
FACİƏNİN DƏRİNLİYİ
Türkiyədə mədəndə baş verən qəza Ankara üçün yeni problemlərə səbəb ola bilər
Müəllif: Fuad HİLALOV Bakı
Türkiyə üçün kömür əhəmiyyətli enerji mənbəyidir. Bununla yanaşı, bu sahədə insan ölümü ilə nəticələnən qəzalar nadir hadisə deyil. Amma Soma olayı Türkiyə tarixində mədəndə baş vermiş ən böyük faciədir. Qəza, təxminən, 2 kilometr dərinlikdə baş verib və ilkin məlumata görə, orada qısaqapanma nəticəsində partlayış və yanğın olub. Həmin anda mədəndə 787 nəfər var imiş. Mayın 17-nə olan məlumata görə, qəza 300 mədənçinin ölümünə səbəb olub.
Səbəblər və nəticələr
Faciənin baş verdiyi mədən İstanbuldan 250 kilometr cənubda, eyniadlı şəhərdə yerləşir. O, "Soma" kömür hasilatı korporasiyasına məxsusdur. Bu korporasiya regionun ən nəhəng kömür istehsalçılarındandır. Şirkətdə 5500 nəfər çalışır və onlar ilə 2,5 milyon ton kömür çıxarırlar.
Ölkədə fəaliyyət göstərən kömür hasilatı müəssisələri zərərlə işlədiyindən Türkiyə hökuməti mədənlərin əksəriyyətini özəl şirkətlərə verib. Yerli həmkarlar ittifaqı təşkilatları isə birağızdan bildirirlər ki, məhz, özəlləşdirmə bu sahəyə nəzarətin kifayət qədər olmamasına yol açıb. Onların iddiasına görə, özəlləşdirmədən sonra mədənlərdə təhlükəsizlik şərtlərinə lazımi səviyyədə əməl olunmur və bu sahədə çalışan işçilərin peşəkarlıq səviyyəsi aşağı düşüb. Həqiqətən də, statistikaya nəzər salsaq, görərik ki, mədənlərdə miqyaslı qəza və faciələrin tez-tez baş verməsi, məhz, özəlləşdirmədən sonraya təsadüf edir. Bu, tamamilə başadüşüləndir: dövlət strukturlarından fərqli olaraq, özəl şirkətləri minimum xərclərlə maksimum gəlir əldə etmək maraqlandırır.
Somada çalışan şaxtaçıların əməkhaqları yaşlarından və təcrübələrindən asılı olaraq, 800-1000 lirə arasında dəyişir. Bu, təxminən, 280-460 avro deməkdir. Mədənçilərin əməkhaqqının aşağı həddi az qala ölkə qanunvericiliyilə müəyyənləşmiş minimum əməkhaqqıya bərabərdir - 272 avro. Onların arasında ən çox əməkhaqqı alanın məvacibi isə Türkiyə üzrə əməyin orta aylıq qiymətləndirilməsi həddinə belə, çatmır - 529 avro. Bununla yanaşı, dövlətə məxsus mədənlərdə işçilərin məvacibi bir qədər yüksəkdir - 700-1000 avro. Üstəlik, özəl şaxtalarda quyuda iş müddəti həftədə 45 saatdırsa, iş vaxtından artıq çalışmağa görə əməkhaqqı hesablanmır. Onlar xəstələnərək işdən qaldıqda da pul almırlar.
Statistikaya görə, Türkiyədə istehsalat sahəsində hər 7 dəqiqədə 1 bədbəxt hadisə baş verir. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, 2001-2012-ci illərdə Türkiyədə 1172 mədənçi həlak olub. Bu, ildə, orta hesabla, təxminən, 100 ölüm deməkdir.
Dərd yaxınlaşdırır
"Soma" faciəsinə dünya birliyi belə, etinasız qalmayıb. İlk başsağlığı Qərb dünyasından gəlib. Türkiyənin acısını ilk bölüşənlərdən biri Azərbaycan olub. Bakıda və digər şəhərlərdə dövlət bayraqları endirilib, yazılı KİV matəm günü ağ-qara çap olunub. Türk xalqına son illər Ankara ilə münasibətləri o qədər yaxşı olmayan İsrail də başsağlığı verib. Maraqlıdır ki, Türkiyə rəhbərliyilə son dərəcə isti münasibətləri olan ərəb ölkələrinin bir çoxu Ankaraya və türk xalqına başsağlığı verməyiblər.
Siyasi fəsadları olan faciə
Faciənin ardından ölkədə hökumət əleyhinə etirazlar baş qaldırıb. Ölkənin bir neçə şəhərində eyni vaxtda polislə nümayişçilər arasında toqquşmalar olub. Minlərlə adam, faciədə həlak olanların yaxınları, qohumları və dostları qəzanın baş verdiyi mədənin ətrafına toplanıblar. Onlar hökuməti səhlənkarlıqda, fəhlələrə qarşı etinasızlıqda günahlandırırlar. Dərd içərisində olan insanları hökumətin mədəndən sağ adamın çıxması ehtimalının olmadığına dair bəyanatı daha da hiddətləndirib. Bununla yanaşı, rəsmi şəxslərin mədənçi peşəsinin riskli olduğunu söyləmələri və bu səbəbdən, hadisənin anlayışla qarşılanmasına çağırışları etirazları bir qədər də şiddətləndirib.
Ehtirasların nə dərəcədə coşduğu mədən ətrafına toplaşanların hiddətlərini hadisə yerinə gəlmiş baş nazir Rəcəb Tayyib Ərdoğana çatdırmağa çalışdıqları vaxt daha aydın hiss olunub. İş o yerə çatıb ki, sosial şəbəkələrdə, guya, Ərdoğanın etirazçıları təhqir etdiyinə, hətta onlardan birinə yumruq vurduğuna dair videogörüntülər də yayılıb. Etirazçıların bəziləri isə baş nazirin mühafizəçiləri tərəfindən təzyiqlərə məruz qalıblar. Ərdoğanın məsləhətçisi Yusuf Erkelin bir etirazçıya bir neçə təpik zərbəsi endirməsi də fotokameraların obyektivinə tuş gəlib.
Türkiyəli analitiklər faciənin ölkədə keçiriləcək prezident seçkisindən bir neçə ay öncə baş verməsinə diqqət çəkirlər. Bu mənada onlar dərdin ümumxalq etirazına çevrilə biləcəyini, sonradan prosesə siyasi qüvvələrin də qoşulacağını istisna etmirlər. Maraqlıdır ki, qəzadan dərhal sonra müxalifətçi Cümhuriyyət Xalq Partiyası (CXP) qəzadan cəmi 20 gün əvvəl parlamentdən Somadakı mədənin yoxlanması üçün komissiyanın yaradılmasını tələb etdiklərini, lakin bu tələbin qəbul olunmadığını bəyan edib. Məlumatda bildirilir ki, CXP-nin sözügedən təşəbbüsü parlamentin bütün fraksiyaları tərəfindən dəstəklənsə də, hakim Ədalət və İnkişaf Partiyasının fraksiyası onu qəbul etməyib.
Türkiyədə prezident seçkisi 2014-cü il avqustun 10-da keçiriləcək. Amma bu vəzifəyə əsas namizədlərin kimlər olacağı məsələsi hələ də tam aydın deyil. Hakim partiyanın namizədi, güman ki, Ərdoğan olacaq. Bəs, onun əsas rəqibi olmaq hansı siyasətçinin üzərinə düşəcək? Hakim partiya bu yaxınlarda keçirilmiş bələdiyyə seçkisində mövqelərini bir qədər də möhkəmləndirib. Lakin Somadakı faciədən sonra ƏİP-in reytinqini itirməsi riski yaranıb. Bununla yanaşı, CXP prezidentliyə namizədinin Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç olacağını bildirsə də, Kılıç bundan imtina edib. İndi mədəndə baş verən faciə siyasətçilərin onsuz da qarışıq olan kartlarını daha da qarışdıra bilər.
Aydındır ki, dəhşətli qəzanın baş verdiyi mədənin dibindən bütün qurbanların cəsədlərinin çıxarılması mümkün olmayacaq. Soma faciəsinin siyasi qurbanlara da səbəb olub-olmayacağını isə zaman göstərəcək.
MƏSLƏHƏT GÖR: