5 Dekabr 2025

Cümə, 19:12

GEOSTRATEJİ ƏHƏMİYYƏTLİ REGİON

Fransa Senatının üzvü Jan-Mari Bokel "R+"a müsahibəsində Fransua Ollandın Cənubi Qafqaza səfərinin nəticələrini şərh edib

Müəllif:

20.05.2014

-Cənab Bokel, Fransa prezidenti Fransua Ollandın Bakıya ilk rəsmi səfəri kontekstində Sizin Azərbaycan-Fransa münasibətlərinin perspektivinə dair fikrinizi bilmək istərdik.

 - 20 ildən artıq bir müddətdə Azərbaycan son dərəcə sürətlə inkişaf edərək strateji yolayrıcına çevrilib. Bu ölkə iqtisadi və siyasi aktivlərindən milli maraqların təmini, regionda mövqeyinin gücləndirilməsi üçün istifadə etməyi bacarıb. Respublika Avropa ilə və beynəlxalq tərəfdaşları ilə yaxşı əlaqələr qurmağa da nail olub.

Bu kontekstdə Fransa və Azərbaycan uzun illər ərzində yaxın münasibətlər qura biliblər. Ölkələrimiz arasında möhkəm iqtisadi və mədəni əməkdaşlıq qurulub. Bu mənada Fransa prezidentinin Bakıya səfəri münasibətlərimizin daha da möhkəmləndirilməsi istiqamətində vacib addımdır. Ümid edirəm ki, bu əməkdaşlıq gələcəkdə də ən müxtəlif sahələrdə daha da möhkəmlənəcək.

- Fransanın Cənubi Qafqaz regionundakı əsas maraqları, ümumilikdə, nədən ibarətdir?

- Azərbaycan, Gürcüstan və Ermənistanı özündə birləşdirən Cənubi Qafqaz vacib aktivlərə  malikdir. İqtisadi inkişafın qeydə alındığı, həyat səviyyəsinin getdikcə yüksəldiyi bu regionun ölkələri öz infrastrukturlarını inkişaf etdirirlər. Bu, qida sənayesi, ətraf mühit və turizmə də aiddir. Beləliklə, Fransa şirkətlərinin regionda fəaliyyəti üçün imkanlar yaranır.

Bundan başqa, Cənubi Qafqaz Avropa, Rusiya, Mərkəzi Asiya və Yaxın Şərq arasında yerləşən geostrateji əhəmiyyətli regiondur. Bu region bizim strateji tədarüklərimiz üçün ən vacib yolayrıcından biridir. Bu üzdən də, Fransa və Avropa İttifaqı Cənubi Qafqazla sıx əlaqə qurur, onu diqqət mərkəzində saxlayır.

- Cənab Olland Cənubi Qafqaz turnesinə Ukraynada yaşanan dramatik hadisələrin təkan verdiyini gizlətməyib. Bu hadisələr bizim regionumuza hansı təsirləri göstərə bilər?

- Ukrayna böhranı, həqiqətən də, Cənubi Qafqaz ölkələrinə, xüsusilə Rusiya ilə müharibənin 6-cı ildönümü ərəfəsində olan Gürcüstana təsir göstərə bilər. Bu gün Ukraynadakı atmosfer son dərəcə gərgin olaraq qalır. Ukraynanın şərqində müstəqilliklə bağlı referendumların keçirilməsindən sonra orada durum hər an partlaya biləcək haldadır.

Bu hadisələrin Cənubi Qafqazda qütbləşməyə aparıb çıxarmasının qarşısını almaq çox vacibdir. Çünki bu regionun dövlətləri Ukrayna probleminə fərqli yanaşırlar. Prezident Ollandın da səfər zamanı dediyi kimi, gərginliyin aradan qaldırılması prosesinə yalnız dialoq və diplomatiya yolu ilə nail olmaq mümkündür.

- Fransa  prezidenti Azərbaycanda olarkən daha bir vacib bəyanat səsləndirib. O, həm Bakının, həm də İrəvanın dostu olan Parisin Qarabağ münaqişəsinin həllində onlara yardım göstərmək üçün əlindən gələni edəcəyini söyləyib. Aİ-nin indən sonra bu münaqişəyə daha çox diqqət ayıracağına ümid edə  bilərikmi?

- Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağla bağlı yaşanan münaqişə ciddi narahatlıq verən məsələdir. O, artıq qeyd etdiyim kimi, regionda iqtisadi və siyasi əlaqələrin inkişafına mane olur.

Problemin həlli ilə bağlı Fransanın da fəal iştirakı ilə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar gücləndirilir. Münaqişənin sülh yolu ilə həllinə nail olunması üçün bu, vacibdir. Əminəm ki, bu problemin hərbi yolla həlli yoxdur. Münaqişəni yalnız danışıqlar yolu ilə əldə ediləcək siyasi razılaşma çözə bilər.

Avropa və AŞPA kimi çoxtərəfli əməkdaşlıq formatları da dialoqa, əməkdaşlığa yardım üçün diplomatik proseslərin dəstəklənməsində əsas rol oynaya bilərlər.

- Fransa ilə Aİ-nin Cənubi Qafqaz ölkələrilə əməkdaşlığının gələcəyilə bağlı nə düşünürsünüz?

- Fransa və Avropa Cənubi Qafqaz ölkələrilə əməkdaşlığın möhkəmlənməsini səbirsizliklə gözləyirlər. Aİ artıq bu əməkdaşlığı "Şərq tərəfdaşlığı" proqramı vasitəsilə strukturlaşdırıb. Bu proqram bizim iqtisadi və siyasi əlaqələrimizin möhkəmlənməsinə yönəlib. Amma xüsusilə  kommersiya və enerji məsələlərində hələ çox işlər görülməlidir.

Eyni zamanda biz Qafqaz ölkələrinin iqtisadi, institusional, təhsil, sosial və mədəni problemlərinin həllinə yönəlmiş səylərinə dəstək veririk. İqtisadiyyatın şaxələndirilməsi və müasirləşdirilməsilə yanaşı, sosial sahədə, məsələn, demokratiya sahəsində islahatlar aparılır. Məqsəd xüsusi əhəmiyyət daşıyan sosial həmrəyliyə zəmanətin verilməsidir. Fransa və Avropa tərəfdaş olaraq, bu tendensiyanı davam etdirəcəklər.


MƏSLƏHƏT GÖR:

794