
PKK-NIN PARİS MÜƏMMASI
Fransada kürd fəallarinin qətlİ kİmə sərf edİr?
Müəllif: Fuad HİLALOV Bakı
Kürd terrorçu təşkilatı olan PKK-nın siyasi qanadının üç fəalı, həmçinin partiyanın yaradıcılarından olan Səkinə Cansız Parisdə güllələnib. Hadisə Fransa paytaxtının kürd icmalarından birinə məxsus mənzildə baş verib.
"Sara" adı ilə tanınmış Cansız dəfələrlə həbs olunduğu Türkiyədən ötən əsrin 80-ci illərində qaçmışdı. O, Kürd Fəhlə Partiyasının lideri Abdullah Öcalana yaxın şəxs hesab olunurdu. Suriyada PKK-nın qadınlardan ibarət döyüşçü dəstələrinin hazırlanması ilə məşğul olmuş, diversiya əməliyyatları həyata keçirmişdi. Son illərdə isə "Sara" mübarizənin terror yolu ilə aparılmasındhan imtina edərək, Avorpada mühacirət həyatı yaşayan kürdlərin hüquqlarının müdafiəsi ilə məşğul idi.
Cansızla yanaşı, Parisdəki Kürdüstan İnformasiya Mərkəzinin əməkdaşı, Fransadakı Kürd Milli Konqresinin nümayəndəsi Fidan Doğan, həmçinin kürd icmasının üzvləri tərəfindən separatçı hərəkatın "gənc fəalı" adlandırılan Leyla Söyləməz də qətlə yetiriliblər.
Fransa hökuməti hadisəyə dərhal reaksiya verib. Cinayət yerinə şəxsən baş çəkmiş daxili işlər naziri Manuel Vals istintaqın ilkin nəticəsini belə gözləmədən ölüm faktlarını "aşkar qətl" adlandırıb. "Əmin olun ki, Fransa hökuməti bu əməlin üstünü açmaqda tam qərarlıdır", - deyə nazir jurnalistlərə və Cansızın hadisə yerinə toplaşmış tərəfdarlarına bildirib.
Fransa prezidenti Fransua Olland da kifayət qədər maraqlı bəyanatla çıxış edib. Jurnalistlərin suallarını cavablandıran dövlət başçısı faktı "dəhşətli hadisə" adlandırıb. O, fikrini belə davam etdirib: "İstintaq gedir. Düşünürəm ki, cinayətin səbəbləri və onu törətmiş şəxslər aydınlaşanadək gözləmək lazımdır. Mərhumlardan birini tanıyırdım. Onu Fransanın bir çox siyasi xadimləri tanıyırdılar. Çünki o, müntəzəm olaraq bizimlə görüşürdü".
Başqa sözlə, Fransa prezidenti dünyanın əksər ölkələrində, həmçinin Avropa İttifaqında terrorçu təşkilat kimi tanınan bir qurumun siyasi qanadının liderlərindən biri ilə (Fidan Doğan) Fransa rəhbərliyi arasında sıx əlaqələrin olduğunu etiraf edib. Qeyd etmək lazımdır ki, Fransa ənənəvi olaraq kürd separatçıları və terrorçularının Türkiyəyə qarşı aktiv siyasi fəaliyyət göstərdiyi əsas ölkələrdən biri hesab olunur. Türkiyənin təhlükəsizlik sahəsindəki mütəxəssisləri hesab edir ki, kürd separatçılarının həm siyasi, həm də hərbi hərəkatını dəstəkləyən "kassa" məhz bu ölkədədir.
Öldürülmüş şəxslərin statusu hadisənin dərhal dünya mətbuatında müzakirə olunan əsas mövzulardan birinə çevirdi.
Qətl danışıqların pozulması cəhdi kimi
Ən maraqlı məqamlardan biri hadisənin baş verdiyi zamanla bağlıdır. Məsələ ondadır ki, 2012-ci il Türkiyədəki kürd hərbi separatçılığı tarixində ən qanlı illərdən biri kimi yadda qalıb. Ötən il Türkiyə kürd terrorçularının görünməmiş qanlı terror aktları ilə üzləşib.
Bütün bunlar Türkiyə rəhbərliyini İmralı adasındakı həbsxanada saxlanılan PKK lideri Abdullah Öcalan və kürd separatçılarının siyasi qanadı ilə danışıqlara getməyə vadar edib. İndiyədək terrorçular və PKK-nın siyasi qanadı ilə hər hansı dialoqun olmadığı iddia olunsa da, bu yaxınlarda danışıqların aparıldığını Öcalanın özü təsdiqləyib.
Hakim partiya nümayəndələri və terrorçu təşkilatın rəhbərliyi danışıqlar prosesinin təşkilini öz qələbələri kimi təqdim edirdilər. Türkiyə KİV-də, hətta kürd məsələsinin həllinin "yol xəritəsi" də peyda olmuşdu. Müxtəlif mənbələrə əsasən, razılaşmanın bir neçə mərhələdə həyata keçirilməsi nəzərdə tutulubmuş: 2013-cü ilin yazında terrorçu təşkilat barışıq elan edir və Türkiyə ərazisindən çıxır, əvəzində ölkə rəhbərliyi terrorçulara qarşı əməliyyatlarını dayandırır, hərbi əməliyyatlarda iştirak etməmiş məhbus kürdləri (PKK-nın siyasi qanadı onları "siyasi məhbus" hesab edir) azadlığa buraxır. Bundan başqa, Türkiyə hökuməti keçmiş terrorçuların dinc şəkildə yaşamasının təmini məqsədilə hüquqi baza yaradır. Sonrakı mərhələdə Türkiyə rəhbərliyi kürdlərin "Sülh və demokratiya" partiyası ilə birlikdə yeni Konstitusiya planı hazırlayır. Türkiyə parlamentində həqiqətin araşdırılması komissiyası yaradılır və o, etnik kürdlərin sıx yaşadığı regionlarda məhkəmə qərarı olmadan törədilmiş edamlarla bağlı araşdırmaların aparılması, məlumatların işıqlandırılması ilə məşğul olur. PKK-nın hüquqi fəaliyyətinin təmini üçün tədbirlər görülür, təşkilat isə öz növbəsində milli konfrans çağıraraq silahlı müqavimətin dayandırıldığını rəsmən elan edir. Elə həmin konfransda Öcalan tərəfindən hazırlanmış və türklərlə kürdlər arasında yeni qarşılıqlı münasibətləri nəzərdə tutan "tarixi bəyannamə" açıqlanır. Beləliklə, PKK silahlı təşkilat şəklində fəaliyyətinə son qoyur.
Amma Parisdə üç fəalın qətli bu plana kölgə salıb və Türkiyə ilə terrorçular arasında güman ki, yaxın zamanda sülhün əldə edilməsi mümkün olmayacaq.
Təbii ki, belə olan təqdirdə ortaya sual çıxır: bütün bunların arxasında kim dayanır? Qətllərdən dərhal sonra həm Türkiyə rəhbərliyi, həm də separatçılar qarşılıqlı ittihamlara start verib. Onların ittihamlarında bir ümumi mövqeyə rast gəlmək mümkündür: "Qətllərin arxasında kürd məsələsinin sülh yolu ilə həlli planının reallaşdırılmasını istəməyən qüvvələr dayanır".
Kürd izi
Planın reallaşdırılması perspektivilə bağlı zəif cəhət bu məsuliyyəti Öcalanın təkbaşına daşıması idi. Terrorçu təşkilat uzun illər ərzində lideri olmadan çox proseslərdən keçib və bu dövrdə Öcalanın mütləq hakimiyyəti kifayət qədər sarsılıb. PKK-nın özündə yeni və son dərəcə iddialı səhra komandirləri peyda olublar. Onlar Öcalanın nüfuzunu asanlıqla şübhə altına ala bilərlər. PKK-nın hərbi rəhbərliyi arasında da fikir ayrılıqlarının olduğuna dair xəbərlər çoxdan yayılıb. Təşkilatın siyasi qanadında isə fikir ayrılıqları aydın məsələdir. Təşkilat çoxdan regionda öz maraqları olan bu və ya digər ölkənin xüsusi xidmət orqanlarının əlində alətə çevrilib. Kürd əsilli dairələrdən reket yolu ilə əldə olunan maliyyə mənbələri və ya narkotrafikdən gələn pullar uğrunda mübarizə terrorçu təşkilatın daxilində ayrı-ayrı qruplaşmaların yaranmasına səbəb olub.
Parisdə qətlə yetirilmiş Səkinə Cansızın da Öcalanın həbsindən sonra partiya rəhbərliyilə fikir ayrılıqları var idi. Öcalana yaxın olan Cansız öz liderinin, demək olar ki, bütün sirlərini bilirdi. Cansız PKK rəhbərliyindəki daxili çəkişmələr nəticəsində həyat yoldaşı Mehmet Şenerin edamından sonra Almaniyaya köçmüşdü. Bütün bunlara baxmayaraq, Cansız terrorçu təşkilatla əlaqəsini heç zaman kəsməmişdi və bəzi məlumatlara görə, hətta onun Almaniyadakı nümayəndəsi idi. Onu "sülh göyərçini" adlandırmaq mümkün deyildi. Lakin Cansız daim Öcalana sadiq idi və barışıq planını fəal şəkildə dəstəkləyirdi.
Şahidlərin sözlərinə görə, qatillər arxalarınca qapını bağlayaraq cinayət yerini tərk ediblər. Qapını onların üzünə isə mərhumların özləri açıblar. Demək onlar qatilləri tanıyırlarmış. Hadisədə daha bir maraqlı məqam: atəş hər üç şəxsə boyunlarının ardından atılıb və hadisə yerində, cəsədlərin üzərində heç bir mübarizə əlaməti yoxdur. Bütün bunlar Türkiyə hökumətinin versiyasını daha əsaslı edir: qətlləri sülh planının reallaşdırılmasını istəməyən terrorçuların özləri törədib.
Xatırladaq ki, hələ 2011-ci ildə Abdullah Öcalan tərəfdarlarını silahı yerə qoyaraq siyasi mübarizəyə başlamağa çağırdıqda PKK Silvanda terror aktı təşkil edərək 13 türk əsgərini qətlə yetirmişdi.
"Ergenekon xortladı?"
Kürd siyasi liderləri isə qətllərdə Türkiyə xüsusi xidmət orqanlarını və ya onların nəzarətində olan təşkilatları günahlandırırlar. Kürd fəallarının fikrincə, "Ergenekon" tipli gizli millətçi təşkilatlar sülh danışıqlarının pozulmasında maraqlı ola bilər. Bu fərziyyənin tərəfdarları misal kimi, 80-ci illərdə gənc millətçilər - "Boz qurdlar"ın Avropada Türkiyə xüsusi xidmət orqanlarının da köməyilə ermənilərin "ASALA" təşkilatına qarşı uğurlu qisas aksiyalarının həyata keçirdiyini xatırladır. O zaman qisas aksiyası "ASALA"nın dünyada onlarla türk diplomatını qətlə yetirdiyi üçün təşkil olunmuşdu.
Amma bu versiyanı əsassız hesab etmək olar. Çünki Ədalət və İnkişaf Partiyasının Türkiyəyə rəhbərlik etdiyi 10 ildə bütün oxşar təşkilatlar ləğv edilib, ordu və xüsusi xidmət orqanlarının rəhbərliyində təmsil olunmuş, belə qruplaşmalara ən cüzi simpatiya bəsləyən saysız-hesabsız insanlar indi həbs altındadır. Üstəlik, türkiyəli mütəxəssislərin fikrincə, Türkiyə rəhbərliyi ilə PKK terrorçularının başçıları arasında rəhbər şəxslərə və diplomatik missiya nümayəndələrinə hücumların təşkil olunmamasına dair qeyri-rəsmi razılaşma da mövcuddur.
Üçüncü qüvvələr
Əvvəllər olduğu kimi, indi də istənilən terror təşkilatı özü də bilmədən bəzən bu və digər dövlətin əlində silaha çevrilir. Bu gün Yaxın Şərqdə yaşananları nəzərə alsaq, on minlərlə silahlı, təlim keçmiş döyüşçünü özündə birləşdirən terror təşkilatının yaradılması bir çox ölkələrin maraqlarına cavab vermir. Artıq qeyd edildiyi kimi, regionda bir sıra ölkələrin xüsusi xidmət orqanları PKK rəhbərliyinə öz adamlarını "yerləşdirməyə" və ya orada təmsil olunmuş şəxsləri "ələ almağa" çalışır. Onu da nəzərə alsaq ki, Türkiyə ənənəvi qapalı xarici siyasət doktrinasından imtina edərək regionda nüfuzunun artırılması siyasətinə keçib, PKK kimi rçaq Ankaranın əleyhidarları arasında vacib alətdir. Məsələ ondadır ki, NATO-dakı müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilməyən "qonşularla sıfır problem" konsepsiyasını özünə əsas seçmiş Türkiyə demək olar ki, regiondakı bütün müttəfiqlərini itirib.
Uzun illər ərzinrdə təhlükəsizlik məsələlərində Türkiyəni dəstəkləmiş İsraillə münasibətlərini pozan rəsmi Ankaranın Tehran və Bağdadla da "arası dəyib". Digər yandan, Suriyada vaxtilə Türkiyənin hazırkı rəhbərliyinin yaxın dostu hesab olunmuş Əsədə qarşı silahlı qiyamı fəal şəkildə dəstəkləyən Ankara bunun əvəzində qarşı tərəfin Türkiyə ərazisində kürd terrorçularına dəstək verəcəyini təxmin etməyə bilməzdi.
Türkiyənin digər qonşusu, ərazisində separatizm problemlərini ən sərt vasitələrlə həll edən İran da Aİ və NATO qarşısında öhdəlikləri olmadığından PKK-nın güclənməsində maraqlı ola bilər. Yeri gəlmişkən, İrandan müstəqillik almaq uğrunda savaşmış kürd liderləri İranın xüsusi xidmət orqanları tərəfindən məhz Avropada aradan götürülüblər. Onların arasında Aburrəhman Kasımlı və doktor Şerefkendinin adlarını çəkmək olar.
Şimal ərazilərində kürdlərin de-fakto müstəqillik əldə etdiyi İraqı da yaddan çıxarmaq olmaz. İraqdakı regional kürd hakimiyyəti Türkiyə hökumətilə əməkdaşlığa çalışdıqlarını desələr də, ona qarşı loyallıq göstərsələr də, analitiklər PKK-nın Şimali İraqda populyar olduğunu deyir.
İstənilən halda, üç kürd fəalının qətli regionda kürd məsələsinin həlli kimi onsuz da asan olmayan prosesi daha da çətinləşdirib. İndi yalnız Fransa hüquq-mühafizə orqanlarının istintaqı obyektiv aparacağına ümid etmək qalır. PKK-nın dinc dayanıb-dayanmayacağı bundan çox asılıdır.
MƏSLƏHƏT GÖR: