
BİT VƏ TREKLƏR CƏNGAVƏRİ
Mark Nayt: "Bakı klabberləri inanılmaz dərəcədə fəaldırlar, keyfiyyətli və yaxşı musiqidən başları çıxır"
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Mark Naytı dünyanın ən əməksevər diceyi adlandırırlar. Son bir neçə ildə isə o, özünə relizlərin sayına və keyfiyyətinə görə məhsuldar "yeni məktəbin lideri" ünvanını qazandırıb. Markın Olimpə yüksəlməsi isə 2003-cü ilin "Ministry of Sound"da rezidentlikdən başlayıb. Artıq bir ildən sonra Naytın fanlarının sayı yetərincə artıb və o, "Toolroom Records"u, yəni öz musiqisini buraxmaq üçün leybl yaradıb. Bu şirkətin əsərləri öz unikal səslənməsi ilə seçilir və "Toolroom Sound" adlandırılırlar. Bütün kompozisiyalar yüksək keyfiyyətə və özünəməxsusluqlara malikdir, onu da qeyd edək ki, həmin vaxt bu sənətdə məhz elə bu cəhətlər çatışmırdı. Mark Böyük Britaniyanın və Avropa ölkələrinin əsas şəhərlərində bir sıra axşamlar keçirməklə məxsusi "gecə" səsini andeqraunddan "işığa" çıxara bildi. 2006-cı ilin oktyabr ayında "Amsterdam Dance Event"də Mark rəsmən öz klub layihəsi olan "Toolroom Knights"ı buraxdı. Və həmin vaxtdan İbitsadan tutmuş, Honkonqa qədər dünyanın ən məşhur klublarında çıxış edir. Onun remikslər sandığında ən müxtəlif ifaçılar - dişli London hip-hoperləri "The Streets"dən tutmuş, fransız vizioneri Sebastyan Lejeyə qədər var. Mark öz yeni konsepsiyasını 2007-ci ildə buraxdığı toplu ilə möhkəmləndirib. İlin sıçrayışı kimi, "DJ Mag Top-100"ü hücumla götürən Mark rəsmən dünyanın 51-ci DJ-i adlandırılıb. O, diceylər müsabiqəsi "Kiss 100 Awards"da Qran-priyə layiq görülüb. Bu yaxınlarda isə tənqidçilər Markı dünya səviyyəsində DJ-prodüser elan ediblər. Mark özünü ulduz saymır. "Mən sadəcə öz işimi görürəm və onu keyfiyyətlə edirəm ", - deyə o ciddi şəkildə bildirir. Dekabrın əvvəlində Avropanın ən tanınmış diceylərindən biri Bakının məşhur klublarında çıxış edib və "R+" onu həmin məkanda yaxalaya bilib!
- Mark, bu, sizin Bakıya ilk gəlişiniz deyil. Şəhər haqqında təəssüratlarınız necədir?
- Hə. Keçən il sizin şəhərinizdə çıxış etmişəm. Bura çox xoşuma gəlib. Təbii ki, Azərbaycandan mənimlə əlaqə saxlayıb yenidən bura gəlməyimi təklif edəndə, dərhal razılaşdım. Təəssüf ki, bu dəfə konsertə bir neçə saat qalmış gəlmişəm və paytaxtınızda gəzmək imkanım olmayıb. Qaldığım otelin pəncərəsindən isə gözəl mənzərə açılır! Artıq şəhərin necə tikildiyini, yenidənqurulduğunun fərqinə vardım. Ümid edirəm ki, gələn dəfə Bakı ilə daha yaxından tanış olmaq, küçələrində gəzmək, yerli qonaqpərvərliyi görmək imkanım olacaq.
- Bizim klabberlər necədir?
- Onlar dünya üzrə ən cürətlisidirlər! İnanılmaz aktivdirlər və yaxşı, keyfiyyətli musiqidən başları çıxır.
- Siz bütün dünyanı gəzmisiniz. Deyin görək, ən çox harada çıxış etmək xoş gəlir?
- Məsələ harada çıxış etməyimdə deyil. Hər yerdə eyni cür maraqlıdır və yaxşıdır. Mən görürəm ki, rəqs mədəniyyəti çox genişlənib və bu, sadəcə əladır! Rəqs musiqisi planeti fəth etməkdə davam edir, qəbul edilmiş klub mərkəzlərinin sərhədlərindən kənara çıxır. Milliyyətindən və dinindən asılı olmayaraq, insanlar hərəkət və rəqs etməyi xoşlayırlar.
- Mark, dinləyicilər sənin haqqında nəyi bilmirlər? Adi həyatda necəsiniz?
- Ən sadə. Bütün sərbəst vaxtımı ailəmlə birgə keçirirəm. Oğlum artıq bir yaş yeddi aylıqdır. Yeri gəlmişkən o, birinci Bakı konsertimə iki həftə qalmış dünyaya gəlmişdi. Çox cəld uşaqdır! Bura gəlməzdən öncəki gecə bir dəqiqə də gözümü yuma bilməmişəm. Səhərə kimi yatmadı, məni də, arvadımı da yatmağa qoymadı. Məcbur oldum, təyyarədə yatam.
- Siz ekstrimi sevirsiniz? Paraşütdən tullanmısınız?
- Üç dəfə. Bu, Avstraliya və İngiltərədə olub. Axırıncı dəfə paraşütdən beş min metrlik yüksəklikdən tullanmışam. İnanılmaz hissdir! Həmin məqamda heç nə barədə düşünmürdüm, sadəcə, arzulayırdım ki, paraşüt açılsın. Yadımdadır, bütün uçuşboyu dəli kimi qışqırırdım və ürəkdən söyürdüm.
- Həyatda gördüyünüz ən ağılsız əməl nədir?
- Leqal, yoxsa qeyri-leqal?
- Qeyri-leqal.
- Hələ çox gənc olanda, dostlarımızla kirayəyə elektromobil götürmüşdük və süd fabrikinin yanında sürməyi qərara almışdıq. Sonra meşəyə getməyi qət etdik. Üzüaşağı gedə-gedə bütün ağacları saymışıq. Təbii ki, yazıq maşını sındırdıq, sonra da orada qoyub qaçdıq.
- Hamıdan yaxşı nəyi etməyi bacarırsınız? Təbii ki, musiqidən başqa.
- Mən əla steyk hazırlayıram. Çox dadlı alınır. Həm də pis futbol oynamıram. Həm də əla görmə yaddaşım var. Bir dəfə gördüyüm bütün yerləri xatırlayıram. Amma adları xatırlaya bilmirəm. Yeni tanışların adını bir neçə saniyədən sonra unuduram.
- Öz ailəniz barədə danışın. Yəqin ki, Avropanın ən populyar diceyinin xanımı modeldir?
- Yox, o, model deyil. Amma mənim üçün dünyanın ən gözəl qadınıdır! Xanımım bizim "Toolroom Records" leyblində işləyir və piarla məşğuldur. İndi ötərgi olaraq işdən uzaqlaşıb və yalnız oğlumuzla məşğul olur.
- Sizin "Toolroom Records" leyblində işləriniz necə gedir?
- Əla! Bu illər ərzində çox şey etməyi bacarmışam. Xatırlayıram ki, mənim studiyam işə valideynlərimin evinin yanındakı əldamında başlamışdı (buna görə də leyblin adı "Toolroom Records"dur - "Əldamı rekords"). İndi görün o, hara qədər qalxıb! Bizim artistlərin səviyyəsinə və "Toolroom Knights"la əlaqəli insanların sayına görə leybl getdikcə irəliləyir və gələcək bizə daha işıqlı görünür. Bu yaxınlarda leyblin iki yeni qərargahını açmışıq: birincisi - "Pacha" Nyu-Yorkdadır, ikincisi - "Van Guard" isə Los-Ancelesdədir. Şadam ki, "Toolroom Knights"ı ABŞ-a aparmışam. Mənim "Toolroom TV"im də var. İbitsa və Mayamidən tutmuş, Berlin və Londona qədər planetin ən müxtəlif qaynar musiqi nöqtələrində cürbəcür çəkilişlər olub. Üstəgəl, yeni musiqi və çağdaş elektron səhnənin tanınmış təmsilçiləri ilə müxtəlif müsahibələr veririk.
- Gələn il sizn leybl - "Toolroom Records"un 10 yaşı tamam olur. Yubiley üçün hansı layihələri hazırlayırsınız?
- Gələn il bizim üçün çox önəmlidir. Dünya üzrə çox sayda konsert və səfərlər nəzərdə tutmuşuq, həmçinin yeni istedadlar axtarışını davam etdirəcəyik. Musiqi səmasında yeni adlar parlatmaq istəyirik.
- Sizin sevimli filminiz?
- Ceyms Bond haqqında bütün filmlər. Sərbəst vaxtım olanda kinoya baxıram.
- Sonuncu Bond xoşunuza gəldimi? Deniel Kreyqin oyunu barədə nə düşünürsünüz?
- Yox, bondianın sonuncu seriyası xoşuma gəlmədi. Mənə elə gəlir ki, aktyor Deniel Kreyq bu rol üçün tamamilə yaramır. Pirs Brosnan Bond rolunda daha yaxşıdır. Ceyms Bond necə olmalıdır? O, hər yerdə və hər zaman nöqsansızdır. Gözəldir, seksualdır, gözəl geyinir, xoşagələn ətiri var, intellekt sahibidir və güclü yumor hissi var. O, hər şeyi bacarır; qorxmazdır və düşmənlərinə qarşı soyuqqanlıdır. Kişilər ona heyran qalır, qadınlar isə ondan ötrü ölürlər. O, super-qəhrəmandır!
- Siz Bond haqqında belə heyranlıqla danışırsınız. Əgər bu rolu sizə təklif etsəydilər?..
- Dərhal razılaşardım! Tərəddüdsüz! Düşünürəm, hər bir kişi ekranda, həm də həyatda dünyanı qurtarmağa hazır gizli agent rolunu oynamağı arzular.
- Bir növ, çağdaş cəngavər...
- Hə. Qara smokinqli cəngavər.
- Sizin çağdaş musiqidən əla başınız çıxır və bütün musiqi yeniliklərini izləyirsiniz. Maraqlıdır, hansı musiqi sizi ən çox əsəbiləşdirir?
- Bu, "Gangnam Style"dır, əsl zövqsüzlük və keyfiyyətsiz yaradıcılıqdır.
- Sizin əlinizdə üçüncü nəsil ayfon var. Niyə dəbə uymursunuz və yenisini almırsınız?
- Əsla! Bütün dostlarım onu gözləyir ki, nə vaxt "iPhone 5" alacam, hamısına deyirəm: məndə əks-proses gedir. Retroya qədər gedib "iPhone 1" almağa hazıram. Bu cür gözlənilməzliklərim də var...
MƏSLƏHƏT GÖR: