14 Mart 2025

Cümə, 13:28

YAŞIL EYNƏKLİ ADAM

Hacı İsmayılov: "Mən qocalmamışam, bir az yaşlaşmışam"

Müəllif:

01.01.2013

Xalq artisti Hacı İsmayılovla Yeni İldən ayyarım əvvəl görüşmü-şdük. Müsahibə üçün zəng edəndə başı yaman qarışıq idi. Teatrdakı yeni tamaşasına qızğın məşqlər getdiyi bir vaxtda, onsuz da sıx olan iş qrafikində bizə də vaxt ayırmağa razılıq verdi. Lakin elə alındı ki, onunla söhbətimizi bir qədər gec dərc etdik. Bir-birinin ardınca baş verən və işıqlandıralması operativlik tələb edən hadisələrin əlindən jurnaın səhifələrində müsahibəyə yer tapa bilmirdik. "Hacı müəllim bizi başa düşər",- deyə özümüzə təsəlli verir və münasib zamanın yetişməsini gözləyirdik. Və budur, həmin an gəldi - Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü. 

- Hacı müəllim, 24 il əvvəl Əjdaha ilinin gəlişi ərəfəsində "Yaşıl eynəkli adam" televiziya tamaşasında baş rolu ifa etmisiniz. Yaratdığınız obrazın missiyası isə yaxın qohumların, heç olmasa, bayram günü bir araya gətirmək idi. Bəs 24 il sonra Əjdaha ilini yola salan Azərbaycana baxanda necə düşünürsünüz, "Yaşıl eynəkli adam"ın missiyası baş tutubmu? 

- Bu tamaşa həmin vaxtlar Vaqif Səmədoğlunun yazdığı televiziya tamaşası idi. Tamaşanın rejissoru isə Ramiz Həsənoğludur. Mən onlarla bərabər bir çox tamaşalarda işləmişəm. Amma bu tamaşa mənə daha yaxın və daha əzizdir. Bu tamaşaya dəvət almazdan öncə də mənim ən böyük arzum belə bir tamaşada iştirak etmək və belə bir rolu ifa eləmək idi. Bilmirəm, bu zəmanədəndir, ya nədəndir, insanlar bir-birinə uzaqlaşıb və soyuqlaşıblar. Xüsusilə də qohumlar. Mən uşaqlığımı xatırlayanda görürəm ki, o vaxt qohumlar bir-birlərinin evinə daha tez-tez gedib-gəlirdilər. Elə mənim də arzum idi ki, qohumların bir yerə yığılmasına səbəb olum. Düzdür, tamaşada əjdaha başı simvol idi, əsas məqsəd qohumları bir yerə toplamaq idi. Elə bu tamaşa mənim gəncliyimin arzusuydu. Bir məqamı qeyd edim ki, bu tamaşa mənə də təsirsiz ötüşmədi. Mən özüm də bu tamaşadan sonra qohumlara qarşı daha mehriban oldum, tez-tez onlara zəng etməyə, hal-əhval tutmağa, gedib-gəlməyə başladım. İnsan heç vaxt təkbaşına yaşaya bilməz. O, hökmən gərək qohum-əqrəba ilə əlaqədə olsun, sevincini-kədərini bölsun. Belə bir məsəl də var axı: sevinci paylaşdıqca çoxalır, kədəri  paylaşdıqca azalır. Mənə elə gəlir ki, sənətin elə ecazkar qüvvəsi var ki, ondan kimlərsə mütləq ibrət dərsi götürür. Bu tamaşa hər əjdaha ili gələndə göstərilir. Amma mən əminəm ki, hər dəfə də kimlərsə burdan mütləq öz payını götürürlər.  

-  İndi özünüzü necə hiss edirsiniz?

- Yaxşıyam, özümü lap yaxşı hiss edirəm. Yaşamağa, yaratmağa davam edirəm. Tamaşaçıların məndən gözlədiklərini layiqincə yerinə yetirməyə çalışıram.

- Teatrda vəziyyət necədir?                                                            

- Teatrda da vəziyyət yaxşıdır. Biz otuz doqquzuncu mövsümü çox uğurla başlamışıq. Təzə tamaşalar tamaşaçılara təqdim olunur. Mənim fikrimcə, uğurlu da tamaşalar  təqdim edirik. Tamaşaçı baxımından da kasadlıq çəkmirik. Onu da qeyd edim ki, bu mövsum, yəni noyabr ayı bizim üçün daha uğurlu oldu. O mənada ki bildiyimiz kimi noyabrın 5-də Bakıda II Beynəlxalq Teatr festifalı, bizim üçünsə mədəniyyət bayramı başladı. Onu da qeyd edim ki, son illər bir sıra beynəlxalq miqyaslı mədəniyyət tədbirlərinə uğurla ev sahibliyi edən ölkəmizdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və  Azərbaycan Teatr Xadimləri İttifaqının  birgə təşkilatçılığı ilə keçirilən festivalda MDB ölkələrindən, Avropadan, Amerikadan 80-ə yaxın aktyor və mədəniyyət xadimi ilə yanaşı, bizim aktyorlarımız da yaxından iştirak edirdi. Bu bizim üçün böyuk bayram olması ilə yanaşı, eyni zamanda cənab prezidentimizin teatr sənətinə olan qayğısının nəticəsi idi. Demək olar ki, bu bayram əhval-ruhiyyəsi indi də davam edir.

- Hacı müəllim, hərarətlə məşqlərinə getdiyiniz tamaşalar haqqında nə deyə bilərsiniz?

- Bu mövsümdə də bir neçə tamaşada iştirak edirəm və hesab edirəm ki, bu tamaşalar da digərləri kimi  çox uğurludur. Teatr mövsümü bizim teatrda həmişə İlyas Əfəndiyevin "Qarabağnamə" əsəri ilə açılır. Bu ildə həmin əsəri tamaşaçılara təqdim etdik. Bu tamaşada mən İrəvan xanını - Məhəmmədəli xanın rolunu ifa edirəm. Bundan başqa, yazıçı-dramaturq Elçinin  "Teleskop" tamaşasında da rol almışam. Bir şeyi də qeyd edim ki, yaxınlarda teatrımızda Hüseynbala Mirələmovun qələmə aldığı "Gəncə qapıları" tamaşasına quruluş verildi. Həmin tamaşada da mən İrəvan xanı Məhəmmədəli xanın rolunu ifa edirəm, amma bu dəfə tamam başqa mövqedən. Bundan əlavə bir neçə tamaşa da var. Azərbaycanlı yazarlarla yanaşı, xarici yazarların əsərlərinə hazırlanmış tamaşalar da var. Bu tamaşalara misal olaraq, Fridrix Dürrenmatın "Yaşlı qadının gəlişi" pyesi var ki, həmin tamaşada  gimnaziya müdirinin rolunu canlandırıram. Hal-hazırda isə teatrımızın rejissoru Mərahim Fərzəlibəyov  Həsən Həsənovun "Brüsseldən məktublar"  tamaşasını yenidən hazırlayır. Bu tamaşa bizim teatrda, təxminən, 10 il bundan qabaq hazırlanıb, amma bu gün həmin tamaşa tamam başqa səpkidə yenidən hazırlanır. Həmin tamaşada fransız yazıçısı Benjamin Qastino rolunu ifa edirəm. Köhnə quruluşda da bu rolu mən ifa edirdim. Amma sözsüz ki, mən bu gün bu rola tamam başqa nöqteyi-nəzərdən yanaşıram. İstəyirəm, daha dolğun, maraqlı alınsın. İnşallah, ilin axırına kimi bu əsəri tamaşaçılara təqdim edəcəyik.

- Niyə Hacı İsmayılovu son vaxtlar çəkilən seriallarda gör-mürük?

- Serialların çəkilməsi çox yaxşıdır. Təbii ki, öz kanallarımızda öz seriallarımızın olması məni sevindirir. Düzü, bu seriallara dəvət almıram. Amma bir neçəsinə dəvət almışam, hansı ki, artıq çəkilib, yəni bir neçə seriyası efirə gedib. Mənsə həmin seriallarda çəkilmək istəmədim. Ona görə ki, artıq çəkilmiş seriala sonradan səni dəvət etmələri maraqsızdır. Mən istəyərəm, elə seriallara çəkilim ki, ilk dəfədən dəvət almış olum, rolumun əvvəli, sonu olsun. Yəni həyat yolu olan bir rolu oynamalıyam. İki-üç seriyalıq epizodik rolları oynamaq istəmirəm. Bu mənim üçün maraqsızdır. Ona görə gözləyirəm. Yəqin ki, seriallarin sayı artacaq və yaxşıları da çəkiləcək. Bir aktyor kimi haqqım yoxdur ki, nəyə gəldi çəkilim. Bu mənə yaraşmaz. Etiraf edim ki, çəkilən serialların hamısına baxmamışam. Bəlkə də efirdə görmüşəm, amma məni çəkməyib, yəni cəlb eləməyib. Mən inanıram ki, gələcəkdə daha maraqlı seriallar çəkiləcək və onlardan birinə dəvət alacağam və çəkiləcəyəm.

- Hacı müəllim, necə düşünür-sünüz, həyatda sizə ən böyük yaxşılığı kim edib?

- Mənə bu həyatda ən böyük yaxşılığı Azərbaycan kinosunun ən peşəkar, unudulmaz rejissoru, müəllimim Rasim Ocaqov edib. Bu təkcə sənətə aid deyil, o, həyat yolumun da peşəkar müəllimidir. Ömrümboyu ona borcluyam. Rasim Ocaqov mənə elə bir sənət yolu göstərib, elə məktəb keçib ki, həmin məktəbdən heç cür çıxa bilmərəm. Bu  məktəb yüksək peşəkarlıq səviyyəsi idi. Həmişə çalışıram ki, o peşəkarlığı və səviyyəni saxlayım. Ona görə hər nə rol oldu çəkilmək, oynamaq mən tərəfdən düz olmazdı. 

- "Həm ziyarət, həm ticarət"filmi "Ad günü" filminin, daha doğrusu, Mustafanın həyatının məntiqi davamı hesab olunur. Və belə deyirlər ki, bütün rollarınız sizin xarakterik xüsusiyyətlərinizi əks etdirir. Bəs siz necə düşünürsünüz? Elə rolunuz varmı ki, deyəsiniz: bəli, bu, başdan-ayağa Hacı İsmayılovun özüdür?

- Bəli, bu film coğrafiya müəllimi Mustafanın həyatının məntiqi davamıdır. Həmin filmlərin çəkilməsinin üzərindən müəyyən zaman keçib. Bu gün də çox şadam ki, həmin filmlər tamaşaçılar tərəfindən yaxşı qarşılanır, sevilir. Çox qəribədir, həmin filmlərlə yanaşı, tamaşaçılar tərəfindən digər filmlərin də adı çəkilir;  məsələn, "Fəryad" filmi. Bu film mərhum sənətkarımız Ceyhun Mirzəyevin filmidir və baş rolda da o özü idi. Rolumun kiçik olmasına baxmayaraq, tamaşaçılar onu da çox sevib və o filmdən də mənə danışırlar. Elə "Bəyin oğurlanması" filmində də rolum o qədər böyük deyil, amma tamaşaçı tərəfindən sevilib. O barədə sevinirəm və təsəlli tapıram ki, həmin dövrdə etdiklərim hədər olmayıb. Amma təbii ki, Mustafa bunların tacıdır. "Ad günü" filmini büllur qaba bənzədirəm. Bu film qəmgin notlar üzərində qurulub və bir müəllimin tanımadığı şəhərdə rastlaşdıqlarından bəhs edir. "Həm ziyarət, həm ticarət"də isə vətənini sevən, onun dərdini çəkən yenə həmin adamdır. Təbii ki, Mustafanın bu baxımdan mənə bənzərliyi var. Fikrimcə, bunun kimi həmin dövrdə çəkilən filmlərin əksəriyyəti kino hadisəsi olurdu. Arzum budur ki, indi çəkilən filmlər və seriallar da hadisə olsun. Keçəri, yüngül olmasın. Onda tamaşaçı o filmə dəfələrlə baxır və hər dəfə də zövq alaraq nə isə öyrənir.    

- "Həm ziyarət, həm ticarət" demişkən, həyatda heç Davud kimilərlə rastlaşmısınız?

- Hə, təəssüf olsun ki, rastlaşmışam. Özü də Türkiyədə yox, Azərbaycanda. Bir məsəl var, aglıma gələn başıma gəldi. Fikirləşirdim ki, belə şeylər filmlərdə olur, amma sən demə, həyatda da belə naqis insanlar var imiş - adam adamı aldatmamalıdır, insan insana inanmalıdır. Bilirsiniz, yaxın bildiyiniz insanın birdən-birə səndən istifadə etməsi adamı yandırıb-tökür. İnsanın qəlbində pis bir çöküntü əmələ gəlir. Yenə deyirəm, təəssüf ki, belə şey olub və onun da axırı filmdəki Davud kimi olub. Əgər həmin insan bu müsahibəni oxuyacaqsa, ona demək istəyirəm: adam kişi olar.

- Bəs qarşımızdan gələn yeni ildən nələr gözləyirsiniz? 

- Yeni il həmişə yeni həyat, yeni arzular, yeni planlar deməkdir məmim üçün. Yeni il hər anlamda yenilik deməkdir həm də. Mən yeni ildə teatrımızda və ümumiyyətlə, mədəniyyətimizdə daha böyük uğurların olmasını istəyirəm. Yeganə bir şeyi deyim ki,  qocalmamışam, bir az yaşlaşmışam. İstəyim budur: nə qədər sənət aləmindəyəm, bilirəm ki, tamaşaçılar məndən nə isə gözləyir, nə isə istəyirlər. Bunu hiss edirəm. Öz növbəmdə hələ nə qədər ki, imkanım var, gücüm var, ayaqlarım yeriyir, istəyirəm, onların istəklərini yerinə yetirim. Sonra sakit olum. Vaxt boşa keçməsin. Sonda bütün xalqımızı Yeni İl münasibətilə təbrik edir, işlərində ugurlar arzulayıram.  

- Çox sağ olun. Biz də sizi təbrik edir,  cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

ONUN HAQQINDA

İsmayılov Hacı Məcid oğlu 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Fəaliyyətə Sumqayıt Dövlət Dram Teatrında M.F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyasında Dərviş Məstəlişah rolu ilə başlayıb. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. 

Aktyor "Ad günü", "Həm ziyarət, həm ticarət", "Bəyin oğurlanması", "Fəryad", "Axırıncı aşırım", "Ağ atlı oğlan", "Yol əhvalatı" kimi bir sıra filmlərdə yaddaqalan obrazlar yaradıb. 

Məşhur kino və teatr aktyoru Hacı İsmayılov bu iki doğma sənətdə qazandığı nailiyyətlərə görə 17 may 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 19 dekabr 2000-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.



MƏSLƏHƏT GÖR:

659