14 Mart 2025

Cümə, 13:27

RUHUN RİTMİ

Azərbaycan xalq rəqslərində insanın keçirdiyi bütün hisslər öz əksini tapıb

Müəllif:

01.01.2013

Deyirlər, bu dünyada kədərlə sevinc əkiz yaranıb. Yəqin, elə bu səbəbdən rəqs sənəti yalnız sevincin, şənliyin, qələbənin tərənnümü deyil. Onda kədər, pərişanlıq, hüzn də var. İnsan ruhunu, düşüncələrini, həyata sevgisini ifadə edən gözəlliklərdən biri də rəqs sənətidir. Bu sənət özündə böyük bir tarixi yaşadır. Təsadüfi deyil ki, dünyanın ilk yaşayış məskənlərinin sakinləri olan xalqların rəqs sənəti daha zəngin və rəngarəngdir. Bu baxımdan Azərbaycanda da xalq rəqslərinin tarixi kökləri var. Azərbaycanda hələ eramızdan 2-3 min il əvvəl, Tunc dövründə insanların məişətində, adət-ənənəsində rəqslər mühüm yer tuturdu. 

Azərbaycanda rəqs sənəti sadə xalq musiqi alətlərindən əvvəl meydana gəlib. Araşdırmaçılar bu qənaətdədirlər ki, tamaşaçıların çəpik çalmaları ilə yaranan ritmik zərblərin ahəngi ilk rəqslərimizin musiqi müşayiətçisi olub. Ovçuluq və digər peşələrlə məşğul olan tayfalar ayinlərini güclərini, cəsarətlərini nümayiş etdirən plastik hərəkətlərdən ibarət rəqslərlə yerinə yetiriblər. Azərbaycandakı Qobustan qayaüstü rəsmləri bu yerlərin qədim sakinlərinin həyat tərzi, məişəti, adət-ənənələri ilə bərabər, rəqsləri barədə də bu günümüzə geniş məlumatlar çatdırır, rəqs sənətinin müxtəlif növləri və janrlarının şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götür-düyünü təsdiq edir.

İbtidai icma quruluşunda insanlar rəqsləri ilə birgə əməyin nəticəsində aclığa, təbiətə, vəhşi heyvanlara qalıb gəlməyin sevincini bölüşürdülər. Zaman-zaman baş verən dəyişikliklər rəqs sənətinə də öz təsirini göstərdi. Sinifli cəmiyyət yarandıqdan sonra rəqslərdən hakim təbəqənin hüzurunda onları şənləndirmək üçün istifadə edirdilər. Bunun üçün saraylarda xüsusi rəqqasələr və rəqqaslar olurdu. Ancaq həmin dövrlərdə də rəqs sənəti əsl mahiyyətini saxlayırdı. Belə ki, Azərbaycan xalq rəqslərində xalqın yaşama duyğuları - sevgisi, şəfqəti, incə yumoru, əmək fəaliyyəti, adət-ənənələri öz əksini tapıb. Xalqın yadelli işğalçılara qarşı mübarizəsi, əzmkarlığı da bir sıra xalq rəqslərimizin mövzusudur.

Sovet hakimiyyəti illərində Azərbaycanda yeni yaranan bir sıra rəqslər əmək qəhrəmanlarına, pambıq, üzüm yığımına həsr olunub.

Beynəlxalq müsabiqələr laureatı, rəqqas-xoreoqraf, Respublika İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin müəllimi Tahir Eynullayev rəqsin əmək prosesləri və ətraf aləmdən emosional təəssüratlarla bağlı olmaqla, ən müxtəlif hərəkətlərdən və jestlərdən yarandığını qeyd edir: "Hərəkətlər tədricən dəyişmiş, bədii ümumiləşdirmələrə məruz qalmış, bunun nəticəsində xalq yaradıcılığının ən qədim təzahürlərindən biri olan rəqs sənəti formalaşmışdır. Hər xalqda öz rəqs ənənələri, xoreoqrafiya dili, plastik ifadəlilik, hərəkətin musiqi ilə nisbətində öz üsulları qərarlaşmışdır".

Ölkəmizdə uzaq keçmişlərdən öz xarakterinə, məzmununa görə ən müxtəlif rəqslər, çoxlu sayda rəqs hərəkəti tipləri mövcuddur. "Azərbaycanda hər bir bölgənin, hər bir kəndin öz rəqsləri və rəqs adətləri var və bu çox mühüm səbəb üzündən Azərbaycan rəqslərində folklor önəmli yer tutur", - deyə T.Eynullayev bildirir. 

Azərbaycan xalq rəqsləri nəsildən-nəsilə keçərək xalq arasında yaşayıb və getdikcə inkişaf edib. "Qazağı", "Heyvagülü", "Lalə", "Qızılgül", "İnnabı" kimi rəqslərlərlə  yanaşı, coğrafi adları özündə yaşadan "Dərbəndi", "Aşqabadi", "Qars" və digər rəqslərimiz də var. Ötən zaman xalq rəqslərimizin çoxuna təsir göstərməyib, bizim günlərə öz ilkin şəklində çatıblar. Amma onların bəzisinin adları dəyişdirilib. Məsələn, şən, qıvraq rəqs olan "Şalaxo" sözünün mənası şalaxo-şələküm, daha dəqiqi, şələkə yüküm olsa da, təhrif olunub.

Məşhur Azərbaycan rəqslərinin bir neçəsinin adını və mahiyyətini isə T.Eynullayev bu cür izah edir: "Tərəkəmə" - köçərilik dövrünün rəqsidir. Qollarını geniş açmış, başını vüqarla dik tutan rəqqas irəliyə doğru hərəkət edir. Bu rəqsdə azadlıq və məkan genişliyi duyğusu hakimdir. Azərbaycanda "Tərəkəmə" çox geniş yayılıb, onu ən müxtəlif variantlarda, məhəlli xüsusiyyətlərdə, detallarda, lakin hər zaman temperamentlə ifa edirlər. Solo rəqsdir. Qadınlar və kişilər tərəfindən ifa olunur.

"İnnabı" - meyvə ağacı məhsulunun adıdır. Bir, bəzi hallarda iki qız tərəfindən ifa edilir. Məzmununa görə rəqs sadə və bəsitdir. Rəqs edənlər onda oynaq qadın işvəkarlığını ifadə etməyə çalışırlar. Rəqsi bir qız başlayır, sonra ona, guya həvəssiz olaraq, dartınaraq ikincisi qoşulur, az keçmiş rəfiqələr dil tapır və şən, oynaq bir ovqatla rəqs edirlər.

"Ceyranbala". Ceyran qəşəng, zərif bir heyvandır. Rəqsdə onun hərəkətlərinin yüngüllüyü, fiqurunun dürüstlüyü, ahəngi vurğulanır. Həm kişilər, həm də qadınlar tərəfindən ifa olunur.

"Yallı" - qrup rəqsidir, Azərbaycanda çox geniş yayılmış populyar rəqslərdən biridir. Onun mənşəyi uzaq qədimlərdəki ayinlərə gedib çıxır. "Yallı" rəqsinin 240-dan çox növü bəllidir, lakin bizim zəmanəyədək yalnız 120 növü gəlib çatıb. Dövrə vuraraq rəqs edən iştirakçılar açılmış əlləri ilə bir-birlərinin çeçələ barmaqlarından və ya çiyinlərindən tuturlar. Rəqs iki hissədən ibarətdir. Rəqs təntənə ilə yaylı addımlarla başlanır, temp tədricən sürətləndirilir və iti, texniki baxımdan mürəkkəb "sıçrayış" hərəkətləri ilə başa vurulur. Rəqs edənlərin başında bir nəfər, əlində dəsmal "yallıbaşı" gedir. O, rəqsdə təşəbbüsçüdür. Yalnız kişilər tərəfindən və ya qadınlarla birlikdə ifa olunur.

"Toy rəqsi" - istisnasız olaraq təntənəli hallarda qadınlarla, yaxud yalnız kişilər tərəfindən ifa olunur. Rəqs edənlərin barmaqlarına üskük taxılır və ələ nəlbəki götürülür. Rəqs edən qız barmaqlarını nəlbəkiyə taqqıldadaraq, bir növ, özü-özünə ritmlik yaradır. İçərisində stəkanlar olan məcməyi götürmüş kişi peyda olur. İfaçıların ikinci qrupu əllərinə hərəyə iki stəkan götürür. Melodiyanın lirik hissəsində solist qız görünür, lakin onun əllərində dörd stəkan var. Stəkanlar, adətən, şərbətlə doldurulur.

"Cəngi" - tipik qrup döyüşçülər rəqsidir, bir növ, savaşı illüstrasiya etməklə, qılınc və qalxanla ifa olunur. Məsələn, "Cəngi" Üzeyir Hacıbəylinin "Koroğlu" operasının III aktında savaş rəqsi, Qara Qarayevin "Yeddi gözəl" baletinin I aktında rəqsdir və s. Kişilər tərəfindən ifa edilir.

"Zorxana" - toppuzları oynatmaqla ifa edilən qədim döyüş rəqsidir. 

Kollektiv rəqs örnəklərindən biri də "Halay" mahnı və rəqsləridir. "Halay" - bütöv bir vokal-xoreoqrafik formadan ibarətdir. "Halay"ın əmək, məzəli, "tərifləyici" kimi növləri də mövcuddur”.

Azərbaycan xalq rəqsləri arasında "Vağzalı" xüsusi yer tutur - adətən, toylarda vida və yekun rəqsi kimi təqdim olunur, onu bir qayda olaraq yeni evlənənlər ifa edirlər.

Milli rəqs sənətimizdə qadın və kişi rəqsləri xeyli fərqlənir. Yavaş rəqslər əsasən qadın rəqsləridirsə, oynaq, iti rəqsləri çox vaxt kişilər ifa edirlər. Azərbaycan qadını rəqs edəndə xanımyana dövrə vuraraq sanki süzür. 

T. Eynullayev deyir: "Xalq rəqs sənəti inkişaf etdikcə Azərbaycanın balet teatrı da zənginləşmişdir. Yeni balet tamaşalarında Azərbaycan xalq rəqsi rus klassik məktəbi ilə uğurla uzlaşa bilir".

Ə. Dilbazi, R. Cəlilova, A. Məlikova, Ə. Abdullayev, B. Məmmədov, T. Eynullayev, K. Dadaşov,   T. Muradova və başqa peşəkar rəqqasə və rəqqasların əməyi sayəsində Azərbaycan xalq rəqsləri bütün dünyada şöhrət qazanıb.

Xalqımızın mədəni dəyərlərini mənimsəməyə çalışan ermənilər "Vağzalı", "Yallı", "Uzundərə", "Tərəkəmə", "İnnabı", "Xan çobanı", "Şalaxo" xalq rəqslərimizi, "Sarı gəlin", "Xan bacı", "Dəli ceyran" xalq mahnılarımızı xarici ölkələrdə erməni folkloru kimi təqdim edirlər. Onlar hətta Azərbaycan bəstəkarlarının musiqi əsərlərini, dahi Üzeyir Hacıbəylinin dünyada məşhur olan "Arşın mal alan", "O olmasın, bu olsun" operettasını, Emin Sabitoğlunun "Dağlar", Əlibaba Məmmədovun "Gözəllər içrə sən, ey mahi-parə bir dənəsən" mahnılarını, "Müxalif dilkəş" muğamını, kamança, ud, nağara, qaval, balaban, tütək və ney milli musiqi alətlərini mənimsəməyə cəhd göstərirlər. Bu da hələ son deyil. Buna görə də Azərbaycanın milli rəqslərini yaşadanların üzərinə böyük vəzifələr düşür.


MƏSLƏHƏT GÖR:

568