14 Mart 2025

Cümə, 10:36

İDMAN İLİ

Azərbaycan 2012-ci ildə özünü idman ölkəsi kimi təsdiqlədi

Müəllif:

01.01.2013

Azərbaycana bir sıra sahələrdə, o cümlədən idmanda uğur gətirən, qələbələr qazandıran 2012-ci ili başa vurduq. Prezident İlham Əliyevin ötən ili ölkəmizdə "İdman ili" elan etməsi həm idmançılara, həm də idman qurumlarına böyük stimul oldu və bütün idman ictimaiyyəti ili yüksək nəticələrlə başa vurmağa çalışdı. "İdmançılar ümidlərimizi doğrultdular. 2012-ci ildə idmançılar tərəfindən müxtəlif beynəlxalq yarışlarda 700-dən çox medal qazanılıb. Onlardan 255-i qızıl medaldır", - deyə Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində keçirilən yekun toplantısında bildirib.  

Olimpiyaçılarımızın Londonda zəfəri, FİFA U-17 dünya çempionatının Azərbaycanda keçirilməsi, "Neftçi"nin Avropa Liqasına vəsiqə alması, "SOCAR-Azerbaijan"ın Avropa Kubokunu qazanması və digər böyük qələbələr məhz bu ilə təsadüf edib. 

 

Olimp zirvəsinin fəthi

Sözsüz ki, ilin ən böyük uğuru London Yay Olimpiya Oyunları oldu. 53 idmançı ilə yollandığımız "Dumanlı Albion"da 2 qızıl, 2 gümüş və 6 bürünc olmaqla 10 medal qazandıq. Atlantada qazanılan 1, Sidneydə 3, Afinada 5, Pekində 7 medaldan sonra, məntiqi olaraq, hər kəs Londondan 9 medal gözləyirdi. 

Olimpiadanın ilk günlərində cüdoçularımızın gözlənilməz məğ-lubiyyətləri bəzi səbirsiz azarkeşlərdə məyusluq, bizi istəməyən bəzi ölkə və dairələrdə isə sevinc hissi oyatsa da, əsl idmansevərlər uğurun uzaqda olmadığını bilirdilər. Nəticədə, özü üçün tarixi nəticəyə imza atan Azərbaycan dünya sıralanmasında 30-cu, Avropada 15-ci, İslam dünyasında isə 3-cü yeri tutdu. 

Avqustun 11-i isə Azərbaycan idmanının tarixinə "qızıl gün" kimi düşdü. 4 il əvvəl cüdoçu Elnur Məmmədli Pekində qələbə qazandığı halda, bu il 2 idmançımız çempionluq sevinci yaşadı. Bunlar Toğrul Əsgərov və Şərif Şərifov oldu. Hər iki idmançı Azərbaycana böyük qələbə bəxş etdi. 

Yunan-Roma güləşçisi Rövşən Bayramovun ardıcıl ikinci olimpiadada gümüş qazanması əsl peşəkarlıq nümunəsi oldu. Bayramov bütün rəqiblərini asanlıqla məğlub edərək, Olimpiadaya hazır yollandığını sübut etdi. Yalnız finalda uduzan güləşçimizin gümüş medalı qızıl kimi qəbul olunmağa la-yiqdir. 

Pekində bürünc medal qazanan Mariya Stadnik Londonu gümüş medalla tərk etdi. Pəhləvan Emin Əhmədovun bürünc medala layiq görülməsi məşqçiləri həm sevindirdi, həm də yaxşı mənada təəccübləndirdi. Boksçular yenə medal ənənəsinə sadiq qaldı. Avropa çempionu Teymur Məmmədov, dünya çempionu Məhəmmədrəsul Məcidov bürünc medalla kifayətləndi. Güləşçilərdən Xetaq Qazyumov və Yuliya Radkeviç fəxri kürsünün 3-cü pilləsinə qalxdı. Ağır atletikada ilk medalımızı Valentin Xristov əldə etdi. 

Gimnastımız Aliyə Qarayeva London Olimpiadasında medalın bir addımlığında dayandı. Xanım idmançımıza medal qazanmaq üçün cüzi xal çatmadı. Əvəzində 2012-ci ildə Qarayeva bir sıra beynəlxalq turnirlərdə qələbə qazandı, o cümlədən, Avropa çempionatında bürünc medala layiq görüldü.

XIV London Paralimpiya Oyunlarında isə Azərbaycan idmançıları 12 medala sahib çıxdılar - 4-ü qızıl, 5-i gümüş, 3-ü bürünc. Belə ki, cüdoçularımız Ramin İbrahimovla (60 kq) Afaq Sultanova (57 kq) qızıl, İlham Zəkiyev bürünc, üzgüçümüz Natali Pronina 1 qızıl və 4 gümüş, atletimiz Oleq Panyutin qızıl, Vladimir Zayets gümüş, Hüseyn Həsənov və 4 x 100 m məsafəyə estafet qaçışında Oleq Panyutin, Rza Osmanov, Elçin Muradov və Vladimir Zayetsdən ibarət millimiz bürünc medala sahib olub. Bununla da tarixi zəfərə imza atan yığmamız mükafat qazanan ölkələr sırasında 27-ci yeri tutub.

 

Tək Olimpiada deyil...

Yola saldığımız il "Neftçi"nin UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi futbol ictimaiyyəti və azarkeşlər üçün böyük sevinc hissinə səbəb oldu. Debüt ilində "Neftçi"nin Avroliqanın qrup mərhələsində 3 xal toplaması uğurlu nəticə kimi qəbul edildi. Təmsilçimizin növbəti mərhələyə çıxa bilməyəcəyi bəlli olsa belə, dünyanın adlı-sanlı klublarından biri ilə - 2 il əvvəl Çempionlar Liqasının qalibi olmuş İtaliyanın "İnter" komandası ilə səfərdə heç-heçəyə nail olmaq sevindirici hal idi.

Cüdoda Elnur Məmmədli Qazaxıstanda keçirilən "World Masters" turnirində çempion oldu. Elmar Qasımov Avropa çempionatında bürünc medal qazandı. Yenidən idmana qayıdan Nicat Şıxəlizadə Dubay Qran-Prisində çempionluq  sevinci  yaşadı.

 Güləşçilərimiz Avropa çempionatında böyük uğur qazandı. Sərbəst güləşdə Toğrul Əsgərov, yunan-Roma güləşində isə Elçin Əliyev qitə birinciliyinin qalibi oldu. 

Boksda xanım idmançımız ilkə imza atdı. Yelena Vıstropova Dünya çempionatında gümüş medal qazanmaqla ölkə idmanında  mükafatçı olan ilk xanım boksçu kimi tarixə düşdü. 

Rabitə voleybol klubu Qətərdə keçirilən Dünya çempionatında 2-ci yeri tutdu. Voleybolçularımız klubların mötəbər yarışında yalnız finalda uduzmaqla gümüş medala layiq görüldü. Qadın voleybolçulardan ibarət milli komandamız ardıcıl 5-ci dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı. Faiq Qarayevin rəhbərlik etdiyi yığma çətin görüşlərdə qələbə qazanmaqla qitənin ən güclüləri arasında mübarizə aparmağa layiq olduğunu sübut etdi. Bakı ilk dəfə Çempionlar Liqasının dördlər finalına təşkilatçılıq etdi. 

Ağır atletika üzrə yığmamız Avropa çempionatında rekord nəticə göstərdi. Komandamız qitə birinciliyində 3 qızıl və 2 bürünc medal qazanmaqla əvvəlki nəticəsini yaxşılaşdırdı. Valentin Xristov, Əfqan Bayramov və xanım idmançımız Boyanka Kostova fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. İntiqam Zairov təkanlaqaldırmada yaxşı çıxış edərək kiçik bürüncə sahib çıxdı. Xanım atletlərimizdən Silviya Angelova və Yuliya Dovqal komandamız üçün bürünc qazandı.

"SOCAR-Azerbaijan" komandası şahmat üzrə klublar arasında keçirilən Avropa çempionatının qalibi oldu. Azərbaycan təmsilçisi tarixi uğura İsrailin Eylat şəhərində keçirilmiş qitə birinciliyində imza atdı. 

Şahmatla bağlı digər şad xəbər Teymur Rəcəbovun Beynəlxalq Şahmat Federasiyasının reytinqində rekord xal toplaması oldu. Təmsilçilərimiz arasında ən yüksək göstəriciyə malik Teymur Rəcəbov 2793 xalla dünya 4-cü yerə yüksəldi. Ardıcıl 7 ay bu mövqedə möhkəmlənən şahmatçımız xal hesabında yeni Azərbaycan rekordunu müəyyənləşdirib. 

 

İdman ölkəsi

Bu il Milli Olimpiya Komitəsinin (MOK) yaradılmasının 20 illiyi qeyd olundu. Lakin əgər ilk illər bu qurum yalnız nominal olaraq fəaliyyət göstərirdisə, son illər görülən işlər miqyasına görə hamıda  təəccüb doğurur. Hər il ölkədə yeni olimpiya kompleksləri istifadəyə verilir, idman infrastrukturu möhkəmləndirilir. 

İdman infrastrukturunun yaradılması ilə bağlı səylər bu il də davam etdirilib. İl ərzində Cəlilabad və Astarada iki regional Olimpiya Mərkəzi istifadəyə verilib və bununla  bölgələrdə tikilmiş İdman Olimpiya komplekslərinin sayı 35-ə çatdırılıb. Daha 8 belə kompleksin tikintisi davam etdirilir. Prezident İ. Əliyevin də qeyd etdiyi kimi, "Bir neçə ildən sonra hər bir rayon mərkəzində, hər bir şəhərdə müasir Olimpiya obyektləri yaradılacaqdır". 

Ötən il Bakıda da yeni idman obyektləri istifadəyə verilib. Tofiq Bəhramov adına Respublika stadionu beynəlxalq standartlara uyğun şəkildə əsaslı təmir edilib, "8-ci Kilometr" stadionu tikilib istifadəyə verilib. Hazırda böyük gimnastika kompleksi inşaa edilir, bu yaxınlarda isə su idman növləri sarayının tikintisinə start verilib. Ötən il həm də böyük Olimpiya stadionunun təməli qoyulub ki, bu da bölgənin ən böyük idman obyekti olacaq. Son nəticədə bütün bu işlər beynəlxalq federasiyaların mötəbər yarışlarını Azərbaycanda keçirməklə bağlı qərarlarına təsirsiz ötüşmür. 

Belə ki, 2012-ci ildə Bakıda ilk dəfə olaraq FIFA U-17 qadınlararası Dünya çempionatı da keçirildi. Dünya çempionatının oyunları paytaxt Bakı ilə yanaşı, Lənkəran şəhərində də keçirilib. Sonda Fransa yığmasının qalib gəldiyi çempionat üçün 5-i Bakıda, 1-i isə Lənkəranda olmaqla 6 stadion ayrılmışdı. Bu stadionlardan üçü mundiala hazırlıq işləri çərçivəsində inşa olunub. Dünya çempionatının açılış mərasimində iştirak edən FIFA prezidenti Yozef Blatter və digər rəsmi qonaqlar mundialın yüksək səviyyədə təşkil olunduğunu dəfələrlə xüsusi vurğulayıblar.

İlk dəfə olaraq ötən il Bakıda həmçinin GT3 və klassik "Formula-1" yarışları da keçirildi. Mötəbər yarışmanı canlı yayımlayan dünyanın 65 televiziya kanalı vasitəsilə bu yarışları 130 milyon tamaşaçı izlədi.

Yarışa "Formula 1" üzrə Dünya çempionları Jack Villeneuve və Jos Verstappen də qatılmıışdı.

Yayda isə məlum oldu ki, 2016-cı il Şahmat Olimpiadası Bakıda keçiriləcək. Bu barədə qərar Beynəlxalq Şahmat Federasiyasının Türkiyənin İstanbul şəhərində keçirilən 83-cü konqresində qəbul olundu. Bununla da Azərbaycanın idman tarixində ən nüfuzlu şahmat yarışına təşkilatçılıq edəcəyi təsdiqləndi. 2015-ci ildə Dünya Kubokuna ev sahibliyi edəcək Bakıda Şahmat Olimpiadasının 2016-cı ilin sentyabrında keçiriləcəyi planlaşdırılır. 

İlin sonunda daha bir xoş xəbər də İtaliyadan gəldi. Romada keçirilən Avropa Olimpiya Komitəsi 41-ci Baş Assambleyasında tarixdə ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsi barədə qərar qəbul edilib. Çıxış edən Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkey bu oyunların keçirilməsi ideyasının tarixindən danışıb və Avropa Oyunlarının Bakıda keçirilməsini dəstəkləyib. Paytaxtımızın əldə etdiyi uğurları, inkişafı barədə danışan AOK prezidenti şəhərə ayaq basan hər kəsin bunun şahidi olduğunu deyib. "Bu oyunların bizə həvalə edilməsi, bu məsuliyyətin bizə tapşırılması, əlbəttə ki, böyük tarixi əhəmiyyətə malik olan bir hadisədir", - deyən Prezident İ. Əliyev bu münasibətlə Azərbaycan xalqını təbrik edib.

Beləliklə, 2012-ci İdman ili bir daha təsdiqləyib ki, müstəqilliyin əldə olunduğu qısa zaman kəsiyində Azərbaycan yüksək beynəlxalq nüfuz qazana və özünü idman ölkəsi kimi təsdiqləyə bilib.



MƏSLƏHƏT GÖR:

528