13 Mart 2025

Cümə axşamı, 14:15

KÖHNƏ "TANIŞ"LAR

Ermənistanın yeni Nazirlər Kabinetinin kollektiv portretinə cizgilər

Müəllif:

20.05.2014

Ermənistanda hökumətin formalaşdırılması prosesi başa çatdı. İlk baxışdan Nazirlər Kabinetində kifayət qədər ciddi dəyişikliklər edilib. İqtisadiyyat Nazirliyinə yeni rəhbər təyin olundu: nazir Karen Çşmarityan 1999-2002-ci illərdə ölkənin ticarət və sənaye naziri, 2002-2007-ci illərdə isə ticarət və iqtisadi inkişaf naziri olub. Maliyyə naziri postu bunadək Gömrük və Vergi komitələrini də özündə birləşdirən Dövlət Gəlirləri Komitəsinin rəhbəri olmuş Qagik Xaçatryana həvalə edilib. 2009-cu ildən Kadastr və Daşınmaz Əmlak Komitəsinin rəhbəri olmuş Yervand Zaxaryan isə enerji və təbii sərvətlər naziri vəzifəsini tutub. Ermənistanın yeni ədliyyə naziri Ovanes Manukyan ölkəsinin Gürcüstandakı sabiq səfiridir. Səhiyyə Nazirliyinə rəhbərlik baş uroloq Armen Muradyana tapşırılıb. Təbiətin mühafizəsi naziri Aramais Qriqoryan isə bunadək Ararat vilayətinin qubernatoru olub. Amma bütün bu dəyişikliklər Ermənistanın adi vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşacağına ümid verirmi?

Müşahidəçilər yeni hökumətin gələcək iqtisadi kursunu qiymətləndirməyə tələsmirlər. Üstəlik, nə yeni baş nazir Ovik Abramyan, nə də onun hökumət üzvləri kartlarını açmağa hazırlaşır. Bundan başqa, Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan "Azadlıq" radiosuna müsahibəsində maksimum nikbinlik və müsbət məqamları ifadə etməyə çalışsa da, Ermənistandakı vəziyyətin onun hökumətinin fəaliyyətindən o qədər də asılı olmadığını etiraf etməli olub. Odur ki, narahat olmağa da dəyməz: "Əlbəttə ki, hökumət dəhşətli səhvlərə yol verə bilər və bunların nəticəsi mənfi olacaq. Amma hökumət axmaq deyilsə, onun səfehcəsinə yanlışlıqlara yol verəcəyini düşünmürəm. Bu mənada, iqtisadiyyat daha çox xarici amillərdən asılıdır: investisiyalar, beynəlxalq miqyasda böhran, uzunmüddətli ucuz kredit və s." Əslində, İsgəndəryanın açıqlaması ilə bir şeyi etiraf edib: bu gün Ermənistanın xaricdən asılılığı o dərəcədədir ki, onun öz hökumətinin vəziyyətə təsir imkanları elə də geniş deyil. Üstəlik, yeni kabinetdə o qədər də parlaq iqtisadçılara, maliyyəçilərə rast gəlinmir. Yeni hökumət üzvləri başqa keyfiyyətləri ilə məşhurdurlar. Ermənistanın Strateji və Milli Araşdırmalar Mərkəzinin direktoru Manvel Sarqsyan yeni hökumətlə bağlı daha sərt danışıb: "Mətbuatın artıq korrupsioner kimi xarakterizə etdiyi şəxsləri görməyimiz çox məyusedicidir. Bu, böyük korrupsionerlər hökumətidir. Çünki onların əksəriyyəti hamının tanıdığı, əvvəlki hökumətlərdə çalışmış və mənfi imicə malik şəxslərdir". Əslində, bu qiyməti çox radikal saymaq da olmaz.

Hələ 2010-cu ildə Ermənistanda deyirdilər ki, Ovik Abramyan ("Muk" ("siçan") ləqəbi ilə tanınan Abramyan həmin illərdə parlamentin spikeri idi, indi isə hökumətə başçılıq edir) ölkədə çoxlu sayda oyun zallarına, 3 qum karyerinə, hətta Krımda istirahət evinə malikdir. O, Ararat Sement Zavodu və Artaşat Konserv Zavodunun özəlləşdirilməsi ilə bağlı səs-küylü qalmaqallarla da tanınıb. Birinci zavodun nəzarət səhm paketi Robert Koçaryan və Qagik Surakyana, ikincisininki isə Abramyanın özünə çatıb. Bundan başqa, 2003-cü ildə Robert Koçaryanın 2-ci müddətə dövlət başçısı seçildiyi prezident seçkisinin saxtalaşdırılmasının əsas müəllifi də Ovik Abramyan sayılır. İrəvanda çoxlarının dediyinə görə, müxalifətin etiraz aksiyalarının yatırılmasında oliqarx və kriminal strukturların mühafizəçilərindən istifadə təklifini, məhz, Abramyan irəli sürüb.

Daha "çörəkli" enerji və təbii resurslar naziri postuna çəkilmiş  Yervard Zaxaryan isə hələ 90-cı illərdə Ermənistana yanacaq tədarükü sahəsində çalışıb və... onun adı "mazut işi"ndə keçib. Söhbət Rusiyadan gətirilmiş külli miqdarda mazutun bayağı şəkildə oğurlanması hadisəsindən gedir.  Gərgin günlərdə Moskvada gizlənən Zaxaryan 1997-ci ildə Robert Koçaryanın baş nazir təyin olunmasından sonra İrəvana qayıdıb, əvvəlcə "ArmQazprom"un direktor müavini, sonra isə nəqliyyat və rabitə naziri postunu tutub. 2003-cü ildə İrəvan meri olan Zaxaryan rüşvətin həcmini bir neçə dəfə yüksəldib. O dövrdə torpaq ticarəti, qeyri-qanuni tikililər, tikinti norma və qaydalarının pozulması adi işlər idi - yaxşı məbləğ qarşılığında bu işlərin hər biri ilə asanlıqla məşğul olmaq mümkün idi. O, hətta kriminalı belə, son dərəcə fəal şəkildə əməkdaşlığa cəlb edirdi. Yeni kabinetdə maliyyə naziri postunu tutmuş Qagik Xaçatryanı Ermənistanın ən korrupsiyalaşmış məmuru adlandırırlar. Nəhayət, İrəvanın sabiq meri, daha çox "Qara Qaqo" adı ilə tanınan Qagik Beqlaryan da Ermənistan hökumətində təmsil olunur. Vaxtilə dünyaca məşhur tenor Plasido Dominqonun İrəvanda verdiyi konsert zamanı yaşananlar mətbuatda geniş işıqlandırılmışdı. Konsertə dəvət almış Beqlaryan oraya xanımı və xanımının rəfiqəsi ilə yollanmışdı. Xanımlar prezident Serj Sarqsyanın yanında əyləşmək istədikdə, onun protokol xidmətinin rəhbəri Aram Kandalyan buna mane olmuşdu: çünki prezidentin yanında merin həyat yoldaşı deyil, bütün ermənilərin katolikosu, spiker və ya baş nazir əyləşməli idi. İstəklərinə çata bilməyən xanımlar merə şikayət etmiş, "Qara Qaqo" isə bunu xanımına qarşı hörmətsizlik kimi qiymətləndirmişdi. KİV-də yer alan məlumatlara görə, qəzəblənən mer mühafizəçiləri ilə birlikdə Kandalyanı özünəməxsus "Metaks" zavoduna apararaq, orada yaxşıca əzişdirmişdi. Bu, prezident Sarqsyanı qəzəbləndirmiş və dövlət başçısı İrəvan meri qarşısında qəti şərt qoymuşdu: ya üzr istəməli, ya da vəzifədən getməli! Beqlaryan istefaya üstünlük vermiş, amma qısa müddət sonra nəqliyyat və rabitə naziri postunu tutmuşdu. Ermənistan Nazirlər Kabinetinin yeni tərkibi haqqında fərqli fikirlər var. Hökumətin əksər üzvlərinin vaxtilə Robert Koçaryanın "yaxın ətrafı"nda olduqlarını söyləmək mümkündür. Ədalət naminə demək lazımdır ki, Serj Sarqsyan da həmin "ətraf"a daxil olub. Amma bu gün Koçaryan hakimiyyətdən narazılıqlarını açıq şəkildə dilə gətirir və bu baxımdan, hökumətin bu tərkibi kompromis variant təsiri bağışlayır. Eyni zamanda, Serj Sarqsyan Nazirlər Kabinetinin tərkibini formalaşdıran zaman iqtisadiyyatdan çox müxtəlif maliyyə-siyasi, daha doğrusu, kriminal-siyasi qruplar arasında kompromisə nail olmaq haqqında düşünüb. Bütün bunlarla yanaşı, "yenidənqurma"nın əsas nəticəsi, daha doğrusu, baş tutmayan nəticəsi nazirlərin dəyişməsinə rəğmən, Ermənistanın siyasi həyatındakı kriminalın yerində qalmasıdır. Adam az qalır, ermənicə "mafiya ölmür" qışqırsın... 



MƏSLƏHƏT GÖR:

669