssisələrinin Nigeriya iqtisadiyyatına investisiya yatırmasını alqışladığını, həmin şirkətlərə əlverişli şəraitin yaradılacağını, təhlükəsizlik zəmanətinin veriləcəyini söyləyib. D.Markın sözlərinə görə, Abuja Çinlə strateji tərəfdaşlığın əleyhinə deyil.

Bütün bunların fonunda bəlli olur ki, Nigeriyada dini zəmində baş verən daxili qarşıdurmalar həm də dünya siyasətinin nəhəng mərkəzlərinin Afrikanın zəngin resurslarına nəzarəti ələ keçirmək uğrunda apardıqları geosiyasi mübarizə ilə bu və ya digər formada əlaqəlidir.



MƏSLƏHƏT GÖR:

742